Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikasında ölçmələrin vəhdətinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən edir, ölçmə vasitələrinin işlənib hazırlanması, istehsalı, yoxlanması, sınağı, istismarı, təmiri, satışı, idxalı və ixracı sahəsində münasibətləri tənzim edir.
Maddə 1. Əsas anlayışlar
1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. ölçmələrin vəhdəti ölçmələrin elə vəziyyətidir ki, onların nəticələri qəbul edilmiş vahidlərlə ifadə olunur və ölçmələrin xətaları müəyyən edilmiş sərhədlərdə yerləşir;
1.0.2. metroloji xidmət ölçmələrin vəhdətinin təmin edilməsinə yönəldilmiş iş növləri və fəaliyyət subyektləridir;
1.0.3. ölçmə vasitələri ölçmələrdə istifadə edilən və normalaşdırılmış metroloji xassələrə malik olan texniki vasitələrdir;
1.0.4. kəmiyyət vahidinin etalonu ölçünün kəmiyyətini saxlayan və bu kəmiyyətin digər ölçmə vasitələrinə ötürülməsini təmin edən xüsusi hazırlanmış və müvafiq icra hakimiyyəti orqanı [Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi] tərəfindən təsdiq edilmiş ölçmə vasitələridir;
1.0.5. dövlət kəmiyyət vahidinin etalonu Azərbaycan Respublikasında kəmiyyət vahidi kimi qəbul edilmiş ilkin etalondur;
1.0.6. ölçmələrin vəhdətinin təmin edilməsi üzrə normativ sənədlər (metroloji qayda və normalar) müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti və Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi öz səlahiyyətləri daxilində] tərəfindən təsdiq edilmiş dövlət standartları, qaydalar, tövsiyyələr, təlimatlar, həmçinin qanunvericiliyə uyğun qaydada tətbiq edilən dövlətlərarası və beynəlxalq standartlar;
1.0.7. metroloji nəzarət müəyyən edilmiş metroloji qayda və normalara əməl edilməsinin yoxlanması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı [Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi], yaxud hüquqi şəxslərin metroloji xidmətləri tərəfindən həyata keçirilən fəaliyyətdir;
1.0.8. ölçmə vasitələrinin müqayisəli yoxlanması ölçmə vasitələrinin müəyyən edilmiş texniki tələblərə uyğunluğunun təyin və təsdiq edilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı [Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi], yaxud bu səlahiyyətlər verilmiş hüquqi şəxslərin metroloji xidmətləri tərəfindən yerinə yetirilən əməliyyatların məcmusudur;
1.0.9. ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikat ölçmə vasitələrinin tipinin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməsi, müəyyən edilmiş tələblərə uyğun olması haqqında müvafiq icra hakimiyyəti orqanı [Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi]tərəfindən verilən sənəddir;
1.0.10. ölçmə vasitələrinin müqayisəli yoxlanması hüququnun verilməsi müvafiq icra hakimiyyəti orqanı [Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi] tərəfindən müqayisəli yoxlama işlərinin yerinə yetirilməsi səlahiyyətlərinin rəsmi tanınmasıdır;
1.0.11. ölçmə vasitələrinin kalibrlənməsi dövlət metroloji nəzarətinə aid olmayan ölçmə vasitələrinin tətbiq olunması yararlığının müəyyən edilməsi və təsdiqi məqsədi ilə yerinə yetirilən əməliyyatların məcmusudur;
1.0.12. kalibrlənmə haqqında sertifikat kalibrlənməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı [Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi], yaxud bu səlahiyyətlər verilmiş hüquqi şəxslərin metroloji xidmətləri tərəfindən ölçmə vasitələrinin kalibrlənməsi nəticələrinin təsdiq edilməsi haqqında verilən sənəddir;
1.0.13. ölçmələrin yerinə yetirilməsi üsulları ölçmələrin nəticələrinin məlum xəta ilə alınmasını təmin edən əməliyyat və qaydalardır.
Maddə 2. Ölçmə vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Ölçmə vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 3. Qanunun tətbiq sahəsi
Bu Qanun Azərbaycan Respublikası ərazisində mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən müvafiq hüquqi və fiziki şəxslərə aid edilir.
Maddə 4. Kəmiyyət vahidləri
4.1. Azərbaycan Respublikasında ölçmələr zamanı beynəlxalq vahidlər sisteminin kəmiyyət vahidlərinin tətbiqinə müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] tərəfindən müəyyən edilmiş qaydada yol verilir. Kəmiyyət vahidlərinin adlarını, işarələrini, yazılışını, həmçinin Azərbaycan Respublikası ərazisində onların tətbiq edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] müəyyən edir.
4.2. İxrac edilən məhsulların, o cümlədən ölçmə vasitələrinin xassələri və parametrləri sifarişçinin müəyyən etdiyi kəmiyyət vahidləri ilə ifadə edilə bilər.
Maddə 5. Dövlət kəmiyyət vahidləri etalonları
5.1. Ölkə daxilində ölçmələrin vəhdətinin təmin edilməsinin texniki əsaslarını dövlət kəmiyyət vahidləri etalonları təşkil edir.
5.2. Dövlət kəmiyyət vahidləri etalonları onların ölçmələrinin verilmiş kəmiyyətinin bütün ölçmə vasitələrinə ötürülməsi məqsədi ilə kəmiyyət vahidlərinin təkrarlanması və saxlanması üçün ilkin etalon kimi istifadə edilir.
5.3. Dövlət kəmiyyət vahidləri etalonları müvafiq icra hakimiyyəti orqanı [Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi] tərəfindən təsdiq edilir.
Maddə 6. Ölçmələrin yerinə yetirilməsi üsulları
6.1. Ölçmələr müəyyən edilmiş qaydada attestasiya olunmuş üsullara uyğun həyata keçirilməlidir.
6.2. Ölçmələrin yerinə yetirilməsi üsullarının işlənib hazırlanması və attestasiya edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] tərəfindən müəyyən edilir.
Maddə 7. Ölçmələrin vəhdətinin təmin edilməsi üzrə fəaliyyət
Ölçmələrin vəhdətinin təmin edilməsi üzrə fəaliyyət müvafiq icra hakimiyyəti orqanı [Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi] tərəfindən həyata keçirilir.
Maddə 8. Hüquqi şəxslərin metroloji xidmətləri
8.1. Hüquqi şəxslər ölçmələrin tələb edilən dəqiqliyinin və vəhdətinin təmin edilməsi üzrə işlərin yerinə yetirilməsi və metroloji nəzarətin həyata keçirilməsi üçün metroloji xidmət yarada bilər.
8.2. Hüquqi şəxslərin metroloji xidmətlərinin fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanı [Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi] tərəfindən nəzarət edilir.
8.3. Hüquqi şəxslərin metroloji xidmətlərinin fəaliyyəti haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] tərəfindən təsdiq edilir.
Maddə 9. Dövlət metroloji nəzarəti
9.1. Azərbaycan Respublikasında dövlət metroloji nəzarətini müvafiq icra hakimiyyəti orqanı [Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi] həyata keçirir.
9.2. Dövlət metroloji nəzarətinə aşağıdakılar aiddir:
9.2.1. dövlət sınaqlarının aparılması və ölçmə vasitələrinin tipinin təsdiq edilməsi;
9.2.2. ölçmə vasitələrinin, o cümlədən etalonların müqayisəli yoxlanması;
9.2.3. ölçmə vasitələrinin və ölçmələrin yerinə yetirilməsi üsullarının tətbiq edilməsinin yoxlanması;
9.2.4. ölçmə vasitələrinin istismarına, istehsalına, satışına və idxalına; ölçmələrin yerinə yetirilməsinin attestasiya edilmiş üsullarına, etalonlara, metroloji qayda və normalara nəzarət.
9.3. Metroloji qayda və normalara riayət edilməsini yoxlamaq məqsədi ilə həyata keçirilən dövlət metroloji nəzarəti ölçmə vasitələri istifadə olunan mülkiyyət formasından asılı olmayaraq bütün sahələrə şamil edilir.
Maddə 10. Ölçmə vasitələrinin dövlət sınaqlarından keçirilməsi və tipinin təsdiq edilməsi
10.1. Dövlət metroloji nəzarətinin şamil edildiyi sahələrdə istismar edilən ölçmə vasitələri dövlət sınaqlarından keçirilməklə tipi təsdiq edilməlidir.
10.2. Ölçmə vasitələri tipinin təsdiq edilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanı [Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi] tərəfindən qəbul edilir və ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatla təsdiq edilir. Həmin sertifikatın forması və qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] tərəfindən müəyyənləşdirilir. Ölçmə vasitələrinin təsdiq edilmiş tipi ölçmə vasitələrinin dövlət reyestrinə daxil edilir. Ölçmə vasitələrinin dövlət reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] tərəfindən müəyyən edilir.
10.3. Ölçmə vasitələri tipinin təsdiq edilməsi məqsədi ilə onların dövlət sınaqlarından keçirilməsi dövlət metroloji nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının [Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi] müəyyən etdiyi hallarda və qaydada aparılır.
10.4. Dövlət sınaqlarının keçirilməsi üçün ölçmə vasitələrinin nümunələri normativ və istismar sənədləri ilə birlikdə sınağı keçirən təşkilata təqdim edilməlidir.
10.5. Ölçmə vasitələrinin təsdiq edilmiş tipə uyğunluğuna nəzarəti istehsalçıların, yaxud istifadəçilərin yerləşdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanı [Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi]həyata keçirir.
10.6. Tipi təsdiq edilmiş ölçmə vasitələrinə və hər nüsxəni müşayiət edən istismar sənədlərinə müəyyən edilmiş formada ölçmə vasitələri tipinin təsdiq edilməsi haqqında damğa vurulur.
10.7. Ölçmə vasitələri tipinin təsdiq edilməsi haqqında məlumat və onun ləğv edilməsi haqqında qərar mətbuatda dərc olunur.
10.8. Ölçmə vasitələrinin dövlət reyestrinə daxil edilməmiş ölçmə vasitələrinin istehsalı, istismarı, satışı və idxalı qadağandır.
Maddə 11. Ölçmə vasitələrinin müqayisəli yoxlanması
11.1. Dövlət metroloji nəzarətinə cəlb edilən ölçmə vasitələri istehsaldan buraxıldıqda, yaxud təmir edildikdən sonra və istismar zamanı müqayisəli yoxlamadan keçməlidir.
11.2. Müvafiq icra hakimiyyəti orqanı [Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi] tərəfindən hüquqi şəxslərin metroloji xidmətlərinə ölçmə vasitələrinin müqayisəli yoxlanması hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada verilə bilər.
11.3. Hüquqi şəxslərin metroloji xidmətləri tərəfindən həyata keçirilən müqayisəli yoxlama fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanı [Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi] nəzarət edir.
11.4. Dövlət metroloji nəzarətinin şamil edildiyi sahələrdə ölçmə vasitələrinin istehsal, istismar, yaxud təmir edən hüquqi və fiziki şəxslər ölçmə vasitələrini vaxtında müqayisəli yoxlamaya təqdim etməlidirlər.
11.5. Ölçmə vasitələrinin müqayisəli yoxlanmasının müsbət nəticələri müvafiq icra hakimiyyəti orqanı[Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi] tərəfindən yoxlama möhürü, yaxud yoxlama haqqında şəhadətnamə ilə təsdiq edilir.
Maddə 12. Ölçmələrin vəhdətinin təmin edilməsi üzrə səlahiyyətli şəxslər, onların hüquq və vəzifələri
12.1. Dövlət metroloji nəzarətini müvafiq icra hakimiyyəti orqanının [Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi] səlahiyyətli şəxsləri həyata keçirir.
12.2. Ölçmə vasitələrinin müqayisəli yoxlamasını həyata keçirən səlahiyyətli şəxslər müvafiq icra hakimiyyəti orqanı [Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi] tərəfindən müəyyən edilmiş qaydada attestasiyadan keçməlidirlər.
12.3. Səlahiyyətli şəxslərin hüquq və vəzifələri aşağıdakılardır:
12.3.1. tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq ölçmə vasitələrinin istismar, istehsal və təmir edildiyi, satıldığı yaxud saxlandığı obyektlərə qanunvericiliklə müəyyən edilmiş qaydada daxil olmaq;
12.3.2. ölçmə vasitələrinin vəziyyətini, istismar və saxlanma şəraitini yoxlamaq;
12.3.3. ölçmə vasitələrinin dövlət sınaqlarında iştirak etmək;
12.3.4. metroloji qayda və normalara uyğun olmayan ölçmə vasitələrinin istismarını, istehsalını, satışını qadağan etmək;
12.3.5. müqayisəli yoxlamadan keçməyən ölçmə vasitələrinin istismarını qadağan etmək;
12.3.6. ölçmə vasitələri düzgün olmayan göstəricilər verdiyi halda müqayisəli yoxlama haqqında şəhadətnaməni və ya vurulmuş damğanı ləğv etmək;
12.3.7. insanların həyatına, sağlamlığına, əmlakına, istehlakçıların hüquq pozuntusuna, ətraf mühitin təhlükəsizliyinə mənfi təsir göstərən hallarda, həmçinin ölçmə vasitələri metroloji qayda və normalara uyğun olmadığı halda ölçmə vasitələrini istismardan çıxarmaq;
12.3.8. metroloji qayda və normaların pozulmasının aradan qaldırılması müddətlərini göstərməklə tələbnamə vermək;
12.3.9. metroloji qayda və normaların pozulması haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlama aktı və yaxud protokol tərtib etmək;
12.3.10. ölçmələr üzrə müəyyən edilmiş məcburi tələblərin pozulması ilə aparılan işlərə qadağanlar qoyulması haqqında tələbnamələr vermək;
12.3.11. metroloji qayda və normaları pozmuş hüquqi və fiziki şəxslərə cərimə və maliyyə sanksiyaları tətbiq etmək;
12.4. ölçmə vasitələrinin dövlət metroloji nəzarəti yoxlanılan obyektlərin bilavasitə məsul işçilərinin iştirakı ilə keçirilməlidir.
Maddə 13. Dövlət metroloji xidməti tərəfindən tətbiq edilən cərimələr və maliyyə sanksiyaları
Metroloji qayda və normaları pozmuş hüquqi və fiziki şəxslərə müvafiq icra hakimiyyəti orqanı [Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi] tərəfindən qanunvericiliyə uyğun olaraq cərimələr və maliyyə sanksiyaları tətbiq edilir.
Maddə 14. Ölçmə vasitələrinin kalibrlənməsi
14.1. Müqayisəli yoxlamaya aid edilməyən ölçmə vasitələri istehsaldan buraxıldığı, yaxud təmirdən çıxdığı, idxal və istismar edildiyi, icarəyə verildiyi və satıldığı zaman kalibrlənə bilər. Ölçmə vasitələrinin kalibrlənməsinin nəticələri ölçmə vasitələrinin üzərinə kalibrlənmə nişanının vurulması ilə, yaxud kalibrlənmə haqqında sertifikatla, həmçinin istismar sənədlərində aparılan qeydiyyatla təsdiq edilir.
14.2. Müvafiq icra hakimiyyəti orqanı [Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi] ilə bağlanmış müqavilələr əsasında hüquqi şəxslərin metroloji xidmətlərinə kalibrlənmə işləri aparmaq, həmçinin kalibrlənmə haqqında sertifikat vermək hüququ verilir.
14.3. Ölçmə vasitələrinin kalibrlənməsi hüquqi şəxslərin metroloji xidmətləri tərəfindən dövlət kəmiyyət vahidləri etalonlarına daxil olan etalonlardan istifadə etməklə aparılır.
14.4. Kalibrlənmə işlərinin yararsız yerinə yetirilməsinə görə bu işi yerinə yetirən metroloji xidmətin tabe olduğu hüquqi şəxs məsuliyyət daşıyır.
14.5. Hüquqi şəxslərin metroloji xidmətlərinin kalibrlənmə fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanı[Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi] tərəfindən nəzarət edilir.
14.6. Kalibrlənmə işlərinin yerinə yetirilməsi və kalibrlənmə haqqında sertifikatın verilməsi, yaxud kalibrlənmə nişanının vurulması hüququnun verilməsi qaydaları, kalibrlənmə işlərinin yerinə yetirilməsinə tələblər müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] tərəfindən müəyyən edilir.
Maddə 15. Ölçmə vasitələrinin sertifikatlaşdırılması
Ölçmə vasitələrinin sertifikatlaşdırılması qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı[Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi] tərəfindən aparılır.
Maddə 16. Ölçmə vəhdətinin təmin edilməsi üzrə işlərin maliyyələşdirilməsi
16.1. Ölçmə vəhdətinin təmin edilməsi üzrə işlər dövlət tərəfindən maliyyələşdirilir.
16.2. Ölçmə vəhdətinin təmin edilməsi üzrə dövlət tərəfindən maliyyələşdirilən işlərə aşağıdakılar aiddir:
16.2.1. dövlət kəmiyyət vahidləri etalonlarının işlənib hazırlanması, alınması, təkmilləşdirilməsi, saxlanması və tətbiq edilməsi;
16.2.2. metrologiya sahəsində əsaslı tədqiqatlar;
16.2.3. vaxt və tezliklər, standart məlumat göstəriciləri xidmətləri ilə bağlı işlər;
16.2.4. müvafiq icra hakimiyyəti orqanının [Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi]qismən təchizatı üçün zəruri avadanlıqların alınması, saxlanması və normativ sənədlərin işlənib hazırlanması;
16.2.5. dövlət metroloji nəzarəti üzrə təşkil olunan işlər;
16.2.6. dövlət proqramlarının işlənib hazırlanması.
Maddə 17. Metroloji işlərin və xidmətlərin ödənilməsi
17.1. Müvafiq icra hakimiyyəti orqanı [Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi] tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən və aşağıda qeyd olunan metroloji işlər və xidmətlər bağlanmış müqavilələrin şərtlərinə əsasən sifarişçi tərəfindən ödənilir:
17.1.1. ölçmə vasitələrinin tipinin təsdiq edilməsi üçün sınaqların keçirilməsi;
17.1.2. ölçmə vasitələrinin müqayisəli yoxlanması;
17.1.3. ölçmə vasitələrinin sertifikatlaşdırılması;
17.1.4. ölçmə vasitələrinin kalibrlənməsi;
17.1.5. ölçmələrin yerinə yetirilməsi üsullarının attestasiya edilməsi;
17.1.6. normativ sənədlərin işlənib hazırlanması və (və ya) ekspertizası;
17.1.7. qanunvericiliyə zidd olmayan digər xidmətlər.
Maddə 18. Ölçmə vəhdətinin təmin edilməsi sahəsində mübahisələrin həlli
Ölçmə vəhdətinin təmin edilməsi sahəsində mübahisələrə qanunvericiliyə əsasən məhkəmə qaydasında baxılır.
Maddə 19. Ölçmə vəhdətinin təmin edilməsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
Ölçmə vəhdətinin təmin edilməsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 20. Ölçmə vəhdətinin təmin edilməsi sahəsində beynəlxalq əməkdaşlıq
Müvafiq icra hakimiyyəti orqanı [Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi] tərəfindən ölçmə vasitələrinin yoxlanması və sınaqların nəticələrinin tanınması sahəsində beynəlxalq əməkdaşlıq həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 13 iyun 2000-ci il.
893-IQ.
Azərbaycan qəzetində dərc edilmişdir (19 avqust 2000-ci il, 188).
Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (31 avqust 2000-ci il, 8, 1-ci kitab, maddə 582).