Yenidənqurmanın yeni dalğası başladı, Beyləqana maşın karvanı yola düşdü

30.01.2019 / 550 baxış Yenidənqurmanın yeni dalğası başladı, Beyləqana maşın karvanı yola düşdü

“Azərişıq” ASC 2019-cu ilin tədbirlər planı əsasında regionlarda yenidənqurma və əsaslı təmir-tikinti işlərinə start verib.

 

Bu barədə elektrik təchizatı operatorunun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

 

T.Mustafayevin sözlərinə görə, bu gün yanvarın 30-da Aran Regional Enerji Təchizatı və Satışı İdarələrinin İnzibati ərazilərindən Beyləqan rayonu ərazisinə yeni avadanlıqlar , mal-materialla yüklənmiş maşın karvanı yola salınıb.

 

O bildirib ki, mütəmadi olaraq, on gündən bir bütün rayon, kənd və qəsəbələrə avadanlıqların göndərilməsi təmin ediləcək.

 

“2018-ci ildə 119 kənddə 0,4kV-luq şəbəkələrdə yenidənqurma işləri aparılıb və şəbəkələr sıfırdan qurulub. Elektrik istehlakçılarının sayğaclarına qədər gedən elektrik verilişi xətləri yenilənib. Ağac dayaqlar dəmir-beton dayaqlarla əvəzlənib. Bu gün, gördüyünüz kimi, dəmir-beton dayaqlar, elektrik verilişi üçün kabel xətləri birbaşa Beyləqan rayonuna yola salındı. Rayonun bir neçə kəndində artıq yenidənqurma işləri aparılıb. Beyləqan rayonu ərazisində “Beyləqan-1” 110kV-luq yarımstansiyası yaxın vaxtlarda istismara veriləcək. Bu proses il ərazində bütün regionlarda həyata keçiriləcək”-T.Mustafayev bildirib.