“Azərişıq” ASC yenidənqurma işləri üçün növbəti karvanı Xəzər rayonuna yola saldı

21.02.2019 / 695 baxış “Azərişıq” ASC yenidənqurma işləri üçün növbəti karvanı Xəzər rayonuna yola saldı

Bu gün “Azərişıq” ASC 2019-cu ilin tədbirlər planı çərçivəsində Bakıətrafı kənd və qəsəbələrin elektrik təchizatı şəbəkəsinin yenidən qurulması işlərini davam etdirmək üçün daha bir yük karvanını yola salıb.

 Minlərlə dayaqlardan, yeni Komplekt Tranformator Məntəqələrindən, kilometrlərlə uzunluqda kabellərdən və digər zəruri avadanlıqlardan ibarət yükü “Azərişıq” ASC-nin mərkəzi təchizat anbarından götürən ağırtonnajlı yük avtomobilləri Bakının Xəzər rayonunun qəsəbələrinə istiqamət alıb.  Bu maşın karvanının apardığı avadanlıqlar və materiallarla rayonun Binə qəsəbəsinin  yeni salınan məhəllələrinin və bəzi digər yaşayış məntəqələrinin elektrik təsərrüfatı yenilənəcək.

“Azərişıq”  ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, maşın karvanının apardığı yükə 10 ədəd KTM (Komplekt Transformator Məntəqəsi), bir neçə min km. elektrik verililişi xətləri, 7 min ədəd dəmir-beton dayaqlar, SİP-kabellər və s. daxildir.

T.Mustafeyevin sözlərinə görə Azərişıq” ASC tərəfindən ölkə prezidentinin göstərişı əsasında Azərbaycanın regionlarının, Bakı şəhəri və onun ətraf qəsəbə və kəndlərinin elektrik təsərrüfatında silsilə və kompleks yenidənqurma tədbirləri uğurla davam etdirilir.

“Biz bu barədə vaxtaşırı olaraq məlumatlar veririk. Əslində Bakıətrafı kənd və  qəsəbələrin elektrik təchizatı şəbəkəsi hələ illər əvvəl tamamilə yenidən qurulub, nəticədə sakinlərin elektrik enerjisi ilə sutkanın 24 saatı boyu keyfiyyətli, dayanıqlı təchizatı təmin olunub. Lakin bildiyiniz kimi Bakıətrafı kənd və qəsəbələr sürətlə böyüyür, hər il minlərlə yeni fərdi evlər, müxtəlif obyektlər tikilir. Nəticədə bəzi ərazilərdə möcvud şəbəkələrdə yüklənmələr artır, yaxud yeni salınan yaşayış məhəllələrinin elektrik təchizatı şəbəkəsini qurmaq zərurəti yaranır. O cümlədən Xəzər rayonu üzrə bir sıra ərazilərdə yenidənqurma işlərinə zərurət yaranıb. Hazırda bu rayon üzrə abonentlərin sayı 80 mindən yuxarıdır, onların 30 mindən çoxu təkcə Binə qəsəbəsinin payına düşür. Bu gördüyünüz avadanlıqlar, materiallar hesabına Xəzər rayonunun elektrik enerjisi təchizatı daha da yaxşılaşdırılacaq, aparılan yenidənqurma işləri yüklənmələrin azalmasına və texniki itkilərin minimuma endirilməsinə səbəb olacaq”-T.Mustafayev bildirib.

Xatırladaq ki, bu, 2019-cu ilin əvvəlindən bəri “Azərişıq” ASC tərəfindən genişmiqyaslı yenidənqurma işləri üçün yola salınan onuncü maşın karvanıdır. Bundan əvvəl Beyləqan Akstafa, Ağsu,Şamaxı, Qəbələ, Cəlilabad, Lənkəran, Sabirabad rayonlarına  və Bakının Binəqədi rayonunun “Kənd Binəqədi”, Sulutəpə və Xocasən, habelə Biləcəri qəsəbələrinə belə karvanlar yola salınıb.

“Azərişıq” ASC ötən il Bakının Masazır, Məhəmmədi, Yeni Saray, Ceyranbatan və digər ətraf qəsəbələrində yenidənqurma işlərini yekunlaşdırıb. Nəticədə həmin qəsəbələrin sonradan salınan məhəllələrində yaşayan abonentlərin də elektrik enerjisi ilə fasiləsiz təchizatı təmin olunub. O cümlədən “Azərişıq” ASC ölkənin regionlarında, ucqar dağlıq bölgələrində də elektrik təchizatı şəbəkəsinin yenidən qurulması işlərini davam etdirib. Bu işlərin 2019-cu il ərzində də fasiləsiz davam etdirilməsi nəzərdə tutulur. T.Mustafayev deyib ki, 2019-cu ilin tədbirlər planı tərtib olunub və həmin plan çərçivəsində işlər bu cür sistemli şəkildə həyata keçiriləcək.

“Bizim vəzifəmiz prezidentin qarşıya qoyduğu vəzifəyə uyğun olaraq istər Bakıda, istər ölkənin ən ucqar bölgələrində və kəndlərində abonentlərin elektrik enerjisi ilə fasiləsiz, keyfiyyətli təminatını həyata keçirməkdir”-T.Mustafayev bildirib.