“Azərişıq” ASC qoyulan hədəflərə çatmaq üçün bütün gücünü səfərbər edib
Məqsədyönlü enerji siyasəti hər bir dövlətin milli təhlükəsizliyinin təmin edilməsində çox mühüm əhəmiyyətə malikdir. ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın energetika kompleksinin, o cümlədən elektrik enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirərək, bu sahədə misilsiz quruculuq işləri həyata keçirib.
Ümummili liderin 1993-cü ildə xalqın istək və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkədə bütün sahələrdə əsaslı islahatların aparılmasına başlandı. Azərbaycanın enerji sektorunun inkişafına, enerji təhlükəsizliyinə böyük önəm verən ulu öndərin diqqət və qayğısı sayəsində respublikamızın, o cümlədən Bakı şəhərinin elektrik şəbəkəsinin genişləndirilməsi və yenidən qurulması prioritet məsələyə çevrildi. Bu səbəbdən də Azərbaycanda müstəqil enerji sisteminin formalaşması, dövlətin enerji təhlükəsizliyinin təmin olunması ulu öndərin adı ilə bağlıdır.
Avropanın ən etibarlı enerji təminatçısı
Dahi şəxsiyyətin müəyyənləşdirdiyi strateji kursu bu gün uğurla həyata keçirən Prezident İlham Əliyevin respublikamızın enerji təhlükəsizliyinin təminatındakı xidmətləri isə göz önündədir. Müstəqilliyinin bərpasının 26-cı ildönümünü qeyd edən Azərbaycan bu gün Avropanın ən etibarlı enerji təminatçısıdır. Bütün bunlar isə dövlət başçısının gərgin əməyi, uzaqgörən, məqsədyönlü siyasəti sayəsində reallaşıb.
Dövlət başçısının daimi diqqəti və yorulmaz fəaliyyəti sayəsində ölkəmizin elektroenergetika sistemi daha da inkişaf etdirilərək beynəlxalq standartlara uyğun yenidən qurulub. Bu sahədə beynəlxalq standartlara uyğun qanunvericilik bazası formalaşdırılmışdır ki, bu da ölkədə enerji sisteminin müasir tələblər səviyyəsində inkişafına təkan verir. Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə energetikanın maddi-texniki bazası möhkəmləndirilib, xeyli sayda modul tipli elektrik stansiyaları istifadəyə verilib, mövcud elektrik stansiyalarının modernləşdirilməsi prosesi geniş vüsət alıb. Bununla da əhalinin elektrik enerjisi ilə təmin olunmasında ciddi nailiyyətlər qazanılıb. Bu gün Azərbaycanın ən ucqar dağ kəndlərinə çəkilən elektrik xətlərinin hər bir evə nur paylaması deyilənlərin təsdiqidir.
Bir sözlə, Prezident İlham Əliyevin reallaşdırdığı “İşıqlı Azərbaycan” layihəsi uğurla gerçəkləşir.
Azərbaycan energetiklərinə göstərilən yüksək etimad
Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı həyatımızın bütün sahələrində, o cümlədən elektroenergetika sisteminin inkişafında öz əksini tapıb. Ölkədə həyata keçirilən islahatlar elektrik təchizatı ilə bağlı müasir infrastrukturun yaradılması istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına gətirib çıxarıb. Təbii ki, bu uğurların əldə olunmasında Azərbaycan energetiklərinin də böyük xidmətləri var. Bunu nəzərə alan Prezident İlham Əliyev 2004-cü il oktyabrın 13-də sərəncam imzalayaraq hər ilin oktyabr ayının 20-sinin ölkəmizdə Energetiklər Günü kimi qeyd edilməsini təsdiqləmişdir. Bu, Azərbaycan energetiklərinə göstərilən yüksək etimad, böyük qayğı idi. Bu, həm də energetiklərin üzərinə düşən vəzifələrin daha məsuliyyətlə icrası üçün verilmiş töhfə idi. Dövlət başçısı ümumən energetiklərin qarşısında duran vəzifələri vurğulayarkən demişdir: “Vəzifələr aydındır: əhalini elektrik enerjisi ilə fasiləsiz təmin etmək, energetika sistemini - həm istehsal edən sistemi, həm də paylayıcı sistemi müasirləşdirməkdir ki, Azərbaycanda ən müasir standartlara cavab verən energetika sistemi yaransın”.
Fasiləsiz, keyfiyyətli və dayanıqlı elektrik enerjisi
Son illər Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni inkişaf konsepsiyası ölkəmizin enerji sektorunda da islahatların həyata keçirilməsinə start verdi.
Dövlət başçısının müasir tarixi şəraitə uyğun olaraq, yaradıcılıqla davam etdirdiyi məqsədyönlü və çevik sosial-iqtisadi islahatlar ölkəmizdə köklü dəyişikliklərə səbəb olmuşdur. Həyatımızın bütün sahələrini əhatə edən quruculuq və abadlıq işləri respublikamızın hər yerində güclü inkişafa şərait yaratmış, Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarmış, bölgədə lider dövlətə çevirmişdir.
Dövlət başçısının elektroenergetika sahəsində müəyyən etdiyi uğurlu strategiyanın davamı olaraq 2015-ci ilin 10 fevral tarixində yaradılan “Azərişıq” ASC ölkənin fasiləsiz, keyfiyyətli və dayanıqlı elekrtik enerjisi ilə təchiz edilməsi üçün ardıcıl olaraq yenidənqurma, təmir və bərpa işləri aparmaqdadır. İstismar müddəti bitmiş və sıradan çıxmış avadanlıqlar texniki baxımdan daha güclü və keyfiyyətliləri ilə əvəz olunur, yeni yarımstansiyalar tikilir, komplekt transformator məntəqələri quraşdırılır və kabel xətləri çəkilir. Bütün bunlar inkişaf etməkdə olan Azərbaycanın qabaqcıl ölkələr sırasında olması və əhalinin rahatlığı üçün həyata keçirilir. Son 14 ildə tikilən müasir elektrik stansiyaları sayəsində isə Azərbaycan daxili enerji tələbatını tam yerli istehsal hesabına ödəməyə nail olub.
Son 11 ildə əldə edilən nailiyyətlər
Ölkədə həyata keçirilən islahatlar elektrik təchizatı ilə bağlı müasir infrastrukturun yaradılması istiqamətində mühüm nailiyyətlərin əldə olunması üçün əlverişli şərait yaradıb. Azərbaycanın müstəqil enerji infrastrukturunun formalaşdırılması, xaricdən enerji asılılığının aradan qaldırılması istiqamətində bir sıra zəruri tədbirlər həyata keçirilmişdir.
Ümumilikdə, ötən 10 ildə “Azərişıq”ın balansındakı paylayıcı elektrik şəbəkələrində 40 ədəd 110 kV-luq yarımstansiya tikilib. Yeni 35 kV yarımstansiyaların sayı isə 141-ə çatır. 2006-2017-ci illərdə 4894 transformator və komplekt transformator məntəqəsi inşa olunub. 577514 dayaq quraşdırılıb, 45818 kilometr uzunluğunda hava və kabel xətti çəkilib. Quraşdırılan yeni tipli elektron sayğacların sayı 1621871-ə çatır.
Silsilə və kompleks tədbirlər hesabına “Azərişıq”ın regional elektrik şəbəkələrində texniki itkilər 2017-ci ilin 9 ayının yekununa görə 9,9 faizə endirilib.
Respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü “Azərişıq” ASC-nin yarandığı 2015-ci ilin əvvəlindəki 9500 meqavoltamperdən 2017-ci ilin sonuna bu göstərici 11900 meqavoltamperə çatdırılacaq.
Faydalı elektrik enerjisinə görə yığım respublika üzrə 87 faiz, Bakı şəhəri üzrə isə 98,3 faiz təşkil edir. Əgər işçilərin orta aylıq əməkhaqları 2006-cı ildə 340 manat idisə, 2016-cı ildə bu göstərici 625 manata yüksəlib. Vergi öhdəlikləri də tamamilə yerinə yetirilir.
Bakıda və regionlarda görülmüş işlər
Son illərdə Bakı şəhərinin elektrik enerjisinə olan tələbatı illər üzrə 3-4 faiz artımla müşayiət olunduğundan 2025-ci ilədək paytaxtın elektrik enerjisinə olan güc ehtiyacı 3000 MVt sərf olunacaq elektrik enerjisinin miqdarı 12-13 mlrd kVt*saat olması gözlənilir. Aparılan təhlillər göstərir ki, Bakı şəhərinin və şəhərətrafı ərazilərin inkişaf sürəti və istehlakçıların elektrik enerjisinə olan tələbatının artım dinamikası şəbəkənin texniki imkanlarından daha yüksəkdir. Şəbəkənin aktivlərinin uzun müddət ərzində istismarda olması, onların fiziki və mənəvi cəhətdən aşınma səviyyəsinin yüksək olması, ələlxüsus son illərdə paytaxtda şəhərsalmanın böyük vüsət alması nəticəsində güc artımının yüksək həddə çatması bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri edir. Bakı şəhərinin inkişafı ilə bağlı sənaye, istehsal, kommunal və məişət sahələrində elektrik enerjisinə olan tələbatının artım dinamikası şəbəkənin texniki imkanlarından daha yüksəkdir. Bu isə şəhərin yaşayış və inzibati rayonlarında, sənaye zonalarında elektrik yüklərinin kəskin artmasına səbəb olmuşdur.
Bakı şəhərinin elektrik şəbəkələrində irimiqyaslı yenidənqurma işləri aparılmaqla yeni güc mərkəzləri yaradılmış, elektrik enerjisi itkilərinin azaldılması, enerji haqlarının vaxtında və tam şəkildə yığılması üçün təşkilati və texniki islahatlar aparılmış, beynəlxalq standartlara uyğun 110 və 35 kV-luq dairəvi elektrik təchizatı sxemləri yaradılmış, yeni 110;35;10;6 və 0,4 kV-luq elektrik şəbəkələri infrastrukturu yaradılmışdır.
Beləliklə, Bakı şəhərinin paylayıcı elektrik şəbəkəsinin normalara uyğun istismarının təşkili, qorunub saxlanılması, gözlənilən inkişafa uyğun artan elektrik güclərinin qarşılanması üçün lazımi texniki tədbirlərin, yəni mövcud köhnəlmiş şəbəkənin yenilənməsi, genişləndirilməsi, yeni güc mərkəzlərinin, 110 və 35 kV-luq dairəvi elektrik təchizat sxemlərin yaradılması, qəza hallarında operativliyin yüksəlməsi və dayanıqlı elektrik enerjisi təminatının yaradılması üçün 22 ədəd 110 kV-luq, 77 ədəd 35 kV-luq, 1974 ədəd 10-6 kV-luq YS inşa edilmiş, 28093 km müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilmiş, 239532 ədəd dayaq quraşdırılmışdır.
Respublika rayonlarında keçən əsrin 50-60-cı illərindən tikilib istismara verilmiş paylayıcı elektrik şəbəkələrinin 85 faizi öz istismar müddətini başa vurduğundan regionlarda şəbəkələrin əlaqələndirilməsi radial sxem üzrə yerinə yetirilir ki, bu da elektrik təchizatının dayanıqlığını və etibarlığını təmin etmir. Bu istiqamətdə “Azərişıq” ASC tərəfindən regionlarda 18 ədəd 110 kV-luq, 64 ədəd 35 kV-luq, 2920 ədəd 10-6 kV-luq YS inşa edilmiş, 17725 km müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilmiş, 337982 ədəd dayaq quraşdırılmışdır.
Bu ilin avqust ayında Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilən Şəmkir avtomatik idarəetmə və nəzarət mərkəzinin fəaliyyətə başlaması ilə “Azərişıq” ASC bir ilkə imza atdı. Çünki bu, respublikada ilk dəfə aşağı gərginlikli 10/0,4 kV-luq şəbəkənin avtomatik idarəetmə və nəzarət sistemi layihəsi idi. Bu layihənin icrası ilə alçaq gərginlikli və yüksək gərginlikli şəbəkələrdə fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin təmin edilməsi, sərfiyyat göstəricilərinin real vaxt rejimində monitorinqi, abonent məmnunluğunun təmin olunması məqsədilə fasiləsiz elektrik enerjisinin parametrlərinə nəzarətin təşkili, 10 və 0,4 kV-luq elektrik şəbəkələrində açma-qoşmaların real vaxt rejimində qeydiyyatının aparılması mümkün olacaq. Bundan başqa, sayğacların göstəricilərinin on-line rejimdə oxunması təmin ediləcək, insan amili aradan qaldırılacaq, qəzaların qarşısı alınacaq.
“Elektron xəritə” ilə elektrik enerjisi təchizatı bir gündə həll edilir
Əhali və qeyri-əhali istehlakçı qrupuna aid sifarişçilərin enerji təchizatı şəbəkəsinə qoşulması və sayğacların quraşdırılması “Azərişıq” ASC-nin yeni elektron xəritə sistemi vasitəsi ilə həyata keçirilir.
Bundan başqa, “Azərişıq” ASC ilə “ASAN xidmət” mərkəzlərinin birgə fəaliyyəti ilə vətəndaşlara göstərilən xidmətdə mütəmadi yeniliklər edilir. Belə yeniliklərdən biri də Səyyar “ASAN Kommunal Xidmət” vasitəsidir. Evinə, bağına və ya tikinti obyektinə işıq çəkdirmək istəyən vətəndaş Səyyar “ASAN Kommunal Xidmət”ə sənədlərini təqdim edir. Qeyd olunan obyekt elektron xəritənin məlumat bazasında müəyyən edilir və şəbəkəyə qoşulması üçün məsafə, lazım olan mal-material, işin həcmi və görüləcək işlərin dəyəri müəyyənləşdirilir. Sifarişçi tərəfindən görüləcək işlərin dəyəri ödənildikdən sonra “Azərişıq” ASC-nin əməkdaşları operativ göstərilən ünvana yollanır, vətəndaşın obyektinə elektrik enerji xətti çəkilir, abonent üçün sayğac quraşdırılır.
Əvvəllər müraciətləri qeydə almaq, araşdırmaq, baxış keçirmək, məsafəni ölçmək, hesablamaq, qoşulma ilə bağlı xərclər, elektrik xəttini çəkmək və elektrik sayğacı quraşdırmaq üçün 10 gün vaxt lazım olurdusa, indi bir iş günü ərzində həllini tapır, şəffaflıq tam təmin olunur.
Qeyd edək ki, “ASAN xidmət”lə “Azərişıq” ASC-nin birgə göstərdiyi xidmətlər təkcə abonentlərin enerji təchizatı şəbəkəsinə qoşulması prosesi ilə yekunlaşmır. Eyni zamanda abonentlərin elektrik enerjisinə ödənişlərinin (borclarının) araşdırılması, əhali və qeyri-əhali istehlakçısının ad dəyişməsi, üzləşmə aktlarının təqdim olunması, abonentin geniş tarixçəsinin verilməsi, smart kartların bərpası və yenilənməsi və s. xidmətlər göstərilir. Bütün bu müraciətlər “bir pəncərə” prinsipi əsasında təmin olunur.
Strateji Yol Xəritəsi - həyata keçiriləcək tədbirlər və əldə olunacaq nəticələr
Dövlət başçısının həyata keçirdiyi yeni inkişaf konsepsiyasına uyğun olaraq hazırlanan “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” 2020-ci ilədək strateji baxışı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əhatə edir.
Strateji məqsəd kimi tam şaxələndirilmiş və fasiləsiz ekoloji təmiz elektrik enerjisi istehsalının təmin edilməsi, beynəlxalq göstəricilərə uyğun səmərəlilik və keyfiyyət standartlarının yaradılması, elektrik enerjisi sahəsində məqsədləri reallaşdırmaq üçün əsas hərəkətverici mexanizmlərin işə salınması müəyyənləşdirilmişdir. Hər bir strateji hədəf üzrə həyata keçiriləcək tədbirlər müəyyənləşdirilmiş və onların həyata keçirilməsi ilə əldə olunacaq nəticələr proqnozlaşdırılmışdır.
Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsində “Azərişıq” ASC-yə aid 3 strateji hədəf, 3 prioritet istiqaməti əhatə edən 11 tədbir üzrə müvafiq işlər yerinə yetirilib.
“Azərişıq” ASC tərəfindən 2025-ci ilədək respublika üzrə elektrik enerjisinə olan tələbatın proqnoz göstəricilərinə dair məlumatlar hazırlanaraq, “Azərenerji” ASC ilə razılaşdırılmış, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 2030-cu ilə qədər tikintisi nəzərdə tutulan obyektlərin elektrik enerjisinə olan tələbatın proqnoz göstəriciləri hazırlanaraq Energetika Nazirliyinin işçi qrupuna təqdim edilmişdir.
Tədbirlərin yerinə yetirilməsi məqsədilə Nazirlər Kabinetinin 11 aprel 2016-cı il tarixli 207 S saylı sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının şəhər və rayonlarında paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması və inkişaf etdirilməsi üzrə 2016-2025-ci illər üçün Tədbirlər Planı (Master Plan)” çərçivəsində istehlakçıların keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərişıq” ASC tərəfindən paylayıcı elektrik şəbəkələrində 2017-ci ilin yanvar-sentyabr aylarında irimiqyaslı təmir, yenidənqurma və tikinti işləri aparılmışdır.
Bir sözlə, respublikanın bütün istehlakçılarının fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində “Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlər davam etdirilməkdədir
Prezident İlham Əliyevin düzgün müəyyənləşdirdiyi strateji hədəflər, düşünülmüş strategiya ilə elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilən Azərbaycan davamlı inkişafı ilə regionun lider dövləti statusuna sahib çıxıb. Dünya birliyinin etibarlı tərəfdaşı olan ölkəmizin adının inkişaf etməkdə olan dövlətlər sırasında çəkilməsi qürurvericidir.
Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin “İşıqlı Azərbaycan” layihəsi Azərbaycanı işıqlı gələcəyə aparır.
Baba RZAYEV,
“Azərişıq” ASC-nin Sədri