
Zəngilan rayonunun Ağalı kəndinə və tikilməkdə olan beynəlxalq hava limanına 35 kV-luq xətt çəkilir.
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi Zəngilan rayonu ərazisində də "Azərişıq" ASC tərəfindən genişmiqyaslı işlər aparılır.
Rayonun Ağalı kəndində həyata keçirilən "ağıllı kənd" layihəsi çərçivəsində kəndin elektrik enerjisi ilə təminatı üçün 35 kV-luq müasir hava veriliş xətti çəkilir.
Həyata keçirilən digər böyük layihə isə Zəngilanda tikintisi davam edən beynəlxalq hava limanının elektrik enerjisi ilə təchiz edilməsidir. Hava limanına ikidövrəli, 35 kV-luq, tam izoliyasiyalı elektrik xətti çəkilir.
Yeni tip izolyasiya olunmuş 35 kV-luq xətlərin mühafizə zonası (3-6 metr) mövcud xətlərə (30-40 metr) nisbətən 6-10 dəfəyə qədər azdır. 35 kV-luq mövcud naqillərdə texniki itkilər 9-12% olduğu halda, müasir tipli izolyasiya olunmuş kabellərdə 3,5-4% təşkil edir. Şəbəkələrin saxlanma xərcləri 100%-dan 30%-a, illik mal-material sərfi 100%-dan 25%-a endirilir, xidmət müddəti 2 dəfə azalır. İzolyasiya olunmuş kabellərdə qəza açılmalarının sayı və müddəti mövcud naqil xətlərilə müqayisədə 60%-dək azdır. Planlı açılmalar (şəbəkələrə xidmət, təmir, profilaktik baxış və s.) müddəti mövcud xətlərə nisbətən 75% azdır. Yüksək gərginlik xətlərinin bilavasitə altında və yaxınlığında yerləşən yaşayış və əkin sahələrinin, ümumilikdə, sakinlərin yaşayış və fəaliyyət təhlükəsizliyi dəfələrlə artır, təbiət hadisələrinin elektrik veriliş xətlərinə təsiri aradan qaldırılır.
Yeni tip izolyasiya olunmuş 35 kV-luq xətlərin istifadəsi ümumilikdə ölkənin enerji sisteminin dayanıqlıq, etibarlıq və səmərəlilik göstəricilərini beynəlxalq standartlara yaxınlaşdırmağa imkan verir.
Eyni zamanda, bu növ kabel xətlərinin istənilən mühitdə: yeraltı, sualtı və hava ilə çəkilişi mümkünlüyü işğaldan azad edilmiş ərazilərdə qurulan 35/0,4 kV-luq innovativ paylayıcı şəbəkələrin istismarını asanlaşdırmaqla yanaşı, dayanıqlı işini də tam təmin edəcəkdir.
Digər xəbərlər
- “Azərişiq” ASC Medianın İnkişafı Agentliyi ilə birgə Zəngilana media-tur təşkil edib 07 Fevral 2025
- "Azərişıq" ASC Müştəri Məmnuniyyəti Sorğusunda yüksək nəticə əldə edib 06 Yanvar 2025
- “Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılmasını daim diqqət mərkəzində saxlayır 27 Yanvar 2025
- Sulutəpə və Xocəsən qəsəbələrində yenidənqurma və təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 06 Aprel 2025
- Biləcəri ETSİ-nə daxil olan bir sıra ərazilərdə yenidənqurma və təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 14 Aprel 2025