Avqustda “Azərişıq”a “ASAN xidmət”lə 12 mindən çox müraciət daxil olub

04.09.2018 / 433 baxış

“Azərişıq” ASC-yə avqustda “ASAN xidmət” mərkəzləri vasitəsilə göstərdiyi digər xidmətlərlə birlikdə 12 mindən çox müraciət daxil olub. Ötən ilin avqust ayı ilə müqayisədə müraciətlərin sayı 2 dəfəyədək artıb.

 

Avqustda “Azərişıq” ASC-yə edilən müraciətlərin sayının çoxalmasına səbəb “Azərişıq”ın “ASAN xidmət” vasitəsilə abonentlərə göstərdiyi xidmətlərin sırasına son aylarda əlavə üç xidmətin əlavə olunmasıdır. Həmçinin istehlakçıların enerji təchizatı sxeminin bir fazalıdan üç fazalıya keçirilməsi, abonentlərə yeni kodların verilməsi, sahibkarlıq obyektlərində istənilən səbəbdən sayğac əvəzlənməsinin yalnız və yalnız “ASAN xidmət” vasitəsilə həyata keçirilməsi olub.

 

Eyni zamanda, iyul ayının sonunda Nazirlər Kabinetinin əhali abonentlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı kVt-a görə vahid tarif müəyyən etməsi və buna görə əvvəlki qayda ilə müqayisədə məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması üçün tariflərin ucuzlaşması da, müraciət edənlərin sayında artıma səbəb olub. Elektrik avadanlıqlarının istismarı zamanı, qəzalar, zədələnmələr, yanğınların qarşısının alınması üçün yeni yaradılan “İstehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi” xidmətinə sahibkarların diqqət göstərməsi də müraciətlərin sayına müsbət təsir göstərib.

 

 

Nəticədə "Azərişıq“ ASC-nin göstərdiyi 13 xidmət arasında xüsusi əhəmiyyət daşıyan 150 kVt-dək sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün 200-dən çox sahibkar, evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün isə 4 mindən çox vətəndaş müraciət edib. İstehlakçıların balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi xidməti üçün 426, qeyri-əhali qrupuna aid istehlakçıların sayğac əvəzlənməsi üçün 1000-ə yaxın sahibkar müraciət edib.