Azərbaycan Respublikasında ipoteka kreditlərinin verilməsi mexanizminin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

28.06.2018 / 72 baxış

Azərbaycan Respublikasında uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə vətəndaşların yaşayış sahəsi ilə təmin edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, gənc ailələrə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçularından başqa) dövlət tərəfindən güzəştli ipoteka kreditlərinin verilməsi mexanizminin yaradılması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 dekabr tarixli, 339 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2005-ci il, # 12, maddə 1108 ) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi Qaydaları"na aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.1.3-cü bəndində "15" rəqəmi "25" rəqəmi ilə əvəz edilsin;

1.2. 3.1.4-cü bəndində "150.000.000 manatdan (30.000 yeni manatdan)" sözləri "50.000 manatdan" sözləri ilə əvəz edilsin;

1.3. 3.1.5-ci bəndində "12%-dən" sözləri "8%-dən" sözləri ilə əvəz edilsin;

1.4. 3.1.6-cı bəndi aşağıdakı redaksiyada verilsin:

3.1.6. kreditin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 85%-dən çox olmamalıdır. İpoteka krediti üzrə öhdəliyin icrasına İpoteka Kreditlərinin Zəmanət Fondu tərəfindən zəmanət verildiyi təqdirdə (ən azı kredit məbləğinin 20%-i həcmində), kreditin məbləği ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 100%-ni təşkil edə bilər.;

1.5. 3.1.7-ci bəndində "50%-dən" sözləri "70%-dən" sözləri ilə əvəz edilsin;

1.6. 3.1.13-cü bəndindən "borcalanın həyatı və əmək qabiliyyəti, eləcə də" sözləri çıxarılsın;

1.7. 4.12.6-cı yarımbəndi aşağıdakı redaksiyada verilsin:

4.12.6. ipoteka krediti hesabına yaşayış sahəsinin alınmasını təsdiq edən sənəd;

1.8. 5.1.1-ci bəndində "60" rəqəmi "90" rəqəmi ilə əvəz edilsin.

2. "Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

3.1. ipoteka kreditləri üzrə ilkin ödənişə olan tələbin gələcəkdə aradan qaldırılması və bu zaman kreditorun risklərinin azaldılmasını təmin etmək məqsədi ilə hüquqi şəxs statuslu qeyri-kommersiya təşkilatı kimi İpoteka Kreditlərinin Zəmanət Fondunu təsis etsin;

3.2. müvafiq dövlət orqanlarını cəlb etməklə İpoteka Kreditlərinin Zəmanət Fondu haqqında Nizamnamənin layihəsini bir ay müddətində hazırlayıb təsdiq etsin və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatından keçirilməsini təmin etsin;

3.3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları istisna olmaqla, digər silahlı birləşmələrdə çalışan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçularından başqa) güzəştli ipoteka kreditləri ilə təmin edilməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 23 yanvar 2007-ci il

 515

Azərbaycan qəzetində dərc edilmişdir (24 yanvar 2007-ci il,  14)


Azərbaycan Respublikası Prezidentinin 
2007-ci il 23 yanvar tarixli, 
515 nömrəli Fərmanı ilə 
təsdiq edilmişdir

Əlavə

Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi
Qaydaları

1. Ümumi müddəa

Bu Qaydalar "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında" 2005-ci il 16 sentyabr tarixli, 299 nömrəli və "Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 2005-ci il 22 dekabr tarixli, 339 nömrəli fərmanlarına və "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" 2005-ci il 30 avqust tarixli, 982 nömrəli və "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" 2006-cı il 23 yanvar tarixli, 1235 nömrəli sərəncamlarına və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və yaşayış sahəsinin alınması məqsədilə verilən ipoteka kreditləri üzrə güzəştlərin tətbiqi qaydalarını müəyyən edir.

2. İpoteka kreditləri üzrə güzəştlər

2.1. İpoteka kreditləri üzrə güzəştlər yalnız Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun (bundan sonra AİF) tələblərinə uyğun verilən ipoteka kreditlərinə şamil edilir.

2.2. Güzəştli ipoteka kreditinin maksimal məbləği 35 000 manatdan çox ola bilməz.

2.3. Güzəştli ipoteka krediti 3 ildən 30 ilədək verilir.

2.4. Güzəştli ipoteka krediti üzrə illik faiz dərəcəsi 4%-dən çox olmamalıdır.

2.5. İpoteka kreditləri üzrə güzəştlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ vardır:

2.5.1. gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

    • şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
    • Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
    • məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
    • üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs;
    • elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxs;
    • idman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər);

2.5.2. üç ildən az olmayan müddətdə hərbi xidmətdə olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçularından başqa).

2.6. İpoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ olan hər bir ailə (şəxs) bu güzəştlərdən yalnız bir dəfə istifadə edə bilər.

2.7. Güzəştli ipoteka kreditləri dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına verilir.

3. İpoteka kreditləri üzrə güzəştlərin verilməsi

3.1. Güzəştli ipoteka krediti almaq istəyən şəxs (Borcalan) müvəkkil kredit təşkilatına müraciət edir və müəyyən olunmuş ümumi qaydada ilkin qiymətləndirmədən keçir.

3.2. Müvəkkil kredit təşkilatına müraciət etmiş Borcalan güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənədləri təqdim etməlidir.

3.3. Müvəkkil kredit təşkilatı AİF-in qayda və tələblərinə uyğun olaraq müraciətə baxır.

3.4. Müvəkkil kredit təşkilatı güzəştli şərtlərlə ipoteka kreditinin verilməsi haqqında qərar qəbul etdiyi təqdirdə, qanunvericiliyə uyğun qaydada güzəştli ipoteka kreditini verir və yenidən maliyyələşdirmə üçün AİF-ə müraciət edir.

4. Yekun müddəa

Bu Qaydalarla həllini tapmamış məsələlər AİF-in qayda və tələbləri ilə, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.