"İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları"nın təsdiq edilməsi haqqında

27.08.2013

AZƏRBAYCAN   RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 234

Bakı şəhəri, 27 avqust 2013-cü il

"İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və  enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları"nın təsdiq edilməsi haqqında

 "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 980-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 262 nömrəli Fərmanının 1.3-cü bəndinin və "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 18 mart tarixli 88-IVQD nömrəli Qanununun tətbiqi və "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 aprel tarixli 421  nömrəli Fərmanının 1.4-cü bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının  Nazirlər  Kabineti                         

                                              QƏRARA   ALIR:

  "İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və  enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

 Azərbaycan Respublikasının

Baş naziri   Artur Rasi-zadə

  

          Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

  İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması

QAYDALARI

 1. Ümumi müddəalar

 1.1. Bu Qaydalar "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 980-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 262 nömrəli Fərmanının 1.3-cü bəndinin və "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 18 mart tarixli 88-IVQD nömrəli Qanununun tətbiqi və "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 aprel tarixli 421 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasi ilə əlaqədar hazırlanmışdır və istehlakçıların (sifarişçilərin) elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması qaydalarını və onlara dair tələbləri müəyyən edir.

1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. texniki şərtlər - elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektlərində elektrik qurğularının enerji təchizatı şəbəkəsinə (bundan sonra - ETŞ) qoşulması ilə əlaqədar layihənin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd;

1.2.2. enerji təchizatı müəssisəsi (bundan sonra - ETM) - xüsusi icazə əsasında əhalinin və digər istehlakçıların elektrik enerjisi ilə təchizatına təminat verən hüquqi şəxs;

1.2.3. dövlət elektroenergetika müəssisəsi (vahid dövlət elektroenergetika sistemi) - vahid mərkəzdən idarə olunan 110 kV-luq sistem əhəmiyyətli və 110 kV-dan  yuxarı ötürücü elektrik şəbəkələri, onların dispetçer idarəetmə vasitələri və ona tabe olan enerji istehsalçıları;

1.2.4. sifarişçi - ETM-in ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyektlərinə mülkiyyət (sahiblik) və ya digər əşya hüququ əsasında sahiblik edən hüquqi və ya fiziki şəxs olan istehlakçı;

1.2.5. aktiv istehlakçı - elektrik enerjisini istehsal və eyni zamanda istehlak edən ənənəvi, alternativ və bərpa olunan elektrik enerjisi istehsalçısı;

1.2.6. tikinti obyektləri - tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina (o cümlədən, yaşayış binaları, yaşayış evləri) və ya qurğular;

1.2.7. yaşayış binası - daimi və ya müvəqqəti yaşayış üçün nəzərdə tutulan yaşayış sahələrindən ibarət və ümumi istifadə sahələrinə birbaşa giriş imkanı olan çoxmənzilli tikili;

1.2.8. yaşayış evi - otaqlardan, habelə yaşamaq üçün məişət və digər ehtiyacların ödənilməsini nəzərdə tutan yardımçı sahələrdən ibarət, yerləşdiyi torpaq sahəsinə birbaşa girişi olan fərdi müəyyən edilmiş ev;

1.2.9. tikinti obyektlərinin ETŞ-yə qoşulması (texnoloji qoşulma) - elektrik enerjisinin alqı-satqı münasibətlərinin yaranmasına qədər ETM tərəfindən verilmiş texniki şərtlərə uyğun olaraq, tikinti obyektindən ETŞ-yə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsi, əlavə güc alınması ilə bağlı layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işlərinin görülməsi, tikinti obyektlərinin elektrik qurğularının ETŞ-yə fiziki qoşulması və qoşulma aktının tərtib edilməsinə dair göstərilən kompleks xidmət;

1.2.10. balans mənsubiyyəti sərhədi - ETM  ilə sifarişçi arasında elektrik qurğularının və avadanlıqlarının balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi;

1.2.11. istismar məsuliyyəti sərhədi - ETM ilə sifarişçi arasında elektrik qurğularının və avadanlıqlarının istismarına görə məsuliyyət sərhədini müəyyənləşdirən ayırma nöqtəsi;

1.2.12. balans mənsubiyyəti sərhədi aktı - ETM ilə sifarişçi arasında balans mənsubiyyəti sərhədini müəyyənləşdirən sənəd;

1.2.13. tərəflərin istismar məsuliyyəti aktı - ETM ilə sifarişçi arasında elektrik qurğularının və avadanlıqlarının istismarına görə məsuliyyət sərhədini müəyyənləşdirən sənəd;

1.2.14. qoşulma aktı - sifarişçinin tikinti obyektlərinin ETM-in ETŞ-yə qoşulmasını təsdiq edən sənəd;

1.2.15. qoşulma nöqtəsi - bu Qaydaların 2.27-ci bəndinə uyğun olaraq, ETŞ-yə fiziki qoşulma yeri.

1.3. Bu Qaydaların heç bir müddəası sifarişçinin mənafeyini ağırlaşdıran formada təfsir edilə bilməz.  ETM texniki şərtlərin verilməsi üçün müraciətlərə baxarkən, inzibati prosedurlar bu Qaydalara zidd ola bilməz. ETM tərəfindən verilən texniki şərtlər və qoşulma nöqtələrinə dair tələblər əsaslandırılmalıdır.

1.4. ETM xidmət etdiyi rayon və ya şəhər üzrə ETŞ-nin sərbəst gücləri və qoşulma imkanları haqqında öz rəsmi internet səhifəsində məlumat verməlidir.

1.5. Bu Qaydalar qüvvəyə minənədək ETŞ-yə qoşulmuş (sayğac quraşdırılmış) istehlakçılara onun müddəaları şamil edilmir. Həmin istehlakçıların əlavə güc alması bu Qaydalara uyğun olaraq həyata keçirilir.

1.6. Bu Qaydalara uyğun olaraq, hər bir sifarişçinin ETŞ-yə qoşulma hüququ vardır.

1.7. ETM heç bir ayrı-seçkiliyə yol vermədən, bu Qaydalara uyğun olaraq sifarişçinin tikinti obyektlərinin və elektrik qurğularının ETŞ-yə qoşulması üçün texniki şərtlər verməkdən imtina edə bilməz.

1.8. Sifarişçi verilmiş texniki şərtlərin tələbləri ilə razı olmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

1.9. Texniki şərtlərin verilməsi üçün haqq ödənilmir.

1.10. Tikinti obyektlərinin ETŞ-yə qoşulması (qoşulma nöqtəsindən tikinti obyektinə qədər məsafə nəzərə alınmaqla) üçün haqq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunur.

1.11. Bu Qaydaların 2.19-cu bəndində göstərilən hallar istisna olmaqla, sifarişçi tərəfindən texniki şərtlərin tələbləri yerinə yetirildikdən və qoşulma haqqı ETM-in bank hesabına ödənildikdən sonra, onun tikinti obyektinin ETŞ-yə qoşulmasına dair qoşulma aktı tərtib edilir və tikinti obyekti ETŞ-yə 5 (beş) iş günü ərzində qoşulur.

1.12. Texniki şərtlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsi ilə müəyyən edilmiş tələblər və ərazi planlaşdırılma sənədləri nəzərə alınmaqla verilir.

 

 2. Texniki şərtlərin hazırlanması və verilməsi

2.1. Sifarişçinin elektrik enerjisi (gücü) və ya əlavə güc alması və tikinti obyektinin ETŞ-yə qoşulması ETM tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir.

2.2. Tikinti obyektlərində elektrik qurğularının texniki parametrlərinin (maksimal aktiv güc, reaktiv güc, elektrik enerjisinin keyfiyyət göstəricilərinə təsir) və etibarlılıq kateqoriyasının dəyişməsi zamanı yeni texniki şərtlər alınır, digər hallarda yeni texniki şərtlərin alınması tələb olunmur.

2.3. Texniki şərtlər almaq (tələb edilən gücdən asılı olmayaraq) üçün sifarişçi  tikinti obyektinin yerləşdiyi əraziyə xidmət edən enerjitəchizatı müəssisəsinə ərizə ilə müraciət etməlidir. Həmin enerjitəchizatı müəssisəsi sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə olan lazımi gücə malik enerji mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir.

2.4. Ən yaxın məsafədə müəyyən edilən enerji mənbəyi digər ETM-in xidmət etdiyi ərazidə olarsa, texniki şərtlər almaq üçün müraciət edilən ETM bu müraciəti texniki şərtlər verilməsi üçün dərhal həmin ETM-ə göndərir və bu barədə sifarişçiyə məlumat verir.

2.5. Tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, tikinti obyekti üçün texniki şərtlər sifarişçinin müvafiq yerli icra hakimiyyəti orqanına (bundan sonra- MYİHO) müraciətinə (ərizəsinə) əsasən MYİHO-nun sorğusu əsasında ETM tərəfindən verilir.

2.6. Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri, həmçinin mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evləri üçün texniki şərt sifarişçinin bilavasitə müraciəti əsasında tikinti obyektinin yerləşdiyi əraziyə xidmət edən ETM tərəfindən verilir.

2.7. ETM MYİHO-nun sorğusunu və bu Qaydaların 2.6-cı bəndində nəzərdə tutulmuş sifarişçinin ərizəsini, habelə MYİHO sifarişçinin ərizəsini qəbul etməkdən imtina edə bilməz.

2.8. Sifarişçinin MYİHO-ya təqdim etdiyi ərizədə aşağıdakılar göstərilməlidir:

2.8.1. sifarişçi hüquqi şəxs olduqda - adı, hüquqi ünvanı və VÖEN-i barədə məlumatlar, fiziki şəxs olduqda isə - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar, tikinti obyektinin təyinatı və fəaliyyət növü;

2.8.2. bu Qaydaların 2.19-cu bəndinin birinci hissəsində nəzərdə tutulan qaydada ETŞ-yə qoşulan tikinti obyektləri istisna olmaqla, digər sifarişçilər üçün layihə təşkilatı tərəfindən hazırlanmış tikinti obyektinin daxili elektrik təchizatının layihəsinə əsasən elektrik qurğularının aktiv və reaktiv gücü, elektrik enerjisinin keyfiyyət göstəriciləri, etibarlılıq üzrə kateqoriyası, həmçinin ekoloji, texnoloji, qəza gücləri (bronları);

2.8.3. normativ texniki və hüquqi aktlarda və ya tikinti obyektinin layihəsində ehtiyat qidalandırma nəzərdə tutulduğu hallarda, generasiya mənbəyinin gücü və tipi haqqında məlumat;

2.9. ETM-ə MYİHO tərəfindən göndərilən sorğuya sifarişçinin ərizəsinin surəti ilə yanaşı, tikinti ərazisinin vəziyyət planı, obyektin istismarı üçün mühəndis-kommunikasiya təminatına dair tələbat göstəriciləri barədə sənədlər, obyektin tikintisinə dair layihənin surətləri əlavə edilir.

2.10. Bu Qaydaların 2.6-cı bəndində nəzərdə tutulmuş sifarişçinin təqdim etdiyi ərizədə aşağıdakı məlumatlar göstərilir:

2.10.1. fiziki şəxsin - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar;

2.10.2.  sifarişçinin ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyektinin ünvanı;

2.10.3. tələb olunan elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri.

2.11. Texniki şərt verilərkən bu Qaydalarda nəzərdə tutulmayan məlumatlar və sənədlər sifarişçidən tələb edilə bilməz.

2.12. ETM texniki şərtlər almaq üçün təqdim edilmiş MYİHO-nun sorğunu və ya sifarişçinin ərizəsini qəbul etdiyi gün xüsusi kitabda qeydiyyata alır və bu 1 (bir) iş günündən gec olmayaraq ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında arayış və ya məlumatı müraciət edənə verir.

2.13. Bu Qaydaların 2.16-cı bəndində nəzərdə tutulmuş imtina halları olmadıqda, sorğunun və ya ərizənin qeydiyyata alındığı gündən 20 (iyirmi) iş günü müddətində ETM texniki şərtin verilməsini təmin etməlidir. Bir qayda olaraq texniki şərtlərin qüvvədəqalma müddəti 2 il müəyyən edilir.

2.14.Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar və uyğunsuzluqlar olduqda bu barədə ETM tərəfindən MYİHO-ya və ya sifarişçiyə 10 (on) gündən gec olmayaraq yazılı məlumat verilir. Bu halda Qaydaların 2.13-cü bəndində göstərilən müddətin axımı dayandırılır. MYİHO və sifarişçi tərəfindən çatışmazlıqlar və uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra həmin müddətin axımı yenidən bərpa olunur.

2.15. Texniki şərtlərin verilməsi haqqında qərar qəbul olunduqda, ETM tərəfindən texniki şərtlər tərtib olunur, səlahiyyətli şəxsin imzası və möhürlə təsdiq edilərək, MYİHO-ya və ya sifarişçiyə təqdim olunur. MYİHO ona ərizə ilə müraciət etmiş sifarişçini dərhal bu barədə məlumatlandırır.

2.16. Texniki şərtin verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.16.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər tam təqdim edilmədikdə (çatışmazlıqlar və uyğunsuzluqlar aradan qaldırılmadıqda);

2.16.2. təqdim edilmiş sənədlərdə qeyri-dürüst məlumatlar olduqda.

2.17. MYİHO-ya və ya sifarişçiyə texniki şərtlərin verilməsindən imtina edildikdə, bu barədə ona imtinanın səbəbləri göstərilməklə, 10 (on) iş günü müddətində yazılı məlumat verilir.

2.18. MYİHO sifarişçinin ərizəsinə əsasən sorğu ilə, bu Qaydaların 2.6-cı bəndində nəzərdə tutulmuş sifarişçi isə ərizə ilə ETM-ə təkrar müraciət etmək hüququna malikdir.

2.19 Tikinti obyektləri üçün tələb olunan güc 7 kVt (7 kVt da daxil olmaqla, mövcud 0.4 kV-luq şəbəkədən) və qeyd edilən tikinti obyektlərindən ETŞ-yə qoşulma nöqtəsi 50 metr  olduqda (50 metr də daxil olmaqla), sifarişçi tərəfindən qoşulma işləri ilə bağlı xərclər və qoşulma haqqı ödənilmir, ETM texniki şərtlər əsasında (qoşulma ilə bağlı layihə işləri də daxil olmaqla) ETŞ-yə qoşulma işlərini öz hesabına 15 (on beş) iş günü müddətində həyata keçirir.

2.20. Bu Qaydaların 2.19-cu bəndində nəzərdə tutulmuş tikinti obyektləri üçün tələb olunan gücün maksimal həddi 7 kVt-dan yuxarı olduqda, sifarişçi qoşulma işləri ilə bağlı xərcləri çəkir və bu Qaydaların 1.10-cu bəndinə uyğun olaraq qoşulma haqqı ödəyir.

2.21. Tikinti obyektindən ETŞ-nin qoşulma nöqtəsinədək məsafə 50 metrdən yuxarı olduqda, qoşulma işlərinin görülməsi sifarişçinin hesabına həyata keçirilir.

2.22. ETM texniki şərtlərin hazırlanması məqsədi ilə elektrik qurğularının gücü 800 kVA-dan yuxarı olan sifarişçinin ərizəsini və ya MYİHO-dan ETM-ə daxil olan sorğunu, habelə təqdim edilmiş sənədləri ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində dövlət elektroenergetika müəssisəsinə göndərir. Dövlət elektroenergetika müəssisəsi enerji təchizatı müəssisəsi ilə güc həddini ərizə alındığı gündən 20 (iyirmi) iş günü müddətində razılaşdırmalıdır.

2.23. Yaşayış binalarının ETŞ-yə qoşulması üçün ümumi texniki şərtlərin verildiyi və qoşulma haqqının ödənildiyi nəzərə alınaraq, həmin binalarda yerləşən mənzillərin ETŞ-yə qoşulması üçün ayrıca texniki şərtlərin alınması və qoşulma haqqının ödənilməsi tələb olunmur.

2.24. Sifarişçi aktiv istehlakçı olduqda, texniki şərtlər bu obyektin tikintisi üçün ixtisaslaşdırılmış institutlar tərəfindən hazırlanmış Texniki İqtisadi Əsaslandırmanın tələbləri nəzərə alınmaqla verilir.

2.25. Texniki şərtlər bu Qaydaların 1 nömrəli  əlavəsində göstərilən birtipli formada tərtib edilir.

2.26. Texniki şərtlərdə aşağıdakılar göstərilir:

2.26.1. qoşulma nöqtələri (yarımstansiya, transformator məntəqəsi, elektrik xətti), obyekti qidalandıran hava və ya kabel xətlərinin hansı gərginliyə hesablanması, qoşulma nöqtələrində gərginliyin gözlənilən səviyyəsi;

2.26.2. qısaqapanma cərəyanlarının hesabat hədləri, rele mühafizəsinə, avtomatikaya, rabitəyə, izolyasiyaya və ifrat gərginlikdən mühafizəyə verilən tələblər;

2.26.3. elektrik enerjisinin keyfiyyət göstəricilərinə dair tələblər;

2.26.4. elektrik enerjisinin uçotuna olan tələblər (bir və ya üçfazalı, uçot cihazlarının tipi və dəqiqlik sinfi, gərginlik pilləsi, quraşdırılma nöqtələri və sxemi);

2.26.5. qidalandırma xətlərinə qoşulmuş elektrik qurğularına olan xüsusi tələblər (ehtiyat qidalandırmanın və girişdə avtomatik mühafizənin vacibliyi, qidalandırıcı xətlərin paralel işləməsinin mümkünlüyü, ETŞ-də güc çatışmazlığı yarandıqda, elektrik qəbuledicilərinin məsul yüklərinin elektrik təchizatını təmin etmək məqsədi ilə ehtiyatda olan qidalandırma xətlərinə ayrılması);

2.26.6. yeni obyektin yaranması ilə əlaqədar ( gücü 7 kVt olan və mövcud 0,4 kV-luq şəbəkədən 50 metr məsafədə yerləşən məişət abonentləri istisna olmaqla) qoşulması nəzərdə tutulan gücə müvafiq olaraq, mövcud şəbəkəni gücləndirmək haqqında əsaslandırılmış tələblər (naqilin en kəsiyinin artırılması, transformatorların gücünün artırılması və ya dəyişdirilməsi, ehtiyat yuvaların quraşdırılması və s.)

2.27. Qoşulma nöqtəsi aşağıdakı yerlərdə olmalıdır:

2.27.1. yaşayış binasında olan mənzillər üçün yaşayış binasının həmin mənzillərin yerləşdiyi mərtəbədə ümumi istifadədə olan sahəsində quraşdırılmış lövhədə;

2.27.2. yaşayış binasının daxilində yerləşən qeyri-yaşayış sahələri üçün yaşayış binasının ümumi istifadədə olan sahəsində quraşdırılmış lövhədə;

2.27.3. bu Qaydaların 2.19-cu bəndində nəzərdə tutulan tikinti obyektləri istisna olmaqla, tikinti obyektləri üçün ən yaxın məsafədə yerləşən gücə malik olan  yarımstansiyada, transformator məntəqəsində, elektrik xəttində (mövcud güc imkan verərsə);

2.27.4. bu Qaydaların 2.19-cu  bəndində nəzərdə tutulan qaydada qoşulan sifarişçilər üçün sayğacın quraşdırıldığı nöqtədə.

2.28. Tikinti obyektləri inşa edilərkən texniki şərtlərdən kənara çıxma zərurəti yarandıqda, sifarişçi bilavasitə öz ərizəsi və ya MYİHO-nun sorğusu əsasında texniki şərtləri vermiş ETM ilə həmin dəyişikliyi razılaşdırmalıdır. Bu zaman ETM MYİHO- nun müraciət etdiyi gündən 10 (on) iş günü müddətində texniki şərtlərdə edilmiş dəyişikliklərə münasibətini bildirməlidir. Bu müddətdə cavab verilmədikdə, layihə razılaşdırılmış hesab edilir.

2.29. Texniki şərtlərin müddəaları yerinə yetirilənə qədər obyektin tikintisinin başa çatdırılması məqsədi ilə ETM sifarişçini razılaşdırılmış güc həddində elektrik enerjisi ilə müvəqqəti texniki şərtlər əsasında təmin etməlidir.

2.30. Müvəqqəti texniki şərtlər bu Qaydaların 2.12-ci və 2.13-cü bəndlərində nəzərdə tutulduğu kimi verilməlidir.

2.31. Tikinti obyektlərinin inşası üçün quraşdırılmış müvəqqəti enerji mənbəyinə digər istifadəçilərin qoşulması qəti qadağandır.

2.32. Müvəqqəti texniki şərtlərin qüvvədə olma müddəti tikintiyə icazə (obyektin layihələndirilməsi və tikilib başa çatdırılması) üçün müəyyən olunmuş müddətdən az olmamalıdır.

2.33. Texniki şərtləri itirmiş sifarişçinin ərizəsinə əsasən ETM əvvəl verilmiş sənədin surətini 5 (beş) iş günü müddətində ona ödənişsiz təqdim etməlidir (müəssisələr üçün arxiv sənədlərinin normativ saxlanma müddətini nəzərə almaqla).

2.34. Elektrik şəbəkəsinə qoşulan sifarişçi (istehlakçı) tikinti obyektlərinin inşası müddətində elektrik gücünə olan tələbatın layihədə nəzərdə tutulmuş maksimum həddən çox olduğu və elektrik enerjisinin nominal parametrlərinə mənfi təsir edəcəyi təqdirdə, enerjitəchizat müəssisəsi sifarişçidən (istehlakçıdan) yeni texniki şərt alınmasını tələb edə bilər.

2.35. Texniki cəhətdən mümkün olduğu təqdirdə, elektrik enerjisi sayğacı sifarişçinin elektrik qurğularının balans mənsubiyyəti sərhədində quraşdırılmalıdır.

İstehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi "Elektrik enerjisindən istifadə Qaydaları"nın müvafiq bəndləri ilə tənzimlənir.

2.36. Sifarişçinin elektrik qurğularının balans mənsubiyyəti sərhədi onun balansında olan elektrik qurğularının ETM-in ETŞ-yə qoşulma nöqtəsidir.

2.37. Sayğacla qoşulma nöqtəsi arasındakı sifarişçinin (istehlakçının) balansında olan hissəyə digər istehlakçılar yalnız onun razılığı əsasında qoşula bilərlər.

2.38. Sayğac balans mənsubiyyəti sərhədində quraşdırılmadığı halda, ETM-in sifarişçi ilə qarşılıqlı razılıq əsasında və ya əvəzi ödənilməklə sifarişçinin balansında olan sayğacla qoşulma nöqtəsi arasındakı hissəni öz balansına keçirmək hüququ vardır.

2.39. MYİHO sifarişçinin ərizəsinin, ETM MYİHO-nun sorğusunun və bu Qaydaların 2.6-cı bəndində nəzərdə tutulmuş sifarişçinin ərizəsinin qəbulunu elektron qaydada, bu mümkün olmadığı təqdirdə isə poçt rabitəsi vasitəsilə və ya birbaşa həyata keçirilir.

 3. Tikinti obyektlərinin ETŞ-yə qoşulması

3.1. Tikinti obyektlərinin ETŞ-yə qoşulması bu Qaydaların 2-ci hissəsinə uyğun olaraq alınan texniki şərtlər əsasında həyata keçirilir.

3.2. Tərəflərin texniki şərtlərdə göstərilən qoşulmaya dair tədbirlərin yerinə yetirilməsi üzrə öhdəlikləri aşağıdakı kimi müəyyən edilir:

3.2.1. sifarişçinin öz istismarı üzrə öhdəliklərini istismar məsuliyyəti sərhədi nöqtəsinədək, öz balansı üzrə öhdəliklərini isə qoşulma nöqtəsinədək icra etməsi;

3.2.2. ETM öz istismarı üzrə öhdəliklərini istismar məsuliyyəti sərhədi nöqtəsinədək, öz balansı üzrə öhdəliklərini isə qoşulma nöqtəsinədək icra etməsi.

3.3. Qoşulmaya dair tədbirlər aşağıdakılardır:

3.3.1. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Dövlət Enerji Nəzarət İdarəsi tərəfindən ETM və sifarişçinin iştirakı ilə qoşulan elektrik qurğularına (yaşayış evləri və elektrik avadanlıqlarının istismarı üçün müvafiq elektrotexniki heyətin tələb olunmadığı hallar istisna olmaqla) texniki baxışın keçirilməsi, habelə texniki şərtlərin və layihənin tələblərinin tam yerinə yetirilməsi müəyyən edildiyi halda, 5 (beş) iş günü müddətində istismara buraxılış aktının verilməsi;

3.3.2. tikinti obyektlərinin (bu Qaydaların 2.6-cı bəndində nəzərdə tutulmuş sifarişçilərə məxsus tikinti obyektləri istisna olmaqla)  istismara buraxılışı aktı alındıqdan sonra 5 (beş) iş günü müddətində sifarişçi ilə ETM arasında iki nüsxədə balans mənsubiyyəti sərhədi, tərəflərin istismar məsuliyyəti və qoşulma aktlarının tərtib edilərək imzalanması, elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanması, ETM tərəfindən tikinti obyektinin elektrik qurğularının kommutasiya aparatı vasitəsilə ETŞ-yə fiziki qoşulması, gərginliyin və elektrik enerjisinin verilməsi.

3.3.3. Bu Qaydaların 2.6-cı  bəndində nəzərdə tutulmuş sifarişçilərə məxsus tikinti obyektləri ETŞ-yə qoşulma işləri həyata keçirildikdən sonra 5 (beş) iş günü müddətində sifarişçi ilə ETM arasında iki nüsxədə balans mənsubiyyəti sərhədi, tərəflərin istismar məsuliyyəti və qoşulma aktlarının tərtib edilərək imzalanması, elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanması, ETM tərəfindən tikinti obyektinin elektrik qurğularının kommutasiya aparatı vasitəsilə ETŞ-yə fiziki qoşulması, gərginliyin və elektrik enerjisinin verilməsi.

3.4. Balans mənsubiyyəti sərhədi aktı və tərəflərin istismar məsuliyyəti aktı qoşulma aktının ayrılmaz hissəsidir. Qoşulma aktı yalnız bu aktların hər ikisi imzalandıqdan sonra imzalanır.

3.5. Sifarişçi ilə ETM arasında qoşulma aktı bu Qaydaların 2 nömrəli əlavəsində göstərilən birtipli formada tərtib edilir.

3.6. Tərəflərin istismar məsuliyyəti sərhədi tərəflər arasında bağlanan istismar məsuliyyəti aktı ilə, balans mənsubiyyəti sərhədi isə balans mənsubiyyəti sərhədi aktı ilə müəyyən edilir və bu Qaydaların 3 nömrəli və 4 nömrəli əlavələrində nəzərdə tutulan birtipli formada tərtib edilir.

 

 

 

"İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları"na

 

1 nömrəli əlavə

 

İstehlakçıların elektrik enerjisi (gücü)

alması üçün

TEXNİKİ ŞƏRTLƏR  № _______

 

"_____" _______________ 20 __ il

 

_____________________________________________________________

(texniki şərtləri alan şəxsin soyadı, adı, atasının adı, təşkilatın adı, ünvanı)

 

surəti: Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Dövlət Enerji Nəzarət İdarəsinə

_____________________________________________________________

(mərkəzi idarə və ya onun yerli strukturu)

_____________________________________________________________

(müraciət sənədinin daxilolma nömrəsi və tarixi)

 

1. Sifarişçinin tikinti obyektlərinin və ya elektrik qurğularının enerji təchizatı şəbəkəsinə qoşulması:

1.1. qoşulması nəzərdə tutulan gücə müvafiq olaraq, mövcud elektrik şəbəkəsini gücləndirmək haqqında əsaslandırılmış tələblər (naqilin en kəsiyinin artırılması və ya dəyişdirilməsi, ehtiyat yuvaların quraşdırılması və s.)

 

1.2. bronlaşdırılmış ekoloji, texnoloji və qəza gücü: ______________

 

1.3. gücün məhdudlaşdırılması üzrə qrafik: ____________________

 

1.4. qoşulma nöqtəsi:

_____________________________________________________________

(yarımstansiya, transformator məntəqəsi, elektrik xətti, obyekti qidalandıran hava və ya kabel  xətlərinin  hansı  gərginliyə  hesablanması,  qoşulma  nöqtələrində  gərginliyin  gözlənilən   səviyyəsi,   yarımstansiyada yuvanın nömrəsi və ya elektrik veriliş xəttinin adı)

1.5. sxemi (balans mənsubiyyəti sərhədi göstərilməklə).

2. Yeni quraşdırılacaq qida mənbəyinə tələblər:

2.1. elektrik enerjisinin keyfiyyət göstəricilərinə tələblərlə əlaqədar reaktiv enerjinin kompensasiya qurğularının gücü: __________________ kVAR

2.2. elektrik enerjisinin uçotuna olan tələblər (bir və ya üçfazalı uçot cihazlarının tipi, dəqiqlik sinfi, quraşdırma nöqtələri və sxemi ölçü transformatorlarının dəqiqlik sinfi və s.):

_____________________________________________________________

 

2.3. gərginlik həddinin tənzimlənməsi üzrə tələblər:

_____________________________________________________________

 

2.4. elektrik enerjisinin keyfiyyət göstəricilərinə dair  tələblər:

_____________________________________________________________

 

2.5. elektrik mühafizə və avtomatika sisteminə tələblər: _____________________________________________________________

(qısaqapanma cərəyanlarının hesabat hədləri, rele mühafizəsinə, avtomatikaya, rabitəyə, izolyasiyaya verilən tələblər)

 

2.6. ifrat gərginlikdən mühafizə sisteminə verilən tələblər: ______________

 

Təsdiq edirəm :

 

Texniki şərti verən enerji təchizatı müəssisəsi :

 

_________________________________________________________

 

 

"___________"_______________20____          il

 

 

 

 

         M.Y.      

 

 

 

 

 

"İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki  şərtlərin verilməsi  və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları"na

 

2 nömrəli əlavə

 

Elektrik şəbəkəsinə qoşulma

AKTI

 

____   _________ 20_____    il            _______________şəhəri (rayonu)

 

Biz, aşağıda imza edənlər:

 

1.Enerjitəchizatı müəssisəsinin nümayəndəsi _____________________________________________________________

(vəzifəsi, soyadı, adı, atasının adı)

 

2. Sifarişçi (və ya nümayəndəsi)

_____________________________________________________________

(vəzifəsi, soyadı, adı, atasının adı)

 

3. Tikinti təşkilatının nümayəndəsi

_____________________________________________________________

(vəzifəsi, soyadı, adı, atasının adı)

_____________________________________________________________

(tikinti obyektinin yerləşdiyi ünvan)

 

ünvanında yerləşən tikinti obyektinin elektrik qurğularının texniki sənədlərinə baxdıq və elektrik xətlərinə baxış keçirdik. Elektrik xətləri və qurğularının  layihəyə və tikinti normalarına uyğun tikildiyi və elektrik şəbəkəsinə qoşulmaq üçün hazır olduğu müəyyən edildi.

 

Layihə sənədi: №___________     __________tarixində verilmişdir

 

Tikinti obyektinin elektrik xətləri ____________________  tarixində  _____________ nömrəli aktla istismara qəbul olunmuşdur.

 

Qeyd edilənləri nəzərə alaraq, tikinti obyektinin enerji təchizatı müəssisəsinin şəbəkəsinə qoşulmasına qərar verildi.

 

 

Qoşulma başa çatdırıldı:      ____________                _____________

                                             (tarix)                                 (saat)

İmzalar: 

________________                             ________________________

                                                                                              (soyadı, adı)

________________                             ________________________

                                                                                              (soyadı, adı)

________________                             ________________________

                                                                                              (soyadı, adı)

 

M.Y.     

 

"İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki  şərtlərin verilməsi  və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları"na

 

3 nömrəli əlavə

 

Enerji təchizatı müəssisəsi ilə sifarişçi arasında enerji təchizatı şəbəkəsinin

balans mənsubiyyəti sərhədi haqqında

AKT

" ____" _________ 20____ -    il                       ___________ şəhər (rayon)

 

Biz, aşağıda imza edənlər __________________________________

_____________________________________________________________

(enerji təchizatı müəssisəsi adından)

_____________________________________________________________şəxsində və

_____________________________________________________________

(vəzifəsi, soyadı, adı, atasının adı)

_____________________________________________________________

sifarişçi adından

_____________________________________________________________

şəxsində tərəflər

_____________________________________________________________

(vəzifəsi, soyadı, adı, atasının adı)

arasında enerji təchizatı şəbəkəsinin balans mənsubiyyəti sərhədini aşağıdakı kimi müəyyən edirik:

_____________________________________________________________

(enerji təchizatı şəbəkəsinin balans mənsubiyyəti sərhədi müəyyən olunmuş yer)

_____________________________________________________________

_____________________________________________________________

_____________________________________________________________

 

İmzalar:

________________                             ________________________

                                                                                              (soyadı, adı)

________________                             ________________________

                                                                                              (soyadı, adı)

 

M.Y.                                                                                                           M.Y.

"İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki  şərtlərin verilməsi  və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları"na

 

4 nömrəli əlavə

 

Enerji təchizatı müəssisəsi ilə sifarişçi arasında tərəflərin

istismar məsuliyyəti sərhədi haqqında

 

AKT

"____" _________ 20____ -    il                           __________ şəhər (rayon)

 

Biz, aşağıda imza edənlər __________________________________

_____________________________________________________________

(enerji təchizatı müəssisəsi adından)

şəxsində və

_____________________________________________________________

(vəzifəsi, soyadı, adı, atasının adı)

_____________________________________________________________

sifarişçi adından

_____________________________________________________________

şəxsində tərəflər

_____________________________________________________________

(vəzifəsi, soyadı, adı, atasının adı)

 

arasında istismar məsuliyyəti sərhədini aşağıdakı kimi müəyyən edirik:

_____________________________________________________________

(tərəflərin istismar məsuliyyəti sərhədi müəyyən olunmuş yer)

_____________________________________________________________

_____________________________________________________________

_____________________________________________________________

 

İmzalar:

________________                             ________________________

                                                                                              (soyadı, adı)

________________                             ________________________

                                                                                              (soyadı, adı)

 

 

M.Y.                                                                                                                                                                                                            M.Y.

Digər xəbərlər