Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu

28.06.2018 / 30 baxış

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında

Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları

Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar.

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz.

Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları

Şəxsin yaşayış yeri  tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür.

Şəxsin olduğu yer  onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.

On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin  müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.

On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin  müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.

"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır.

Maddə 3. Yaşayış yerinin müəyyən edilməsi barədə sənədlər

Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir:

1) Azərbaycan Respublikası vətəndaşı barədə  yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;

2) 30 gündən artıq Azərbaycan Respublikasında yaşayan əcnəbi barədə  onun qeydiyyata alınması haqqında vəsiqə;

3) Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs barəsində  xüsusi nümunəli şəxsiyyət vəsiqəsi.

Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz.

Maddə 4. Qeydiyyata almanın məhdudlaşdırılması əsasları

Sərhəd zonalarında, qapalı hərbi şəhərciklərin ərazilərində, qapalı ərazilərdə, ekoloji fəlakət zonalarında, infeksiya və zəhərlənmə ilə bağlı xüsusi şərtlər və rejimlər qoyulmuş, fövqəladə və ya hərbi vəziyyət elan olunmuş yerlərdə, müharibə, səfərbərlik elan olunduqda yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alma məhdudlaşdırıla bilər.

Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması

Vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır.

Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir.

Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;

2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

Maddə 6. Əcnəbinin yaşayış yeri üzrə qeydiyyata alınması

Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbi yaşayış yeri üzrə qeydiyyata alınması üçün yaşayış yerinə gəldiyi vaxtdan 3 gün ərzində (bazar və bayram günləri istisna olmaqla) müvafiq dövlət orqanına müraciət edərək əcnəbinin qeyd vərəqəsinin II hissəsini, öz pasportunu, immiqrant statusunu təsdiq edən sənədi, giriş icazəsini (vizasını), yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi (mülkiyyət hüququnun qeydiyyat vəsiqəsini, orderi, icarə və ya kirayə müqaviləsini və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədi) və ya yaşayış sahəsi verən vətəndaşın ərizəsini təqdim etməlidir.

Yaşayış yeri üzrə qeydiyyata alınan əcnəbiyə qeydiyyata alınma haqqında vəsiqə verilir.

Maddə 7. Vətəndaşlığı olmayan şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması

Azərbaycan Respublikasında daimi yaşayış vətəndaşlığı olmayan şəxs ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi nümunəli şəxsiyyət vəsiqəsi, immiqrant statusunu təsdiq edən sənəd verilərkən yaşayış yeri üzrə qeydiyyata alınır.

Vətəndaşlığı olmayan şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması bu Qanunun 5-ci maddəsinə müvafiq olaraq həyata keçirilir.

Maddə 8. Yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina edilməsi

Müvafiq dövlət orqanı şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir:

1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə;

2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda;

3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə;

4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda.

Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması

Müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır:

1) yaşayış yerini dəyişdikdə  yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən;

2) başqa ölkədə yaşayış yeri seçdikdə  müvafiq dövlət orqanının məlumatına əsasən;

3) azadlıqdan məhrum edildikdə  məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında;

4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə  ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında;

5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;

6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə  məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında;

7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında.

"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnızmüvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür.

Azərbaycan Respublikasının vətəndaşı başqa ölkədə yaşayış yeri seçdikə, o, şəxsiyyət vəsiqəsini saxlanması üçün müvafiq dövlət orqanına təhvil verməlidir.

Maddə 10. Vətəndaşın olduğu yer üzrə qeydiyyatı

Vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır.

Mehmanxanaya, sanatoriyaya, istirahət evinə, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaş üçün ərizə-anket doldurulur və həmin yerin müdiriyyətinə verilir. Müdiriyyət ərizə-anketi 24 saat ərzində müvafiq dövlət orqanına təqdim edir.

Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (bazar və bayram günləri istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal qeydiyyata almalı və bu barədə onun şəxsiyyət vəsiqəsinin arxa tərəfində müvəqqəti qeyd aparmalıdır.

Vətəndaş olduğu yerdən getdikdə müvafiq dövlət orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır.

"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərinin itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların olduğu yer üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür.

Maddə 11. Əcnəbinin olduğu yer üzrə qeydiyyatı

Azərbaycan Respublikası ərazisində 30 günədək yaşamaq istəyən əcnəbi olduğu yer üzrə qeydiyyata alınır.

Yataqxanaya, mehmanxanaya, sanatoriyaya, istirahət evinə, pansionata, kempinqə, turist bazasına, xəstəxanaya və ya digər belə ictimai yerlərə, başqa yaşayış sahəsinə gələn əcnəbi dərhal ərizə-anket doldurur və onu əcnəbinin qeyd vərəqəsinin II hissəsi ilə birlikdə həmin yerin müdiriyyətinə və yaxud yaşayış sahəsinin sahibinə və ya istifadəçisinə verir. Müdiriyyət və ya başqa yaşayış sahəsinin sahibi, yaxud istifadəçisi həmin sənədləri 24 saat ərzində müvafiq dövlət orqanına təqdim edir.

Əcnəbi olduğu yerdən getdikdə müvafiq dövlət orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır.

Maddə 12. Vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyatı

Azərbaycan Respublikası ərazisində 30 gündən artıq yaşamaq istəyən vətəndaşlığı olmayan şəxs bu Qanunun 11-ci maddəsində nəzərdə tutulan qaydada olduğu yer üzrə qeydiyyata alınır və qeydiyyatdan çıxarılır.

Maddə 13. Qeydiyyatla bağlı şikayət verilməsi

Qeydiyyata almaqdan şifahi və yazılı imtina edilməsindən, qeydiyyat üçün bu Qanunda nəzərdə tutulmayan sənədlər tələb olunmasından və ya qeydiyyata alınmasında süründürməçiliyə yol verilməsindən səlahiyyətli dövlət orqanına və ya məhkəməyə şikayət verilə bilər.

Maddə 14. Qanunun tələblərinin pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərinin pozulmasına görə təqsirkar şəxslər intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar

Maddə 15. Yekun müddəaları

Bu Qanunun yaşayış yeri və olduğu yer üzrə qeydiyyatla əlaqədar müddəalarının tətbiqi qaydası Qanunla təsdiq edilən Əsasnamə ilə müəyyən olunur.

Bu Qanun 1997-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 4 aprel 1996-cı il.

No 55-IQ.

Azərbaycan qəzetində dərc edilmişdir (20 sentyabr 1996-cı il, No 181) .

Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (31 avqust 1997-ci il, No 2, maddə 88) .

05 oktyabr 2001-ci il tarixli 175-IIQD nömrəli; 5 oktyabr 2001-ci il tarixli 183-IIQD nömrəli; 12 oktyabr 2001-ci il tarixli 195-IIQ nömrəli; 19 aprel 2002-ci il tarixli 306-IIQD nömrəli; 26 aprel 2002-ci il tarixli 313-IIQD nömrəli qanunlara əsasən dəyişikliklər və əlavələrlə .