Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm işlər görülür.  Bu siyatəsi rəhbər tutaraq "Azərişıq" ASC də öz fəaliyyətində ətraf mühitin mühafizəsini və ekoloji problemləri daim diqqət mərkəzində saxlayır.

 

"Azərişıq" ASC ölkə boyunca apardığı tikinti-yenidənqurma işlərində ekoloji aspektlərə və ətraf mühitin mühafizəsinə, ətraf mühitə təsirin minimuma endirilməsinə böyük diqqət yetirir. Bu istiqamətdə əsas tədbirlər aşağıdakılardır:

 

  • Tikinti işlərini həyata keçirən podratçı şirkətlərdən işlərə başlamazdan əvvəl ətraf mühitin idarə olunması planını "Azərişıq" ASC-yə təqdim etmələri və razılaşdırmaları tələb olunur;
  • Tikinti sahələrində arxeoloji tapıntılara və ya hər hansı mədəni irsə təsadüf edildikdə, tikinti işləri dərhal dayandırılır və arxeoloji qurumlara məlumat verilir;
  • Tikinti-quraşdırma işləri aparılan sahələrdə yerləşən ağaclar  yerli yaşıllaşdırma orqanları ilə razılaşdırılaraq xüsusi texnikanın köməyi ilə qanunvericiliyə uyğun qaydada başqa əraziyə köçürülür, köçürülməsi mümkün olmadığı üçün kəsilmiş ağacların əvəzinə başqa ərazilərdə 10 misli ağac əkilir.
  • Tikinti-quraşdırma işləri aparılarkən normalara əsasən səs-küy və titrəyiş həddi üzrə göstəricilərə əməl olunur;
  • Köhnə transformatorlar söküldükdən sonra "Azərişıq" ASC-nin laboratoriyası transformatorlardan nümunələr götürərək yağlarda polixlor bifenil tərkibinin olmasını yoxlayır, aşkar edildiyi təqdirdə həmin yağları xüsusi konteynerlərə toplayaraq zərərsizləşdirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində yaradılmış Təhlükəli Tullantıların Zərərsizləşdirilməsi Poliqonuna təhvil verir;
  • Asbest tərkibli təhlükəli materialların atılması müvafiq lisenziyaya malik şirkətlər tərəfindən həyata keçirilir və zərərsizləşdirilir;
  • Tikinti işləri aparılarkən quru mövsümdə nəqliyyatın hərəkətindən tozun yaranmasını əngəlləmək üçün sulama həyata keçirilir;
  • İş sahəsində yaranan çirkab suları kanalizasiya sisteminə qoşulma ilə ərazinin kanalizasiya sisteminə ötürülür;
  • Tikinti-quraşdırma işləri aparılarkən ictimaiyyətin və yerli əhalinin təhlükəsizliyini təmin etmək üçün müvafiq xəbərdarlıq işarələri quraşdırılır;
  • İşçi heyətə mütəmadi olaraq “işçilərin sağlamlığı və əməyin təhlükəsizliyi” mövzuları üzrə təlim keçilir;
  •  Tikinti-quraşdırma işləri başa çatdırıldıqdan sonra sahə öz  əvvəlki vəziyyətinə qaytarılır;

 

"Azərişıq" ASC ölkədə aparılan ağacəkmə kampaniyalarında daima fəal surətdə iştirak edir. Buna misal kimi, bu yaxınlarda "Azərişıq" ASC-nin balansına verilmiş Yeni Yaşma Külək Parkında 500 ha ərazidə 80 min badam və 20 min zeytun ağacı əkilmişdir. Həmçinin, ümummilli lider Heydər Əliyevinin anadan olmasının 95-ci ildönümündə "Azərişıq" ASC Zirədə yerləşən ekopark ərazisində 20 min ağac əkmişdir.