SCADA – sistemi haqqında məlumat və onun üstünlükləri:
SCADA (Supervisory Control and Data Acquisition)
Bu sistem kompyuter bazası əsasında qurulan və proqramlaşdırılan avtomatik uzaqdan idarəetmə sistemidir. Sistem iqtisadiyyatın bir çox sahələrində istifadə olunduğu kimi, enerji sistemində və elektrik şəbəkələrində də tətbiq olunur və uğurla həyata keçirilir.
Sistemin əsas funksiyası – şəbəkəni və ya enerji sistemi operativ idarə edən dispetçerlə (personalla), idarə olunan şəbəkə arasında birbaşa vizual əlaqə yaradır. Bu sistem vasitəsi ilə şəbəkənin elektrik avadanlıqlarına nəzarət və onları idarə etmək, təcili əməliyyat çevrilmələri həyata keçirmək, elektrik hadisələrini təhlil və analiz etmək, ölçülər aparmaq, hesabatlar hazırlamaq mümkündür. Bundan əlavə bu sistem, daha geniş funksiyalara - enerjinin alışını və axın istiqamətini müəyyən edir, enerjinin keyfiyyətinə nəzarət və monitorinqlər aparmaq kimi böyük texniki imkanlara malikdir.
“Azərişıq” ASC-nin elektrik şəbəkəsində SCADA uzaqdan idarəetmə sistemi 2010 –cu ilin yanvar ayından qurulmuşdur və hal-hazırda uğurla istismar olunur. Qısa müddət ərzində paylayıcı şəbəkənin onlarla güc və qovşaq yarımstansiyalarının SCADA sisteminə qoşulması əminliklə deməyə imkan verir ki, bu sistemin şəbəkədə rolu əvəzsizdir. Bu sistemə qoşulan yarımstansiyaların hər hansı birində enerji itkisi, elektrik hadisəsi və ya bu kimi qəza baş verərsə, ani olaraq həmin hadisə birbaşa xüsusi həyacan siqnalı ilə Mərkəzi Dispetçer Xidmətinə ötürülür ki, bu da dispetçerin kompyuter displeyində əyani təsvir olunur. Hadisəni seyr edən növbətçi dispetçer dərhal qəzanın baş verdiyi elektrik avadanlığını təyin edir, qəzanın yaranma səbəbini araşdırır və qəzanın tez bir zamanda aradan qaldırılmasını həyata keçirir ki, bu da istehlakçıların enerji təchizatında fasilə yaratmır.
Lakin, SCADA uzaqdan idarəetmə sistemi tətbiq edilməyən şəbəkə və yarımstansiyalarda isə, baş vermiş bu və ya digər elektrik hadisələri, gərginlik itkisi, avtomatik açılma və ya hər hansı bir qüsur haqqında məlumat dispetçer xidmətinə birbaşa yox, bilavasitə yerli şəbəkə rayonlarından, abonentlərin və ya istehlakçıların “199 Qəza Xidməti”, “Qaynar Xətt” Xidmətlərinə ünvanladığı telefon zəngləri vasitəsi ilə bu qurumlardan daxil olur. Növbətçi dispetçer tərəfindən qəza baş vermiş nöqtəyə təcili operativ-əməliyyat briqadası göndərilsə də, qəzanın ləğvi obyektiv və subyektiv səbəblərdən (hadisə yerinə çatmaq, avadanlıqlara texniki baxış keçirmək, yollardakı tıxaclar, maşın-mexanizmlərin intensiv hərəkəti və.s) ləngiyir ki, bu da istehlakçıların haqlı narazılığına səbəb olur. Odur ki, hal-hazırda idarəetmənin ən perspektiv və optimal yolu SCADA uzaqdan idarəetmə sistemidir.