Azərbaycan Respublikasının Energetika Nazirliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

28.06.2018 / 87 baxış

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında energetika sahəsində səmərəliliyi artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə qərara alıram:


1. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyi yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Azərbaycan Respublikasının Energetika Nazirliyinin Əsasnaməsinin layihəsini, strukturu və işçilərin say tərkibi barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2013-cü il