"Dövlət şəhərsalma-memarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR # 84

28.06.2018 / 103 baxış

Bakı şəhəri, 21 may  2009-cu il

"Dövlət şəhərsalma-memarlıq nəzarətinin həyata keçirilməsi  Qaydaları"nın təsdiq edilməsi barədə

"Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında " Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 avqust tarixli 624 nömrəli Fərmanının 4-cü bəndinin  icrasını təmin etmək məqsədi ilə  Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Dövlət şəhərsalma-memarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, dövlət şəhərsalma-memarlıq nəzarətini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir.

3. "Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən həyata keçirilən nəzarət tədbirlərinin aparılması Qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 146 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il,  #10, maddə 628; 2006-cı il, #2, maddə 203; 2007-ci il, #12, maddə 1353; 2008-ci il, #2, maddə 132 ) qüvvədən düşmüş hesab edilsin.

4.  Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri      A.Rasi-zadə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 21 may tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmişdir

Dövlət  şəhərsalma-memarlıq  nəzarətinin həyata keçirilməsi

Qaydaları

1.  Ümumi müddəalar

1.1. Bu Qaydalar "Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 avqust tarixli 624 nömrəli Fərmanının 4-cü bəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra-Komitə) tərəfindən dövlət şəhərsalma-memarlıq nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalar şəhərsalma-memarlıq sahəsində qanunvericiliyin pozulması hallarının qarşısının alınması, şəhərsalma sənədlərinin keyfiyyətinin yüksəldilməsi, şəhərsalma fəaliyyətinin şəhərsalma sənədləri əsasında həyata keçirilməsi, milli və tarixi irsin, şəhərsalma və memarlıq abidələrinin, təbii-mədəni landşaftın, digər qoruq ərazilərinin saxlanması və mühafizəsi, şəhərsalma obyektlərində estetik gözəlliyin, müasirliyin və milli memarlıq üslubunun qorunması məqsədini daşıyır.

1.3. Bu Qaydaların tələbləri şəhərsalmanın planlaşdırılması, layihələndirilməsi və memarlıq sahəsinin bütün subyektləri üçün məcburidir.

1.4. Dövlət şəhərsalma-memarlıq nəzarətini respublika səviyyəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Naxçıvan Muxtar Respublikası səviyyəsində Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi, yerli səviyyədə yerli icra hakimiyyəti orqanlarının memarlıq-tikinti xidmətləri öz səlahiyyətləri daxilində qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirirlər.

 

2.  Şəhərsalma sənədlərinin keyfiyyətinə nəzarət

2.1. Şəhərsalma sənədlərinin keyfiyyətinə nəzarətin aparılmasında məqsəd həmin sənədlərin tərtibi zamanı şəhərsalma qanunvericiliyinə, şəhərsalma norma və qaydalarına, məskunlaşma sistemlərinin ərazi-məkan həllində milli, tarixi-mədəni irsin xüsusiyyətlərinin, ekoloji, geoloji tələblərin nəzərə alınmasına nail olmaqdan ibarətdir.

2.2. Şəhərsalma sənədlərinin keyfiyyətinə nəzarət həmin sənədlərə dair qanunvericiliyə uyğun olaraq Komitə tərəfindən müvafiq rəyin verilməsi vasitəsilə həyata keçirilir.

2.3. Şəhərsalma sənədləri tərtib olunaraq qanunvericiliyə müvafiq qaydada əlaqədar orqanlarla razılaşdırıldıqdan sonra, rəyin alınması üçün Komitəyə təqdim olunmalıdır.

2.4. Komitəyə daxil olmuş şəhərsalma  sənədlərinin baxılmasına dair qanunvericilikdə başqa müddət nəzərdə tutulmadığı halda, bir   ay  ərzində baxılmalı, irad və təkliflər olmadıqda, müsbət rəy  verilməlidir. Təqdim  olunmuş  şəhərsalma sənədlərinə  Komitə tərəfindən göstərilən müddətdə heç bir  münasibət  bildirilməzsə,  sənədlər  razılaşdırılmış  hesab  edilir.

2.5. Şəhərsalma sənədləri üzrə iradlar  olduqda, həmin sənədlər təshih edilmək üçün sifarişçiyə qaytarılır, təshih edildikdən sonra  şəhərsalma sənədləri  yenidən Komitəyə təqdim edilir və 10 gün müddətində müvafiq rəy verilir.

2.6. Komitənin müsbət rəyi olmadan şəhərsalma sənədlərinin təsdiq edilməsinə yol verilmir.

2.7. Müsbət rəy verilmiş şəhərsalma sənədlərinin bir nüsxəsi həmin sənədlərin həyata keçirilməsinə nəzarətin aparılması məqsədi ilə Komitədə saxlanılır.

 

3.  Şəhərsalma qanunvericiliyinə  riayət olunmasına və şəhərsalma  sənədlərinin həyata  keçirilməsinə  nəzarət

3.1. Şəhərsalma  qanunvericiliyinə  və şəhərsalma sənədlərinin həyata keçirilməsinə nəzarətin aparılmasında məqsəd şəhərsalma qanunvericiliyinin  pozulması  hallarının qarşısını almaq, şəhərsalma fəaliyyətinin təsdiq edilmiş şəhərsalma sənədlərinə uyğun həyata keçirilməsinə, bu sahədə pozuntuları və çatışmazlıqları vaxtında aşkar etmək, yerli icra hakimiyyətlərinin memarlıq xidmətlərindən  bu pozuntuların və çatışmazlıqların aradan qaldırılması məqsədi ilə tədbirlər görməyi tələb etmək  və ya öz səlahiyyətləri daxilində digər tədbirlər görməkdir.

3.2. Şəhərsalma qanunvericiliyinə və şəhərsalma sənədlərinin həyata  keçirilməsinə nəzarət yerlərdə 3 ildən gec olmayaraq, araşdırmalar aparmaq vasitəsilə həyata keçirilir.

3.3. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda Komitə tərəfindən həyata keçirilən araşdırmalara müvafiq dövlət və yerli idarəetmə orqanlarının   nümayəndələri  cəlb  edilir.

3.4.  Araşdırma  zamanı Komitənin  nümayəndəsi baxılmaq üçün aşağıdakı sənədləri yerli icra hakimiyyətinin və özünüidarəetmə orqanlarının memarlıq xidmətlərindən  tələb edə bilər:

obyektlərin yerləşdirilməsinin şəhərsalma əsaslandırılmasını  (müvafiq şəhərsalma  sənədləri olmadıqda);

torpaqayırma sənədlərini;

inşaat pasportlarını;

layihə sənədlərini.

3.5. Araşdırma zamanı  aşağıdakılara əməl olunması  müəyyən  edilir:

şəhərsalma  fəaliyyətinin  şəhərsalma  qanunvericiliyinə uyğun həyata keçirilməsi; təsdiq edilmiş şəhərsalma  sənədlərinə əməl  edilməsi;

təsdiq edilmiş şəhərsalma sənədləri olmadıqda  və ya təsdiq edilmiş şəhərsalma sənədlərində dəyişikliklər edilməklə, obyektlərin yerləşdirilməsinin şəhərsalma əsaslandırılmasının mövcud qaydalara uyğun həyata keçirilməsi.

3.6. Araşdırma zamanı inzibati  hüquq  pozuntusuna  yol  verilməsi  aşkar edildiyi hallarda qanunda  nəzərdə tutulmuş qaydada  inzibati  xəta  haqqında  protokol tərtib olunur (1 nömrəli əlavə) və müvafiq qərar qəbul edilir (2 nömrəli əlavə). Mövcud şəhərsalma norma və qaydalarının tələblərinin, həmçinin şəhərsalma ilə bağlı qanunvericiliyin pozulması halları aşkar edildikdə, icrası məcburi olan  tapşırıq verilir  (3 nömrəli əlavə ).

4.  Şəhərsalma obyektlərinin memarlıq-planlaşdırma həllərinə nəzarət

4.1.  Şəhərsalma obyektlərinin memarlıq-planlaşdırma həllərinə nəzarətin aparılmasında məqsəd həmin obyektlərdə estetik gözəlliyin, müasirliyin və milli memarlıq üslubunun  qorunmasına,  həmçinin  insanların həyat və sağlamlığı üçün əhəmiyyət daşıyan normalara əməl olunmasına nail olmaqdır.

4.2. Şəhərsalma obyektlərinin memarlıq-planlaşdırma həllərinə nəzarət həmin obyektlərin layihələrinin memarlıq hissələrinə Komitə tərəfindən müvafiq rəy verilməsi vasitəsilə  həyata keçirilir.

4.3. Unikal binaların eskiz layihələri və tarixi memarlıq abidələrinin bərpa layihələri razılaşdırılmaq məqsədi ilə sifarişçi tərəfindən  Komitəyə  təqdim  edilməlidir.

4.4. Şəhərsalma obyektlərinin müvafiq qaydada razılaşdırılmış memarlıq-planlaşdırma həllərinin layihə sənədləri yerli icra hakimiyyətlərinin memarlıq xidmətləri tərəfindən Komitəyə təqdim edildiyi gündən qanunvericilikdə başqa müddət nəzərdə tutulmadığı halda, 20 gün  müddətində layihəyə münasibət bildirilməlidir. Göstərilən müddət ərzində  irad və təkliflər bildirilmədiyi  halda, layihə razılaşdırılmış və ya müsbət rəy  verilmiş  hesab edilir.

4.5. İrad və təkliflər bildirilmiş layihənin sifarişçisi  buraxılmış nöqsanları aradan qaldırdıqdan sonra layihə yenidən Komitəyə təqdim edilir. Bu halda layihəyə 10 gün müddətində baxılmalıdır.

4.6. Qanunvericilikdə  nəzərdə  tutulmuş  hallarda dövlət  ekspertizasından keçməli olan  şəhərsalma  obyektlərinin  işçi  layihələrinin  memarlıq-planlaşdırma həlli yerli icra hakimiyyəti orqanlarının (şəhərlərdə rayon icra hakimiyyəti orqanları istisna olmaqla) memarlıq xidməti ilə razılaşdırıldıqdan sonra memarlıq-planlaşdırma həlli baxımından  rəy alınması üçün Komitəyə  təqdim edilməlidir. Komitə tərəfindən layihəyə  15  gün  müddətində  müvafiq rəy verilməlidir. Əgər göstərilən müddətdə heç bir münasibət bildirilməzsə, layihə razılaşdırılmış hesab edilir.

4.7. Razılaşdırılmaq və rəy verilmək üçün Komitəyə təqdim edilmiş  layihələrin bir nüsxəsi Komitədə saxlanılır.

 

5. Dövlət şəhərsalma-memarlıq nəzarəti sahəsində Komitənin  səlahiyyətləri

 5.1. Dövlət şəhərsalma-memarlıq nəzarəti sahəsində Komitə aşağıdakı  səlahiyyətlərə  malikdir:

 bu  Qaydalarda  nəzərdə tutulan nəzarət funksiyalarını həyata keçirmək üçün şəhərsalma və arxitektura ilə bağlı sənəd və materialları almaq məqsədi ilə bütün dövlət və qeyri-dövlət orqanlarına, hüquqi  və fiziki şəxslərə sorğular vermək, lazımi sənəd və materialları tələb etmək, şəhərsalma  obyektlərinə (xüsusi mühafizə olunan dövlət obyektlərinə müvafiq  icazə almaqla) qanunvericilikdə nəzərdə tutulmuş qaydada maneəsiz daxil  olmaq;

 şəhərsalmanın  əsasları haqqında qanunvericiliyin pozulduğu hallarda,  inzibati xəta haqqında protokol və ya akt tərtib etmək;

 aşkar  edilmiş  pozuntuların  aradan  qaldırılması  barədə  yerli  icra hakimiyyətinin və özünüidarəetmə orqanlarının memarlıq xidmətlərinə icra müddəti  göstərməklə, xüsusi formada tapşırıqlar vermək;

 qanunvericiliyin  pozulması ilə bağlı səlahiyyətləri daxilində inzibati xətalar haqqında işlərə  baxmaq;

bu Qaydalara əsasən, Komitə tərəfindən nəzarətin həyata keçirilməsi zamanı səlahiyyətlərinə aid olmayan məsələlərə dair üzə çıxan pozuntularla  bağlı  müvafiq  dövlət  orqanlarına  məlumat  vermək;

pozuntuların aradan qaldırılması barədə verilmiş tapşırıqları icra etməyən və ya icrasını təmin etməyən dövlət orqanlarının rəhbərləri barədə onların yuxarı orqanlarına məlumat vermək.

6. Məsuliyyət

Dövlət şəhərsalma-memarlıq nəzarətini həyata keçirən vəzifəli şəxslər öz vəzifələrinin icrasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

 
© Nazırlər Kabınetı, 2005-2008
MEQA şirkətinin istehsalı