Vətəndaşların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması  “Azərişıq” ASC-nin fəaliyyətinin əsas hədəflərindəndir. Bu hədəfə nail olmaq məqsədilə Cəmiyyət tərəfindən ardıcıl, irimiqyaslı tədbirlər həyata keçirilir. Sovetlər dönəmindən qalmış fiziki baxımdan köhnə şəbəkələr – yeni, müasir tələblərə cavab verən şəbəkələrlə əvəz edilir, innovativ texnologiyalar – məsafədən idarə olunan rəqəmsal yarımstansiyalar, rəqəmsal mərkəzlər həyatımızın gündəlik göstəricilərinə çevrilir. Bütün bu irimiqyaslı tədbirlər, yeni məsrəflər, investisiyalar tələb edir. “Azərişıq” ASC tərəfindən həyata keçirilən bu tədbirlər Cəmiyyətin öz maliyyə vəsaitləri hesabına qarşılanır. Bu baxımdan abonentlər tərəfindən istehlak edilən elektrik enerjisi dəyərinin vaxtında və tam ödənilməsi, debitor borcların aradan qaldırılmasına şərait yaratmaqla yanaşı, Cəmiyyətin fəaliyyətinin sabit və səmərəli qurulmasına təkan verir. Enerji itkilərinin azaldılması, debitor borcların yığılması və enerji səmərəliliyinin artırılması Səhmdar Cəmiyyətin fəaliyyətində xüsusi əhəmiyyət kəsb edir.


Digər baxımdan innovativ texnologiyaların paylayıcı şəbəkədə tətbiqi enerji səmərəliliyinin artırılması, debitor borcların azaldılması və şəbəkələrin istismar xərclərinin minimuma endirilməsi anlayışının ana xəttidir.


Debitor borcların azaldılması ilə bağlı tədbirlər, “Azərişıq” ASC-nin aidiyyəti qurumlarının gündəlik işlərini formalaşdıran başlıca istiqamətdir. Sms-smart sayğacların quraşdırılması və görüləcək işlərin sürətləndirilməsi bu qəbildən görülən tədbirlər sırasına aiddir. Belə sayğacların tətbiqi zamanı sayğac oxuma xətaları azalır və eyni zamanda qanunsuz qoşulmaların və müdaxilələrin aşkarlanması xeyli asanlaşır. Abonentlərə bu tip sayğacların quraşdırılması işi Səhmdar Cəmiyyət tərəfindən ardıcıl aparılır və eyni zamanda enerji itkilərinin azaldılmasına müsbət təsir göstərir.


Növbəti illər ərzində istismar müddətini bitirmiş sayğacların yeni, müasir sayğaclarla əvəz olunması, quraşdırılan sayğaclar arasında rəqəmsal – smart sayğacların faiz nisbətinin artırılması, debitor borcların yığılması istiqamətində Cəmiyyət üçün daha böyük hədəflər əldə edilməsinə şərait yaradacaqdır.


Smart sayğacların üstünlükləri barədə Cəmiyyət tərəfindən istehlakçılar arasında davamlı olaraq maarifləndirmə işləri aparılır.