Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikasında Dövlət məhkəmə ekspertizası fəaliyyətinin (bundan sonra—məhkəmə ekspertizası fəaliyyəti) hüquqi, təşkilati əsaslarını və başlıca istiqamətlərini müəyyən edir, məhkəmə ekspertizasının təşkili və aparılması zamanı yaranan ictimai münasibətləri nizamlayır.

Məhkəmə ekspertizası Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyətinə aid olan mülki, cinayət və digər işlər üzrə icraat zamanı həyata keçirilir.

I fəsil. Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:

  • məhkəmə ekspertizası—təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır;
  • məhkəmə ekspertizası fəaliyyəti—məhkəmə ekspertizasının təşkil edilməsi və aparılması ilə əlaqədar fəaliyyət olub, xüsusi elmi biliklər vasitəsilə proses iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi məqsədini daşıyır;
  • məhkəmə eksperti (ekspert)—məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir;
  • ekspertin rəyi—məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir;
  • məhkəmə ekspertizasının predmeti—məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsidir;
  • məhkəmə ekspertizası idarəsi—məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanıdır.

Maddə 2. Məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunvericilik

Məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Cinayət-prosessual və Mülki-prosessual Məcəllələrindən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindən, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

Maddə 3. Məhkəmə ekspertizası fəaliyyətinin vəzifəsi

Məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir.

Maddə 4. Məhkəmə ekspertizası fəaliyyətinin prinsipləri

Məhkəmə ekspertizası fəaliyyəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanır.

Maddə 5. Məhkəmə ekspertizası aparılarkən insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl olunması

Məhkəmə ekspertizası aparılarkən insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl olunmalıdır.

Məhkəmə ekspertizası fəaliyyəti nəticəsində hüquqlarının və azadlıqlarının pozulduğunu hesab edən şəxs, bu hərəkətdən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə ekspertizası idarəsinin rəhbərinə və ya məhkəməyə şikayət edə bilər.

Maddə 6. Ekspertin müstəqilliyi

Məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir.

Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır.

Ekspertə təsir göstərilməsində təqsirkar olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

Maddə 7. Tədqiqatın obyektivliyi, hərtərəfliliyi və tamlığı

Ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır.

Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır.

Maddə 8. Ekspert tədqiqatının obyektləri

Ekspert tədqiqatının obyektləri maddi sübutlar, sənədlər, müqayisəli tədqiqat üçün nümunələr, əşyalar, canlı insan və onun psixi vəziyyəti, heyvanlar, meyitlər və onların hissələri, həmçinin əsasında məhkəmə ekspertizası aparılması üçün zəruri olan iş materiallarıdır.

Canlı insanın, meyitin, heyvanın, əşyanın, cismin, materialın və ya maddənin xüsusiyyətlərini əks etdirən (əlamətlərini daşıyan) obyektlər, həmçinin ekspertin tədqiqat aparması və rəy verməsi üçün zəruri olan digər nümunələr müqayisəli tədqiqat üçün nümunələr hesab edilir.

Məhkəmə ekspertizası aparılarkən tədqiqat obyektləri ekspertizanı təyin etmiş orqanın və ya şəxsin müvafiq razılığı əsasında yalnız tədqiqat aparılması və rəy verilməsi üçün zəruri olan ölçüdə zədələnə və ya istifadə oluna bilər. Həmin razılıq məhkəmə ekspertizasının təyin edilməsi barədə qərarda (qərardadda) və yaxud müvafiq məktubda göstərilməlidir.

Tədqiqat obyektini məhkəmə ekspertizası idarəsinə gətirmək mümkün olmadıqda, hadisə yerində və ya tədqiqat obyektinin olduğu yerdə tədqiqat aparılması zərurəti yarandıqda, ekspertizanı təyin etmiş orqan və ya şəxs obyekt üzərində ekspert tərəfindən tədqiqatın aparılması üçün şərait yaratmalıdır.

Məhkəmə ekspertizası başa çatdırıldıqdan sonra tədqiqat obyekti ekspertizanı təyin etmiş orqana və ya şəxsə qaytarılmalıdır.

II fəsil. Məhkəmə ekspertizası idarəsi rəhbərinin və ekspertin hüquqları və vəzifələri

Maddə 9. Məhkəmə ekspertizası idarəsi rəhbərinin hüquqları

Məhkəmə ekspertizası idarəsinin rəhbəri məhkəmə ekspertizası təyin olunması haqqında qərarı (qərardadı) aldıqdan sonra onun təşkil edilməsi və aparılması, ekspertin məhkəmə iclaslarında, istintaq və məhkəmə hərəkətlərində iştirakının təmin olunması üzrə müvafiq tədbirlər görür.

Məhkəmə ekspertizası idarəsinin rəhbərinin aşağıdakı hüquqları vardır:

  • idarədə konkret ixtisas üzrə ekspert, zəruri maddi-texniki baza və yaxud tədqiqat aparılması üçün xüsusi şərait olmadıqda məhkəmə ekspertizası təyin olunması barədə qərarı (qərardadı) icra edilmədən tədqiqata təqdim edilmiş obyekt və işin materialları ilə birlikdə geri qaytarmaq;
  • rəy verilməsi üçün bu idarənin əməkdaşı olmayan şəxslərin zəruri biliyinə ehtiyac yarandıqda, onların ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldırmaq;
  • məhkəmə ekspertizasının təyin olunması haqqında qərarda (qərardadda) göstərilmiş digər idarələrin iştirakı ilə məhkəmə ekspertizası aparılmasını təşkil etmək.

Məhkəmə ekspertizası idarəsinin rəhbərinə aşağıdakıları etmək qadağandır:

  • məhkəmə ekspertizasının təyin edilməsi haqqında qərar (qərardad) olmadıqda, məhkəmə ekspertizasının aparılması üçün zəruri olan tədqiqat obyektlərini və iş üzrə materialları tələb etmək;
  • məhkəmə ekspertizasını təyin etmiş orqanla və ya şəxslə razılaşdırmadan müstəqil olaraq bu idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək;
  • ekspertlə konkret məhkəmə ekspertizası üzrə tədqiqatın gedişatına təsir edən və onun nəticələrinin məzmununu müəyyən edən göstərişlər vermək.

Maddə 10. Məhkəmə ekspertizası idarəsi rəhbərinin vəzifələri

Məhkəmə ekspertizası idarəsinin rəhbərinin aşağıdakı vəzifələri vardır:

  • məhkəmə ekspertizasının təyin olunması barədə qərarı (qərardadı) aldıqdan sonra həmin idarənin ekspertləri sırasından zəruri biliyə malik olan və qoyulmuş suallara cavab verə bilən konkret ekspertə və ya ekspertlərə ekspertizanın aparılması haqqında tapşırıq vermək;
  • ekspertə (ekspertlərə) onların hüquq və vəzifələrini izah etmək;
  • eksperti bilə-bilə yalan rəy verməyə görə məsuliyyət haqqında xəbərdar etmək və bu barədə ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertin imzası ilə təsdiq edilən müvafiq qeyd aparmaq;
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə ekspertizasının aparılması müddətini müəyyən etmək və onun gözlənilməsinə nəzarət etmək;
  • aparılan tədqiqatların tamlığı və keyfiyyəti üzərində nəzarəti ekspertin müstəqilliyi prinsipinə əməl olunmaqla təmin etmək;
  • tədqiqatlar başa çatdırıldıqdan sonra ekspertin rəyini, tədqiqat obyektlərini və iş üzrə materialların məhkəmə ekspertizasını təyin etmiş orqana və ya şəxsə göndərilməsini təmin etmək.

Məhkəmə ekspertizası idarəsi rəhbəri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri də həyata keçirir.

Məhkəmə ekspertizası idarəsinin rəhbəri tədqiqat aparılması üçün zəruri olan aşağıdakı şəraiti yaratmağa borcludur:

  • avadanlıqlar, cihazlar, materiallar və informasiya təminatı vasitələrini əldə etmək;
  • texniki təhlükəsizlik və istehsalat sanitariyası qaydalarına əməl olunmasını təmin etmək;
  • təqdim edilmiş tədqiqat obyektlərini və iş üzrə materialların qorunub saxlanmasını təmin etmək.

Maddə 11. Ekspert

Ali təhsili olan, müəyyən ekspertiza ixtisası üzrə müvafiq peşə hazırlığı keçmiş Azərbaycan Respublikasının vətəndaşı ekspert ola bilər.

İxtisaslaşmasından və hazırlıq səviyyəsindən asılı olaraq ekspertlərə ixtisas dərəcəsi verilir.

Attestasiyanın keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Tutduğu vəzifə, peşə qabiliyyəti və əmək stajı nəzərə alınmaqla məhkəmə ekspertizası idarəsinin ekspertlərinə tabeliyində olduqları müvafiq icra hakimiyyəti orqanlarının işçiləri üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi rütbələr verilir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarəsinin ekspertlərinə «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilir.

Maddə 12. Ekspertin hüquqları

Ekspertin aşağıdakı hüquqları vardır:

  • məhkəmə ekspertizasının predmetinə aid olan iş üzrə materiallarla tanış olmaq, onlardan lazımi məlumat götürmək və ya onların surətini çıxarmaq;
  • rəy verilməsi üçün zəruri olan əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim olunması barədə vəsatət vermək;
  • məhkəmə ekspertizasının aparılmasına başqa ekspertlərin cəlb olunması haqqında vəsatət vermək;
  • qanunvericiliklə nəzərdə tutulmuş qaydada ekspertizanın predmetinə aid və rəy verilməsi üçün zəruri olan istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında iştirak etmək;
  • məhkəmənin qərardadı (hakimin qərarı) ilə məhkəmə istintaqı mərhələsində işin materiallarının tədqiqində iştirak etmək;
  • verdiyi rəyin və ya ifadənin proses iştirakçıları tərəfindən düzgün izah edilməməsi və yaxud təhrif edilməsi barədə istintaq hərəkətləri və ya məhkəmə iclasının protokoluna daxil edilməsi üçün məlumat vermək;
  • qoyulmuş suallardan əlavə məhkəmə ekspertizasının predmetinə aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları da öz rəyində göstərmək;
  • məhkəmə ekspertizasını təyin etmiş orqan və ya şəxsin hərəkəti ekspertin hüquqlarını pozduqda qanunla müəyyən edilmiş qaydada şikayət etmək.

Ekspert Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqları da həyata keçirə bilər.

Ekspert məhkəmə ekspertizasının aparılmasından aşağıdakı hallarda imtina edə bilər:

  • məhkəmə ekspertizasının təyin edilməsinin prosessual qaydası pozulduqda və bu, ekspertizanın aparılmasını çətinləşdirdikdə və ya onun aparılmasını qeyri-mümkün etdikdə;
  • verilən suallar ekspertin zəruri biliyindən kənara çıxdıqda;
  • tədqiqat obyektləri və iş üzrə materiallar rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda və onların tamamlanması barədə ekspertin vəsatəti təmin edilmədikdə;
  • tədqiqat aparılması və rəy verilməsi üçün zəruri olan şərait, metodik vəsait və avadanlıqlar olmadıqda;
  • ekspertin həyatı və sağlamlığı üçün real təhlükə mövcud olduqda.

Belə hallarda ekspert bu barədə məhkəmə ekspertizasını təyin etmiş orqana və ya şəxsə yazılı formada məlumat verir.

Ekspertə aşağıdakıları etmək qadağandır:

  • məhkəmə ekspertizası idarəsinin rəhbərindən başqa hər hansı şəxsdən və ya orqandan məhkəmə ekspertizasının aparılması haqqında tapşırıq almaq;
  • başqa idarənin əməkdaşı qismində, həmçinin özəl ekspert kimi məhkəmə ekspertizası fəaliyyətini həyata keçirmək;
  • məhkəmə ekspertizasının aparılması ilə bağlı işin gedişatında maraqlı olduğunu güman etməyə əsas verən proses iştirakçıları ilə şəxsi əlaqələr yaratmaq;
  • məhkəmə ekspertizasını aparmaq üçün müstəqil olaraq material toplamaq;
  • təhqiqat aparan şəxsin, müstəntiqin və ya prokurorun icazəsi olmadan təhqiqat və ibtidai istintaqın məlumatlarını yaymaq;
  • dövlət, qulluq, peşə və kommersiya sirri təşkil edən və qanunla qorunan məlumatları, habelə məhkəmə ekspertizasının aparılması ilə əlaqədar ona məlum olan və açıqlanması insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulmasına səbəb ola bilən məlumatları yaymaq;
  • məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin razılığı olmadan tədqiqat obyektini məhv etmək və ya onun xassəsini əhəmiyyətli dərəcədə dəyişdirmək.

Maddə 13. Ekspertin vəzifələri

Ekspertin aşağıdakı vəzifələri vardır:

  • Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda, məhkəmə ekspertizasının aparılmasından özü-özünə etirazetmə haqqında məhkəmə ekspertizasını təyin etmiş orqan və ya şəxsə, yaxud məhkəmə ekspertizası idarəsinin rəhbərinə məlumat vermək;
  • məhkəmə ekspertizasının aparılmasında ekspert kimi iştirakını rədd edən hallar olmadıqda, ona tapşırılmış məhkəmə ekspertizasını aparmaq;
  • təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək;
  • təhqiqat aparan şəxsin, müstəntiqin, prokurorun və ya məhkəmənin (hakimin) çağrışı üzrə gəlmək;
  • aparılmış tədqiqat və verilmiş rəylə əlaqədar məsələlər üzrə təhqiqat, ibtidai istintaq zamanı və ya məhkəmədə ifadə vermək;
  • məhkəmə ekspertizasının aparılmasından imtina etməyə əsas verən bu Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda rəy verməyin qeyri-mümkünlüyü barədə yazılı formada təhqiqat aparan şəxsə, müstəntiqə və ya məhkəməyə (hakimə) məlumat vermək;
  • təqdim edilmiş tədqiqat obyektlərinin və iş üzrə materialların qorunub saxlanılmasını təmin etmək.

Ekspert Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri də həyata keçirir.

Maddə 14. Ekspertin dindirilməsi

Ekspertin rəyi kifayət qədər aydın olmadıqda və ya həmin rəydə əlavə tədqiqatlar aparılmasını tələb etməyən boşluqlar olduqda, habelə rəydə istifadə olunmuş terminlərin və tətbiq edilən metodların dəqiqləşdirilməsinə zərurət yarandıqda təhqiqat aparan şəxs, müstəntiq və ya məhkəmə (hakim) Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə uyğun olaraq eksperti dindirə bilər.

Barəsində məhkəmə ekspertizası aparılan şəxsə dair həmin məhkəmə ekspertizasının predmetinə aid olmayan məlumatlarla əlaqədar ekspert dindirilə bilməz.

Ekspert tərəfindən rəy verilənədək onun dindirilməsi qadağandır.

III fəsil. Məhkəmə ekspertizasının növləri və onun aparılması

Maddə 15. Məhkəmə ekspertizasının növləri

Məhkəmə ekspertizası aşağıdakı növlərdən ibarətdir:

1) ilkin məhkəmə ekspertizası;

2) əlavə məhkəmə ekspertizası;

3) təkrar məhkəmə ekspertizası;

4) komission məhkəmə ekspertizası;

5) kompleks məhkəmə ekspertizası.

Maddə 16. İlkin məhkəmə ekspertizası

İş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edildikdə, həmin məsələnin aydınlaşdırılması məqsədilə birinci dəfə təyin edilən ekspertiza ilkin məhkəmə ekspertizası adlanır.

Maddə 17. Əlavə məhkəmə ekspertizası

İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.

Maddə 18. Təkrar məhkəmə ekspertizası

Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda, təkrar ekspertiza aparılır. Təkrar ekspertizanın aparılması başqa ekspertə və ya ekspertlərə tapşırılır. Əvvəlki ekspertizanı aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən, onlar iştirak etmirlər.

Təkrar ekspertizanın aparılması haqqında qərarda əvvəlki ekspertizaların nəticələri ilə razı olmamağın motivləri göstərilməlidir. Təkrar ekspertiza təyin edilərkən ekspert qarşısında əvvəllər tətbiq edilmiş tədqiqat üsullarının elmi əsaslılığı barədə sual qoyula bilər.

Ekspertlər arasında fikir ayrılığı olduqda hər bir ekspert buna səbəb olan məsələ barəsində yazılı formada öz rəyini ayrıca tərtib edir.

Maddə 19. Komission məhkəmə ekspertizası

Komission məhkəmə ekspertizası eyni ixtisas üzrə sayı iki nəfərdən az olmayan ekspertlər tərəfindən aparılır.

Məhkəmə ekspertizasının komission xarakteri onu təyin etmiş orqan və ya şəxs, yaxud məhkəmə ekspertizası idarəsinin rəhbəri tərəfindən müəyyən edilir.

Komission məhkəmə ekspertizasının təşkil edilməsi və aparılması onu təyin etmiş orqan və ya şəxs tərəfindən məhkəmə ekspertizası idarəsinin rəhbərinə həvalə edilir.

Verilən sualların həll edilməsi zərurəti nəzərə alınaraq ekspertlər qarşıda duran tədqiqatın ardıcıllığını və həcmini razılaşdırırlar.

Komissiya tərkibində məhkəmə ekspertizasının aparılması həvalə edilmiş hər bir ekspert müstəqildir və sərbəst olaraq özünün əldə etdiyi və başqa ekspertlər tərəfindən əldə olunmuş nəticələri qiymətləndirir və öz zəruri biliyi hüdudlarında qoyulmuş suallara cavab verir.

Komission məhkəmə ekspertizası aparılarkən onu təyin etmiş orqan və ya şəxs, yaxud məhkəmə ekspertizası idarəsinin rəhbəri ekspertlərin fəaliyyətini əlaqələndirmək, ümumi tədqiqat planını işləyib hazırlamaq və ekspertlərin müşavirəsinə rəhbərlik etmək üçün ekspertlərdən birini rəhbər təyin edir. Komissiya rəhbərinin səlahiyyətləri digər ekspertlərin səlahiyyətlərindən fərqlənmir.

Ekspertlər rəy verməmişdən qabaq öz aralarında məsləhətləşirlər. Ümumi rəyə gəldikdə, rəyə bütün ekspertlər tərəfindən imza edilir.

Ekspertlər arasında fikir ayrılığı olduqda hər bir ekspert buna səbəb olan məsələ barəsində yazılı formada öz rəyini ayrıca tərtib edir.

Maddə 20. Kompleks məhkəmə ekspertizası

İş üçün əhəmiyyətli olan halların aydınlaşdırılması müxtəlif bilik və ya elm sahələri, yaxud biliyin bir sahəsi daxilində müxtəlif üsullar sistemi əsasında yalnız bir neçə tədqiqat aparılmaqla həyata keçirilə bildikdəkompleks məhkəmə ekspertizası təyin edilir.

Kompleks məhkəmə ekspertizasının təşkili və aparılması ekspertlərin fəaliyyəti ilə əlaqədar məsələlər bu Qanunun 19-cu maddəsində müəyyən edilmiş qaydada həll edilir.

Kompleks məhkəmə ekspertizasının aparılmasında iştirak edən ekspertlərin rəyində hər bir ekspertin apardığı tədqiqatın növü və həcmi, müəyyən etdiyi faktlar və əldə etdiyi nəticələr göstərilir. Hər bir ekspert onun tərəfindən aparılmış tədqiqatı əks etdirən hissəsində rəyi imzalayır və ona görə məsuliyyət daşıyır.

Alınmış nəticələrin qiymətləndirilməsində və yekun nəticənin formalaşdırılmasında ekspertlər ümumi nəticəyə gəlirlər. Əgər ümumi nəticənin əsasını bir və ya bir neçə ekspert tərəfindən müəyyənləşdirilən faktlar təşkil edirsə, bu, rəydə öz əksini tapmalıdır.

Maddə 21. Məhkəmə ekspertizasının təyin edilməsi

Məhkəmə ekspertizası Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada təhqiqat aparan şəxsin, müstəntiqin, prokurorun, hakimin qərarı və ya məhkəmənin qərardadı ilətəyin edilir.

Maddə 22. Məhkəmə ekspertizasının aparılması

Təhqiqat aparan şəxsin, müstəntiqin, prokurorun hakimin qərarı və ya məhkəmənin qərardadı, habelə bu Qanunun 22-1-ci maddəsində nəzərdə tutulmuş müraciət məhkəmə ekspertizasının aparılması üçün əsas sayılır.

Məhkəmə ekspertizasını təyin etmiş orqan və ya şəxs tədqiqatın aparılması və rəy verilməsi üçün zəruri olan tədqiqat obyektləri və iş üzrə materialları məhkəmə ekspertizası idarəsinə təqdim edir.

Məhkəmə ekspertizasını təyin etmiş orqan və ya şəxs Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müqayisəli tədqiqat üçün nümunələr götürür və onları işə əlavə edir. Zəruri hallarda, nümunələrin götürülməsi məhkəmə ekspertizasını aparan ekspertin iştirakı ilə həyata keçirilir.

Məhkəmə ekspertizası idarəsində məhkəmə ekspertizasının aparılması müddətləri Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə müvafiq olaraq müəyyən edilir.

Maddə 22-1. Cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda müdafiə tərəfinin təşəbbüsü ilə ekspertizanın aparılması

Cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda müdafiə tərəfinin mənafeyinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün müdafiəçi öz təşəbbüsü ilə bir və ya bir neçə ekspertə, ekspert idarəsinə ekspert işinin müqavilə əsasında ödənilməsi şərti ilə ekspertizanın aparılması barədə rəsmi müraciət etmək hüququna malikdir.

Cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda, ekspertizanın müdafiə tərəfinin təşəbbüsü ilə və onun hesabına aparılması zamanı ekspertlə həmin tərəf arasında müqavilə bağlanır. Müdafiə tərəfi ekspertizanın aparılması üzrə xərcləri ödəyir və ekspertə suallar siyahısını və tədqiqat üçün obyektləri verir.

Maddə 23. Məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən orqan

Məhkəmə ekspertizası fəaliyyəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının məhkəmə ekspertiza idarələri tərəfindən həyata keçirilir.

Məhkəmə ekspertiza idarələri məhkəmə ekspertizasının aparılması üzrə fəaliyyətlərini ekspert təcrübəsinin ümumiləşdirilməsi, ekspertlərin peşəkar hazırlığı və onların ixtisaslaşdırılması, o cümlədən ekspert praktikasının vahid elmi-metodik üsullarla öyrənilməsi əsasında həyata keçirirlər.

Maddə 24. Məhkəmə ekspertizasının aparılmasında məhdudiyyətlər

Məhkəmə ekspertizası idarəsi rəhbərinin işdə marağı olduğunu təsdiq edən hallar müəyyən edilərsə, məhkəmə ekspertizasının aparılması həmin idarəyə tapşırıla bilməz, başlanılmış tədqiqat isə dərhal dayandırılmalıdır.

Ekspert, Azərbaycan Respublikasının prosessual qanunvericiliyində göstərilən əsaslar mövcud olduqda, məhkəmə ekspertizasının aparılmasında iştirakdan özü-özünə etiraz etməlidir, məhkəmə ekspertizası ona tapşırıldıqda isə onun aparılmasını dərhal dayandırmalıdır.

Məhkəmə ekspertizasının aparılması, bu maddənin birinci və ikinci hissələrinin tələblərinin pozulması ilə həyata keçirilmişdirsə, o, icra edilməmiş hesab olunur və ekspertin rəyi sübut kimi istifadə edilə bilməz. Belə olduqda, məhkəmə ekspertizasının təyin edilməsi məsələsi yenidən həll edilir.

Maddə 25. Proses iştirakçılarının məhkəmə ekspertizasının aparılmasında iştirak etməsi

Yalnız Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə belə hüquqları nəzərdə tutulmuş proses iştirakçıları məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin icazəsi ilə məhkəmə ekspertizasının aparılmasında iştirak edə bilərlər.

Məhkəmə ekspertizasının aparılmasında iştirak edən proses iştirakçıları tədqiqatın gedişatına müdaxilə edə bilməzlər, lakin məhkəmə ekspertizasının predmetinə dair ekspertə suallar və izahatlar verə bilərlər.

Ekspert, rəyini tərtib etdiyi zaman, həmçinin məhkəmə ekspertizası ekspertlər tərəfindən aparıldıqda, ekspertlərin müşavirəsi və əldə edilmiş nəticələrin yekunlaşdırılması mərhələsində proses iştirakçılarının iştirakına yol verilmir.

Proses iştirakçısı məhkəmə ekspertizası aparıldığı zaman ekspertə mane olduqda, ekspert tədqiqatı dayandıra bilər və həmin şəxsə verilmiş icazənin ləğv edilməsi barədə məhkəmə ekspertizasını təyin etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldıra bilər.

Maddə 26. Məhkəmə ekspertinin (ekspertlərinin) rəyi və onun məzmunu

Aparılmış tədqiqatlar əsasında əldə edilmiş nəticələr nəzərə alınmaqla məhkəmə eksperti (ekspertləri) öz adından yazılı rəy verir və onu imzalayır. Məhkəmə ekspertinin (ekspertlərinin) imzaları məhkəmə ekspertizası idarəsinin möhürü ilə təsdiq olunur.

Məhkəmə ekspertinin (ekspertlərinin) rəyində aşağıdakılar göstərilir:

  • məhkəmə ekspertizasının aparıldığı tarix və yer;
  • məhkəmə ekspertizasının aparılmasının əsasları;
  • məhkəmə ekspertizasını təyin etmiş orqan və ya şəxs haqqında məlumat;
  • məhkəmə ekspertizasının aparılması həvalə edildiyi məhkəmə ekspertizası idarəsi və məhkəmə eksperti haqqında (soyadı, adı və atasının adı, təhsili, ixtisası, ekspert kimi iş stajı, elmi vəzifəsi və elmi dərəcəsi, tutduğu vəzifə) məlumat;
  • Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə uyğun olaraq ekspertin bilə-bilə yalan rəy verməsinə görə məsuliyyəti barədə ona xəbərdarlıq edilməsi;
  • məhkəmə eksperti (ekspertləri) qarşısında qoyulmuş suallar;
  • məhkəmə ekspertizasının aparılması üçün məhkəmə ekspertinə təqdim edilmiş tədqiqat obyektləri və iş üzrə materiallar;
  • məhkəmə ekspertizasının aparılması zamanı iştirak etmiş proses iştirakçıları haqqında məlumat;
  • istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri;
  • tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrin əsaslandırılması və dürüst ifadə olunması.

Məhkəmə ekspertinin (ekspertlərinin) rəyini əks etdirən materiallar rəyə əlavə edilir və onun tərkib hissəsini təşkil edir. Tədqiqatın gedişatı, şəraiti və nəticələrini özündə əks etdirən sənədlər məhkəmə ekspertizası idarəsində saxlanılır. Məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin tələbi ilə həmin sənədlər işə əlavə olunmaq üçün onlara göndərilə bilər.

Tədqiqat zamanı təqdim edilmiş materialların və ekspertin xüsusi biliklərinin kifayət qədər olmaması aşkar edildikdə, ekspertin rəyində onun qarşısına qoyulmuş sualların hamısına və ya bir qisminə cavab verməyin qeyri-mümkünlüyünü əsaslandıran müddəa öz əksini tapır.

IV fəsil. Məhkəmə ekspertizası idarələrində canlı şəxslər barəsində məhkəmə ekspertizasının aparılmasının xüsusiyyətləri

Maddə 27. Canlı şəxslər barəsində məhkəmə ekspertizasının aparılması

Canlı şəxslər barəsində məhkəmə ekspertizası məhkəmə icraatının bütün növləri üzrə həyata keçirilir. Məhkəmə ekspertizasına göndərilməli olan şəxslərin dairəsi Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 28. Canlı şəxslər barəsində məhkəmə ekspertizasının aparılması şəraiti və yeri

Canlı şəxslər barəsində məhkəmə ekspertizası tibbi və başqa idarələrdə, habelə müvafiq tədqiqatın aparılması və ekspertizanın aparıldığı şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunmasının təmin edilməsi üçün zəruri olan şəraitin olduğu başqa yerlərdə aparıla bilər.

Məhkəmə ekspertizası aparılarkən şəxsin stasionar müayinəsi zərurəti yaranarsa, həmin şəxs bu Qanunda və Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada tibbi stasionara yerləşdirilə bilər.

Məhkəmə ekspertizasına göndərilmiş şəxsin məcburi qaydada tibbi və ya başqa idarəyə yerləşdirilməsi məhkəmə ekspertizasını təyin etmiş orqan və ya şəxs tərəfindən təmin edilir.

Maddə 29. Məhkəmə ekspertizasının könüllülük və məcburilik qaydasında aparılması

Canlı şəxslər barəsində məhkəmə ekspertizası könüllü və yaxud məcburi qaydada həyata keçirilir.

Məhkəmə ekspertizası könüllü qaydada həyata keçirildikdə, məhkəmə ekspertizası idarəsinə haqqında məhkəmə ekspertizası aparılan şəxsin yazılı formada razılığı təqdim edilməlidir.

Əgər haqqında məhkəmə ekspertizası aparılan şəxs on altı yaşına çatmamışdırsa və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdirsə, məhkəmə ekspertizasının aparılmasına yazılı formada razılıq həmin şəxsin qanuni nümayəndəsi tərəfindən verilir.

Məcburi qaydada məhkəmə ekspertizasına göndərilən şəxslərin dairəsi Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikasının prosessual qanunvericiliyində şəxsin məcburi qaydada məhkəmə ekspertizasına göndərilməsi haqqında birbaşa göstəriş olmadıqda, məhkəmə ekspertizası idarəsi həmin şəxs barəsində məcburi qaydada məhkəmə ekspertizasını apara bilməz.

Maddə 30. Şəxsin tibbi stasionara yerləşdirilməsinin əsasları və qaydası

Məhkəmə-tibbi və ya məhkəmə-psixiatriya ekspertizası təyin edilərkən şəxsin stasionar müayinəsi zərurəti yaranarsa o, məhkəmə ekspertizasının təyin edilməsi barədə qərar əsasında müvafiq tibbi stasionara yerləşdirilir. Şəxsin tibbi stasionara yerləşdirilməsi qaydası Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilir.

Həbsdə saxlanılan şəxslər barəsində məhkəmə ekspertizası aparıldıqda, onlar bu məqsədlə xüsusi yaradılmış tibbi stasionara yerləşdirilir.

Məhkəmə-psixiatriya ekspertizasının aparılması üçün şəxs yalnız məhkəmənin (hakimin) qərarı əsasında psixiatriya stasionarına və yaxud məhkəmə-psixiatriya ekspertizası stasionarına yerləşdirilə bilər.

Məhkəmə ekspertizasını təyin etmiş və məcburi qaydada şəxsi tibbi stasionara yerləşdirmiş orqan və ya şəxs iyirmi dörd saat müddətində həmin şəxsin yaxın qohumlarına və ya onun göstərdiyi hər hansı şəxsə, bu cür adam olmadıqda isə onun yaşadığı yer üzrə daxili işlər orqanına məlumat verməlidir.

Maddə 31. Şəxsin tibbi stasionarda qalma müddəti

Şəxs məhkəmə tibbi ekspertizası aparılması üçün otuz gün müddətinədək tibbi stasionara yerləşdirilə bilər.

Zərurət olduqda, ekspertin (ekspertlərin) əsaslandırılmış vəsatətinə əsasən şəxsin tibbi stasionarda qalma müddəti göstərilən stasionarın yerləşdiyi rayon məhkəməsi hakiminin qərarı ilə daha otuz gün müddətinə uzadıla bilər.

Tibbi stasionarda qalma müddətinin uzadılması barədə ekspertin (ekspertlərin) təqdimatı otuz gün müddətinin başa çatmasına üç gün qalmış həmin stasionarın yerləşdiyi rayonun məhkəməsinə təqdim edilməlidir.

Hakim təqdimatı aldıqdan sonra üç gün ərzində qərar çıxarır və bu barədə ekspertə (ekspertlərə) məlumat verir.

Şəxsin tibbi stasionarda qalma müddətinin uzadılmasından hakim tərəfindən imtina edildikdə həmin şəxs oradan dərhal çıxarılmalıdır.

Məhkəmə ekspertizası idarəsinin rəhbəri hakimin qərarı barədə tibbi stasionarda olan şəxsə, həmçinin məhkəmə ekspertizasını təyin etmiş orqana və ya şəxsə məlumat verir.

Tibbi stasionarda qalma müddəti pozulduqda, şəxs, onun müdafiəçisi, qanuni nümayəndəsi və ya işdə iştirak etmək üçün buraxılmış digər nümayəndələri bu barədə stasionarın yerləşdiyi rayonun məhkəməsinə şikayət edə bilər.

Maddə 32. Haqqında məhkəmə ekspertizası aparılan şəxsin qanuni mənafelərinin müdafiəsi və onun hüquqları

Canlı şəxslər barəsində məhkəmə ekspertizası aparıldıqda aşağıdakıları etmək qadağandır:

  • məlumat almaq məqsədi ilə onun hüquqlarını məhdudlaşdırmaq, aldatmaq, hədə-qorxu gəlmək, zor və digər qanunsuz tədbirlər tətbiq etmək;
  • üzərində yeni dərman vasitələrini, diaqnostik metodları, xəstəliklərin profilaktikasını və müalicəsini sınaqdan keçirmək, həmçinin şəxsdən obyekt kimi istifadə olunmaqla biotibbi eksperimental tədqiqatlar aparmaq.

Barəsində məhkəmə ekspertizası aparılan şəxs ekspertə həmin məhkəmə ekspertizasının predmetinə aid olan izahatlar verə bilər.

Tibbi stasionarda yerləşdirilmiş şəxslə onun müdafiəçisinin, qanuni nümayəndəsinin və ya işdə iştirak etmək üçün buraxılmış digər nümayəndələrinin görüşü, üçüncü şəxslər tərəfindən informasiya əldə olunmasını istisna edən şəraitdə təşkil edilir.

Şikayət, ərizə və vəsatət vermək üçün tibbi stasionarda yerləşdirilmiş şəxsə real imkanlar yaradılmalıdır. Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada verilmiş şikayət senzuradan keçirilmir və iyirmi dörd saat ərzində aidiyyəti üzrə göndərilir.

Maddə 33. Həbsdə olmayan şəxslər barəsində məhkəmə ekspertizasının psixiatriya stasionarlarda aparılması şəraiti

Həbsdə olmayan şəxslər barəsində məhkəmə psixiatriya ekspertizası həm müvafiq məhkəmə-psixiatriya ekspertizası stasionarında, həm də digər psixiatriya stasionarlarda həyata keçirilir. Həbsdə olan şəxslərin yuxarıda göstərilən stasionarlarda yerləşdirilməsinə yol verilmir.

Həbsdə olmayan şəxslərin digər psixiatriya stasionarlarda yerləşdirilməsi onların barəsində məhkəmə ekspertizasının aparılmasına çətinlik törətməməlidir.

Həbsdə olmayan şəxs məhkəmə-psixiatriya ekspertizası aparılan müddətdə psixiatriya stasionarların pasiyentlərinə şamil olunan hüquqlardan istifadə edirlər.

Həbsdə olmayan, ağır psixi pozuntulardan əziyyət çəkməyən şəxs tərəfindən ətrafdakıların həyat və sağlamlığına təhlükə törədən və ya psixiatriya stasionarın iş rejimini ciddi pozan hərəkətlərə yol verilərsə, həmin stasionarın müdiriyyəti bu hərəkətlərin qarşısının alınması məqsədi ilə zəruri tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verir.

Haqqında məhkəmə-psixiatriya ekspertizasının könüllü qaydada aparıldığı şəxs tərəfindən bu cür hərəkətlərə yol verilərsə, o, psixiatriya stasionardan çıxarıla bilər və bu barədə stasionarın müdiriyyəti məhkəmə ekspertizasını təyin etmiş orqana və ya şəxsə yazılı formada məlumat verir.

Maddə 34. Həbsdə olan şəxslər barəsində məhkəmə ekspertizasının psixiatriya stasionarında aparılması şəraiti

Həbsdə olan şəxslər barəsində məhkəmə psixiatriya ekspertizası həmin şəxslərin saxlanması üçün müəyyən edilmiş məhkəmə-psixiatriya ekspertizası stasionarlarında aparılır. Bu stasionarların təhlükəsizliyinin təmin edilməsi və mühafizəsi həbsdə saxlanma yerlərinin təhlükəsizliyinin təmin edilməsi və mühafizəsi vəzifələrini yerinə yetirən orqanlar tərəfindən həyata keçirilir.

Məhkəmə-psixiatriya ekspertiza stasionarlarının təhlükəsizliyini və mühafizəsini həyata keçirən şəxslərlə həmin stasionarların tibb işçilərinin birgə fəaliyyət qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Məhkəmə-psixiatriya ekspertizası stasionarlarında yerləşdirilən həbsdə olan şəxslərə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin normaları şamil edilir. Belə hallarda açıq-aşkar ağır psixi pozuntusu olan şəxslərə tənbeh və maddi məsuliyyət tədbirləri nəzərdə tutan normalar, həmçinin silah işlədilməsi tətbiq edilmir.

Maddə 35. Məhkəmə-psixiatriya ekspertizası stasionarlarında saxlanılan şəxslərin təminatı

Məhkəmə-psixiatriya ekspertiza stasionarlarında saxlanılan şəxslərin maddi-məişət və tibbi-sanitar təminatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə psixiatriya stasionarları üçün müəyyən edilmiş normalar və qaydalar üzrə həyata keçirilir.

Maddə 36. Canlı şəxslər barəsində məhkəmə ekspertizası aparılarkən tədqiqat metodlarının tətbiq edilməsində məhdudiyyətlər

Canlı şəxs barəsində məhkəmə ekspertizası aparılarkən güclü ağrıverici təsirlərə malik olan və yaxud şəxsin sağlamlığına mənfi təsir edə biləcək tədqiqat metodlarının, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə səhiyyə praktikasında istifadə edilməsi qadağan olunan metodların tətbiqinə yol verilmir.

Haqqında məhkəmə ekspertizası aparılan şəxs ona qarşı tətbiq olunan tədqiqat metodları və mümkün ola biləcək ağrıverici təsirlər barədə məlumatlandırılmalıdır. Eyni məlumatlar haqqında məhkəmə ekspertizası aparılan şəxsin müvafiq vəsatətlə müraciət etmiş qanuni nümayəndəsinə də verilir.

Canlı şəxslər barəsində məhkəmə ekspertizası aparılarkən tədqiqat aparılması məqsədilə tibb idarəsində onlardan zəruri olan nümunələr götürülür və bu barədə ekspertin rəyində göstərilir. Nümunələr həmin tibb idarəsinin iki nəfər tibb işçisinin iştirakı ilə həkim və ya digər mütəxəssis tərəfindən götürülür. Könüllülük qaydasında məhkəmə ekspertizasına göndərilmiş şəxslərdən məcburi qaydada nümunələrin götürülməsinə yol verilmir.

Maddə 37. Proses iştirakçılarının canlı şəxslər barəsində məhkəmə ekspertizasının aparılmasında iştirakı

Canlı şəxslər barəsində aparılan məhkəmə ekspertizasında yalnız Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə belə hüququ olan proses iştirakçıları iştirak edə bilərlər.

Digər şəxslərin iştirakına məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin, yaxud haqqında məhkəmə ekspertizası aparılan şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə yol verilir.

Haqqında məhkəmə ekspertizası aparılan şəxsin soyunması ilə müşayiət olunan tədqiqatlar həyata keçirilərkən yalnız eyni cinsdən olan şəxslər iştirak edə bilərlər. Bu məhdudiyyət həmin tədqiqatların aparılmasında iştirak edən həkimlərə və tibb işçilərinə aid edilmir.

V fəsil. Yekun müddəalar

Maddə 38. Məhkəmə ekspertizası idarəsinin fəaliyyətinin maliyyələşdirilməsi

Məhkəmə ekspertizası idarəsinin fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

Məhkəmə ekspertizasının lazımi səviyyədə aparılmasını təmin etmək məqsədilə məhkəmə ekspertizası idarəsinin müasir texnika və avadanlıqlarla təchiz edilməsi üçün dövlət büdcəsindən vəsait ayrılması nəzərdə tutulur.

Maddə 39. Məhkəmə ekspertizası idarəsinin əməkdaşlarının əməyinin ödənilməsi

Məhkəmə ekspertizası idarəsinin əməkdaşlarının əməyinin ödənilməsi, tabeliyində olduqları müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları üçün müəyyənləşdirilmiş əməyin ödənilməsi şərtlərinə və formasına uyğun olmalıdır.

İşin xarakteri və şəraiti nəzərə alınmaqla məhkəmə ekspertizası idarəsinin əməkdaşlarının əməyinin ödənilməsi zamanı ixtisas, xüsusi rütbələrinə və elmi dərəcələrinə görə əlavələr müəyyən edilməlidir.

Maddə 40. Məhkəmə ekspertizası idarəsinin fəaliyyətinin təşkilatı və elmi təminatı

Məhkəmə ekspertizası fəaliyyətinin maddi-texniki, elmi-metodik və təşkilati təminatı məhkəmə ekspertiza idarəsinin tabe olduğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Məhkəmə ekspertizası idarəsinin yaradılması və ləğv edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilməklə, onun fəaliyyət qaydası haqqındakı Əsasnamə həmin müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir.

Maddə 41. Məhkəmə ekspertizası idarəsinin fəaliyyətinin informasiya təminatı

Məhkəmə ekspertizası idarəsinin rəhbərinin sorğusu əsasında mülkiyyət formasından asılı olmayaraq bütün idarə, təşkilat və müəssisələr məhkəmə ekspertizasının aparılması üçün zəruri olan etalon nümunələrini və texniki məlumatları məhkəmə ekspertizası idarəsinə təqdim etməyə borcludurlar, bu zaman mülkiyyətçinin qanunla müəyyən edilmiş mülkiyyət hüququnun pozulmasına yol verilmir.

Maddə 42. Məhkəmə ekspertizasının aparılması sahəsində beynəlxalq əməkdaşlıq

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələrə uyğun olaraq məhkəmə ekspertizası fəaliyyəti sahəsində Azərbaycan Respublikasının məhkəmə ekspertiza idarələri xarici dövlətlərin müvafiq orqanları ilə, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Maddə 43. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasına görə vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 18 noyabr 1999-cu il

? 758-IQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (26 yanvar 2000-ci il, ? 18) («VneshExpertService»).

Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (31 yanvar 2000-ci il, ? 1, maddə 7) («VneshExpertService»).

30 dekabr 2003-cü il tarixli, 568-IIQD nömrəli; 5 mart 2004-cü il tarixli, 598-IIQD nömrəli; 10 oktyabr 2006-cı il tarixli, 161-IIIQD nömrəli; 29 dekabr 2006-cı il tarixli, 220-IIIQD nömrəli; 16 fevral 2007-ci il tarixli, 244-IIIQD nömrəli qanunlara əsasən dəyişikliklərlə 

 

Digər xəbərlər