Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında

Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Qanunun təyinatı

Bu Qanun Azərbaycan Respublikasında qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinin həyata keçirilməsi zamanı yaranan münasibətləri tənzimləyir, onun hüquqi əsaslarını, prinsip və vəzifələrini, habelə qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti subyektlərinin dövlət orqanları ilə qarşılıqlı münasibətlərini müəyyən edir.

Maddə 2.Əsas anlayışlar

2.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:

2.0.1. qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti (bundan sonra «özəl mühafizə fəaliyyəti»)—qeyri-dövlət (özəl) mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən fiziki və ya hüquqi şəxslərin mülkiyyətinin hüquqa zidd qəsdlərdən qorunması məqsədi ilə bu Qanunun 5-ci maddəsində nəzərdə tutulan mühafizə xidmətlərinin göstərilməsi;

2.0.2. qeyri-dövlət (özəl) mühafizə müəssisəsi (bundan sonra «özəl mühafizə müəssisəsi»)—fiziki və ya hüquqi şəxslə bağlanmış müqavilə əsasında bu Qanunun 5-ci maddəsində nəzərdə tutulan mühafizə xidmətlərini göstərən, müvafiq qaydada dövlət qeydiyyatından keçmiş və müvafiq icra hakimiyyəti orqanından xüsusi razılıq (lisenziya) almış hüquqi şəxs;

2.0.3. hüquqi şəxsin mühafizə bölməsi—hüquqi şəxsin öz mühafizəsini təmin etmək məqsədi ilə tərkibində yaradılan, müvafiq icra hakimiyyəti orqanından alınmış xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən struktur qurumu;

2.0.4. mühafizəçi—xüsusi hazırlıq keçmiş, bu Qanunla müəyyən edilmiş qaydada özəl mühafizə müəssisəsində və ya hüquqi şəxsin mühafizə bölməsində əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşı;

2.0.5. mühafizə olunan obyekt—özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən hüquqa zidd qəsdlərdən mühafizə edilən daşınmaz (binalar, tikililər, qurğular, ərazilər və s.) və burada yerləşən daşınar əmlak (nəqliyyat vasitələri, avadanlıqlar, pul vəsaitləri, qiymətli əşyalar və s.);

2.0.6. buraxılış rejimi—şəxslərin və ya nəqliyyat vasitələrinin mühafizə olunan obyektə nəzarətsiz girişi (çıxışı), habelə bu obyektə əmlakın nəzarətsiz gətirilməsi və ya bu obyektdən əmlakın nəzarətsiz çıxarılması imkanlarını istisna edən qayda və tədbirlərin məcmusu;

2.0.7. obyektdaxili rejim—mühafizə olunan obyektin hüdudlarında müəyyən edilən qayda və tədbirlərin məcmusu.

Maddə 3. Özəl mühafizə fəaliyyəti haqqında qanunvericilik

Özəl mühafizə fəaliyyəti haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 4. Özəl mühafizə fəaliyyətinin prinsipləri

4.1. Özəl mühafizə fəaliyyəti qanunçuluq, humanizm, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət prinsipləri əsasında həyata keçirilir.

4.2. Özəl mühafizə fəaliyyəti dövlət orqanları, o cümlədən hüquq-mühafizə orqanlarının fəaliyyətini məhdudlaşdırmamalı, üçüncü şəxslərin hüquq və azadlıqlarını pozmamalıdır.

Maddə 5. Özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar göstərilən mühafizə xidmətlərinin növləri

5.1. Özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar aşağıdakı mühafizə xidmətləri göstərilə bilər:

5.1.1. mühafizə olunan obyektlərin qorunması;

5.1.2. mühafizə olunan obyektlərdə buraxılış və obyektdaxili rejimlərin təmin edilməsi;

5.1.3. mühafizə olunan obyektlərdə təhlükəsizlik siqnalizasiyası avadanlıqlarının layihələşdirilməsi, quraşdırılması və istismarı ilə əlaqədar texniki xidmətlərin göstərilməsi;

5.1.4. hüquqa zidd qəsdlərdən mühafizə məsələləri ilə bağlı fiziki və hüquqi şəxslərə tövsiyələrin hazırlanması.

5.2. Özəl mühafizə müəssisələri və hüquqi şəxslərin mühafizə bölmələri tərəfindən bu Qanunla nəzərdə tutulmayan mühafizə xidmətlərinin göstərilməsi qadağandır.

Maddə 6. Özəl mühafizə fəaliyyətinin xüsusiyyətləri

6.1. Bu Qanunun 5-ci maddəsində göstərilən mühafizə xidmətləri yalnız bu məqsədlə təsis edilmiş, müvafiq xüsusi razılıq (lisenziya) almış özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən həyata keçirilə bilər.

6.2. Özəl mühafizə fəaliyyəti dövlət mühafizəsi obyektlərinə, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən və dövlət orqanları tərəfindən mühafizə olunan obyektlərə münasibətdə həyata keçirilmir.

6.3. Özəl mühafizə fəaliyyətində fiziki şəxslərin həyat və sağlamlığına, ətraf mühitə zərər vurmayan texniki və digər vasitələrdən, operativ radio və telefon rabitəsindən qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etməyə icazə verilir.

Maddə 7. Özəl mühafizə müəssisəsi

7.1. Özəl mühafizə müəssisəsi qanunvericiliyə müvafiq olaraq, hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi, nizamnamə və özəl mühafizə fəaliyyətini həyata keçirmək üçün xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərir.

7.2. Özəl mühafizə müəssisələri sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul ola bilməz.

7.3. Özəl mühafizə müəssisəsi mühafizə xidmətlərinin göstərilməsi üçün fiziki və ya hüquqi şəxslərlə mülki qanunvericiliklə və bu Qanunla müəyyən edilmiş qaydada yazılı formada müqavilə bağlamalıdır.

7.4. Mühafizə xidmətlərinin göstərilməsi ilə əlaqədar özəl mühafizə müəssisəsi ilə fiziki və ya hüquqi şəxs arasında bağlanan müqavilədə aşağıdakılar göstərilməlidir:

7.4.1. tərəflər haqqında məlumatlar, o cümlədən özəl mühafizə müəssisəsinə verilmiş xüsusi razılığın (lisenziyanın) nömrəsi və verildiyi tarix;

7.4.2. özəl mühafizə müəssisəsi tərəfindən göstəriləcək mühafizə xidmətlərinin növləri;

7.4.3. tərəflərin hüquq və vəzifələri;

7.4.4. göstərilən mühafizə xidmətlərinin qiyməti;

7.4.5. müqavilənin bağlandığı tarix və qüvvədə olduğu müddət;

7.4.6. müqavilə şərtlərinin pozulmasına görə tərəflərin məsuliyyəti.

7.5. Müqavilə, onun icrası ilə bağlı materiallar və digər sənədlər özəl mühafizə müəssisəsi tərəfindən müqavilənin qüvvədə olduğu, lakin 3 ildən az olmayan müddətdə saxlanılmalıdır.

7.6. Özəl mühafizə müəssisəsinə mühafizəçi vəzifəsinə qəbul bu Qanunun 9-cu maddəsinin tələblərinə riayət edilməklə həyata keçirilir.

Maddə 8. Hüquqi şəxsin mühafizə bölməsi

8.1. Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində yerləşən hüquqi şəxslər öz mühafizəsini təmin etmək məqsədi ilə xüsusi razılıq (lisenziya) əsasında mühafizə bölməsi yarada bilər.

8.2. Mühafizə bölməsi yaradan hüquqi şəxs aşağıdakılar göstərilməklə bölmənin Əsasnaməsini hazırlamalı və təsdiq etməlidir:

8.2.1. mühafizə bölməsinin hüquqi şəxsin strukturunda yeri;

8.2.2. mühafizə bölməsi tərəfindən göstəriləcək mühafizə xidmətlərinin növləri;

8.2.3. mühafizə bölməsinin quruluşu və idarəçilik sistemi;

8.2.4. mühafizə bölməsinin rəhbərinin hüquq və vəzifələri, onun hüquqi şəxsin digər vəzifəli şəxsləri ilə tabeçilik münasibətləri;

8.2.5. bölmənin mühafizəçilərinin hüquq və vəzifələri;

8.2.6. mühafizə bölməsinin fəaliyyətinə xitam verilməsinin qaydası.

8.3. Hüquqi şəxsin mühafizə bölməsi yalnız tərkibində olduğu hüquqi şəxsə məxsus obyektlərin mühafizəsi üzrə xidmətlər göstərə bilər.

8.4. Hüquqi şəxsin mühafizə bölməsinə mühafizəçi vəzifəsinə qəbul bu Qanunun 9-cu maddəsinin tələblərinə riayət edilməklə həyata keçirilir.

Maddə 9. Mühafizəçiyə münasibətdə irəli sürülən tələblər

9.1. Mühafizəçi vəzifəsinə 20 yaşına çatmış, mühafizəçilər üçün xüsusi hazırlıq kursunu bitirmiş Azərbaycan Respublikasının vətəndaşları qəbul olunur. Şəxs özəl mühafizə müəssisəsinə və ya hüquqi şəxsin mühafizə bölməsinə mühafizəçi vəzifəsinə işə qəbul edilərkən işəgötürən tərəfindən namizəd barədə 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanına müəyyən olunmuş qaydada məlumat verilməlidir.

9.2. Mühafizəçilərin, habelə özəl mühafizə müəssisələrinin və hüquqi şəxslərin mühafizə bölmələri rəhbərlərinin xüsusi hazırlıq, təkmilləşdirmə və ixtisas artırma kursları siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən dövlət təhsil müəssisələri və müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi razılıq (lisenziya) əsasında qeyri-dövlət ixtisaslaşmış təhsil müəssisələri tərəfindən həyata keçirilir. Kursların proqramının və ixtisas tələblərinin müəyyən olunması və onlara riayət olunmasına nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

9.3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən mühafizəçinin özəl mühafizə fəaliyyətinə yararlı olub-olmamasının yoxlanılması üçün, o, işə qəbul edilən zaman ilkin, sonra isə ildə bir dəfədən az olmayaraq, tibbi müayinələrdən keçirilir.

9.4. Aşağıdakı şəxslər mühafizəçi vəzifəsinə qəbul oluna bilməz:

9.4.1. ruhi xəstəlik, alkoqolizm, narkomanlığa düçar olmaması barədə müvafiq tibbi rəy təqdim etməyən şəxslər;

9.4.2. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər;

9.4.3. qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş şəxslər (qadınlar, habelə qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla);

9.4.4. sağlamlıq barədə müvafiq tibbi arayış təqdim etməyən şəxslər;

9.4.5. qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunan və ya qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxslər.

9.5. Özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsinin rəhbəri vəzifəsinə bu Qanunla mühafizəçilər üçün nəzərdə tutulmuş tələblərə cavab verən, ali təhsilli, bu vəzifənin icra edilməsi üçün nəzərdə tutulmuş xüsusi hazırlıq kurslarını bitirmiş Azərbaycan Respublikasının vətəndaşları təyin oluna bilər.

Maddə 10. Mühafizəçinin hüquq və vəzifələri

10.1. Mühafizəçi mühafizə etdiyi obyektin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə aşağıdakı hüquqlara malikdir:

10.1.1. mühafizə olunan obyektin işçilərindən və digər şəxslərdən buraxılış rejiminə və obyektdaxili rejimə riayət olunmasını tələb etmək;

10.1.2. mühafizə olunan obyektlərə giriş və çıxış zamanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada fiziki şəxsləri (xidməti vəzifələrini icra edən hüquq-mühafizə və digər dövlət orqanlarının əməkdaşları istisna olmaqla), onların əşyalarını və nəqliyyat vasitələrini texniki vasitələr tətbiq etməklə və ya tətbiq etmədən nəzərdən keçirmək;

10.1.3. mühafizə olunan obyektlərdə hüquqa zidd hərəkətlər törətmiş şəxslər mühafizəçinin qanuni tələblərinə tabe olmadıqları və ya fiziki qüvvə işlətdikləri hallarda həmin şəxsləri fiziki qüvvə tətbiq etməklə hadisə yerində saxlamaq və dərhal müvafiq icra hakimiyyəti orqanına təhvil vermək;

10.1.4. özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xidməti istifadə üçün verilmiş xüsusi vasitələri mühafizə olunan obyektlərin hüdudlarında saxlamaq, gəzdirmək və qanunla müəyyən edilmiş qaydada və hallarda təyinatı üzrə istifadə etmək.

10.2. Mühafizəçinin vəzifələri aşağıdakılardır:

10.2.1. mühafizə olunan obyektlərə münasibətdə hüquq pozuntusu baş verdikdə onun baş vermə vaxtı, yeri, halları, hüquq pozuntusu törədən şəxsin saxlanılması, fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiq edilməsi zərurətinin əsaslandırılması, hüquq pozuntusunun qarşısının alınması və mühafizə olunan obyektin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə görülmüş tədbirlər barədə özəl mühafizə müəssisəsinin və ya hüquqi şəxsin mühafizə bölməsinin rəhbərini yazılı surətdə məlumatlandırmaq;

10.2.2. fiziki qüvvə və ya xüsusi vasitənin tətbiq edildiyi hər bir halda bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanınavə prokurorluq orqanlarına məlumat vermək;

10.2.3. cinayət və ya inzibati xətanın əlamətləri olan əməl törədildiyi halda, bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat vermək;

10.2.4. cinayət əməlinin əlamətləri aşkar edildikdə müvafiq təhqiqat və ya istintaq orqanının əməkdaşları hadisə yerinə gələnədək cinayətin izlərinin və sübut mənbəyi ola biləcək digər maddi obyektlərin qorunub saxlanması, həmin orqanlara ibtidai araşdırma ilə əlaqədar bütün zəruri yardımın göstərilməsi, şahidlərin müəyyən edilməsi üçün tədbirlərin görülməsi;

10.2.5. xüsusi vasitəni və ya mühafizəçi vəsiqəsini itirdikdə dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat vermək;

10.2.6. tutduğu vəzifədən azad edildikdə istifadəsində olan xüsusi vasitələri, mühafizəçi vəsiqəsini və geyim formasını özəl mühafizə müəssisəsinin və ya hüquqi şəxsin mühafizə bölməsinin rəhbərinə təhvil vermək.

10.3. Mühafizəçi tərəfindən şəxslərin hüquq və azadlıqlarının pozulması qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

Maddə 11. Özəl mühafizə fəaliyyətini həyata keçirən şəxslərə qarşı qadağalar

11.1. Özəl mühafizə fəaliyyətini həyata keçirən şəxslərə aşağıdakılar qadağan edilir:

11.1.1. törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatları hüquq-mühafizə orqanlarından gizlətmək;

11.1.2. əməliyyat-axtarış tədbirlərini, habelə qanunvericiliklə dövlət orqanlarının səlahiyyətlərinə aid edilmiş digər tədbirləri həyata keçirmək, bu Qanunla nəzərdə tutulmayan digər mühafizə xidmətləri göstərmək;

11.1.3. özünü prokurorluq, daxili işlər, milli təhlükəsizlik, fövqəladə hallar, ədliyyə, vergi, gömrük və ya digər dövlət orqanlarının əməkdaşı kimi təqdim etmək, həmin orqanların, habelə Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin xüsusi və ya hərbi geyim forması, fərqlənmə nişanları və digər simvollarından istifadə etmək;

11.1.4. hüquq-mühafizə və digər dövlət orqanları əməkdaşlarının qanuni səlahiyyətlərinin həyata keçirilməsinə maneçilik törətmək;

11.1.5. özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xidməti istifadə üçün verilmiş xüsusi vasitələri mühafizə olunan obyektin hüdudlarından kənara çıxarmaq;

11.1.6. mühafizəçinin geyim formasını mühafizə olunan obyektin hüdudlarından kənarda daşımaq;

11.1.7. özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xidməti istifadə üçün verilmiş xüsusi vasitələri istifadə etmək üçün kənar şəxslərə vermək;

11.1.8. mühafizə olunan obyektlərdə hüquqi şəxsin müvafiq vəzifəli şəxslərinin, habelə mühafizə olunan obyektlərin mülkiyyətçiləri və ya qanuni sahiblərinin yazılı icazəsi olmadan video və audioyazı, foto və kino çəkiliş aparmaq;

11.1.9. özəl mühafizə fəaliyyəti ilə əlaqədar malik olduqları şəxsi, ailə, peşə, kommersiya, bank və s. sirr təşkil edən məlumatları, habelə belə məlumatları əks etdirən sənədləri yaymaq, satmaq, başqasına vermək, onlardan mühafizə xidmətləri göstərilən fiziki və ya hüquqi şəxslərin maraqlarına zidd və ya digər şəxslərin maraqlarına uyğun istifadə etmək;

11.1.10. dövlət qulluğunda olmaq;

11.1.11. işlədiyi özəl mühafizə müəssisəsi hər hansı digər kommersiya və ya qeyri-kommersiya təşkilatına mühafizə xidmətləri göstərirsə, həmin kommersiya və ya qeyri-kommersiya təşkilatında mühafizə fəaliyyəti ilə bağlı olmayan vəzifə tutmaq;

11.1.12. fiziki şəxslərin hüquq və azadlıqlarına qəsd edən, onların həyatını, sağlamlığını, şərəf və ləyaqətini, əmlakını və qanuni mənafelərini təhlükə altına alan hərəkətlərə yol vermək.

11.2. Özəl mühafizə fəaliyyətini həyata keçirən şəxslərə hüquq-mühafizə orqanları əməkdaşlarının hüquqi statusu şamil edilmir. Özəl mühafizə fəaliyyəti göstərən şəxslər tərəfindən bu Qanunun 11.1-ci maddəsində göstərilən əməllərin törədilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

Maddə 12. Mühafizəçinin geyim forması və mühafizəçi vəsiqəsi

12.1. Özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi mühafizəçiləri geyim forması və müvafiq mühafizəçi vəsiqəsi ilə təmin etməlidir.

12.2. Mühafizəçilərin geyim formaları Azərbaycan Respublikasının Silahlı Qüvvələri və başqa silahlı birləşmələrin, prokurorluq, daxili işlər, milli təhlükəsizlik, fövqəladə hallar, ədliyyə, vergi, gömrük və digər dövlət orqanlarının xüsusi və ya hərbi geyim formalarından aşkar və aydın şəkildə seçilməlidir. Mühafizəçinin geyim formasının və vəsiqəsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır.

12.3. Özəl mühafizə müəssisəsi və hüquqi şəxsin mühafizə bölməsinin mühafizəçisinin geyim formasının üzərində həmin müəssisənin tam adı, fərdi qeydiyyat nömrəsi, habelə mühafizəçinin adı və soyadı göstərilməlidir.

Maddə 13. Özəl mühafizə fəaliyyətinin həyata keçirilməsində fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiqi şərtləri və hüdudları

13.1. Özəl mühafizə fəaliyyətini həyata keçirərkən mühafizəçilərə yalnız mühafizə olunan obyektlərin hüdudlarında bu Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvənin, habelə özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xidməti istifadə üçün verilmiş xüsusi vasitələrin tətbiqinə icazə verilir.

13.2. Bu Qanunun tələblərinə uyğun olaraq, fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır.

13.3. Mühafizəçi fiziki qüvvə və ya xüsusi vasitə tətbiq edərkən aşağıdakı şərtlərə riayət etməlidir:

13.3.1. insana qarşı fiziki qüvvə və ya xüsusi vasitələr yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquq pozuntusunun xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq edilməlidir;

13.3.2. öz xidməti vəzifələrini icra etməsi və fiziki qüvvə və ya xüsusi vasitə tətbiq etmək niyyəti barədə buraxılış və obyektdaxili rejim qaydalarını pozan şəxslərə xəbərdarlıq etməlidir;

13.3.3. hüquq pozuntusunun xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, eləcə də ona göstərilən müqavimətin dərəcəsindən asılı olaraq, vurulan zərərin minimal olmasına cəhd etməlidir;

13.3.4. bədən xəsarəti alan şəxslərə ilkin tibbi yardımın göstərilməsini təmin etməlidir;

13.3.5. fiziki qüvvə və ya xüsusi vasitənin tətbiq edildiyi hər bir halda bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanınavə prokurorluq orqanlarına məlumat verməli və özəl mühafizə müəssisəsinin və ya hüquqi şəxsin mühafizə bölməsinin rəhbərinə ətraflı yazılı məlumat hazırlamalıdır.

13.4. Mühafizə olunan obyektə qrup halında və ya silah işlətməklə basqın edildiyi, o cümlədən silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla qadınlara, azyaşlılara, yanında azyaşlı uşaqlar olan, əlilliyi, sağlamlıq imkanlarının məhdudluğu, yaxud digər fiziki və ya psixi qüsurları aşkar bilinən şəxslərə, habelə insanların toplaşdığı və ya kənar şəxslərin zərər çəkə biləcəyi yerlərdə fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiqi qadağandır.

13.5. Fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiq edildiyi hər bir hal barədə mühafizəçi tərəfindən təqdim olunmuş məlumat əsasında özəl mühafizə müəssisəsinin və ya hüquqi şəxsin mühafizə bölməsinin rəhbəri xidməti yoxlama aparmalı və fiziki qüvvə və ya xüsusi vasitənin tətbiqinin qanunauyğun olub-olmaması barədə müvafiq rəy hazırlamalıdır. Fiziki qüvvə və ya xüsusi vasitənin tətbiqinin qanunauyğun olub-olmaması barədə müvafiq rəy özəl mühafizə müəssisəsinin və ya hüquqi şəxsin mühafizə bölməsinin rəhbəri tərəfindən 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanına və prokurorluq orqanlarına təqdim olunur.

13.6. Mühafizəçinin öz səlahiyyətlərini, zəruri müdafiə və ya son zərurət hədlərini, habelə cinayət (inzibati xəta) törətmiş şəxsin tutulması üçün zəruri olan tədbirlərin həddini aşaraq, fiziki qüvvə və ya xüsusi vasitə tətbiq etməsi qanunvericiliyə müvafiq olaraq cinayət, inzibati, mülki-hüquqi və intizam məsuliyyətinə səbəb olur.

13.7. Özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xüsusi vasitələr onların mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən ələ keçirilməsini istisna edən şəraitdə qanunvericiliklə müəyyən edilmiş qaydada saxlanılmalıdır.

Maddə 14. Özəl mühafizə fəaliyyətində fiziki qüvvənin tətbiqi

Mühafizə olunan obyektlərə qəsd edən cinayət əməlləri və ya inzibati xətaların qarşısını almaq, bu əməlləri törədən şəxsləri saxlamaq, eləcə də öz qanuni tələblərinə müqaviməti aradan qaldırmaq üçün mühafizəçi ona həvalə olunmuş vəzifələrin icrasını başqa üsullarla təmin edə bilmədikdə fiziki qüvvə tətbiq edə bilər.

Maddə 15. Özəl mühafizə fəaliyyətində xüsusi vasitələrin tətbiqi

15.1. Xüsusi vasitələr özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən yalnızmüvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi vasitənin əldə olunması, saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməyə əsasən əldə oluna, saxlanıla və təyinatı üzrə istifadə edilməsi üçün mühafizəçilərə verilə bilər.

15.2. Özəl mühafizə müəssisələri və ya hüquqi şəxslərin mühafizə bölmələri tərəfindən əldə oluna, saxlanıla və təyinatı üzrə istifadə edilə bilən xüsusi vasitələrin siyahısı, habelə xüsusi vasitənin özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən əldə olunması, saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi üçün mühafizəçilərə verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

15.3. Mühafizəçi tərəfindən xüsusi vasitə yalnız aşağıdakı hallarda tətbiq oluna bilər:

15.3.1. mühafizəçilərin həyat və sağlamlığına real təhlükə törədən basqınları dəf etdikdə;

15.3.2. mühafizə olunan obyektə və ya mühafizəçilərə bir qrup şəxs tərəfindən və ya silah, yaxud silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən hücumun qarşısını alarkən, belə hücumun qarşısını digər üsullarla almaq mümkün olmadıqda;

15.3.3. fiziki şəxsin həyat və sağlamlığı və ya mülkiyyət əleyhinə cinayət törədən zaman yaxalanan şəxslər qaçmağa cəhd göstərdikdə və ya silahlı müqavimət göstərəcəyini ehtimal etmək üçün kifayət qədər əsas olduqda həmin şəxslər saxlanılarkən, digər vasitələrlə onların saxlanılması mümkün olmadıqda;

15.3.4. saxlanılan şəxslər mühafizəçinin xidməti otağına və ya hüquq-mühafizə orqanına gətirilərkən müqavimət göstərdikdə;

15.3.5. mühafizəçinin qanuni tələblərini yerinə yetirməyən nəqliyyat vasitəsinin sürücüsünün mühafizə olunan obyektdə saxlanılması zəruri olduqda;

15.3.6. mühafizəçinin xüsusi vasitələrini ələ keçirmək cəhdinin qarşısını aldıqda.

Maddə 16. Özəl mühafizə fəaliyyətində texniki vasitələrdən istifadə edilməsi

16.1. Özəl mühafizə fəaliyyətini həyata keçirərkən texniki və digər vasitələrdən istifadə insanların hüquq və azadlıqlarını pozmamalı, onların həyat və sağlamlığına, habelə ətraf mühitə zərər vurmamalıdır.

16.2. Mühafizə olunan obyektlərdə texniki vasitələrdən istifadə mühafizə olunan obyektlərin mülkiyyətçilərinin və ya hüquqi şəxsin müvafiq vəzifəli şəxslərinin yazılı razılığı ilə həyata keçirilir.

16.3. Özəl mühafizə fəaliyyətini həyata keçirərkən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş, bu məqsədlə uyğunlaşdırılmış və ya proqramlaşdırılmış texniki vasitələrdən istifadə olunması qadağandır.

Maddə 17. Özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya)

17.1. Özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) bu Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

17.2. Xüsusi razılıq (lisenziya) olmadan özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

17.3. Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər və ya əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslər, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslər, habelə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər özəl mühafizə müəssisəsi yarada, özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsinə rəhbərlik edə, mühafizəçi qismində fəaliyyət göstərə bilməz.

17.4. Bu Qanunun 17.3-cü maddəsində göstərilən hüquqi şəxslər öz mühafizəsini təmin etmək məqsədi ilə mühafizə bölməsi yarada bilər.

17.5. Özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsinin mühafizəçilərinin ümumi say həddimüvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

17.6. Özəl mühafizə fəaliyyətində bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarının pozulması özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş xüsusi razılığın (lisenziyanın) fəaliyyətinin dayandırılması və ya ləğv edilməsinə əsasdır.

Maddə 18. Özəl mühafizə fəaliyyəti göstərən şəxslərin sosial və hüquqi müdafiəsi

Mühafizəçilərin xidməti vəzifələrinin icrası zamanı həlak olması, bədən xəsarəti alması, sağlamlığına digər zərərin dəyməsi halları işəgötürənin vəsaiti hesabına icbari sığorta olunmalıdır.

Maddə 19. Özəl mühafizə müəssisəsinin dövlət orqanları ilə qarşılıqlı əlaqələri

19.1. Özəl mühafizə müəssisələri və hüquqi şəxslərin mühafizə bölmələri ictimai təhlükəsizliyin və ictimai qaydanın qorunması, milli təhlükəsizliyin təmin edilməsi, mülkiyyətin mühafizəsi və digər sahələrdə dövlət orqanları ilə əməkdaşlıq edirlər.

19.2. Özəl mühafizə müəssisələri və hüquqi şəxslərin mühafizə bölmələrinin dövlət orqanları ilə qarşılıqlı əlaqələri və fəaliyyətlərinin koordinasiyası onların arasında bağlanmış müqavilə əsasında qarşılıqlı məlumat mübadiləsi, birgə və ya razılaşdırılmış tədbirlər formasında həyata keçirilə bilər.

Maddə 20. Özəl mühafizə fəaliyyətinə nəzarət

20.1. Azərbaycan Respublikasının ərazisində özəl mühafizə fəaliyyətinə, eləcə də bu fəaliyyət çərçivəsində xüsusi vasitələrin dövriyyəsinə nəzarət qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanıtərəfindən həyata keçirilir.

20.2. Özəl mühafizə müəssisələri və hüquqi şəxslərin mühafizə bölmələri özəl mühafizə fəaliyyətinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının verdiyi yazılı sorğulara əsasən müvafiq sənədləri, yazılı və şifahi məlumatları həmin orqana təqdim etməlidirlər.

20.3. Bu Qanunun 10.2.1 və 13.5-ci maddələrində nəzərdə tutulmuş məlumatlar, rəylər və digər zəruri sənədlər özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış qaydada sənədləşdirilməli və 3 il ərzində saxlanılmalıdır.

Maddə 21. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərinin pozulmasına görə fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 10 aprel 2007-ci il

? 266-IIIQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (24 iyun 2007-ci il, ? 137) («VES Consultancy» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2007-ci il, ? 6, maddə 559) («VES Consultancy» LLC).

13 iyun 2008-ci il tarixli, 648-IIIQD nömrəli Qanuna əsasən əlavələrlə 

Digər xəbərlər