Sumqayıtelektrikşəbəkə Səhmdar Cəmiyyətinin yaradılması və idarəetməyə verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

28.06.2018 / 82 baxış

Sumqayıt şəhəri elektrik şəbəkəsinin fəaliyyətinin sağlamlaşdırılması və şəhərin elektrik enercisi ilə təminatının yaxşılaşdırılması məqsədi ilə qərara alıram:

1. Sumqayıt şəhər Elektrik Təchizatı Müəssisəsi ləğv edilsin.

2. Ləğv edilmiş Sumqayıt şəhər Elektrik Təchizatı Müəssisəsinin və “Azərenerci” Səhmdar Cəmiyyətinin Sumqayıt elektrik şəbəkəsinin Sumqayıt şəhərini elektrik enercisi ilə təchiz edən və onun inzibati ərazisində yerləşən paylayıcı hissəsinin bazasında səhmləri ilkin mərhələdə dövlətə məxsus olan “Sumqayıtelektrikşəbəkə” açıq tipli Səhmdar Cəmiyyəti yaradılsın.

3. Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyinə tapşırılsın: Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq “Sumqayıtelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı zəruri tədbirləri həyata keçirsin; “Sumqayıtelektrikşəbəkə” Səhmdar Cəmiyyəti idarə heyətinin sədrini və üzvlərini təyin etsin, habelə Sumqayıt şəhərinin elektrik enercisi ilə etibarlı təchizatını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyinin, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin və “Azərenerci” Səhmdar Cəmiyyətinin nümayəndələrindən ibarət Müşahidə Şurasının tərkibini təsdiq etsin; “Sumqayıtelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlverişli şərtlərlə uzunmüddətli idarəetməyə verilməsi üçün açıq müsabiqənin keçirilməsini təmin etsin və müsabiqənin qalibi ilə müvafiq müqavilə bağlansın.

4. “Azərenerji” Səhmdar Cəmiyyətinə tapşırılsın ki, “Sumqayıtelektrikşəbəkə” Səhmdar Cəmiyyəti ilə birlikdə Sumqayıt şəhəri üzrə elektrik enercisinin nəqli və paylanmasının təhlükəsizliyinə və etibarlılığına nail olmaq məqsədilə elektrik enercisi sisteminin operativ idarəetmə sxemini və mexanizmini 3 ay müddətində yenidən işləyib müəyyən edilmiş qaydada təsdiq etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

6. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

HeydəƏLİYEV.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2000-ci il.

 459. Azərbaycan qəzetində dərc edilmişdir (02 iyul 2000-ci il, 148).