Biznesin inkişafına yönələn tədbirlər

Müasir çağırışlara adekvat olaraq elektrik şəbəkəsinə qoşulmanın asanlaşdırılması məqsədilə qanunvericiliyin daha da təkmilləşdirilməsi və sahibkarlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması daim diqqət mərkəzində saxlanılmaqdadır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən “Azərişıq” ASC tərəfindən görülən işlər çərçivəsində elektrikə qoşulmanın daha rahat və əlçatan olması məqsədilə elektron müraciətlərin idarə olunması sistemi (EMİOS)  tətbiq olunur. Bu sistemin əsas məqsədlərindən biri də vahid platforma üzərindən müraciətlərin idarə olunması, operativliyin və səmərəliliyin artırılması və səffalığın təmin edilməsidir. Bu sistem Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Vergi Xidməti və digər qurumlarla inteqrasiya olunduğu üçün sahibkarın sənədlər toplusunu üzərində gəzdirməsinə ehtiyac qalmamışdır. Qeyd etmək lazımdır ki, onlayn müraciət sistemi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən innovativ layihə kimi qiymətləndirilmişdir (https://oecd-opsi.org/innovations/online-electricity-connection/). Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə elektrik şəbəkəsinə qoşulma üzrə prosedurların sayı 7-dən 2-yə, müddətin isə 41 gündən 20 günə endirilmişdir.

Davamlı olaraq e-sistemin daha da təkmilləşdirilməsi və funksional imkanlarının genişləndirilməsi, onlayn qaydada E-GOV (elektron hökümət portalı),  e-service.azerishiq.az saytından obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı müraciət etmə imkanlarının yaradılması nəticəsində onlayn müraciət edənlərin sayında əhəmiyyətli artım müşahidə olunmuşdur.

Ölkədə həyata keçirilən davamlı iqtisadi islahatlar iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyi və milli iqtisadiyyatın rəqabətqabiliyyətliyinin artırılması yolu ilə iqtisadiyyatda dayanıqlı və sürətli inkişafa nail olunmasına istiqamətlənmişdir. Aparılan islahatların davamı olaraq Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yaradılmışdır. Komissiyanın yaradılmasında məqsəd sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühiti yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə nail olmaqdır. Bu istiqamətdə Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinə uyğun olaraq elektrikə qoşulma sahəsində qanunvericiliyin daha da təkmilləşdirilməsi və xidmətlərin rəqəmsallaşdırılması sahəsində tədbirlərin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi hazırlanaraq Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri tərəfindən 2022-ci il 7 oktyabr tarixində təsdiq edilmiş və dərhal icrasına başlanılmışdır.

(https://azranking.az/public/images/doc_05.10.22_1.pdf).


Cəmiyyətin əsas strateji məqsədi paylayıcı şəbəkənin təkmilləşdirilməsi və qabaqcıl təcrübədən istifadə edərək davamlı inkişafının təmin edilməsi, istehlakçıların dayanıqlı, keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasından ibarətdir. Bu istiqamətdə, Cəmiyyətin inkişaf strategiyasına və uzunmüddətli məqsədlərinə uyğun olaraq, sahibkarlıq subyektlərinin elektrik təchizatı şəbəkəsinə (bundan sonra “ETŞ”) qoşulması üzrə məlumatlılıq və məmnunluq səviyyəsinin, habelə onlayn müraciətlərin sayının artırılması, eyni zamanda biznes mühiti ilə əlaqədar beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı 2022-2025-ci illəri əhatə edən Kommunikasiya Strategiyasının və onun icrası üzrə Kommunikasiya Planının hazırlanması qərara alınmışdır. Cəmiyyətin Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə Kommunikasiya Strategiyası maraqlı tərəflərlə əlaqələrin qurulması, internet resurslarının və sosial media hesablarının idarə edilməsi, müsbət imicin formalaşdırılması, Cəmiyyət tərəfindən həyata keçirilən yeniliklər ilə bağlı vətəndaşların maarifləndirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, təbliğat işinin effektiv şəkildə aparılması və kommunikasiya fəaliyyətinin strateji planlaşdırılmasını nəzərdə tutur.

(https://www.azerishiq.az/upload/files/Kommunikasiya.pdf).

Bütün bu tədbirlərin mütəmadi icrası nəticəsində “qeyri əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidməti üzrə onlayn müraciətlərin sayı 50%-ı ötmüşdür.


Elektrik təchizatı şəbəkəsinə qoşulma prosesi haqqında məlumat

İstehlakçıların tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları” ilə tənzimlənir. Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması qaydaları və onlara dair tələblər Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kVluq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” ilə müəyyən edilir.

Sahibkarlarıq subyektlərinin ETŞ-yə qoşulması iki prosedurdan ibarətdir:

1. Elektrik təchizat şəbəkəsinə qoşulmaq üçün müraciət edilməsi

2. Elektrik şəbəkənin və sayğacın quraşdırılması

Qeyri-əhali istehlakçı tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı aşağıdakı üsullardan istifadə edərək müraciət edə bilər:

1. Onlayn şəkildə - E-Gov (elektron hökümət portalı), e-service.azerishiq.az saytı   vasitəsi ilə müraciət edərək.

2. ASAN Kommunal mərkəzlərinə və KOB evlərinə müraciət edərək. ASAN Kommunal mərkəzi yaradılmayan regionlarda, ASAN xidmət mərkəzlərinə yaxınlaşaraq.

3. ASAN Kommunal və ASAN xidmət mərkəzlərində yerləşdirilmiş özünə xidmət pəncərələrindən istifadə edərək.

Qoşulma üçün tələb olunan sənədlər ASAN xidmətin veb saytında, Qeyri-əhali abonentlərinin enerji təchizat şəbəkəsinə qoşulması üçün zəruri olan sənədlərin siyahısında əks olunmuşdur. Sahibkarlar qeyd edilmiş müraciət metodlarından istifadə edərək Qeyri-əhali abonentlərinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün tələb olunan sənədləri və məlumatları təqdim/daxil etməlidir. Enerji təchizatı şəbəkəsinə qoşulma ilə bağlı işlərin həyata keçirilməsinə nəzarət etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə Texniki Şura yaradılmışdır. Texniki Şura üzvləri tərəfindən ETŞ-yə qoşulma üzrə daxil olan müraciətlərə onlayn qaydada rəy bildirilir. Müraciət tamamlandıqda təqdim edilmiş məlumatların və tələb olunan sənədlərin qəbul edilməsi barədə müraciət edən sahibkara bildiriş göndərilir.


Elektrikə qoşulma sahəsində əlavə dəstək tədbirləri

“Azərişıq” ASC yerlərdə sahibkarların rahat fəaliyyəti və yaranan problemlərin aradan qaldırılması üçün mütəmadi görüşlər keçirir, bölgələrdə fermer və sahibkarların fikirləri, təklifləri, tövsiyyələri dinlənilir. İl ərzində respublikanın müxtəlif bölgələrində sahibkarlarla görüşlər keçirilir. Eyni zamanda cari il ərzində biznes assosiyasiyaları və hüquq-konsultinq şirkətləri ilə görüşlər keçirilmiş, ETŞ-yə qoşulma ilə bağlı yeniliklər video çarx şəklində təqdim olunaraq onlayn sistemin imkanları barədə məlumat təqdim edilir.

Əhaliyə göstərilən xidmətlərin elektronlaşdırılması və onlayn xidmətlərin təşviq edilməsi məqsədi ilə “İnnovasiyalar Mərkəzi” MMC və “Azərişıq” ASC birgə tədbirlər (“Energytech” hackathonu) keçirir ki, bu da yeni innovativ ideyaların reallaşdırılması cəhətdən böyük əhəmiyyət kəsb edir.

“ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində özünə xidmət pəncərələrinin sayı artırılmış və eyni zamanda Bakı şəhər və regional yerli şəbəkələrdə vətəndaşların ETŞ-yə onlayn şəkildə qoşulması üçün imkanlar  yaradılmışdır.

 Elektrik təchizatı şəbəkəsinin xidmətlərinə kommersiya məqsədi ilə qoşulmalar üzrə tələb olunan prosedurların və qoşulma zamanı ortaya çıxan problemlərin araşdırılması məqsədi ilə sorğular keçirilir və bu sorğuların nəticələrinə uyğun mütəmadi tədbirlər görülür.

“Azərişıq” ASC elektrik enerjisinin keyfiyyətini və əlçatanlığını yaxşılaşdırmaq üçün Respublikanın müxtəlif bölgələrində paylayıcı elektrik şəbəkələrdə  infrastrukturun inkişafına yönələn tədbirlər həyata keçirir.