Azərbaycanda iqtisadi inkişafın davamlı xarakter alması enerjiyə olan tələbatı artırır. Sahibkarların və biznes strukturlarının elektrik təchizatı şəbəkəsinə qoşulması zamanı ehtimal olunan problemlərin aradan qaldırılması və onların maarifləndirilməsi məsələləri ilə əlaqədar energetika nazirinin müavini, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə (ETŞ) qoşulma” İşçi qrupun rəhbəri Samir Vəliyev ilə görüşüb söhbət etdik.
AZƏRTAC müsahibəni təqdim edir:
- Azərbaycanda biznes sahiblərinin elektrik təchizatı şəbəkəsinə qoşulması sahəsində həyata keçirilən islahatlar haqqında danışa bilərsinizmi? Bu addımların ölkə iqtisadiyyatına təsiri nədən ibarətdir?
- Ölkəmizdə biznes mühitinin inkişafına xüsusi diqqət yetirilir və bu istiqamətdə davamlı islahatlar həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə iqtisadi sahədə şəffaflıq və əlverişli investisiya mühiti təmin edilib. Biznes subyektlərinin fəaliyyəti üçün yaradılmış münbit şərait həm xarici, həm də yerli investisiyaların artmasına səbəb olur. Elektrik təchizatı şəbəkəsinə qoşulma prosesinin sadələşdirilməsi də bu siyasət çərçivəsində həyata keçirilir.
Bu il iyun ayının 3-dən qüvvəyə minmiş yeni qaydalara əsasən, “Enerji Təchizat Şəbəkəsinə Qoşulma” adında vahid xidmət yaradılıb, sahibkarlar üçün prosesin sürəti artırılıb, şəffaflıq təmin edilib. Bu addımlar sahibkarlara enerji tələbatlarını asanlıqla qarşılamaq imkanı yaradır ki, bu da onlara biznes fəaliyyətini genişləndirməyə əlavə imkanlar verir. Elektron müraciət sistemlərinin tətbiqi vasitəsilə ( https://e-gov.az/ və https://e-service.azerishiq.az/) biznes sahibləri artıq vaxt itirmədən, müraciətlərini evdən və ya iş yerindən çıxmadan edirlər. Sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması və iqtisadiyyatımızın rəqabət qabiliyyətinin artması ölkəmizin inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində tətbiq edilən bu yanaşma, qeyri-neft sektorunun gücləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsi üçün də əhəmiyyət kəsb edir.
- Elektrik təchizatı şəbəkəsinə qoşulma prosesini asanlaşdırmaq üçün hansı konkret tədbirlər görülüb?
- Əvvəllər elektrik təchizatı şəbəkəsinə qoşulma prosesi olduqca mürəkkəb idi və sahibkarlar üçün kifayət qədər vaxt tələb edən prosedur sayılırdı. Qoşulma üçün prosedur sayı 7 idi və ümumi müddət 41 günə qədər uzanırdı. Bu prosesdə müxtəlif mərhələlər, o cümlədən texniki layihələndirmə, smeta tərtibatı, sənədlərin toplanması və razılaşdırılması kimi addımlar vardı ki, bunlar sahibkarlar üçün həm vaxt itkisi, həm də əlavə xərclər yaradırdı. İslahatlardan sonra isə prosedurların sayı əhəmiyyətli dərəcədə azaldılıb və daha effektiv bir sistem tətbiq olunub. Hazırda sahibkarlar elektron müraciət portalı ilə yanaşı, həm də “ASAN Xidmət”, “ASAN Kommunal” və “KOB evləri” vasitəsilə “Bir pəncərə” prinsipi əsasında müraciətlərini edə bilirlər. Gücü 200 kVt-a qədər olan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün prosedur sayı 2-yə, ümumi qoşulma müddəti isə 20 günə qədər endirilib. Əvvəllər bu güc həddi 150 kVt idi, 200 kVt-a qaldırılması daha çox obyektin tez bir zamanda qoşulmasına imkan yaratdı. “Elektron Xəritə” vasitəsilə obyektin yerləşdiyi sahəyə ən yaxın güc mərkəzi avtomatik olaraq müəyyən edilir və lazımi sənədlər ASAN portalda yerləşdirilir. Bu yeniliklər sayəsində sahibkarlar artıq daha az prosedur keçərək, sürətli şəkildə qoşulma prosesini tamamlaya bilirlər.
Əlavə olaraq, 2024-cü il iyunun 3-dən Tarif Şurasının qərarı ilə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişlər üçün vahid tariflər müəyyən edilib. Bu qərarla elektrik təchizatı şəbəkəsinə qoşulma xidmətinin ödənişləri müəyyənləşdirilib və beləliklə qoşulma prosesini daha asan və aydın bir hala gətirilib. Qeyd etmək istərdim ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunda müntəzəm olaraq bu məsələlər müzakirə edilir, zərurət yarandıqda tədbirlər görülür, təkliflər hazırlanır.
- Elektrik şəbəkəsinə qoşulma müddətini beynəlxalq standartlarla müqayisə etsək, Azərbaycan bu sahədə hansı səviyyədədir və bu sahədə hədəflərimiz nədir?
- Azərbaycanda son islahatlar nəticəsində elektrik təchizatı şəbəkəsinə qoşulma prosesi kifayət qədər sadələşdirilib və 2 prosedurda 20 gün ərzində elektrik şəbəkəsinə qoşulma beynəlxalq standartlarla müqayisədə kifayət qədər rəqabətqabiliyyətli göstəricidir. Müqayisə üçün, Dünya Bankının “Doing Business” platformasının 2019-cu ilə olan məlumatına əsasən inkişaf etmiş ölkələrdən - Fransada qoşulma prosesi 4 prosedur və 53 gün tələb edir, Almaniyada bu proses 3 prosedur və 28 gün çəkir. Digər ölkələrlə müqayisədə isə, Rusiyada elektrikə qoşulma 2 prosedur və 41 gün ərzində tamamlanır, Səudiyyə Ərəbistanı Krallığında 2 prosedur və 35 gün, Birləşmiş Ərəb Əmirliklərində isə 2 prosedurla cəmi 7 gün tələb olunur. Azərbaycanın gələcək hədəfi bu sahədə prosedurları daha da optimallaşdırmaq və müddəti qısaltmaqdır. Məqsədimiz ölkəmizi elektrik təchizatı qoşulması prosesində dünya miqyasında ən əlverişli və şəffaf sistemlərdən birinə çevirməkdir. İslahatlar, eyni zamanda, sahibkarlar üçün şəffaf və sürətli xidmət təmin edərək, ölkəmizin biznes mühitinin inkişafına töhfə verir.
- Hazırda bizneslərin elektrik təchizatı şəbəkəsinə qoşulmasını daha da asanlaşdırmaq üçün hansı layihələr icra edilməkdədir?
- Hazırda əsas hədəflərimizdən biri həm fiziki şəxslər, həm də biznes sahibləri üçün elektrik təchizatı şəbəkəsinə qoşulma qaydaları haqqında məlumatlılığı artırmaqdır. Bunun üçün intensiv kommunikasiya strategiyası həyata keçirilir ki, vətəndaşlar və sahibkarlar sadələşdirilmiş prosedurlar haqqında maksimum dərəcədə məlumatlı olsunlar. Bu məqsədlə işçi qrup tərəfindən bir çox kommunikasiya kanalları, o cümlədən, rəsmi internet saytları və sosial media üzərindən məlumatlandırma işləri aparılır. Xüsusilə, prosesin daha əlçatan olması və istifadəçilərin müraciətlərini asanlaşdırmaq üçün elektron müraciət sistemlərinin istifadəsini təşviq edirik. Elektrik təchizatı şəbəkəsinə qoşulma prosedurları barədə geniş təbliğat aparılaraq, vətəndaşlar üçün müraciət prosesi izah edilir. Elektron müraciət və “Bir pəncərə” prinsipi sayəsində sahibkarlar artıq bürokratik maneələrlə qarşılaşmır və müraciətlərin nəticələrini real vaxt rejimində izləyə bilirlər. Bu kommunikasiya fəaliyyəti ilə biznes subyektlərinin elektrik qoşulmalarına marağını artırmaq, nəticədə isə elektrik təchizatı şəbəkəsinə elektron qaydada qoşulan abonentlərin sayını çoxaltmaq əsas məqsədlərimizdəndir.
- Bilirik ki, hazırda ölkəmizdə kiçik güclü bərpa olunan enerji qurğularını da elektrik təchizatı şəbəkəsinə qoşmaq və artıq enerjini şəbəkəyə ötürmək mümkündür. Bəs bu imkandan biznes sahibləri də faydalana bilərlər?
- Biznes sahibləri aktiv istehlakçıların dəstəklənməsi mexanizmi çərçivəsində, öz obyektlərində günəş panelləri və ya külək turbinləri kimi bərpaolunan enerji qurğuları quraşdıraraq istehlak üçün enerji istehsal edə, eyni zamanda artıq enerjini elektrik təchizatı şəbəkəsinə ötürməklə əlavə gəlir əldə edə bilərlər. Bu mexanizm, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydalara əsaslanır. Qaydaya görə, fiziki və hüquqi şəxslər 150 kVt gücə qədər yaşıl enerji qurğuları quraşdırmaqla istehsal etdikləri enerjini həm öz tələbatlarını qarşılamaq, həm də artıq enerjini şəbəkəyə ötürərək balans yaratmaq imkanına malikdirlər.
Bu mexanizm çərçivəsində biznes sahibi enerji təchizatı müəssisəsi ilə müqavilə bağlamaqla və müvafiq sayğac quraşdırmaqla şəbəkəyə ötürülən, şəbəkədən alınan elektrik enerjisinin miqdarını izləyə bilər. Ay ərzində şəbəkəyə ötürülən enerji, alınanda çox olarsa, bu balans ilin sonuna qədər toplanır və ilin sonunda artıq enerji topdansatış tarifi ilə biznes sahibinin bank hesabına köçürülür. Bu yanaşma bizneslərə həm əlavə gəlir əldə etmək, həm enerji xərclərini optimallaşdırmaq, həm də ətraf mühitin mühafizəsinə töhfə vermək imkanı yaradır.
Digər xəbərlər
- “Azərişıq” ASC Lənkəranda yenidənqurma işlərini davam etdirir. 11 Mart 2024
- Prezident İlham Əliyev “Azərişıq” ASC-nin “Hacıalılı” elektrik yarımstansiyasının və Regional Təlim Mərkəzinin açılışında iştirak edib. 09 Aprel 2024
- ASAN Xidmət mərkəzlərində “Azərişıq” ASC-nin müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirir. 03 İyun 2024
- Azərişiq” ASC Lənkəranda sahibkarlarla görüş keçirib 04 Dekabr 2024
- Xırdalanda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 09 Dekabr 2024