• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq” ASC Qərb regionunda yenidənqurma işləri aparır

Paylaşma tarixi: 02 may 2018


Yeni yarımstansiyalar tikilir, hava xətləri yenilənir

 

         “Azərişıq” ASC ölkənin regionlarında apardığı tikinti, yenidənqurma,bərpa işlərini Qərb regionunda da davam etdirir, istismar müddətini başa vurmuş elektrik şəbəkələri yenidən qurulur. Texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, kənd təsərrüfatı, sənaye, turizm və digər iaşə obyektlərinin, o cümlədən əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün 2018-ci ilin birinci rübündə Qərb regionunda bir sıra yenidənqurma işləri həyata keçirilib və hazırda davam etdirilir.

 

         Belə ki, Gəncə şəhərində yeni salınmış 35/10 kV-luq “Məhsəti” yarımstansiyası tikilərək istifadəyə verilib.Yarımstansiyanı elektrik enerjisi ilə təchiz etmək  məqsədilə 110/10 kV-luq “Yeni-Gəncə” yarımstansiyasından iki dövrəli  3,1 km uzunluğunda 35 kV-luq yeraltı kabel xətti çəkilib.  Sözügedən qəsəbədə yeni 10 kV-luq hava xətti çəkilib və 5 ədəd komplekt transformator məntəqəsi şəbəkəyə qoşulub. Bundan başda 35/6 kV-luq “Vağzalyanı-1” yarımstansiyası yenidən qurularaq istifadəyə verilib. Hazırda Gəncə şəhərindəki 110/10 kV-luq “Mərkəz” yarımstansiyası yenidən qurulur. Eyni zamanda şəhərdəki yeni yaşayış massivlərinin, sənaye obyektlərinin elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni komplekt transformator məntəqələri  quraşdırılır, hava xətləri çəkilir.

 

         Göygöl rayonunda texniki itkilərin minimuma endirilməsi, dayanıqlı elektrik enerjisi təchizatının təmin edilməsi  istiqamətində aparılan işlər çərçivəsində Nadel, Almədətli, Xəqani, Quşqara, Balçılı kəndlərində 10 kV-luq şəbəkə yenidən qurulub. Rayonun Əzgilli, Pənahlılar və Üçtəpə kəndlərində 0,4 kV-luq hava xətləri - ÖİN (Özünüdaşıyan İzolyasiyalı Naqillər)  xətləri ilə əvəzlənib və hal-hazırda yenidənqurma işləri davam edir.

 

 

         Ümumilikdə 2018-ci ilin birinci rübündə Samux rayonunun  Çobanabdallı,  Şəmkir rayonunun  Təzəkənd, Günəş, Qarabağlılar, Fizuli, Daşkəsən rayonunun Bayan-Nasos, Dərə-Zağalı, Gülbulaq, Şahvələdli, Əhmədli, Ağstafa rayonunun Zəlimxan, Köçəsgər, Tovuz rayonunun Humanlar, Əlimərdanlı, Qazax rayonunun Xanlıqlar, Çaylı, Daş-Salahlı, Gədəbəy rayonunun Yenikənd,  Göyərli kəndlərində və rayon mərkəzilərində 0,4 kV-luq hava xətləri yenidən qurularaq standartlara cavab verən ÖİN xətlərlə əvəz edilib, bir çox yerlərdə köhnə sayğacların əvəzinə yeni sayğaclar quraşdırılıb. Hazırda sözügedən rayonlarda 0,4 kV-luq elektrik şəbəkələrinin ÖİN kabellərlə əvəzlənməsi işləri davam etdirilir, yeni avadanlıqlar (dayaqlar,SİP kabellər,KTM-lər və s.) qurlaşdırılır, sayğaclar dəyişdirilir.