14-25 sentyabr 2019-cu il tarixlərində Qazaxıstan Respublikasının Kızılorda şəhərində keçirilmiş “MDB ölkələri üzrə 10/0,4 kV paylayıcı şəbəkə personalı arasında XIV Beynəlxalq Peşə Ustalığı yarışlarında “Azərenerji” və “Azərişıq” ASC-nin istismar sahəsi üzrə əməkdaşları da iştirak etmişlər.
Yarışlar haqda daha ətraflı məlumat almaq üçün, ilk sualımı “Azərişıq” ASC-nin Tədris Mərkəzinin direktoru Araz Məmmədzadəyə ünvanlayıram.
(müxbir):
– Araz müəllim, MDB ölkələri üzrə 10/0,4 kV paylayıcı şəbəkə personalı arasında XİV Beynəlxalq Peşə Ustalığı yarışlarının əsas mahiyyəti nədən ibarətdir?
(A.M.):
- Təşəkkür edirəm. İlk öncə, qeyd etmək istərdim ki, 10-a yaxın MDB ölkələri üzrə 10/0,4 kV paylayıcı şəbəkə personalı arasında XİV Beynəlxalq Peşə Ustalığı yarışları artıq 15 ildən çoxdur ki, MDB ölkələri Elektroenergetika Şurası tərəfindən təşkil olunur. Burada əsas məqsəd, xüsusi ayrılmış təlim-məşq poliqonunda, elektrik şəbəkə personalının gündəlik iş prosesində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının müxtəlif ölkə nümayəndələri tərəfindən mənimsənilməsinin əyani nümayiş etdirilməsi onunda peşə ustalığının müqayisəli qiymətləndirilməsidir. Müqayisəli qiymətləndirmə dedikdə, hər bir ölkəni təmsil edən peşəkar briqada, Yarışların Təşkilat Komitəsinin təyin etdiyi ümumi qaydalar və normativ vaxt ərzində bilik, bacarıq və peşə vərdişlərini bir neçə mərhələ üzrə nümayiş etdirərək, beynəlxalq hakimlər kollegiyası tərəfindən müvafiq ballara layiq görülürlər. Yarışların sonunda, yekun protokol nəticələri əsasında, Ali hakimlər Kollegiyası ölkələr üzrə nəticələri elan edir və təntənəli mükafatlandırmanı həyata keçirir. Yarış mərhələlərinin texniki xüsiyyətləri haqda professor Qara Həsənov daha ətraflı məlumat verə bilər.
(müxbir):
– Hörmətli professor yarış mərhələlərinin məzmunu hansı işlərin icrasını əhatə edir?
(Q.H.):
- Yarış mərhələləri demək olar ki, 10/0.4 kV şəbəkələrdə aparılan bütün işlərin təhlükəsizlik texnikası qaydaları çərçivəsində icra mexanizmini əhatə edir. Burada, 10 kV və 0.4 kV hava və kabel xətlərinin yoxlanması, açma-qoşma əməliyyatlarının aparılması qaydaları, komplekt transformator məntəqələrinin təmirə çıxarılması, təmiri və təmirsonrası yoxlanması, paylayıcı şəbəkələrdə 3D - virtual trenajoru ilə baxış keçirilərək qüsurların aşkarlanması, keçid izolyatorunun dəyişdirilməsi, zərərçəkənin xilas edilməsi, ilk tibbi yardım və s. kimi aktual mövzular öz əksini tapmışdır. Baxmayaraq ki, Azərbaycan Respublikası bu beynəlxalq tədbirdə ilk dəfə iştirak edir, hazırladığımız briqada üzvləri ölkəmizi bu sahədə layiqincə təmsil edə bilmişlər. Lakin, bununla işlər bitmir, gənc kadrların davamlı olaraq bilik və bacarıqlarını yaxşılaşdırmaq, beynəlxalq yarışlarda daha yaxşı nəticələr əldə etmək biz müəllimlərin üzərinə düşən başlıca vəzifələrdəndir.
(müxbir):
- Bildiyimə görə, yarışlarda “Azərişıq” ASC-nin istismar sahəsi üzrə əməkdaşları iştirak etmişlər. İstərdim sözü briqadanın rəhbəri, ASC-nin mühəndisi Rəşad Məhərrəmova verək. Rəşad müəllim, yarışlarda ən çətin mərhələ hansı idi?
(R.M.)
- Çox sağ olun. Çətin deməzdim (gülür), məsuliyyətli və ya daha həyəcanlı mərhələ - zərərçəkənin elektrik dayağından xilas edilməsi mərhələsi oldu. Manekenin, poliqondakı şəraitin, mikromühitin reallığa maksimum yaxınlaşdırılması həyəcanı daha da artırır, yarış olduğu bir anlıq unudulur, həqiqi emosional gərginlik yaranırdı. Mən bu halı digər ölkələrin təmir-texniki personalında da müşahidə etdim. 4 dəqiqəlik normativ vaxt qoyuluşu olmasına baxmayaraq, demək olar ki, bütün iştirakçılar bu mərhələni 2 dəqiqədən bir qədər artıq müddət ərzində yerinə yetirdilər. Bizim briqada, usta Taleh Həsənovun bilavasitə iştirakı ilə bu mərhələdən də üzü ağ çıxa bildi.
(müxbir):
- Taleh usta – icazə verin sizi belə adlandıraq. Sizin üçün bu yarışlarda iştirak nə əhəmiyyət kəsb etdi?
(T.H.):
- Təşəkkür edirəm. Mənim üçün, elə bütün briqada üzvləri üçün də bu yarışlar – böyük bir təcrübə mübadiləsi oldu desəm, yanılmaram. Müxtəlif ölkələrin şəbəkə personalının iş prosesilə yaxından tanış olmaq, hər birinin spesifik xüsusiyyətlərini müqayisə edib daha üstün olanını təyin etmək, sənədləşmə, dispetçer danışıqları və işə nəzarətin aparılması – özü bir ixtisasartırma proseduru xarakteri daşıyır. Misal üçün, düzbucaq formalı dayaqlarda, yüksəklikdə təmir işini həyata keçirmə bizim üçün yeni idi, müəyyən edilmiş vaxt çərçivəsində həmin 11-metrlik dayaqlara qalxma briqadanın ən gənc üzvü Elmin Məmmədov üçün ilk sınaqlarda çətinlik törtsə də, yarışların gedişatında yüksək normativ nəticələr əldə etməsinə mane olmadı.
(müxbir):
- Elmin, belə anlaşıldı ki, hündürlükdən qorxmursan. Bəs elə isə dayağa qalxmağın ilk sınaqlarında çətinlik nə idi?
(E. M.):
- Düzdür, hündürlükdə iş – bizim gündəlik iş xüsusiyyətimizdir. Lakin, ASC-nin xidmət göstərdiyi şəbəkələrdə bu növ işlər xüsusi qaldırıcı mexanizm səbətlərindən görüldüyü üçün, ilk öncə bir qədər tərəddüd etdim. Digər tərəfdən, dayağa qalxmaq üçün təqdim edilən xüsusi “caynaqlar” da şəbəkələrimizdə istifadə olunmayan konstruksiyaya malik olduğundan, hərəkətlərim məhdudlaşırdı. Bir neçə dəfə məşq etdikdən sonra çətinliklər aradan qaldırıldı.
(müxbir):
- Komandanın yarışlarda icra etdiyi təmir işləri, bildiyimə görə Mehman Əliyevin üzərinə düşmüşdür. Mehman, zəhmət olmasa, bir qədər bu barədə danışardınız.
(M. Ə.):
- Çox sağ olun. 10/0.4 kV paylayıcı şəbəkələrdə əsasən ya ayırıcılarda, ya da transformator məntəqələrində təmir işləri həyata keçirilir. Bu, yalnız avadanlığın təmiri və ya dəyişdirilməsi proseslərini əhatə etdiyindən, ilk növbədə texniki pasport göstəriciləri əsasında istismar qaydalarına riayət olunması tələb edilir. Yarışlarda iki mərhələdə: ayırıcının təmiri və sazlanması və komplekt transformator məntəqəsində keçid izolyatorunun dəyişdirilməsi nəzərdə tutulmuşdu. Xüsusilə qeyd etmək istərdim ki, təmirə çıxarılma prosesində xəttin açılmasından sonra, yarış tələblərinə görə gərginliyin mövcudluğu bir daha yoxlanılmalı, yalnız bundan sonra torpaqlama əməliyyatı aparılmalı idi. Təhlükəsizlik baxımından bu çox vacib olduğundan, hakimlər, bu tip vərdişlərin olmasına xüsusi fikir verirdilər.
(müxbir):
- Yanğın təhlükəsizliyi və ya yanğınsöndürmə dedikdə, komandanın digər üzvü – Rəhim İmanzadənin də deməyə sözü vardır. Buyur Rəhim, söz sənindir.
(R. İ.):
- Minnətdaram. Mənim üçün də belə bir beynəlxalq yarışlarda iştirak – bir çox yeniliklərdə yadda qaldı. Misal üçün, bizim tədris - təlim məşqlərində, normativlərə əsasən, yanacaq məhlulu transformator yağı, yarışlarda isə dizel yanacağı əlavə edilməklə hazırlanır. Təbii ki, yağ daha çətin söndürülür, bu səbəbdən, hazırlığımız lazımi səviyyədə idi. Buna baxmayaraq, maraqlı bir hadisə oldu: hakim “yanğını söndürməyə marş” komandası verən kimi, cəld hərəkətlə mühafizə vasitələrini yoxlayıb, geyindim, odsöndürən balonu götürüb, yanan məhlulu söndürdüm. Qaydalara görə, təhlükəsiz məsafəyə çəkilib “Yanğın aradan qaldırıldı!” deməliydim. Elə təzəcə ağzımı açmışdım ki, ani qalxan külək yenidən mənbəni alovlandırdı. (gülür) Özümü itirmədim, yenidən balonu götürüb, odu söndürdüm. Mümkün 45 saniyədən 32 saniyə ərzində bu mərhələni müvəffəqiyyətlə başa vura bildim.
Ümumilikdə, MDB üzrə 8 ölkənin: Azərbaycan, Rusiya, Qazaxıstan, Tacikistan, Qirğizistan, Gürcüstan, Özbəkistan və Belorusiyanın iştirak etdiyi XIV Beynəlxalq Peşə Ustalığı Yarışlarında 7 müxtəlif mərhələlər üzrə bütün nominasiyalarda Azərbaycan komandası ilk dəfə bu növ yarışlarda iştirak etməsinə baxmayaraq 3-cü, müxtəlif nominasiyalarda Rusiya komandası 1-ci və 2-ci yerlərə, bütün nominasiyalar üzrə Qazaxıstan komandası 1-ci fəxri yerə layiq görülmüşdür.
Digər xəbərlər
- Abonentlər tərəfindən istehlak edilən elektrik enerjisi dəyərinin vaxtında və tam yığımı, eləcə də debitor borcların ödənişinin təmin olunaraq azaldılması əsas hədəflərimizdəndir. 22 Oktyabr 2024
- Sahibkarların elektrik enerjisi ilə təchizatı proseduru sadələşdirilir. 16 Fevral 2024
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Daşkəsəndə vətəndaşları qəbul edib 07 Noyabr 2024
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Xaçmazda vətəndaşları qəbul edib. 30 Avqust 2024
- “Azərişıq” ASC “ASAN xidmət indeksi”nin qiymətləndirmə tarixində 98.31% ilə 5 ulduzluq rekord nəticə əldə edib 21 Fevral 2024