Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

28.06.2018 / 68 baxış

"Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

"Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 31 may tarixli, 242 nömrəli fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. "Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

3.1. qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin;

3.3. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyinin yaradılması və onun fəaliyyətinin təşkili ilə bağlı məsələləri həll etsin;

3.4. müvafiq dövlət orqanları ilə birlikdə Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5. öz səlahiyyətləri daxilində bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) qiymətlərinin (tariflərinin) tənzimlənməsi ilə bağlı görülən işlər barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə hesabat təqdim etsin.

5. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 26 dekabr 2005-ci il

 341

Azərbaycan qəzetində dərc edilmişdir (27 dekabr 2005-ci il,  300)


Azərbaycan Respublikası Prezidentinin 
2005-ci il 26 dekabr tarixli fərmanı ilə 
təsdiq edilmişdir

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında

Əsasnamə

I. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası (bundan sonra Şura) dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların (bundan sonra qiymət) dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanıdır.

1.2. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

1.3. Şura öz fəaliyyətini mərkəzi və yerli icra hakimiyyəti orqanları, təsərrüfat subyektləri, yerli özünüidarəetmə orqanları, habelə ictimai təşkilatlarla əlaqəli həyata keçirir.

II. Şuranın vəzifələri

2.1. Şuranın əsas vəzifələri aşağıdakılardan ibarətdir:

2.1.1. Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik aktlarına uyğun olaraq dövlət tənzimlənməsinə aid edilmiş qiymətlərin tənzimlənməsinin həyata keçirilməsini təmin etmək;

2.1.2. qiymətlərin tənzimlənməsi (tənzimlənmə üsulunun seçilməsi, təkliflərə baxılması, müzakirəsi, layihələrin hazırlanması, təsdiqi, tətbiqi, dəyişdirilməsi və s.) üzrə müvafiq sənədlər qəbul etmək;

2.1.3. qiymətlərin dövlət tənzimlənməsinin qanunvericilik və normativ hüquqi bazasının təkmilləşdirilməsi, qiymətlərin və tariflərin formalaşması, onların tətbiq olunmasına dövlət nəzarətinin gücləndirilməsi üzrə təkliflər vermək;

2.1.4. qüvvədə olan qanunvericiliyin pozulması yolu ilə təyin edilmiş qiymətlərin tətbiqinin dayandırılması haqqında qərar qəbul etmək, bu sahədə cərimə və sanksiyaların tətbiq edilməsi barədə təkliflər vermək;

2.1.5. tənzimlənən qiymətlərə əsaslı təsir göstərən xərclərin azaldılmasına dair təkliflər vermək;

2.1.6. tənzimlənən qiymətlər barədə şərh vermək və digər tədbirlər həyata keçirmək;

2.1.7. qiymətləri dövlət tənzimlənməsinə aid edilmiş inhisarçı subyektlərin məhsullarının (iş və xidmətlərinin) siyahısına əlavə və dəyişikliklər edilməsinə dair aidiyyəti orqanlara təkliflər vermək;

2.1.8. ayrı-ayrı istehlakçı qruplar, müəssisə və təşkilatlar, investorlar üçün qiymətlər üzrə güzəştlərin verilməsinə, habelə limit və normaların müəyyənləşdirilməsinə dair təkliflər hazırlamaq;

2.1.9. qiymətlərin dövlət tənzimlənməsi üzrə həyata keçirilən işlər barədə kütləvi informasiya vasitələrinə tənzimləmənin zəruriliyi, məqsədi və mümkün nəticələri barədə məlumat vermək;

2.1.10. qiymət tənzimləməsi məsələlərində Azərbaycan Respublikasını beynəlxalq və regional təşkilatlarda, elmi-praktiki konfranslarda və seminarlarda təmsil etmək;

2.1.11. qanunvericiliyə uyğun olaraq digər vəzifələri həyata keçirmək.

III. Şuranın hüquqları

3.1. Şura öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

3.1.1. təsdiq olunmuş iş planına uyğun müəyyən olunmuş qaydada dövlət orqanlarından, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə və təşkilatlardan Şuranın səlahiyyətlərinə aid olan məsələlərlə bağlı zəruri sənədlər və məlumatlar almaq;

3.1.2. Şurada baxılan məsələlərlə bağlı Şuranın və Şuranın Katibliyinin iclaslarına ekspert və məsləhətçilər cəlb etmək və digər tədbirlər həyata keçirmək;

3.1.3. Şuranın qərarlarının yerinə yetirilməsinin monitorinqini aparmaq və mənfi halların aradan qaldırılması üzrə zəruri tədbirlər həyata keçirmək;

3.1.4. Şuranın qərarının dayandırılması, onun müddətinin uzadılması üzrə qərar qəbul etmək;

3.1.5. qiymətlərin iqtisadi cəhətdən əsaslılığını, səmərəliliyini, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığını müəyyənləşdirmək üçün araşdırmalar və təhlillər aparmaq;

3.1.6. Şuranın fəaliyyətinin səmərəliliyinin artırılması, çevik tənzimləmə tədbirlərinin həyata keçirilməsi üçün komissiya və işçi qrupları yaratmaq;

3.1.7. qanunvericiliyə uyğun olaraq digər hüquqları həyata keçirmək.

IV. Şuranın fəaliyyətinin təşkili

4.1. Şuranın sədri və üzvləri mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət olmaqla Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

4.2. Şuranın sədri aşağıdakı vəzifələri həyata keçirir:

4.2.1. Şuranın fəaliyyətinin cari və perspektiv istiqamətlərini müəyyənləşdirir, onun fəaliyyət proqramını təsdiq edir və həyata keçirir;

4.2.2. Şuranın fəaliyyəti ilə bağlı zəruri olan metodiki sənədləri, aktları, əmrləri, göstərişləri, məktubları və digər sənədləri imzalayır;

4.2.3. Şuranın fəaliyyəti ilə bağlı müvafiq işçi qrupları yaradır;

4.2.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər işləri həyata keçirir.

4.3. Şura üzvlərinin hüquq və vəzifələri aşağıdakılardır:

4.3.1. Şuranın iclaslarında və fəaliyyətində iştirak etmək;

4.3.2. Şuranın iclaslarının gündəliyi, eləcə də gündəliyə daxil edilmiş məsələlər barədə təkliflər vermək;

4.3.3. Şuranın fəaliyyəti ilə bağlı digər işləri görmək.

4.4. Şuranın cari fəaliyyətinin təşkili üçün Şuranın Katibliyi yaradılır.

4.5. Şuranın sədri Katibliyin strukturunu, fəaliyyətinə dair təlimatları təsdiq edir, onun rəhbərini vəzifəyə təyin və vəzifədən azad edir.

4.6. Şuranın Katibliyi:

4.6.1. müvafiq icra hakimiyyəti orqanlarının, müəssisə və təşkilatların mütəxəssislərindən və müstəqil ekspertlərdən ibarət olmaqla Katibliyin işçi qruplarını formalaşdırır;

4.6.2. işçi qruplarının üzvləri bu və ya digər səbəbdən (üzrlü hallar istisna olmaqla) işçi qrupunun yığıncaqlarında ardıcıl olaraq üç dəfədən artıq iştirak etmədikdə təmsil etdiyi orqan qarşısında həmin şəxsin əvəz edilməsi barədə məsələ qaldırır;

4.6.3. Şuranın illik fəaliyyət planını və iclaslarda baxılacaq məsələlərin layihələrini hazırlayır;

4.6.4. aidiyyəti dövlət orqanlarından, mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə və təşkilatlardan baxılan məsələlərlə bağlı məlumat, rəy və təkliflər alır;

4.6.5. Şuranın Katibliyi Azərbaycan Respublikasının dövlət gerbi və onun adı əks olunmuş möhürə, ştamplara, blanklara və bank hesablarına malikdir.

4.7. Katibliyin işçiləri dövlət qulluqçusu hesab edilirlər.

4.8. Katibliyə daxil olmuş layihə və təkliflərə baxılması, gündəliyə daxil edilməsi, qəbul edilmiş qərarların rəsmiləşdirilməsi qaydaları Şura tərəfindən təsdiq edilir.

4.9. Şuranın gündəliyinə daxil edilmiş sənədlər adi hallarda 5 gün, təcili olduqda isə 2 gün müddətdə Şura üzvlərinə təqdim olunur və Şuranın iclasında baxılır.

4.10. Şuranın iclasları aşağıdakı qaydada həyata keçirilir:

4.10.1. Şuranın iclasları onun üzvlərinin azı dörddə üçü iştirak etdikdə baş tutmuş sayılır;

4.10.2. Şuranın iclasları rübdə bir dəfədən az olmayaraq, zərurət yarandığı hallarda isə Şura üzvlərinin müraciətinə əsasən keçirilir;

4.10.3. Şuranın iclaslarında səsvermə açıq şəkildə keçirilir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Şura sədri həlledici səsə malikdir;

4.10.4. Şuranın iclaslarında qəbul edilmiş qərarlar protokolla rəsmiləşdirilir, Şuranın sədri və üzvləri tərəfindən imzalanır;

4.10.5. Şuranın gündəliyinə daxil edilən məsələlər Şura tərəfindən təsdiq olunmuş iş planına əsasən aparılır;

4.10.6. Şuranın gündəliyinə daxil edilmiş məsələlər barədə Şuranın sədri, katibi və ya üzvlərindən biri məlumat verir;

4.10.7. Şuranın hər bir iclasının reqlamenti, müzakirə olunacaq məsələlərdən asılı olaraq Şuranın sədri tərəfindən üzvlərin rəyi nəzərə alınmaqla müəyyənləşdirilir.

4.11. Şuranın iclaslarında malların (işlərin, xidmətlərin) qiymətləri (tarifləri) təsdiq olunur. Şura tərəfindən təsdiq edilmiş (və ya dəyişdirilmiş) qiymətlərin (tariflərin) qüvvəyə minməsi zəruri hallarda Azərbaycan Respublikasının müvafiq ilin dövlət büdcəsi haqqında qanununun müddəalarına uyğunlaşdırılır.

4.12. Şuranın iclaslarına dəvət olunan ekspert və məsləhətçilər yalnız təkliflər vermək və müvafiq məsələlərə rəy bildirmək hüququna malikdirlər.

4.13. Şuranın iclaslarında baxılan məsələlər barədə məlumat Şuranın sədri və ya onun razılığı ilə Katiblik tərəfindən kütləvi informasiya vasitələri və Şuranın internet saytı vasitəsilə yayılır.

4.14. Şuranın yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.


Azərbaycan Respublikası Prezidentinin 
2005-ci il 26 dekabr tarixli fərmanı ilə 
təsdiq edilmişdir

Azərbaycan Respublikasının Tarif (qiymət)Şurasının tərkibi

Şuranın sədri:

Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri

Şuranın üzvləri:

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası vergilər nazirinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi sədrinin müavini