"Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazə verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

28.06.2018 / 56 baxış

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

 QƏRAR ? 95

 Bakı şəhəri, 20 may 2010-cu il

 "Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazə verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

 "Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 noyabr tarixli 182 nömrəli Fərmanının 3.1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazə verilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 Azərbaycan Respublikasının Baş naziri      A.Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 may tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmişdir

Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazə verilməsi

QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar "Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 noyabr tarixli 182 nömrəli Fərmanının 3-cü bəndinin icrası ilə bağlı hazırlanmışdır, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə (layihələndirmə, tikinti, istismar) xüsusi icazə verilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalar gücü 10 kvt-a qədər olan külək, günəş və biokütlə əsasında kommersiya məqsədi ilə satışa çıxarılması istisna olmaqla, enerji alınması ilə məşğul olmaq istəyən hüquqi və ya fiziki şəxslərə (mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq) şamil edilmir.

 2. Əsas anlayışlar

Bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

alternativ enerji - karbohidrogen yanacağının istilik və elektrik enerjisinə çevrilməsindən alınan enerjidən başqa, digər mənbələr (bərpa olunan mənbələr) əsasında istehsal olunan bütün növ istilik və elektrik enerjisi;

bərpa olunan enerji mənbələri - ətraf mühitdə daim mövcud olan, yaxud mütəmadi yaranan enerji mənbələri (günəş, külək, yerin geotermal su axınları, biokütlə, su axınları və s.);

su enerjisi - axan suyun kinetik enerjisinin elektrik enerjisinə çevrilməsi;

külək enerjisi - atmosferdə olan hava kütlələrinin kinetik enerjisinin elektrik enerjisinə çevrilməsi;

günəş enerjisi - günəş şüalarının fotoelektrik və termodinamik üsullarla elektrik enerjisi və istiliyə çevrilməsi;

biokütlə enerjisi (bio-enerji) - bioloji xammalın (mal təzəyi, çürümüş kütlə, bitkilər və s.) emalından əldə edilən yanacaqdan istifadə etməklə, elektrik və istilik enerjisinin alınması;

geotermik enerji - yerin təkində olan istilik enerjisindən istifadə etməklə, istilik və ya geotermal su enerjisinin alınması;

kiçik su elektrik stansiyası - gücü 50 kilovatdan 10 000 kilovata qədər olan, sabit su axımında yerləşdirilən və istifadə edilən suyun dərhal yenidən öz məcrasına qaytarılmasını təmin edən stansiyalar;

külək elektrik stansiyası - hava kütlələrinin kinetik enerjisini elektrik enerjisinə çevirən qurğu.

 3. Xüsusi icazənin verilməsi

3.1. Xüsusi icazə kiçik su elektrik stansiyalarının, geotermal sular, gücü 10 kvt-dan artıq olan külək, günəş, biokütlə əsasında enerji alınması üçün nəzərdə tutulan obyektlərin (qurğuların) layihələndirilməsi, tikintisi və istismarı ilə məşğul olmaq istəyən hüquqi və ya fiziki şəxslərə (mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq) onların müraciəti (ərizəsi) və ya müsabiqə əsasında verilir.

Xüsusi icazə müsabiqə yolu ilə verildikdə, müsabiqədə qalib gələn hüquqi və fiziki şəxsə xüsusi icazə müsabiqənin şərtlərinə uyğun olaraq verilir. Müsabiqə şərtləri qanunvericilik aktlarına və bu Qaydalara uyğun olmalıdır.

 İstismarı dayandırılmış obyektlərin (qurğuların) yenidən istismara buraxılması (bu Qaydaların 4.1-ci bəndində göstərilən hallar istisna olmaqla) və ya obyektlərin (qurğuların) gücünün artırılması, modernləş-dirilməsi və yenidən qurulması işləri aparıldıqdan sonra yenidən istismara buraxılması da xüsusi icazə əsasında göstərilən qaydada həyata keçirilir.

3.2. Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazə Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən verilir.

3.3. Müvafiq fəaliyyətə xüsusi icazə almaq istəyən hüquqi və ya fiziki şəxs (bundan sonra - ərizəçi) Nazirliyə ərizə ilə müraciət etməlidir. Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

3.3.1. hüquqi şəxslər üçün - şirkətin (firmanın) adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, VÖEN, fəaliyyət növü;

3.3.2. fiziki şəxslər üçün - soyadı, adı, şəxsiyyəti təsdiq edən sənəd, ünvanı, VÖEN, fəaliyyət növü;

3.3.3. layihələndirilməsi, tikintisi və istismarı nəzərdə tutulan obyekt (qurğu) haqqında məlumat (adı və tipi, gücü, istehsal edəcək enerjinin həcmi, tətbiq ediləcək texnologiya, tikiləcəyi yer).

3.4. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

3.4.1. qeydiyyat haqqında şəhadətnamənin surəti (hüquqi şəxslər üçün);

3.4.2. şəxsiyyəti təsdiq edən sənədin surəti (fiziki şəxslər üçün);

3.4.3. ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;

3.4.4. ərizədə qeyd olunan ərazi və ya obyekt (qurğu) üzrə ərizəçinin istifadə hüququnu (mülkiyyət, icarə, istifadə hüququ) təsdiq edən sənədin surəti;

3.4.5. ərizəçinin müvafiq işləri aparmaq üçün maddi-texniki bazaya və lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;

3.4.6. obyektin (qurğunun) tikiləcəyi ərazi ilə bağlı yerli icra hakimiyyəti orqanının rəyi.

3.5. Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb edilməsi qadağandır.

3.6. Xüsusi icazə almaq üçün ərizə ilə birlikdə bu Qaydaların 3.5-ci bəndində qeyd olunan sənədlər və layihə Nazirliyə təqdim edilərək, ekspertizadan keçirilir. Ekspertizanın ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilməsi zərurəti yarandıqda, xərclər ərizəçi tərəfindən ödənilir. Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, qeydə alındığı gündən başlayaraq, 30 gündən gec olmayaraq xüsusi icazə verilməsi haqqında müvafiq qərar qəbul edilir. Bu müddət layihənin monitorinqinin və ya ekspertizasının keçirilməsi ilə bağlı 15 gün uzadıla bilər.

3.7. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 15 gündən gec olmayaraq yazılı məlumat verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara bu Qaydaların 3.7-ci bəndində göstərilən müddətdə baxılır və müvafiq qərar qəbul edilir.

3.8. Ərizəçiyə xüsusi icazə verilməsindən imtina edildikdə, bu barədə ona imtinanın səbəbləri göstərilməklə, bu Qaydaların 3.8-ci bəndində göstərilən müddətdən gec olmayaraq məlumat verilir.

3.9. Ərizəçi xüsusi icazənin verilməsindən imtina ilə razılaşmadıqda, o, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilər.

3.10. Xüsusi icazə Nazirliyin rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və imza həmin orqanın möhürü ilə təsdiq edilir.

3.11. Xüsusi icazədə aşağıdakılar göstərilir:

3.11.1. xüsusi icazəni verən orqanın adı;

3.11.2. hüquqi şəxslər üçün - xüsusi icazə verilən hüquqi şəxsin adı və hüquqi ünvanı;

3.11.3. fiziki şəxslər üçün - soyadı, adı, atasının adı;

3.11.4. vergi ödəyicisinin identifikasiya nömrəsi;

3.11.5. xüsusi icazənin verildiyi fəaliyyət növü (növləri);

3.11.6. fəaliyyətin həyata keçiriləcəyi ərazi;

3.11.7. xüsusi icazənin qeydiyyat nömrəsi və verilmə tarixi;

3.11.8. xüsusi icazəni imzalayan vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı və Nazirliyin möhürü ilə təsdiq edilmiş imzası.

3.12. Xüsusi icazədən yalnız xüsusi icazənin sahibi istifadə edə bilər.

3.13. Nazirlik verdiyi, qeydiyyata aldığı, müddətini uzatdığı və ləğv etdiyi xüsusi icazənin reyestrini aparır.

 4. Xüsusi icazə üzrə fəaliyyətin vaxtından əvvəl dayandırılması və ya ləğv edilməsi

4.1. Xüsusi icazə üzrə fəaliyyət aşağıdakılara əsasən Nazirlik tərəfindən vaxtından əvvəl dayandırılır:

4.1.1. xüsusi icazə sahibi tərəfindən xüsusi icazənin dayandırılması haqqında müvafiq ərizə təqdim edildikdə;

4.1.2. xüsusi icazə sahibinin fəaliyyəti qanunvericiliyə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən dayandırıldıqda;

4.1.3. müvafiq fəaliyyət növünün həyata keçirilməsi üçün qanunvericiliklə tələb olunan şərtlərin pozulduğu aşkar edildikdə.

4.2. Nazirlik xüsusi icazə üzrə fəaliyyətin dayandırılması haqqında 5 gün müddətində yazılı şəkildə xüsusi icazənin sahibinə və vergi xidməti orqanına məlumat verir.

Xüsusi icazənin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra xüsusi icazə onun sahibinin müraciətinə əsasən bərpa edilə bilər. Xüsusi icazəni verən dövlət orqanı tərəfindən bu barədə qərar qəbul edildikdə, xüsusi icazə bərpa edilmiş hesab olunur və 3 gün müddətində bu barədə vergi xidməti orqanına məlumat verilir.

4.3. Xüsusi icazə aşağıdakı hallarda Nazirlik tərəfindən ləğv edilir:

4.3.1. xüsusi icazə sahibi tərəfindən xüsusi icazənin ləğv edilməsi barədə müvafiq ərizə təqdim edildikdə;

4.3.2. xüsusi icazənin şərtləri xüsusi icazə sahibi tərəfindən pozulduqda;

4.3.3. hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs vəfat etdikdə;

4.3.4. xüsusi icazə verildikdən sonra 1 il ərzində layihənin icrasına başlanmadıqda;

4.3.5. məhkəmənin xüsusi icazənin ləğv edilməsi haqqında qərarı olduqda;

4.3.6. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

4.4. Nazirlik xüsusi icazənin ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə xüsusi icazənin sahibinə və vergi xidməti orqanına məlumat verir.

  5. Xüsusi icazənin tələblərinə və şərtlərinə nəzarət

5.1. Nazirliyin nəzarət sahəsində aşağıdakı hüquqları vardır:

5.1.1. xüsusi icazəni almış hüquqi və fiziki şəxslərin fəaliyyətinin xüsusi icazənin tələblərinə və şərtlərinə uyğunluğunu yoxlamaq;

5.1.2. yoxlama zamanı hüquqi və fiziki şəxslərdən zəruri izahat və sənədlər tələb etmək;

5.1.3. yoxlamanın nəticələri əsasında pozuntuları konkret göstərməklə akt (protokol) tərtib etmək;

5.1.4. aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün qərar qəbul etmək;

5.1.5. hüquqi və fiziki şəxslərə xəbərdarlıq etmək.

 
© Nazırlər Kabınetı, 2005-2008