Mən xoşbəxtəm ki, Azərbaycanın müstəqil elektrik enerjisi potensialının yaradılmasına nail olmuşam!
Heydər Əliyev
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin əsas missiyası Azərbaycan Respublikasının ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) elektrik enerjisini istehsalçılardan satın almaqla istehlakçıları fasiləsiz, keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz etməkdən, yeni texnologiyalar tətbiq olunmaqla paylayıcı şəbəkələrin maddi-texniki bazasını müasirləşdirməkdən, habelə bu sahənin inkişafı ilə bağlı digər zəruri tədbirləri həyata keçirməkdən ibarətdir. Qarşımızda duran bu missiyanın təməli ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə elektrik enerjisi sisteminin inkişafı daim prioritet məsələlər sırasına aid edilmiş, bu sistemin sürətli inkişafını təmin etmək məqsədilə bir sıra irimiqyaslı layihələr reallaşdırılmışdır. Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi fəaliyyəti nəticəsində, Azərbaycan Respublikası nəinki elektrik enerjisinə olan tələbatını yerli imkanlar hesabına ödənilməsini təmin etmiş, eyni zamanda ölkəmiz elektrik enerjisi ixrac edən respublikaya çevrilmişdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həmin strateji xətti uğurla davam etdirilərək, elektroenergetika sisteminin müasir çağırışlar və beynəlxalq tələblər səviyyəsində qurulması üçün bu gün davamlı və ardıcıl islahatlar həyata keçirilir.
“Azərişıq” ASC tərəfindən öz üzərinə düşən missiyanın layiqincə yerinə yetirilməsi məqsədilə ölkənin bütün ərazilərində genişmiqyaslı yenidənqurma və təmir işləri həyata keçirilir, şəbəkə infrastrukturunun müasirləşdirilməsi, qabaqcıl və innovativ texnologiyaların tətbiq edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür, istismar müddəti bitmiş avadanlıqlar texniki baxımdan daha müasir və güclü avadanlıqlarla yenilənir, yeni yarımstansiyalar tikilir, uzun müddət istismarda olan naqil və açıq tipli hava xətləri yeni müasir tipli izolyasiyalı naqillər ilə əvəz olunur. Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Səhmdar Cəmiyyət tərəfindən göstərilən xidmətlərin keyfiyyəti mütəmadi olaraq yüksəldilir, proseslərin məsafədən koordinasiya olunması, dayanıqlı və operativ əlaqənin təşkili üçün müasir texnologiyalar tətbiq olunmaqla “Çağrı mərkəzi” yenidən qurulmuş və abonent sorğuları qısa müddətdə cavablandırılır. “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri vasitəsilə istehlakçılara yüksək keyfiyyətli xidmətlər göstərilir və şəbəkələrdə yeni nəsil Rəqəmsal İdarəetmə Mərkəzləri vasitəsilə şəbəkələrin idarəetməsi daha da təkmilləşdirilir.