"BAKIELEKTRİKŞƏBƏKƏ" Səhimdar Cəmiyyətini idarə etmək hüququna dair müqavilənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı.

28.06.2018 / 78 baxış

Bakı şəhərinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılmasını, şəhər elektrik şəbəkəsinin fəaliyyətinin sağlamlaşdırılmasını, elektrik enerjisindən istifadəyə görə yığımların yaxşılaşdırılmasını, bu sahədə xarici investisiyaların və yeni texnologiyaların cəlb edilməsini və “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyətinin səmərəli fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təqdim edilmiş və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə Türkiyənin “Barmek Holdinq A.Ş.” şirkəti arasında bağlanmış “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyətini idarə etmək hüququna dair Müqavilə təsdiq edilsin.

2. “Azərenerji” səhmdar cəmiyyətinə tapşırılsın ki, elektrik enerjisi ilə təchizatı “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyətini idarə etmək hüququna dair Müqaviləyə əlavə olunan “Elektrik enrjisinin satınalma Sazişi”nin şərtlərinə uyğun olaraq təmin edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabineti:

-10 gün müddətində Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyətinin borclarının ödənilməsinə idarə-etmə müddətinə möhlət verilməsi və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş vergi güzəştlərinin tətbiq edilməsi məsələlərini müvafiq qərarlar qəbul etməklə həll etsin;

 

-bir ay müddətində, elektrik enerjisindən istifadəyə görə büdcə təşkilatlarının normalarını müəyyən etsin və imtiyazlı istehlakçıların limitlərinin müəyyən edilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verməyən təşkilatlar) siyahısını təsdiq etsin və belə istehlakçıların müəyyən edilmiş normalarından əlavə istehlak etdiyi elektrik enerjisinin haqqının ödəniş mənbələrini müəyyənləşdirsin;

-beynəlxalq təcrübəni nəzərə almaqla ölkənin elektroenergetika sektorunun fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb müəyyən edilmiş qaydada təsdiq etsin;

 

 

 

-bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

4.Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə tapşırılsın ki, “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyəti və “Barmek Holdinq A.Ş.” şirkəti arasında təhvil-təslim işlərinin 01 yanvar 2002-ci il tarixinə qədər başa çatdırılmasını təmin etsin.

5.Bu fərman imzalandığı gündən qüvvəyə minir.

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 7 noyabr 2001-ci il.

# 597. “Azərbaycan Respublikasının Qanunvericilik Toplusu”nda dərc edilmişdir (30 noyabr 2001-ci il, # 11, maddə 705)