Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün dövlət qurumları bir araya gəldi

16.01.2019 / 410 baxış Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün dövlət qurumları bir araya gəldi

Sahibkarlarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin fərmanları və onlara edilən dəyişikliklərə uyğun olaraq həyata keçirilən islahatlar davam etməkdədir.

 

Bu islahatların yekun nəticəsi olaraq ötən ilin dekabr ayının 25-də Prezident fərmanı ilə sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün müddət 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-ə endirilib. Aparılan islahatların ardıcıl və məntiqli icrasını təmin etmək məqsədilə ilə Respublika Prezidentinin fərmanına əsasən yaradılan Texniki Şuranın nümayəndələri yanvarın 15-16-da “Azərişıq” ASC-nin Tədris Mərkəzində bir araya gəliblər.

 

Dövlət Şəhərsalma və Arxtektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Nəqliyyat Agentliyi, Avtomobil Yolları Dövlət Agentliyi, Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “ASAN Xidmət” və “Azərişıq” ASC-nin nümayəndələrindən ibarət toplantıda sahibkarlığın inkişafının stimullaşdırılması, biznes və investisiya mühitinin əlverişliliyinin artırılması istiqamətində işlərin perspektiv istiqaməti müəyyənləşdirilib.

 

Treninq  zamanı beynəlxalq reytinqlərdə Azərbaycan Respublikasının mövqeyinin daha da yaxşılaşdırılması, sahibkarlarlıq obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı tələb olunan prosedurların və müddətin azaldılmasının icra mexanizmi təqdim olunub.