Bakı və Sumqayıt şəhərlərinin, habelə respublikanın bir sıra şəhər və rayonlarının elektrik şəbəkələrinin fəaliyyətlərini sağlamlaşdırmaq, onların elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq, payız-qış mövsümündə əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə fasiləsiz təchizatını təmin etmək məqsədi iləqərara alıram:
1.Azərbaycan Respublikasının İqtisadi İnkişaf Naziliyi:
1.1. "Bakıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətlərinin fəaliyyətlərinin təmin edilməsi, onların xidmət göstərdikləri ərazilərdə istehlakçıların elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması və sərf olunmuş elektrik enerjisinin dəyərinin ödəniş səviyyəsinin artırılması ilə bağlı zəruri tədbirlər həyata keçirsin;
1.2. bu Sərəncamın 1.1-ci bəndində göstərilən tədbirlərin həyata keçirilməsi məqsədi ilə "Bakıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətlərinin yeni nizamnamələrini təsdiq edib dövlət qeydiyyatına alınmasını təmin etsin;
1.3. "Bakıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətlərinin idarə heyətlərinin və müşahidə şuralarının sədrlərini və üzvlərini təyin etsin;
1.4. "Bakıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətlərinin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin saxlanılmasını və onların idarə olunmasını təmin etsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
2.1. bir ay müddətində Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin və Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin iştirakı ilə "Bakıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətlərinin "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti ilə qarşılıqlı fəaliyyətlərinin tənzimlənməsi ilə bağlı təkliflərini baxılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 10 avqust 2006-cı il
1597
Azərbaycan qəzetində dərc edilmişdir (11 avqust 2006-cı il, 178)
Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (31 avqust 2006-cı il, 8, maddə 696) .