SCADA – sistemi haqqında məlumat və onun üstünlükləri:


SCADA (Supervisory Control and Data Acquisition)

 

Bu sistem kompyuter bazası əsasında qurulan və  proqramlaşdırılan avtomatik  uzaqdan idarəetmə sistemidir. Sistem iqtisadiyyatın bir çox sahələrində istifadə olunduğu  kimi, enerji sistemində və elektrik şəbəkələrində də  tətbiq olunur və uğurla həyata keçirilir.


Sistemin  əsas funksiyası – şəbəkəni və ya enerji sistemi operativ  idarə edən dispetçerlə (personalla), idarə olunan  şəbəkə   arasında  birbaşa vizual  əlaqə yaradır. Bu sistem vasitəsi ilə şəbəkənin elektrik avadanlıqlarına  nəzarət və onları idarə  etmək, təcili əməliyyat çevrilmələri  həyata keçirmək, elektrik hadisələrini təhlil və analiz etmək, ölçülər aparmaq, hesabatlar hazırlamaq  mümkündür.  Bundan əlavə bu sistem, daha geniş funksiyalara - enerjinin alışını və axın istiqamətini müəyyən edir, enerjinin  keyfiyyətinə nəzarət  və monitorinqlər aparmaq kimi böyük  texniki  imkanlara malikdir.


“Azərişıq” ASC-nin elektrik şəbəkəsində  SCADA uzaqdan idarəetmə sistemi 2010 –cu ilin yanvar ayından qurulmuşdur və hal-hazırda  uğurla istismar olunur. Qısa müddət ərzində paylayıcı şəbəkənin onlarla güc və qovşaq yarımstansiyalarının SCADA  sisteminə  qoşulması əminliklə deməyə imkan verir ki,  bu  sistemin  şəbəkədə rolu əvəzsizdir.  Bu sistemə qoşulan yarımstansiyaların hər hansı birində enerji itkisi,  elektrik hadisəsi və ya bu kimi qəza baş verərsə, ani olaraq  həmin hadisə birbaşa xüsusi həyacan  siqnalı ilə  Mərkəzi Dispetçer Xidmətinə ötürülür ki, bu da  dispetçerin kompyuter displeyində əyani təsvir olunur. Hadisəni seyr edən növbətçi  dispetçer dərhal qəzanın baş verdiyi elektrik avadanlığını təyin edir, qəzanın yaranma səbəbini araşdırır  və qəzanın tez bir zamanda aradan qaldırılmasını həyata keçirir ki, bu da istehlakçıların enerji təchizatında  fasilə yaratmır.



 Lakin, SCADA uzaqdan idarəetmə sistemi tətbiq edilməyən şəbəkə və   yarımstansiyalarda  isə,  baş vermiş bu və ya digər elektrik hadisələri, gərginlik itkisi, avtomatik açılma və ya hər hansı bir qüsur haqqında məlumat  dispetçer xidmətinə birbaşa yox, bilavasitə yerli şəbəkə rayonlarından, abonentlərin və ya istehlakçıların  “199 Qəza Xidməti”, “Qaynar Xətt”  Xidmətlərinə ünvanladığı telefon zəngləri vasitəsi ilə  bu qurumlardan daxil olur. Növbətçi dispetçer tərəfindən qəza baş vermiş nöqtəyə təcili operativ-əməliyyat briqadası göndərilsə  də, qəzanın  ləğvi obyektiv və subyektiv səbəblərdən (hadisə yerinə çatmaq, avadanlıqlara texniki baxış keçirmək, yollardakı tıxaclar, maşın-mexanizmlərin intensiv hərəkəti və.s) ləngiyir ki, bu da istehlakçıların haqlı narazılığına səbəb olur. Odur ki, hal-hazırda idarəetmənin ən perspektiv və optimal yolu SCADA uzaqdan idarəetmə sistemidir.