“Azərişıq”ASC şimal bölgəsində yenidənqurma işlərini davam etdirir.

23.07.2020 / 226 baxış “Azərişıq”ASC şimal bölgəsində yenidənqurma işlərini davam etdirir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olaraq əhalinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində “Azərişıq” ASC qarşıya qoyulan tədbirlər proqramının icrasına məsuliyyətlə yanaşır. Hazırda demək olar ki, ölkənin əksər ərazilərində elektrik enerjisi təsərrüfatının yenilənməsi istiqamətində geniş maştablı işlər görülür.


Şimal RETSİ (Regional Enerji Təchizatı və Satışı İdarəsi), Şabran Elektrik Şəbəkəsində əhalini etibarlı və fasiləsiz şəkildə elektrik enerjisi ilə təmin etmək məqsədi ilə bir çox işlər görülüb. Şabran rayonunun elektrik enerjisi ilə təmin edən 110/10 kV-luq 2x16 MVA gücündə “Rəhimli” yarımstansiyası əsaslı şəkildə yenidənqurulmuş və gücləndirilmiş, 2 ədəd əlavə 35 kV-luq yarımstansiya tikilib istifadəyə verilmişdir, uzun məsafəli xətlər ləğv olunaraq abonentlər yaxın və etibarlı məsafədən elektrik enerjisi ilə təchiz olunmuşdur. Şabran rayonunun Pirəbədil kəndində yerləşən ümumilikdə 6 kəndi elektrik enerjisi ilə təchiz edən 35/10 kV-luq, “Pirəbədil” yarımstansiyasında hazırda əsaslı və yenidənqurma işləri aparılır. Həmçinin rayonun 17 kəndində yenidənqurma işləri aparılaraq kabelləşmə başa çatmış, güc mərkəzləri yaradılmaqla yeni transformatorlar quraşdırılmışdır.


Şimal RETSİ, Xaçmaz Elektrik Şəbəkəsində də geniş miqyaslı işlər görülür. 2020-ci ilin 6 ayı ərzində yenidənqurma işləri ilə əlaqədar Xaçmaz rayonu Müşkür kəndində, Xaçmaz şəhəri 21,25 və 61-ci məhəllələrdə müasir tipli transformator məntəqələri quraşdırılıb, yeni kabellər çəkilib, yeni dəmir beton və ya metal dayaqlar basdırılıb. Bir sözlə adı çəkilən ərazilərin elektrik enerji sistemi tamamilə yenidən qurulub. Xaçmaz rayonu Maqsudkənd adlanan ərazidə yararsız dayaqlar yenisi ilə əvəz olunub, yeni kabellər çəkilərək abonentlər fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Həmçinin Xaçmaz Elektrik Şəbəkəsi üzrə 60-dan çox transformator məntəqəsində cari təmir işləri görülüb.


Şimal RETSİ, Quba Elektrik Şəbəkəsi xüsusilə ucqar dağ kəndlərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədi ilə yeni güc mərkəzləri istifadəyə verir. Rayonun Kuncuq kəndi ərazisində bu ilin iyun ayında 35/0,4 kV-luq 100 kVa gücündə transformator məntəqəsi quraşdırılaraq istismara verilib. Bunadək Kuncuq kəndinin elektrik enerjisi ilə təchizatı qonşu Qalmıx kəndində yerləşən transformatordan qidalanıb.