Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, I kitab, maddə 125; 2001, №12, maddələr 731, 736; 2004, № 11, maddə 901; 2006, № 6, maddə 478; 2007, № 5, maddə 436, № 10, maddə 938; 2008, № 5, maddə 348, № 7, maddə 602; 2012, №6, maddə 506) aşağıdakı dəyişikliklər edilsin:
1. preambulada “saxlanılması” sözündən sonra “, qorunması” sözü əlavə edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Bu Qanun mülkiyyətçisindən, istifadəçilərindən və əhəmiyyətindən asılı olmayaraq Azərbaycan Respublikasının bütün avtomobil yollarına şamil edilir.”;
2. 1-ci maddənin birinci hissəsi üzrə:
2.1. ikinci bənddə “eyni səviyyədə kəsişmələri olmayan” sözlərindən sonra “, habelə hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilmiş, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilmiş” sözləri əlavə edilsin;
2.2. on birinci bənddə “sürücülər” sözündən sonra “, sərnişinlər” sözü əlavə edilsin;
2.3. on dördüncü bənddə “buraxmaq” sözü “buraxma” sözü ilə əvəz edilsin;
2.4. on səkkizinci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda yeni bəndlər əlavə edilsin:
“avtomobil yollarının sahibləri – dövlət avtomobil yollarına münasibətdə müvafiq icra hakimiyyəti orqanı, yaxud təsərrüfat məqsədləri və ya operativ idarəçilik üçün avtomobil yollarına təhkim olunmuş hüquqi şəxslər, bələdiyyə və özəl avtomobil yollarına münasibətdə müvafiq olaraq bələdiyyələr və mülkiyyətində və (və ya) istifadəsində avtomobil yolları olan hüquqi və fiziki şəxslərdir;”;
“ağırçəkili nəqliyyat vasitəsi - ümumu istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş çəki və ya oxlar üzrə parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir;”;
“iriqabaritli nəqliyyat vasitəsi - ümumu istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir;”;
“təhkim zolağı - avtomobil yolunun yerləşdirilməsi üçün ayrılmış torpaq sahələridir;”;
“qorunma (mühafizə) zolağı - təhkim zolağına hər iki tərəfdən bitişik və avtomobil yolları üçün ayrılmış, xüsusi istifadə rejimi olan torpaq sahələridir;”;
“yolkənarı xidmət obyektləri – qorunma (mühafizə) zolağında yerləşən, avtomobil yollarından istifadəçilərin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş tikililər və qurğular, o cümlədən sosial, ticarət, ictimai iaşə, nəqliyyat infrastrukturu təyinatlı obyektlərdir.”;
3. 4-cü maddənin dördüncü hissəsində “yerli” sözündən sonra “, şəhər” sözü əlavə edilsin;
4. 5-ci maddə üzrə:
4.1. ikinci hissədə “həmçinin” sözündən sonra “ödənişli,” sözü əlavə edilsin;
4.2. üçüncü hissədə “yerli” sözündən sonra “, şəhər” sözü əlavə edilsin;
5. 6-cı maddənin birinci hissəsində ikinci halda “habelə” sözü “ şəhər və” sözləri ilə əvəz edilsin;
6. 7-ci maddənin birinci hissəsində “şəhər, qəsəbə və başqa yaşayış məntəqələri daxilində” sözləri “şəhərlərin və rayon mərkəzlərinin məhəllədaxili yolları, habelə kənd və qəsəbələrinin ərazisində” sözləri ilə əvəz edilsin;
7. aşağıdakı məzmunda 10-1-ci maddə əlavə edilsin:
“Maddə 10-1. Şəhər avtomobil yolları
Şəhər avtomobil yolları ümumi istifadədə olan avtomobil yollarının tərkibinə daxil olmaqla, şəhərlərin inzibati-ərazi hüdudları daxilindəki küçə və prospektləri əhatə edir.
Şəhər avtomobil yolları şəbəkəsinin idarə olunması, təmiri, saxlanılması, qorunması və vəziyyətinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Şəhər avtomobil yollarının təsnifatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tərtib və təsdiq edilir.”;
8. 12-ci maddə ləğv edilsin;
9. 13-cü maddə üzrə:
9.1. birinci hissədən sonra aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Avtomobil yollarının torpaq sahəsini təhkim və qorunma (mühafizə) zolaqları təşkil edir.”;
9.2. üçüncü hissədə “Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli” sözlərindən sonra “, habelə şəhər” sözləri, “dövlət mülkiyyətidir” sözlərindən sonra isə “, bölünməzdir və özgəninkiləşdirilə bilməz” sözləri əlavə edilsin;
9.3. beşinci hissədən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilsin:
“Ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya verilmiş razılıq şərtləri pozulmaqla inşa edilmiş hər cür tikili və qurğular qanunsuz hesab edilir. Qanunsuz tikili və qurğuların inşasına yol vermiş hüquqi və fiziki şəxslər, onları bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz qüvvəsi və (və ya) vəsaiti hesabına sökməlidir.
Avtomobil yolunun sahibi, onun razılığı olmadan avtomobil yolunun torpaq sahəsində tikinti, yenidənqurma və digər işləri sifariş edən və ya aparan hüquqi və fiziki şəxslərdən bütün işləri dərhal dayandırmaq, qanunsuz tikili və qurğuları həmin şəxslərin vəsaiti hesabına sökmək, avtomobil yollarını əvvəlki vəziyyətinə gətirməyi tələb etməlidir. Bu işləri görən şəxslər avtomobil yolunun sahibinin tələbinin icrasından imtina etdikdə və ya razılaşdırılmış müddətdə yerinə yetirmədikdə, tikinti və qurğuların sökülməsi, avtomobil yolunun əvvəlki vəziyyətinə gətirilməsi üzrə işlər avtomobil yolunun sahibinin qüvvəsi və (və ya) vəsaiti hesabına yerinə yetirilir. Belə hallarda avtomobil yolunun sahibinin həmin işlərin yerinə yetirilməsi ilə əlaqədar çəkdiyi xərclər qanunsuz tikinti, yenidənqurma və digər işləri sifariş edən və ya aparan şəxslər tərəfindən ödənilməlidir. Göstərilən xərclər ödənilmədikdə, avtomobil yolunun sahibi müvafiq iddia irəli sürmək hüququna malikdir.
Ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində yol hərəkətinin təhlükəsizliyini təmin edən nişanlar və göstəricilər istisna olmaqla, yolkənarı xidmət obyektləri, habelə reklam və digər məlumat qurğuları avtomobil yolunun sahibinin yazılı razılığı ilə və bağlanılan müqavilələr əsasında yerləşdirilir.
Avtomobil yolunun torpaq sahəsində tikinti, yenidənqurma və digər işlərin aparılmasına, yolkənarı xidmət obyektlərinin, habelə reklam qurğularının yerləşdirilməsinə razılığın alınması üçün ərizəyə avtomobil yolunun adı və istiqaməti göstərilməklə sahənin sxemi, tikilməsi və ya quraşdırılması nəzərdə tutulan obyektin yaxud qurğunun texniki planı əlavə olunur.
Razılığın verilməsi haqqında ərizəyə 15 gündən gec olmayaraq baxılır.
Yazılı razılığın şərtlərinə riayət edilməsi bütün hüquqi və fiziki şəxslər üçün məcburidir və onların yerinə yetirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Müvafiq razılığın olmadığı və ya verilmiş razılığın şərtləri yerinə yetirilmədiyi hallarda avtomobil yollarının torpaq sahələrində pozuntuya yol vermiş hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.”;
10. 14-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“Avtomobil yollarının təhkim zolağı avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla yol konstruksiyasının özünün tikintisi, istifadəsi, təmiri, saxlanılması, qorunması üçün zəruri olan tikililərin, mühəndisi və texniki qurğuların, habelə müvafiq konstruktiv elementlərin (yolun hərəkət hissəsi, səkiləri, velosiped yolları, dayanacaqlar, suötürücü və qoruyucu qurğular, küvet və yol çiyni, dekorativ yaşıllıqlar) yerləşdiyi ərazini əhatə edir.
Təhkim zolağının ölçüləri avtomobil yollarının təsnifat göstəriciləri və konkret şərait nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təyin edilir.
Bu Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, avtomobil yollarının təhkim zolağı hüdudlarında aşağıdakılar qadağandır:
- avtomobil yollarının tikintisi, saxlanması, təmiri və yenidən qurulması ilə bağlı olmayan işlərin görülməsi;
- yol hərəkətinin təhlükəsizliyi, sərnişin və yük daşımaları sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının xidməti tikililəri və qurğuları istisna olmaqla avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması üçün nəzərdə tutulmayan bina və qurğuların yerləşdirilməsi;
- avtomobil yollarının saxlanılması və təmiri ilə bağlı işlər istisna olunmaqla, torpağın şumlanması, çimin çıxarılması və qruntun götürülməsi, oradakı otların biçilməsi, ağacların qırılması;
- avtomobil yollarının körpü keçidlərində çayın məcrası boyu körpüdən hər tərəfə bir kilometr məsafədə yol fəaliyyətinə aid olmayan tikinti işlərinin aparılması, habelə torpaq və çınqıl kütləsinin götürülməsi;
- suvarma, sənaye, çirkab və kanalizasiya sularının avtomobil yoluna və yağış sularının avtomobil yolundan kənarlaşdırılması üçün tikilmiş kanalizasiya sisteminə, suyu kənara axıdan qurğulara və yolboyu torpaq sahəsinə axıdılması;
- mal-qaranın otarılması, habelə onların avtomobil yollarının sahibləri ilə razılaşdırılmış, xüsusi müəyyən edilmiş yerlərdən kənar keçirilməsi;
- “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmayan yol nişanlarının yerləşdirilməsi;
- bu Qanunla müəyyən olunmuş qaydalar pozulmaqla reklam və digər məlumat qurğularının yerləşdirilməsi.”;
11. 15-ci maddə üzrə:
11.1. birinci hissəsində “kommunikasiyalarla” sözündən sonra “(qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları)” sözləri əlavə edilsin;
11.2. üçüncü hissədən sonra aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
“Kommunikasiyaların çəkilməsi və ya yenidən qurulması haqqında müraciətlərə 10 gün müddətində baxılır. Kommunikasiya xətlərində baş vermiş qəza hallarında müraciətlərə dərhal baxılır.”;
11.3. altıncı hissəsində “sifarişçilər” sözündən sonra “avtomobil yolunun əvvəlki vəziyyətinə gətirilməsini təmin etməli və” sözləri əlavə edilsin;
11.4. aşağıdakı məzmunda yeddinci və səkkizinci hissələr əlavə edilsin:
“Belə işlərin icrasından imtina və ya razılaşdırılmış müddətdə onların icrası üzrə qəbul olunmuş öhdəliklərdən yayınma hallarında yolun sahibi avtomobil yolunu ilkin vəziyyətə gətirməli və sifarişçilərə qarşı bununla bağlı sərf etdiyi xərclərin ödənilməsi barədə iddia irəli sürmək hüququna malikdir.
Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyu yerləşən mövcud mühəndisi kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;
12. aşağıdakı məzmunda 15-1-ci maddə əlavə edilsin:
“Maddə 15-1. Avtomobil yollarının qorunma (mühafizə) zolaqları
Yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir.
Avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir.
Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri avtomobil yollarının təsnifat göstəriciləri, perspektiv inkişafı və konkret şərait nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Bələdiyyə və özəl avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla həmin yolların mülkiyyətçiləri tərəfindən müəyyən edilir.
Qorunma (mühafizə) zolaqlarının hüdudları avtomobil yollarının sahibləri tərəfindən işarələnməlidir.
Ümumi istifadədə olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması və yol hərəkətinin təhlükəsizliyi, sərnişin və yük daşımaları sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının fəaliyyəti ilə əlaqədar olan tikililər və qurğular, habelə yolkənarı xidmət obyektləri istisna edilməklə, digər tikililərin və qurğuların yerləşdirilməsi qadağandır.
Ümumi istifadədə olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında yerləşən yolkənarı xidmət obyektlərinin alğı-satqısı zamanı onun yeni sahibkarı torpaqdan istifadə şərtləri ilə tanış edilməlidir.”;
13. aşağıdakı məzmunda 15-2-ci maddə əlavə edilsin:
“Maddə 15-2. Avtomobil yollarının ehtiyat zonaları
Avtomobil yollarının perspektiv inkişafı üçün torpaq sahələrindən avtomobil yolları üçün ehtiyat zonaları ayrılır.
Avtomobil yollarının ehtiyat zonalarının yeri və hüdudları, habelə orada bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.”;
14. 16-cı maddənin beşinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“Yol qurğularının üzərindən kommunikasiyalar çəkilərkən və ya istismar olunarkən onların sahibləri yol qurğularının zədələnməsinin istisna olunmasını təmin etməlidirlər.”;
15. 17-ci maddədə birinci hissədən sonra aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə avtomobil yolunun kateqoriyasına uyğun olaraq digər avtomobil yoluna birləşmənin giriş və çıxış yolları müvafiq keçview_count - sürət zolaqları ilə təmin olunmalıdır.”;
16. 18-ci maddənin birinci hissəsinin ikinci cümləsində “yollarında” sözü “yolları ilə” sözləri ilə əvəz edilsin, “səviyyəli” sözündən sonra “kəsişmələrdə” sözü əlavə edilsin;
17. 19-cu maddə üzrə:
17.1. birinci hissədə “zolağında reklam lövhələri, digər məlumat işarələri və göstəricilərinin” sözləri “və ya qorunma (mühafizə) zolağında reklam və məlumat qurğuları lövhələrinin” sözləri ilə əvəz edilsin;
17.2. üçüncü hissədə “Təhkim” sözü “Avtomobil yollarının təhkim və ya qorunma (mühafizə)” sözləri ilə əvəz edilsin, “və digər məlumat işarələri və göstəricilər” sözləri çıxarılsın;
18. aşağıdakı məzmunda II-I fəsil əlavə edilsin:
“Fəsil II-I Ödənişli avtomobil yolları
Maddə 19-1. Ödənişli avtomobil yolları
Avtomobil yolları şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, yol təsərrüfatının inkişaf etdirilməsi, investisiyaların cəlb olunması, müasir standartlara cavab verən avtomobil yollarının tikilməsi, avtomobil yolları istifadəçilərinə yüksək xidmət göstərilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizliyin təmin olunması məqsədi ilə yerli və respublika əhəmiyyətli avtomobil yollarında, həmçinin ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yollarında ödənişli avtomobil yolları yaradıla bilər. Ödənişli avtomobil yollarının yaradılması dövlət büdcəsinin, yerli və xarici investorların vəsaitləri hesabına maliyyələşdirilə bilər.
Ödənişin, körpülər və digər yol qurğuları da daxil olmaqla, avtomobil yollarında bütün yol boyu və ya onun müəyyən hissələrində gediş üçün tətbiqinə yol verilir.
Dövlət mülkiyyətində olan hər bir ödənişli avtomobil yolları ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 19-2. Ödənişli avtomobil yollarının yaradılması barədə
qərarların qəbul edilməsi
Dövlət mülkiyyətində olan respublika və ya yerli əhəmiyyətli avtomobil yollarından ödənişli yol kimi istifadə edilməsi, habelə yeni ödənişli avtomobil yolunun tikilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir.
Bələdiyyə və ya özəl avtomobil yollarından ödənişli yol kimi istifadə edilməsi, habelə yeni ödənişli avtomobil yolunun tikilməsi barədə qərar yolun sahibi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla qəbul edilir. Razılaşdırma üçün ərizəçi aşağıdakı sənədləri təqdim edir:
- mövcud və ya tikilməsi nəzərdə tutulmuş yolun yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət və ya istifadə hüququnu, habelə mövcud yoldan istifadə hüququnu təsdiq edən sənədin surəti;
- avtomobil yolunun istiqaməti və texniki göstəriciləri haqqında məlumat;
- nəzərdə tutulmuş ödənişin məbləği barədə məlumat.
Razılaşdırma haqqında ərizəyə 30 gündən gec olmayaraq baxılır.
Ödənişli avtomobil yolları aşağıdakı şərtlərlə yaradılır:
- ödənişli avtomobil yolları ilə yanaşı fəaliyyət göstərən və keyfiyyəti dövlət standartlarının tələblərinə cavab verən alternativ ödənişsiz avtomobil yolu mövcud olduqda;
- ödənişli avtomobil yolunun müasir keyfiyyət standartlarına uyğunluğu, o cümlədən yol hərəkətinin təhlükəsizliyi, nəqliyyat vasitələrinin hərəkətinin yüksək sürəti təmin edildikdə.
Avtomobil yollarından ödənişli yol kimi istifadə edilməsi barədə qərarda aşağıdakılar göstərilməlidir:
- avtomobil yolunun başlanğıc və son nöqtələri;
- avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri;
- avtomobil yolunun texniki göstəriciləri;
- avtomobil yolunun uzunluğu;
- alternativ ödənişsiz avtomobil yolunun uzunluğu, marşrutu və əsas texniki göstəriciləri.
Əhalinin məlumatlandırılması üçün mövcud və ya tikilməsi nəzərdə tutulmuş avtomobil yolunun ödənişli yol kimi istifadə edilməsi barədə qərar yolun istifadəsinə 30 gün qalmış avtomobil yolunun sahibi tərəfindən kütləvi informasiya vasitələrində yayımlanmalıdır.
Maddə 19-3. Ödənişli avtomobil yollarından istifadə olunması
Ödənişli avtomobil yolu istifadəçisi gediş üçün ödənişi həmin yolun sahibi ilə bağlanmış müqavilə əsasında həyata keçirir. Müqavilənin bağlanması gediş üçün ödəmə sənədi ilə təsdiq edilir.
Ödənişli avtomobil yolundan istifadəyə xitam verilməsi və dayandırılması halları istisna olmaqla, avtomobil yolunun sahibi həmin yoldan istifadə üçün müqavilə bağlamaqdan əsassız imtina edə bilməz.
Ödənişli avtomobil yolunun sahibinin aşağıdakı vəzifələri vardır:
- müəyyən edilmiş sürət rejimi nəzərə alınmaqla, ödənişli avtomobil yolu ilə nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etmək;
- ödənişli avtomobil yolundan normal istifadəyə mane olan nasazlıqları vaxtında aradan qaldırmaq;
- ödənişli avtomobil yolunun istifadəçilərini ödənişin miqdarı, ödəmə qaydası habelə həmin yol boyu göstərilən xidmətlər barədə məlumatlarla təmin etmək.
Müdafiə əhəmiyyətli, ictimai asayişin qorunması, fövqəladə halların aradan qaldırılması, qəza-bərpa işləri ilə əlaqədar olan daşımalarda iştirak edən, habelə polis və təcili tibbi yardım xidmətlərinə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ödənişli avtomobil yolu ilə gediş üçün ödənişdən azaddırlar.
Özəl avtomobil yollarının sahibləri ayrı-ayrı kateqoriyalardan olan istifadəçilər və ya nəqliyyat vasitələrinin müəyyən növləri üçün güzəştlər tətbiq etmək hüququna malikdirlər.
Maddə 19-4. Ödənişli avtomobil yollarından ödənişli əsaslarla
istifadə olunmasına xitam verilməsi və ya dayandırılması
Ödənişli avtomobil yolundan ödənişli əsaslarla istifadəyə xitam verilməsi və ya dayandırılması avtomobil yolunun sahibinin qərarı əsasında həyata keçirilir.
Ödənişli avtomobil yolundan ödənişli əsaslarla istifadə aşağıdakı hallarda və müddətdə dayandırılır:
- alternativ ödənişsiz avtomobil yolundan istifadəyə maneə törədən hallar yarandıqda. Ödənişli avtomobil yolundan istifadənin dayandırılması müddəti 6 aydan artıq olmamalıdır;
- hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, həmçinin təbii və ya texnogen xarakterli fövqəladə hallar baş verdikdə. Bu barədə qərar qeyd olunmuş hallar başa çatana qədər qüvvədə qalır.”;
19. 21-ci maddə üzrə:
19.1. dördüncü hissənin beşinci bəndindən sonra aşağıdakı məzmunda altıncı bənd əlavə edilsin:
“yolkənarı xidmət və infrastruktur obyektlərinin sahiblərinə, digər maraqlı şəxslərə, habelə avtomobil yollarının istifadəçilərinə avtomobil yollarında planlaşdırılan yenidənqurma və təmir işləri, həmçinin onların müddətləri barədə məlumat verilməsi;”;
19.2. aşağıdakı məzmunda beşinci və altıncı hissələr əlavə edilsin:
“Ümumi istifadədə olan avtomobil yollarında yaşayış məntəqələrinin və digər obyektlərin yerləşməsi barədə məlumatverici-göstərici, habelə servis nişanları yol təsərrüfatı orqanları tərəfindən yerləşdirilir.
Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının, körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, idarə olunması, saxlanması, qorunması, cari, orta və əsaslı təmiri, yenidən qurulması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan dövlət müəssisəsi və onun tərkibində olan qurumların qeyd olunan işlərin görülməsi üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunduqda, həmin xüsusi razılıq (lisenziya) alınmış hesab edilir və yenidən alınması tələb olunmur.”;
20. 25-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“Maddə 25. Avtomobil yollarının vahid dövlət reyestri
Avtomobil yollarının vahid dövlət reyestri (bundan sonra – reyestr) mülkiyyət növündən və əhəmiyyətindən asılı olmayaraq, avtomobil yolları haqqında məlumatları əks etdirən dövlət informasiya ehtiyatıdır.
Reyestr avtomobil yollarının qeydiyyatı və uçotu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır və aparılır.
Reyestr kağız və elektron daşıyıcılarda aparılır. Kağız və elektron daşıyıcılarda olan məlumatlar arasında ziddiyyət olarsa, kağız daşıyıcıdakı məlumatlara üstünlük verilir.
Reyestrə hər bir avtomobil yolu haqqında aşağıdakı məlumatlar daxil edilir:
- avtomobil yolunun mülkiyyətçisi və sahibi;
- avtomobil yolunun adı, indeksi və uzunluğu;
- avtomobil yolunun xəritəsi;
- avtomobil yolunun və onun sahələrinin avtomobil yolları təsnifatına uyğunluğu;
- avtomobil yolunun faktiki vəziyyəti barədə məlumatlar;
- avtomobil yolunun tutduğu torpaq sahəsi, yol örtüyünün növü və vəziyyəti;
- yol nişanlarının dislokasiyası.
Avtomobil yolunun istismara verilməsi və ya avtomobil yolu haqqında bu maddədə göstərilən məlumatlarda dəyişiklik baş verdikdə, avtomobil yolunun sahibi 30 gün müddətində yeni məlumatların reyestrə daxil olunması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.
Dövlət və kommersiya sirri təşkil edən məlumatlar istisna olunmaqla, reyestrə daxil edilmiş məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən reyestrdən çıxarış şəklində “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməklə hər bir maraqlı şəxsə verilir.
Reyestrin yaradılması və aparılması, habelə reyestrə daxil edilmiş məlumatların verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;
21. 26-cı maddə üzrə:
21.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:
“Yolkənarı xidmət obyektləri”;
21.2. birinci hissə aşağıdakı redaksiyada verilsin:
“Yolkənarı xidmət obyektləri avtomobil yolları istifadəçilərinin ehtiyaclarını ödəmək, həmçinin avtomobil nəqliyyatı vasitələrinin hərəkətinə mane olmayan, yol hərəkəti təhlükəsizliyinin digər tələblərini, avtomobil yollarının təhlükəsiz istismarı, saxlanılması və qorunması qaydalarını pozmayan digər fəaliyyət növlərini yerinə yetirmək üçün təşkil edilir.”;
21.3. üçüncü hissədə “Yol xidməti” sözləri “Yolkənarı xidmət” sözləri ilə əvəz edilsin;
21.4. dördüncü hissədə “Yol servisi” sözləri “Yolkənarı xidmət” sözləri ilə əvəz edilsin;
21.5. dördüncü hissədən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilsin:
“Avtomobil yollarının qorunma (mühafizə) zolağı hüdudları daxilində yolkənarı xidmət obyektləri bu Qanunun 15-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla yerləşdirilir.
Yolkənarı xidmət obyektləri nəqliyyat vasitələrinin saxlanılması üçün meydançalara, duracaq yerləri və dayanacaqlara, həmçinin avtomobil yollarından onlara girişin təmin olunması məqsədilə giriş, çıxış və birləşmə yollarına malik olmalıdırlar.
Yolkənarı xidmət obyektlərinin giriş, çıxış və birləşmə yollarının, keçview_count-sürət zolaqlarının tikintisi, yenidən qurulması, saxlanılması, habelə onların lazımi sanitar vəziyyətinin təmin olunması həmin obyektlərin sahibləri tərəfindən yerinə yetirilir.
Yolkənarı xidmət obyektlərinin avtomobil yollarına birləşmələrin yenidən qurulması və təmiri avtomobil yolu sahibinin qeyd edilən işlərin görülməsi üçün verdiyi texniki şərtlər və tələblər əsasında yerinə yetirilir.”;
21.6. on birinci hissə ləğv edilsin;
22. 29-cu maddə üzrə:
22.1. üçüncü hissədə “yetirdikdə” sözündən sonra “, habelə iqlim şəraiti xeyli pisləşdikdə” sözləri əlavə edilsin;
22.2. on birinci hissədən sonra aşağıdakı məzmunda on ikinci hissə əlavə edilsin:
“Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara əsasən verilmiş xüsusi icazənin olduğu hallarda yol verilir.”;
22.3. on dördüncü hissə ləğv edilsin;
22.4. on beşinci hissənin ikinci cümləsi çıxarılsın;
22.5. on altıncı hissədə “Bu cür” sözləri “İriqabaritli və (və ya) ağırçəkili” sözləri ilə əvəz edilsin;
22.6. aşağıdakı məzmunda on yeddinci hissə əlavə edilsin:
“İriqabaritli və (və ya) ağırçəkili yükləri daşıyan nəqliyyat vasitələrinin hərəkəti üçün avtomobil yollarının vəziyyətinin qiymətləndirilməsi, avtomobil yollarının möhkəmləndirilməsi, həmçinin avtomobil yollarının, onların ayrı-ayrı hissələrinin, habelə avtomobil yolları ilə kəsişən mühəndisi kommunikasiyaların və qurğuların mühafizəsi üzrə xüsusi işlərin görülməsi tələb olunduqda, daşınmanın təşkilində maraqlı şəxslər avtomobil yollarının, mühəndisi kommunikasiyaların və qurğuların sahiblərinə xüsusi icazə almazdan əvvəl göstərilən qiymətləndirmənin aparılması və qeyd edilmiş digər işlərin görülməsi ilə bağlı bütün xərcləri ödəyirlər.”;
23. 33-cü maddə üzrə:
23.1. birinci hissə aşağıdakı redaksiyada verilsin:
“Avtomobil yollarının torpaq sahələrində sahibkarlıq və digər fəaliyyət növləri nəqliyyat vasitələrinin və piyadalarının hərəkətinə mane olmamalıdır.”;
23.2. ikinci hissənin birinci cümləsində “torpaq yatağı” sözləri “təhkim zolağının” sözləri ilə əvəz edilsin və ikinci cümləsi çıxarılsın;
23.3. ikinci hissədən sonra aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün qorunma (mühafizə) zolağında avtomobil yollarının sahibləri tərəfindən xüsusi yerlər ayrılır.”;
23.4. beşinci hissə aşağıdakı məzmunda verilsin:
“Qorunma (mühafizə) zolağında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslər avtomobil yollarının sahibləri ilə bağlanmış müqavilə əsasında və müqavilədən irəli gələn öhdəliyi yerinə yetirməklə həyata keçirirlər.”;
24. aşağıdakı məzmunda 34-1-ci maddə əlavə edilsin:
“Maddə 34-1. Avtomobil yollarından istifadə ilə bağlı yol verilməyən hallar
Avtomobil yollarında aşağıdakılar qadağandır:
- avtomobil yollarını korlayan konstruksiya elementləri olan, həmçinin tırtıllı nəqliyyat vasitələri ilə hərəkət etmək;
- xüsusi icazə olmadan iriqabaritli və (və ya) ağırçəkili yükləri avtomobil yolları ilə daşımaq, habelə nəqliyyat vasitələrini icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yükləmək;
- qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş yük nəqliyyat vasitələri ilə hərəkət etmək;
- avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolaqlarını, yol örtüyünü çirkləndirmək;
- avtomobil yollarına kanalizasiya, sənaye və çirkli suları, habelə avtomobil yollarının suaparıcı qurğularından suyu axıtmaq və ya tullantıların atılması üçün istifadə etmək;
- yolların hərəkət hissəsinə yanacaq-sürtkü materialları, kimyəvi maddələr, bitum və beton axıtmaq, habelə daş, çınqıl, qum və ot tökmək;
- yol hərəkətinin təhlükəsizliyinə mane olan şərait yaratmaq və yolların hərəkət hissəsində, habelə yolların, yol qurğularının tikintisi və təmiri ilə əlaqədar olmayan yükləri yükləmək və ya boşaltmaq;
- respublika əhəmiyyətli avtomobil yolları ilə yay və qış otlaqlarına mal-qara aparmaq, avtomobil yollarının torpaq sahələrində mal-qara otarmaq, habelə avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranı keçirmək;
- avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl etməmək;
- avtomobil yoluna və ya yolda yerləşdirən qurğulara müdaxilə etmək;
- müvafiq icra hakimiyyəti orqanı tərəfindən karxana avtomobillərinə aid edilmiş avtonəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə yüklə hərəkət edilməsi;
- yol örtüyünü və yolun mühəndisi konstruksiyasını zədələmək;
- avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaratmaq.”.
25. 39-cu maddənin beşinci hissəsində “yolyanı zolağı” sözləri “qorunma (mühafizə) zolağı” sözləri ilə əvəz edilsin;
26. aşağıdakı məzmunda 39-1-ci maddə əlavə edilsin:
“Maddə 39-1. Avtomobil yollarının istismardan çıxarılması
Aşağıda göstərilən hallarda avtomobil yollarının sahibləri avtomobil yolunun istismardan çıxarılması haqqında qərar qəbul etmək hüququna malikdir:
- avtomobil yolundan istifadə olunmadıqda;
- hər hansı yaşayış məntəqəsi digər daha rahat və təhlükəsiz alternativ avtomobil yolundan istifadə etmək imkanına malik olduqda.
Avtomobil yolunun istismardan çıxarılması haqqında qərar qəbul etdikdən sonra avtomobil yollarının sahibləri, bu qərar haqqında ətraflı məlumatın kütləvi informasiya vasitələrində yayımlanmasını təmin etməlidirlər.”.
27. aşağıdakı məzmunda V-I fəsil əlavə edilsin:
“Fəsil V-I Avtomobil yollarında təhlükəsizliyin təmin edilməsinin ümumi əsasları və şərtləri
Maddə 40-1. Avtomobil yollarının layihələndirilməsində
təhlükəsizliyə dair tələblər
Avtomobil yolları hərəkətin təhlükəsizliyinin təmin edilməsi, habelə sürət dəyişmələrinin və məhdudiyyətlərinin minimum səviyyəyə endirilməsi nəzərə alınmaqla layihələndirilir.
Avtomobil yollarının tikintisi və ya yenidən qurulması üzrə layihələr aşağıdakıları təmin etməlidir:
- nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti üçün hesabi sürəti;
- sürücülərin yolu aydın görməsini;
- piyadaların yolu rahat və təhlükəsiz keçmələrini;
- yol kəsişmələri və birləşmələrinin təhlükəsiz yerləşməsini;
- nəqliyyat vasitələrinin şinləri ilə yolun hərəkət hissəsi arasında zəruri ilişkənliyini;
- avtomobil yollarının abadlaşdırılmasını, o cümlədən qoruyucu yol qurğuları ilə təchizatını;
- avtomobil nəqliyyatı və yol xidmətləri üçün zəruri binaların və qurğuların tikilməsini.
İstehsalat bazaları, yol xidmətləri və avtomobil nəqliyyatı üçün binalar və qurğuların layihələndirilməsi zamanı ətraf mühitin (havanın, su və torpağın) normadan artıq çirklənməsinə yol verilməməlidir.
Tikinti layihəsinin sənədləri hazırlanarkən yolun və yol hərəkətinin insanlara, ətraf mühitə, tarixi-mədəni abidələrə, yolkənarı xidmət və infrastruktur obyektlərinə, habelə mənzərəyə birbaşa və dolayı təsiri qiymətləndirilməlidir.
Yaşıllıq zolaqlarının salınması hərəkət zamanı vizual görüntünü yaxşılaşdırmalı, hər hansı təhlükə yaratmamalıdır.
Yollar layihələndirilərkən, yol nişanlarının quraşdırılması yerləri və üsulları göstərilməklə, sxemlər tərtib edilməlidir.
Maddə 40-2. Avtomobil yollarının tikintisi, yenidən qurulması və
təmiri zamanı təhlükəsizlik tələbləri
Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı bu Qanunun, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və avtomobil yollarına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların müddəalarına riayət olunmalıdır.
Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı ətraf mühitin mühafizəsi üzrə tədbirlər görülməlidir.
Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı yaşıllıqların qorunması və bərpası təmin olunmalıdır.
Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı yol təsərrüfatı orqanlarının işçilərinin və yol hərəkəti iştirakçılarının təhlükəsizliyi təmin olunmalı və yol hərəkəti düzgün təşkil edilməlidir.
Mürəkkəb geoloji şəraitdə avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı torpaq yatağının sabitləşdirilməsi müddəti müəyyən edilmiş tikinti müddətindən əhəmiyyətli dərəcədə çox olduqda, suyun ötürülməsini və hərəkətin təhlükəsizliyini təmin etməklə yol geyiminin mərhələli salınmasına yol verilir.
Maddə 40-3. Avtomobil yollarının istismarı zamanı təhlükəsizlik tələbləri
Yolların vəziyyəti yol hərəkətinin təhlükəsizliyini və ətraf mühitin mühafizəsini təmin etməli və istismar yükləmələrinin dərəcəsinə uyğun olmalıdır.
Məlumatverici-göstərici nişanlar və işarələr hərəkətin təhlükəsizliyini təmin etməli və ”Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır.
Yol geyimi yolun istismarı zamanı regionun iqlim xüsusiyyətləri və nəqliyyat-istismar yükləmələri nəzərə alınmaqla, yolların təhlükəsizliyini təmin etməlidir.
Şəhər küçələrində və yaşayış məntəqələrində avtomobil yollarının hərəkət hissəsi, piyada səkilərinin və velosiped yollarının, minmə-düşmə meydançalarının, dayanacaq məntəqələrinin örtüyü, həmçinin ayırıcı zolaqların, çiyin və torpaq yataqlarının yamacı yol hərəkətinin təhlükəsizliyini təmin edəcək vəziyyətdə olmalıdır.
Yol örtüyü tələb olunan hesabi sürəti və hərəkətin təhlükəsizliyini təmin edən səthə malik olmalıdır.
Hərəkət hissəsinin səthində çökmələr, çalalar və nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirən digər zədələr olmamalıdır.
Avtomobil yollarında işlərin görüldüyü yerlərdə yol-nəqliyyat hadisələrinin və tıxacların qarşısının alınması üçün nişanlar və işarələr quraşdırılmalı, həmçinin sutkanın istənilən vaxtında işlərin görüldüyü yerin aydın görünməsi təmin olunmalıdır.
Yol hərəkətinin təşkilində istifadə olunan texniki nizamlama vasitələri (nişanlar, işarələr, istiqamətləndirici və çəpərləyici qurğular, işıqlandırma sistemləri, svetoforlar, hərəkəti avtomatik idarəetmə sistemləri) sutkanın istənilən vaxtında aydın görünməlidir.
Yol hərəkəti, habelə yolların təmiri və yenidən qurulması nəticəsində yaranan səs-küyün, vibrasiyaların, havanın və suyun çirkləndirilməsinin səviyyəsi texniki normalara və tələblərə uyğun olaraq müvafiq tədbirlərlə məhdudlaşdırılmalıdır.
Maddə 40-4. Yol-tikinti materiallarına dair tələblər
Yol tikinti materialları ətraf mühitin təsirinə qarşı dayanıqlı olmalı, onların tərkibindəki zərərli komponentlər və birləşmələr yol verilən normalardan artıq olmamalıdır.”;
28. 52-ci maddədə üçüncü hissədən sonra aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
“Avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbi və ya onun səbəblərindən birinin yolun texniki-istismar vəziyyəti ilə bağlılığı ehtimalı olduqda, hadisə müvafiq yol təsərrüfatı orqanlarının rəsmi nümayəndəsinin iştirakı ilə araşdırılmalıdır.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 may 2013-cü il.