Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyəti arasında Elektrik enerjisinin satınalma Müqavilə"sinin təsdiq edilməsi haqqında Qərar # 138

28.06.2018 / 50 baxış

Bakı şəhəri, 17 sentyabr 2007-ci il

«Azərenerji» Açıq Səhmdar Cəmiyyəti ilə «Bakıelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyəti arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi, elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması və enerji satışında ödəmələrin şəffaflığının artırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Azərenerji» Açıq Səhmdar Cəmiyyəti və «Bakıelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyəti arasında Elektrik enerjisinin satınalma Müqaviləsi» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Y. EYYUBOV


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2007-ci il 17 sentyabr tarixli,
138 nömrəli qərarı ilə
təsdiq edilmişdir

«Azərenerji» Açıq Səhmdar Cəmiyyəti və «Bakıelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyəti arasında Elektrik enerjisinin satınalınma

Müqaviləsi

Bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış və hüquqi ünvanı Bakı şəhəri, Akademik Əlizadə küç, 10 olan, Nizamnamə əsasında fəaliyyət göstərən Dövlət elektoenergetika müəssisəsi — «Azərenerji» Açıq Səhmdar Cəmiyyəti (bundan sonra «SATICI»), Cəmiyyətin prezidenti Etibar Pirverdiyevin şəxsində bir tərəfdən və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış və hüquqi ünvanı Bakı şəhəri, Kazımzadə küçəsi, 20 olan, Nizamnamə əsasında fəaliyyət göstərən Enerjitəchizat müəssisəsi «Bakıelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyəti (bundan sonra «ALICI»), Cəmiyyətin İdarə Heyətinin sədri Baba Rzayevin şəxsində digər tərəfdən aşağıdakı şərtlərlə imzalanır:

1. Bu Müqavilənin «Bakıelektrikşəbəkə» və «Sumqayıtelektrikşəbəkə» Səhmdar Cəmiyyətlərinin fəaliyyətlərinin səmərəliliyinin artırılmasının təmin edilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 avqust tarixli Sərəncamının 2.1-ci bəndinə, həmçinin Azərbaycan Respublikasının müvafiq qanunvericilik və normativ aktlarının tələblərinə müvafiq olaraq tərtib olunduğunu;

2. Satıcının Alıcıya (bundan sonra bu Müqavilədə onlar ayrılıqda «Tərəf», birlikdə isə «Tərəflər» adlandırılacaqlar) münasibətdə elektrik enerjisinin istehsalı, ötürülməsi və satışı funksiyalarını həyata keçirdiyini;

3. Alıcının Satıcıdan elektrik enerjisini satın almaqda məqsədinin öz istehlakçılarını fasiləsiz, etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdən ibarət olduğunu;

4. Satıcının bu Müqaviləyə müvafiq olaraq Alıcıya elektrik enerjisini satmağa hazır olduğunu;

5. Alıcının bu Müqaviləyə müvafiq olaraq alınan elektrik enerjisinin dəyərini Satıcıya ödəməyə hazır olduğunu nəzərə alaraq, Tərəflər aşağıdakılar haqqında razılığa gəlmişlər:

1. Anlayışlar

Razılaşdırılmış müqavilə

bu Müqavilə və onun bütün əlavələri nəzərdə tutulur.

«Azərenerji» Açıq Səhmdar Cəmiyyəti

Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 sentyabr tarixli, 423 nömrəli Sərəncamı ilə yaradılaraq dövlət qeydiyyatından keçmiş Açıq Səhmdar Cəmiyyətidir.

«Bakıelektrik- şəbəkə» (BEŞ)

«Bakıelektrikşəbəkə» Səhmdar Cəmiyyətinin yaradılması və idarəetməyə verilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 14 iyun tarixli, 441 nömrəli Sərəncamı ilə yaradılaraq dövlət qeydiyyatından keçmiş və «Bakıelektrikşəbəkə»və Sumqayıtelektrikşəbəkə» Səhmdar Cəmiyyətlərinin fəaliyyətlərinin səmərəliliyinin artırılmasının təmin edilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 avqust tarixli, 1597 nömrəli Sərəncamı ilə fəaliyyəti təmin edilmiş açıq səhmdar cəmiyyəti nəzərdə tutulur.

Elektrikpaylayıcı şəbəkə

BEŞ-in bütün elektrik xətləri, kabelləri və ya BEŞ-in Elektrikpaylayıcı Aktivlərinə daxil olan hər hansı digər xətləri olmaqla, buraya elektrik enerjisinin istehlakçılara ötürülməsi üçün BEŞ-in istifadə etdiyi yarımstansiyalar, transformatorlar, çeviricilər, ölçü və nəzarət cihazları daxildir.

Enerji Qəbulu Məntəqələri (Balans mənsubiyyəti sərhədləri)

Satıcı tərəfindən Alıcıya ötürülən, Alıcının Elektrikpaylayıcı şəbəkəsi ilə Satıcının elektrik sisteminin təmas nöqtəsində yerləşən və bu müqavilənin 2 nömrəli əlavəsində göstərilmiş məntəqələr (yarımstansiyalar) nəzərdə tutulur.

Razılaşdırılmış elektrik enerjisinin miqdarı

Bu müqavilənin 1 nömrəli əlavəsində göstərilən, Alıcı tərəfindən tələb olunan elektrik enerjisinin ümumi həcmidir. Tərəflərin istəyi və razılığı əsasında elektrik enerjisinin miqdarına mütəmadi olaraq dəyişiklik edilə bilər.

Alınan elektrik enerjisi

hər bir Enerji Qəbulu Məntəqəsində qəbul olunan elektrik enerjisinin ayrı-ayrılıqda hesabat sayğaclarının aylıq göstəricilərinin cəmi deməkdir

Alınan elektrik enerjisinin dəyəri

qəbul edilmiş elektrik enerjisinə görə Alıcının Satıcıya ödəməli olduğu vəsaiti bildirir.

Ölçü cihazları (uçot avadanlığı)

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən Dövlət Reyestrində qeydə alınmış, sertifikatlaşdırılmış elektrik enerjisinin parametrlərini ölçən elektrik sayğacları, onları və rele mühafizəsi dövrəsini qidalandıran ölçü transformatorları (cərəyan və gərginlik transformatorları), həmçinin tezliyi, gərginliyi və cərəyanı ölçən cihazlar və avadanlıqlar deməkdir.

Hesablaşma sayğacları

Enerji Qəbulu Məntəqələrindən Alıcıya satılmış elektrik enerjisinin həcmini müəyyənləşdirən hesabat sayğacıdır. Enerji Qəbulu Məntəqələrində quraşdırılır və Satıcının balans mənsubiyyətində olur.

Nəzarət sayğacları

ötürülən elekrtik enerjisinin həcminə nəzarət etmək üçün Enerji Qəbulu Məntəqələrində hesablaşma sayğacları ilə yanaşı quraşdırılaraq dövrəyə qoşulan və hesablaşma sayğacları ilə eyni dəqiqlik sinfinə malik Alıcının balans mənsubiyyətində olan sayğaclardır.

Çıxış fiderlərində quraşdırılmış sayğaclar

Enerji Qəbulu Məntəqələrinin çıxış fiderlərində quraşdırılaraq, Alıcı ilə müqavilə münasibətində olan istehlakçılara ötürülən elektrik enerjisinin həcmini müəyyənləşdirən və Alıcının balans mənsubiyyətində olan sayğaclardır.

Qəbul olunan elektrik enerjisi üzrə aylıq göstəricilər

Enerji Qəbulu Məntəqəsində quraşdırılmış, Satıcıya məxsus hesablaşma sayğacları və Alıcıya məxsus nəzarət sayğaclarının göstəricilərinə uyğun olaraq Alıcının Elektrikpaylayıcı şəbəkəsinə hər təqvim ayının son günü saat 24-ə qədər daxil olmuş elektrik enerjisinin kVt/saatla və kVar/saatla ifadə olunmuş miqdarı deməkdir.

Müqavilə ayı

birinci müqavilə ayında başlama tarixindən həmin ayın sonuna qədər, sonradan isə istənilən təqvim ilinin tam təqvim ayı deməkdir.

Müqavilə ili

birinci müqavilə ilində başlama tarixindən ilin sonuna qədər, sonradan isə növbəti ildən başlayan, 12 (on iki) ardıcıl aydan ibarət müddət deməkdir.

İş günü

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq adi iş günü hesab olunan gün deməkdir.

Aidiyyətli mərkəzi icra hakimiyyəti orqanı

Əsasnamələrinə uyğun olaraq «Azərenerji» ASC və «Bakıelektrikşəbəkə» ASC-nin fəaliyyəti ilə bağlı hesabat və məlumat almaq hüququna malik olan mərkəzi icra hakimiyyəti orqanıdır (İqtisadi İnkişaf Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Statistika Komitəsi).

Səlahiyyətli tənzimləyici orqan

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur.

Fors Major

mənası bu Müqavilənin 18-ci bəndində verilmişdir.

Zərərçəkmiş Tərəf

Müqavilənin 18-ci bəndinə müvafiq olaraq Fors Major hadisəsinin təsirinə məruz qalmış Tərəf deməkdir.

Müstəqil ekspert

Tərəflərdən heç birinin tabeliyində olmayan, aidiyyətli məsələnin araşdırılması və rəy verilməsi üzrə tərəflərin qarşılıqlı razılığı ilə seçilmiş və ya təyin edilmiş, bu sahədə yüksək elmi biliklərə və peşəkarlıq səviyyəsinə malik hüquqi və ya fiziki şəxsdir.

İşçi qrup

Müqavilədən irəli gələn məsələlər üzrə aidiyyəti qurumların mütəxəssislərindən ibarət yaradılmış işçi heyət deməkdir.

Buraxıla bilən güc

Satıcının və Alıcının Enerji Qəbulu Məntəqələrində quraşdırılmış transformatorların nominal tam gücü və bu Enerji Qəbulu məntəqələrini qidalandıran elektrik verilişi xətlərinin və bu məntəqələrdən çıxan paylayıcı elektrik verilişi xətlərinin güc ötürmə qabiliyyətləri ilə müəyyənləşən güc və bu Müqavilənin 3 nömrəli əlavəsində göstərilmiş Enerji Qəbulu Məntəqələrinin tam gücü nəzərdə tutulur.

 

2. Şərhlər

2.1. Əgər kontekstdən digər məna irəli gəlmirsə, bu Müqavilədə:

2.1.1. «Şəxs» fiziki və ya hüquqi şəxsi ifadə edir;

2.1.2. tək halda işlənilən sözlər onların cəm halını ifadə edir və əksinə;

2.2. Bu Müqavilədə başlıqlardan yalnız istinad etmənin asanlaşdırılması üçün istifadə olunur və bu hal Müqavilənin şərhinə təsir etməməlidir.

3. Müqavilənin imzalanmasının əsası

Bu Müqavilənin imzalanmasına əsas «Bakıelektrikşəbəkə» və «Sumqayıt-elektrikşəbəkə» Səhmdar Cəmiyyətlərinin fəaliyyətlərinin səmərəliliyinin artırılmasının təmin edilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 avqust tarixli Sərəncamının 2.1-ci bəndinin, həmçinin «Energetika haqqında» və «Elektroenergetika haqqında» Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın (bundan sonra — «Elektrik enerjisindən istifadə Qaydaları») və digər normativ-hüquqi aktların tələbləridir.

4. Müqavilənin qüvvədə olma müddəti

4.1. Bu Müqavilə üzrə Tərəflərin üzərinə götürdüyü öhdəliklərin həyata keçirməsinə başladıqları tarix Müqavilənin başlama tarixi hesab olunur.

4.2. Bu Müqaviləyə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və Azərbaycan Respublikası Hökuməti tərəfindən müəyyən edilmiş tarixdə rəsmi şəkildə qüvvəyə mindiyi və xitam verildiyi an müvafiq olaraq müqavilənin başlama və başa çatma tarixi hesab olunur.

5. Elektrik enerjisinin qiymətləri (tarifləri)

5.1. Elektrik enerjisinin (aktiv və reaktiv) qiymətləri (tarifləri) qanunvericiliklə müəyyən olunmuş qaydada səlahiyyətli tənzimləyici orqan tərəfindən müəyyən edilir və tənzimlənir.

5.2. Tərəflər elektrik enerjisinin satınalma qiyməti (tarifi) ilə bağlı təkliflərini qanunvericilikdə müəyyən olunmuş qaydada baxılmaq üçün səlahiyyətli tənzimləyici orqana təqdim edə bilərlər. Tərəflərin birlikdə və ya ayrı-ayrılıqda verdikləri təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır.

5.3. Alıcı digər elektrik enerjisi istehsalçılarından alınmış və Satıcının balansında olan elektrik qurğuları vasitəsi ilə ötürülmüş elektrik enerjisi üçün Satıcıya səlahiyyətli tənzimləyici orqanın müəyyənləşdirdiyi tariflə (qiymətlə) ötürülmənin (tranzit) haqqını ödəməlidir.

6. Elektrik enerjisinin satılması və alınması

6.1. Satıcı enerji qəbulu məntəqələrinə çatdırılmış Razılaşdırılmış həddə qədər elektrik enerjisini hər hesabat ilində və bu Müqavilənin 1 nömrəli əlavəsinə uyğun olaraq satmağa, Alıcı isə almağa razılaşır.

6.2. Cari müqavilə ilinin sonuna 3 (üç) müqavilə ayı qalmış, Alıcı 1 nömrəli əlavəyə müvafiq olaraq, Satıcıya növbəti müqavilə ili üçün alınması proqnozlaşdırılan elektrik enerjisinin həcminə dair bildiriş göndərməlidir. Proqnozu aldıqdan sonra 1 (bir) ay ərzində Tərəflər 1 nömrəli əlavədə edilən dəyişiklikləri razılaşdırmalıdırlar və həmin dəyişikliklər bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur. Bu dəyişikliklər 3 nömrəli əlavədə göstərilən razılaşdırılmış güclərin artırılmasına gətirib çıxarmayacaqsa, Satıcı razılaşdırılmış həcmdə elektrik enerjisinin Alıcıya ötürülməsini təmin etməlidir.

6.3. Alıcı ilə Satıcı arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik «Elektrik enerjisindən istifadə Qaydaları»nın 5-ci bəndinə uyğun tənzimlənir.

7. Elektrik enerjisi haqqının ödənişi

Satıcıdan alınan elektrik enerjisinin dəyəri Alıcı tərəfindən bu Müqavilənin 5.1-ci bəndində göstərilən qiymətlə ödənilir.

8. Ötürülən elektrik enerjisinin həcminin müəyyən edilməsi

8.1. Satıcının və Alıcının Enerji Qəbulu Məntəqələrində yerləşən ölçü cihazları (hesablaşma və nəzarət sayğacları) istənilən zaman ərzində və hər Müqavilə ayı üzrə Alıcının şəbəkəsinə verilən elektrik enerjisinin (aktiv və reaktiv enerjini) həcmini, gücünü və keyfiyyət göstəricilərini müəyyənləşdirməyə və bu məlumatların fasiləsiz şəkildə avtomatik olaraq qeydə alınmasına, ötürülməsinə və uzaqdan oxunmasına imkan verməlidir. Hesablaşma və nəzarət sayğacları eyni dəqiqlik sinfinə malik olmalıdır. Qeyd olunan tələblərə cavab verməyən sayğacların quraşdırılmasına və istismarına yol verilmir.

8.2. Ötürülən elektrik enerjisinin həcmi Hesablaşma sayğacları ilə təyin olunur. Ötürülən elektrik enerjisinin həcmi hesablaşma sayğacı ilə yanaşı, əlavə olaraq Nəzarət sayğacları vasitəsilə də ölçülür. Sayğacların quraşdırılması və istifadəsi qaydaları «Elektrik Enerjisindən istifadə Qaydaları»na və ya digər normativ-texniki sənədlərə uyğun olaraq aparılır.

8.3. Hesablaşma və nəzarət sayğaclarının oxunuşu tərəflər arasında razılaşdırılmış zaman çərçivəsində həyata keçirilir. Sayğacların oxunması tərəflərin razılığı əsasında onların səlahiyyətli nümayəndələrinin birgə iştirakı və yaxud ayrı-ayrılıqda həyata keçirilə bilər. Sayğacların göstəricilərinin oxunuşu zamanı hesabat və nəzarət sayğaclarının göstərişində hər hansı fərq yaranarsa (sayğacın buraxıla bilən xətasının mütləq qiymətinin 2 (iki) mislindən artıq olduqda) hər iki sayğac «Elektrik Enerjisindən istifadə Qaydaları»nın 7.16-cı, 8.7-ci, 8.8-ci, 8.15-ci bəndlərinə uyğun olaraq sınaq yoxlamasından keçməlidir. Bu zaman hesabat doğru sayğacın göstəricilərinə əsasən aparılır və nasaz sayğac onun sahibinin hesabına təmir edilir və ya dəyişdirilir.

Hesablaşma və nəzarət sayğaclarının, həmçinin çıxış fiderlərində quraşdırılmış sayğacların daxili (konstruktiv elementlər) qüsurlardan qorunması sayğacların hər birinin öz mülkiyyətçisi tərəfindən həyata keçirilir. Ölçü cihazlarının xarici amillərdən (qəsdən və ya təsadüfi mexaniki zədələnmələr və s.) qorunması isə enerji qəbulu məntəqəsinin mülkiyyətçisi tərəfindən aşağıdakı formada təmin edilir:

8.3.1. hesablaşma və nəzarət sayğaclarının quraşdırıldığı yarımstansiyalarda Satıcı və Alıcı tərəfindən birgə möhürlənmiş qeydiyyat jurnalı saxlanılır. Satıcı və Alıcının səlahiyyətli nümayəndələri hesablaşma, nəzarət və çıxış fiderlərində quraşdırılmış sayğaclara, həmçinin onların dövrələrinə aid qurğulara baxış keçirdikdən sonra baxışın nəticələri barədə jurnalda tarix və saat göstərməklə qeydiyyat aparır və qeydiyyatı imzaları ilə təsdiqləyirlər;

8.3.2. Alıcının səlahiyyətli nümayəndələrinin nəzarət və çıxış fiderlərində quraşdırılmış sayğacların, həmçinin onları bəsləyən (cərəyan və gərginlik transformatorları) dövrələrinə nəzarət məqsədilə enerji qəbulu məntəqələrinə buraxılması tərəflər arasında əvvəlcədən razılaşdırılmış siyahıya müvafiq Alıcının təqdim etdiyi sənədlər əsasında Satıcı tərəfindən dərhal təmin olunur. Hesablaşma, nəzarət, çıxış fiderlərində quraşdırılmış sayğacların və onları bəsləyən ölçü transformatorlarının dövrəsində hər hansı bir qüsur və yaxud qeyri-balans yaranarsa, bu barədə jurnalda müvafiq qeydiyyat aparılır. Aşkarlanmış çatışmazlıqlar barədə Tərəflər bir-birinə rəsmi məlumat verir. Göstərilən səbəbdən Satıcı ilə Alıcı arasında yaranmış mübahisələrin həlli bu Müqavilənin 13-cü bəndinə uyğun həll edilir.

8.4. Hesablaşma və nəzarət sayğacları, çıxış fiderlərində quraşdırılmış sayğaclar, onların ölçü dövrələrinə aid edilən bütün elementləri lazımi şəkildə kənar müdaxilədən mühafizə etmək məqsədilə «Elektrik enerjisindən istifadə Qaydaları»na uyğun olaraq, Satıcı, Alıcı və Dövlət Enerji Nəzarət İdarəsi tərəfindən plomblanır.

Hesablaşma, nəzarət və çıxış fiderlərində quraşdırılmış sayğacların, həmçinin onları bəsləyən ölçü transformatorlarının dövrələrinə vurulmuş hər hansı bir plombun açılması zərurəti yarandıqda, Tərəflər bir-birinə qabaqcadan rəsmi məlumat verməli və tərəflərin iştirakı təmin olunmalıdır. Qəza vəziyyəti yarandığı təqdirdə isə qəzanın aradan qaldırılması məqsədilə plomblar açılarsa, sayğacların həmin andakı göstəriciləri barədə Enerji Qəbulu Məntəqəsindəki qeydiyyat jurnalında müvafiq qeydiyyat aparılmalı və bu haqda Tərəflər bir-birinə rəsmi məlumat verməlidir.

8.5. Enerji Qəbulu Məntəqələrində alınan elektrik enerjisinin keyfiyyət göstəricilərinə nəzarət edən və keyfiyyət göstəricilərini «Elektrik Enerjisindən istifadə Qaydaları»na uyğun olaraq qeyd edən qurğular quraşdırılır. Qurğuların yerləşdirilməsi və onların göstəricilərinin oxunması bu Müqavilənin 8.3-cü bəndində göstərilmiş qaydada aparılır.

8.6. Hesablaşma, nəzarət və çıxış fiderlərində quraşdırılmış sayğaclarda, həmçinin onların ölçü dövrələrinə aid edilən elementlərində hər hansı nasazlıq yaranarsa, Tərəflər bir-birinə təcili rəsmi məlumat verməli və bu aktlaşdırılmalıdır. Yaranmış qüsur nəticəsində hesablaşma və nəzarət sayğacları Tərəflərin və Dövlət Enerji Nəzarət İdarəsinin nümayəndələrinin iştirakı ilə sayğacın qeydə almadığı enerji göstəricilərinin oxunmasını təmin etməli və bunlar növbəti ayın hesabatına əlavə olunmalıdır.

9. Sayğacların sınaqdan keçirilməsi və yoxlanılması

9.1. Tərəflərin birinin Enerji Qəbulu Məntəqəsindəki hesablaşma və nəzarət sayğacları müəyyən olunmuş qaydada və ya digər Tərəfin əsaslı xahişi ilə vaxtaşırı sınaqdan keçirilməlidir. Belə sınaqlar zamanı hər iki Tərəf öz nümayəndələrini təyin etməlidirlər. Keçirilmiş sınaq haqqında Tərəflərdən hər birinə yazılı hesabat verilməlidir. Əgər sayğacların sınaqdan keçirilməsi zamanı kənarlaşma (fərq) aşkar olunarsa, həmin sayğac onun sahibi olan və onu istifadə edən tərəfin hesabına dəqiq sayğacla əvəz olunmalıdır və ya yol verilən kənarlaşma nəzərə alınaraq nizamlanmalıdır. Sayğacın mənsub olduğu Tərəfin qəsdən təqsirli olduğu hallar istisna olmaqla, kənarlaşma halları aşkar edildikdə, Müqavilənin 13-cü bəndində göstərilən mübahisələrin həlli prosedurlarına keçməzdən əvvəl, Tərəflər bu halın mübahisəsiz (məhkəmədən kənar qaydada) aradan qaldırılması üçün zəruri səyləri göstərməlidirlər.

9.2. Sayğacların sınaqdan keçirilməsi «Elektrik Enerjisindən istifadə Qaydaları»nda nəzərdə tutulmuş müddətlərdə aparılır.

10. Hesabların təqdim olunması və ödənilməsi

10.1. Ötürülən elektrik enerjisinə (aktiv və reaktiv enerji) görə hesablaşmalar bu Müqavilənin 7.1-ci bəndində nəzərdə tutulmuş qaydada aparılır.

10.2. Satıcının səlahiyyətli nümayəndəsi Alıcının səlahiyyətli nümayəndəsi ilə birlikdə hər hesabat ayı üzrə Enerji Qəbulu Məntəqələrində qurulmuş hesablaşma elektrik sayğaclarından götürülən faktiki ölçmə məlumatlarının əsasında ötürülən elektrik enerjisi haqqında yazılı və elektron formatda, aylıq hesabat tərtib etməlidir. Bütün Enerji Qəbulu Məntəqələrindən daxil olan elektrik enerjisinin cəmi Ötürülmüş elektrik enerjisi hesab olunacaq. Müvafiq müqavilə ayı üçün hər bir Enerji Qəbulu Məntəqələrində ötürülmüş elektrik enerjisini göstərən aylıq məlumatlar növbəti Müqavilə ayının 5-ci iş günündən gec olmayaraq Alıcıya təqdim olunmalıdır.

10.3. Ötürülən elektrik enerjisi haqqında aylıq hesabat verildiyi vaxtda, Satıcı Alıcı tərəfindən təqdim olunmuş üzləşmə aktlarını nəzərə almaqla cəmi ötürülmüş elektrik enerjisinə görə Alıcıya hesab-faktura təqdim edir. Bununla belə, Alıcının aylıq hesabatı aldığı tarixdən etibarən, 5-ci iş günündən gec olmayaraq əsaslı səbəb göstərməklə etiraz etmək hüququ vardır. Alıcı aylıq hesabatlar üzrə mübahisə qaldırarsa, bu mübahisə əsaslı izahat verilməklə Satıcıya yönəldilməlidir.

10.4. Bu Müqavilənin 11-ci bəndinə müvafiq olaraq Alıcı tərəfindən heç bir mübahisə haqqında bildiriş verilməmişdirsə, Alıcı Satıcı tərəfindən verilən hesab-fakturanı aldıqdan sonra, 20 (iyirmi) iş günü ərzində hesab-fakturada göstərilmiş məbləği Satıcıya ödəməlidir.

11. Mübahisəli hesablar

11.1. Alıcının Satıcı tərəfindən təqdim olunan aylıq hesabata qarşı mübahisə qaldırmaq hüququ vardır. Belə bir mübahisə yarandığı təqdirdə, Satıcı Müqavilənin 13-cü bəndində qeyd olunan mübahisələrin həlli qaydalarına riayət etməlidir.

11.2. 11.1-ci bənddə göstərilənlərə zidd olmayaraq, hesablarla əlaqədar mübahisə yarandıqda, Alıcı mübahisə doğurmayan məbləği tam şəkildə ödəməli, qalan hissəsini isə mübahisə həll olunduqdan sonra tam ödəməlidir.

11.3. Məbləğin mübahisəli qalıq hissəsi aşağıdakı qaydada ödənilməlidir:

11.3.1. mübahisə Satıcının xeyrinə həll olunarsa, mübahisəli məbləğin üstünə 14-cü bənddə göstərilən müstəqil ekspertin tam xərci və mübahisəli məbləğin ödənməyən hissəsi üçün gecikdirilən müddətə görə həmin məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) pulu hesablanmalıdır;

11.3.2. mübahisə Alıcının xeyrinə həll olunarsa, mübahisəli məbləğdən 14-cü bənddə göstərilən müstəqil ekspertin tam xərci çıxılır (əgər bu məbləğ Alıcı tərəfindən ödənilmişdirsə) və bu məbləğ növbəti aylıq ödəniş zamanı da nəzərə alınaraq həmin məbləğdən çıxılır.

12. Mübahisə doğurmayan hesabların ödənilməsi

Hesab-faktura alındığı tarixdən sonra, 20 (iyirmi) iş günü ərzində Alıcı müvafiq ödənişi həyata keçirmədiyi və mübahisəli hesab haqqında 5 (beş) iş günü ərzində yazılı bildiriş təqdim etmədiyi təqdirdə, Satıcı göstərilən müddətdən sonrakı hər bir gün üçün ödəniş aparılan günədək ödəmə sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) tələb etmək hüququna malikdir.

13. Mübahisələr

13.1. Tərəflər arasında bu Müqavilə ilə əlaqədar hər hansı mübahisə və ya fikir ayrılığı yarandıqda, mübahisə üzrə etirazı irəli sürən tərəf mübahisənin məğzini tam açıqlamaqla və mübahisənin həlli yollarını qeyd etməklə, digər tərəfə kifayət qədər ətraflı rəsmi məlumat təqdim etməlidir. Mübahisə onun haqqında məlumat verildiyi tarixdən sonra qarşı Tərəfin səyi ilə 10 gün müddətində həll olunmazsa, o zaman Tərəflər 13.2-ci bənddə göstərilən qaydada görüş keçirməlidirlər. Tərəflər arasında keçirilmiş görüşün nəticəsində mübahisə predmeti öz həllini tapmadığı təqdirdə etirazı irəli sürən Tərəf mübahisənin həlli məqsədilə aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Sənaye və Energetika Nazirliyinə müraciət edə bilər. Həmin müraciət 10 (on) iş günü ərzində nazirliklər tərəfindən araşdırılır və mübahisə barədə qərar qəbul olunur. Tərəflər bu qərarla razılaşmadığı təqdirdə, mübahisələr məhkəmə qaydasında həll olunur.

13.2. Tərəflər və ya onların təyin etdiyi nümayəndələr məlumatın rəsmi qaydada təqdim edildiyi tarixdən sonra 30 (otuz) gün ərzində görüş keçirməlidirlər və mövcud mübahisənin tez bir zamanda aradan qaldırılması üçün səy göstərməlidirlər. Tərəflər İqtisadi İnkişaf Nazirliyinə və Sənaye və Energetika Nazirliyinə müraciət etdikdən sonra bu bənddə nəzərdə tutulmuş tədbirlər nəticəsində mübahisə qeyd olunmuş müddət ərzində həll edilmədikdə, mübahisələr məhkəmə qaydasında həll olunur.

13.3. Tərəflərin balansında olan elektrik qurğularının fəaliyyəti zamanı yaranmış qəzaların səbəbləri Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin nəzdində yaradılmış (Sənaye və Energetika Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, «Azərenerji» ASC, «Bakıelektrikşəbəkə» ASC və «Sumqayıtelektrikşəbəkə» ASC-nin səlahiyyətli nümayəndələrinin daxil olduğu) komissiyada və yaxud bu komissiyanın təklifi ilə seçilmiş və ya təyin olunmuş müstəqil ekspert tərəfindən təhlil olunur. Qəzanın yaratdığı və tərəflərin bir-birinə qarşı iddia predmeti olan məsələlərin həlli yolları yalnız komissiyanın birbaşa rəyi (və ya müstəqil ekspertin rəyi) əsasında formalaşır. Komissiyanın rəsmi qərarının icrası tərəflər üçün məcburidir. Tərəflər komissiyanın qərarı ilə razı olmadıqda məsələ məhkəmə qaydasında həll edilir.

13.4. Bu Müqavilədən irəli gələn öhdəliklərin həyata keçirilməsi zamanı Tərəflər Mülki Məcəllənin 6.1.1-ci və 6.1.2-ci maddələrində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi və subyektlərin iradə sərbəstliyi prinsipini rəhbər tuturlar.

Tərəflər Müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqaviləyə şərtlər qoymaqda sərbəstdirlər.

14. Ekspert

Tərəflər Müqavilənin predmeti üzrə qarşılıqlı iddiaların araşdırılması məqsədilə texniki, iqtisadi məsələlərə dair mübahisələrin təhlili üçün müstəqil ekspert dəvət edə bilərlər. Müstəqil ekspert bildiriş aldıqdan sonra Tərəflərin qarşılıqlı razılığı ilə 10 (on) gün müddətində təyin ediləcəkdir. Müstəqil ekspertin xidmət haqqı etirazı irəli sürən Tərəfin hesabına ödənilir. Tərəflər müstəqil ekspertin qərarları ilə razılaşır və onları yerinə yetirməyi öhdələrinə götürürlər.

15. Zərərin ödənilməsi

«Elektrik enerjisindən istifadə Qaydaları»na müvafiq olaraq, istehlakçılar Satıcı tərəfindən ötürülən elektrik enerjisinə və onun keyfiyyətinə dair Alıcıya qarşı kompensasiya iddiası qaldırdıqda, əgər istehlakçılara dəymiş zərərin Satıcının təqsiri üzündən baş verdiyi (Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin, Dövlət Enerji Nəzarət İdarəsi, müstəqil ekspert və ya məhkəmə tərəfindən) sübut olunmuşdursa, Alıcıya qarşı istehlakçı tərəfindən qaldırılmış belə iddiaların nəticəsi olaraq onun çəkdiyi xərclər və digər öhdəliklər şəklində zərəri Satıcı ödəyəcəkdir. Alıcı belə iddialardan xəbərdar olduğu zaman 3 (üç) iş günü ərzində Satıcıya bildiriş verməlidir. Zərərin ödənilməsi ilə bağlı tərəflər arasında razılığın əldə edilmədiyi halda məsələ Müqavilənin 13-cü bəndində nəzərdə tutulmuş qaydada həll olunmalıdır.

16. Uçot və hesabat

Tərəflərdən hər biri digər Tərəfin, eyni zamanda aidiyyəti mərkəzi icra hakimiyyəti orqanının müraciətinə əsasən, öz öhdəliklərinin tələb olunan səviyyədə və qaydada yerinə yetirilməsi ilə bağlı müqavilə çərçivəsində istənilən zəruri məlumatları təqdim etməlidir.

17. Tərəflərin hüquq və vəzifələri

17.1. Tərəflərin qarşılıqlı hüquq və vəzifələri

17.1.1. Enerjisistemdə güc və elektrik enerjisi çatışmazlığı yaranan hallarda məhdudiyyət, həmçinin baş verə biləcəyi ehtimal olunan qəza vəziyyəti ilə əlaqədar şəbəkədən açılan gücün həcminin və ünvanının tərtib edilməsi, razılaşdırılması, təsdiq edilməsi və tətbiqi ilə əlaqədar Satıcı və Alıcı arasındakı qarşılıqlı münasibətlər Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin təsdiq etdiyi «Enerjisistemə elektrik gücü və enerjisi çatışmadıqda, istehlakçıların məhdudiyyət və birbaşa açılma qrafiklərinin tərtib və tətbiqi qaydaları haqqında Təlimat»a uyğun olaraq tənzimlənir.

17.1.2. Tərəflər digərinin xidmət göstərdiyi ərazilərdə öz avadanlıqlarının (sayğac, əks qəza avtomatikası, ölçü-nəzarət sistemləri və s.) quraşdırılmasında, onlara texniki xidmətlərin göstərilməsində və istismarında Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktlarının tələb etdiyi texniki tələblərə riayət etməlidirlər.

17.1.3. Tərəflərdən biri elektrik enerjisinin paylanması və təchizatı üzrə öz fəaliyyətini həyata keçirərkən digər Tərəfin ərazisinə daxil olmaq zərurəti yarandıqda, o, qarşı Tərəfə müvafiq məlumat verməli və onun ərazisində olduğu zaman sonuncunun səlahiyyətli nümayəndəsinin iştirakına etiraz etməməlidir.

17.1.4. Tərəflər özlərinə məxsus elektrik paylayıcı aktivlərin təmas nöqtəsində olan yerlərdə rele mühafizəsi, avtomatik təkrar qoşma (ATQ) qurğularının selektivliyinin təmin olunmasına, istismarına və doğru fəaliyyətinə görə birgə məsuliyyət daşıyırlar.

17.1.5. Tərəflər arasında yeni qoşulan güclərə texniki şərtlərin verilməsi aşağıdakı kimi tənzimlənir:

17.1.5.1. Alıcı öz şəbəkəsində yenidənqurma işləri apararkən 35 və 110 kV-luq yarımstansiyaların tikintisi ilə bağlı Satıcıdan müəyyən olunmuş qaydada texniki şərt alır. Qeyd olunandan aşağı gərginlikli yarımstansiyaların tikintisinə Satıcıdan texniki şərt alınması tələb olunmur və bu halda Alıcı yalnız Satıcını rübdə bir dəfə məlumatlandırır.

17.1.5.2. Alıcı xidmət etdiyi ərazidə istehlakçının sifarişi ilə 800 kVt-a qədər elektrik gücünə texniki şərtləri müstəqil verir. Bu güc həddi keçildikdə texniki şərtlərin verilməsi Satıcı ilə razılaşdırılır.

17.2. Satıcının vəzifələri

17.2.1. Satıcı Müqavilə üzrə elektrik enerjisinin Azərbaycan Respublikasında qəbul edilmiş standartlara əsasən müəyyənləşmiş texniki göstəricilərə uyğun şəkildə çatdırılmasını və Müqavilənin 1 nömrəli əlavəsində göstərilən Razılaşdırılmış tələbat və gücün saxlanılmasını təmin edir. Bu məsələnin həlli «Elektrik enerjisindən istifadə Qaydaları»nın 11.5-ci və 11.6-cı bədlərinə müvafiq şəkildə aparılır.

17.2.2. Satıcı enerji qəbulu məntəqələrində, həmçinin tərəflərə məxsus aktivlərin təmas nöqtələrində quraşdırdığı və balansında olan rele mühafizəsi, avtomatik təkrar qoşma (ATQ) qurğularının selektivliyini və əksqəza avtomatikasının normal fəaliyyətini təmin edir.

17.2.3. Satıcı Sənaye və Energetika Nazirliyinin təsdiq etdiyi «Dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisəsi və müstəqil enerji istehsalçısı müəssisəsi dispetçer xidmətləri arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi haqqında Təlimat»a və digər normativ sənədlərə uyğun olaraq Alıcının balansında olan elektrik paylayıcı aktivlər də nəzərə alınmaqla, bütövlükdə sistem əhəmiyyətli əksqəza avtomatikasının (ƏQA) həcmlərinin, qoyuluş yerlərinin və qoyuluş qiymətlərinin (ustavkalarını) təyin edir, Alıcı ilə razılaşdırır, yerlərdə quraşdırılmasına və işlək olmasına nəzarəti təmin edir.

17.2.4. Satıcı «Elektrik enerjisindən istifadə Qaydaları»nın 11.5-ci və 11.6-cı bəndlərinin tələblərinə uyğun olaraq Alıcı ilə Balans mənsubiyyəti sərhədlərində elektrik enerjisinin keyfiyyət göstəricilərinin standartlara uyğun olmasını təmin edir.

17.2.5. Satıcı Sənaye və Energetika Nazirliyinin təsdiq etdiyi «Enerjisistemdə elektrik gücü və enerjisi çatmadıqda, istehlakçıların məhdudiyyət və birbaşa açılma qrafiklərinin tərtib və tətbiqi qaydaları haqqında Təlimat»a uyğun olaraq, Alıcıya hər il oktyabr ayının 1-dək məhdudiyyət qrafiklərinin tərtib edilməsi üçün rəsmi müraciət edir.

17.2.6. Satıcı müqavilənin 3 nömrəli əlavəsində müəyyən edilmiş Enerji Qəbulu Məntəqələrində elektrik verilişi xətlərinin gücötürmə qabiliyyətinin həmin məntəqələrdə quraşdırılmış güc transformatorlarının nominalına uyğun olmasını təmin edir.

17.2.7. Satıcı enerji sisteminin və Alıcının elektrik şəbəkəsinin operativ idarəetmə sxemlərinin uzlaşdırılması, mühafizə qurğularının selektivliyi və operativ idarəetmə üzrə «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin və «Elektrik enerjisindən istifadə Qaydaları»nın müvafiq tələblərinin icrasını təmin edir.

17.2.8. Alıcı 1 nömrəli əlavədə göstərilən dövr üçün razılaşdırılmış tələbat və gücdən artıq elektrik enerjisi almaq niyyətində olduğunu bildirərsə, Satıcı ona qanunvericilik çərçivəsində razılaşdırılmış tələbat və gücdən artıq elektrik enerjisi sata bilər.

17.3. Satıcının hüquqları

17.3.1. Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktlarında və bu Müqavilənin 17.1.1-ci bəndində nəzərdə tutulmuş qaydada və «Elektrik enerjisindən istifadə Qaydaları»nın tələblərinə uyğun olaraq, Alıcıya ötürülən elektrik enerjisində (güc) əvvəlcədən xəbər verməklə, ekstremal hallarda isə xəbərdarlıqsız fasilələr və məhdudiyyətlər tətbiq edilə bilər. Bu halda tətbiq edilən məhdudiyyətlər Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin təsdiq etdiyi «Enerjisistemdə elektrik gücü və enerjisi çatmadıqda, istehlakçıların məhdudiyyət və birbaşa açılma qrafiklərinin tərtib və tətbiqi qaydaları» və «Dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisəsi və müstəqil enerji istehsalçısı müəssisəsi dispetçer xidmətləri arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi haqqında» təlimatların müddəalarına uyğun olmalıdır. Təlimatların müddəalarına uyğun olmayan hərəkətlər bu Müqavilənin 13-cü bəndi ilə tənzimlənir.

17.3.2. Satıcı müqavilə ilində Alıcının xidmət göstərdiyi əraziyə ötürülən elektrik enerjisinin 1 nömrəli əlavədə razılaşdırılmış həcmindən artıq hissəsini təmin etməmək hüququna malikdir.