Elektrik təchizatı şəbəkələrinə qoşulma ilə bağlı islahatlar müzakirə olunub

27.08.2019 / 37 baxış Elektrik təchizatı şəbəkələrinə qoşulma ilə bağlı islahatlar müzakirə olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə sahibkarlıq subyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulması sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarısı üçün İcra və Kommunikasiya Planı müzakirə olunub.

Belə ki, Plana uyğun icraçı qurumlarla birlikdə görülən işlərin təhlili aparılıb, eyni zamanda bu ilin sonunadək fəaliyyətlərə nəzər yetirilib. Bildirilib ki, elektrik şəbəkəsinə qoşulma üzrə yeni rəqəmsal elektron xidmətdən sahibkarlar məmnundur, həmçinin bu təcrübənin beynəlxalq və yerli səviyyədə tanıdılması, xidmətin təkmilləşdirilməsi və imkanlarının daha da genişləndirilməsi vacibdir.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı deyib ki, ikinci yarım ildə ilk altı ayda tətbiq olunan yeni elektron xidmətin nəticələrinin təhlilinin aparılması, həmin xidmətin tətbiqinə başlanıldığı dövrdən elektrik şəbəkəsinə ümumi qoşulan sahibkarlıq subyektlərinə münasibətdə rəqəmsal qoşulanların xüsusi çəkisinin və bu sahədə mövcud vəziyyətin qiymətləndirilməsi, nəticələri üzrə təkliflərin verilməsi həyata keçiriləcək. Onun sözlərinə əsasən, 2019-cu ilin birinci yarımilliyində yeni elektron xidmətin proqram təminatının istifadəsi zamanı yaranan çağırışlar üzrə tədbirlər icraçı qurumlarla birlikdə həyata keçiriləcək.

Müzakirə zamanı bildirilib ki, Plan üzrə aidiyyəti qurumların məsul şəxsləri yeni elektron xidmətin əsas xüsusiyyətləri və ötən dövrdə əldə olunan təcrübələr mövzusunda təqdimatlar hazırlayacaq. Görülən işlərin nəticələrinin qiymətləndirilməsi üçün seminar və treninqlər təşkil ediləcək. Bundan başqa elektrik şəbəkəsinə qoşulma sahəsində aparılmış islahatlar barədə sahibkarlıq subyektlərinin daha geniş məlumatlandırılması üçün onları təmsil edən ictimai birliklər və biznes assosiasiyalarının və müvafiq koordinatorların siyahısı tərtib olunacaq və görüşlər keçiriləcək

Həmçinin 2019-cu ilin birinci yarısında yeni elektron xidmətə dair sahibkarlıq subyektləri üçün aparılan təlim və görüşlərin nəticələrinin təhlil olunması, bu sahədə məlumatların daha uyğun formada operativ çatdırılması və kommunikasiyanın daha da təkmilləşdirilməsi məqsədilə aparıcı konsaltinq şirkətləri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və digər media qurumları ilə birgə tədbirlər görüləcək.

Qeyd edək ki, sahibkarlıq subyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulması sahəsində islahatlarla bağlı müzakirəsinə Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Azərişıq” ASC, “Azərenerji” ASC, Tarif (qiymət) Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Ekvita” şirkəti, “BM Morrison Partners” şirkəti və "Bakı Hüquq Mərkəzi" şirkətinin nümayəndələri qatılıb.