«Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin

mühafizəsi Qaydaları»nın və «Gərginliyi 1000 voltdan yuxarı

olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları»nın

təsdiq edilməsi haqqında

 

«Bakıelektrikşəbəkə» səhmdar cəmiyyətini idarə etmək hüququna dair Müqavilə»nin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 7 noyabr tarixli 597 nömrəli Fərmanının 3-cü bəndinin 5-ci abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və əlaqədar təşkilatlarla razılaşdırılmış təklifi nəzərə alaraq,  Azərbaycan Respublikasının  Nazirlər  Kabineti  QƏRA A ALIR:

 

1. «Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qay-daları» və «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan SSR Nazirlər Sovetinin 1972-ci il 13 oktyabr tarixli 326 nömrəli qərarı və Azərbaycan SSR Nazirlər Sovetinin 1984-ci il 5 aprel tarixli 120 nömrəli qərarının I  bölməsinin birinci bəndi və II  bölməsi qüvvədən düşmüş hesab edilsin.

 

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

 

Azərbaycan Respublikasının

              Baş naziri                                                      A.  Rasi-zadə

 

                                                          Azərbaycan Respublikası Nazirlər

                                                                        Kabinetinin 2004-cü il  10 iyun

                                                                        tarixli 103 nömrəli qərarı ilə

                                                                        təsdiq edilmişdir

 

Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi

 

QAYDALARI

 

1. Bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

elektrik şəbəkəsi - birgə fəaliyyət göstərən müxtəlif gərginlikli transformator yarımstansiyalarında paylayıcı qurğulardan, kabel və hava elektrik ötürücü xətlərindən ibarət olan  elektrik qurğuları;

elektrik qurğuları - elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması üçün lazım olan avadanlıq və onlara aid tikililər;

paylayıcı qurğu - elektrik şəbəkəsinin bir hissəsi olaraq, istehlakçılara elektrik enerjisini çatdıran elektrik qurğuları;

hava elektrik ötürücü xətti - elektrik enerjisini ötürən, açıq havada yerləşən, dayağa və mühəndis qurğularına izolyator və armaturlar vasitəsilə bərkidilmiş naqillərdən ibarət olan elektrik qurğuları;

kabel elektrik ötürücü xətti - bir-birindən və yerdən xüsusi dielektrik materialla izolə olunan alüminium və qurğuşunla kip örtülmüş bir və ya bir neçə  cərəyan keçirici naqillərdən ibarət olan elektrik qurğusu;

xəttin trası - kənar məftillərdən müəyyən olunmuş məsafələrdə yerləşmiş paralel xəyali xətlə məhdudlaşan elektrik ötürücü xəttin quraşdırıldığı sahə;

mühafizə zonası - elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu,  torpaq və su səthindən hava fəzası  şəkilində minimal məsafələr.

2. Bu Qaydaların məqsədi gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan ibarətdir və elektrik ötürücü xətlərinin, birləşdirici və paylaşdırıcı qurğuların layihələşdirilməsində, quraşdırılmasında, istismarında tətbiqi məcburidir.

3. Gərginliyi 1000 voltadək  olan elektrik şəbəkələrinin mühafizəsi üçün müəyyən edilir:

a) mühafizə zonaları:

- hava elektrik ötürücü xətləri boyunca (binalara ayrılan qollar istisna olmaqla) kənar naqillərin (onların meyl etməmiş vəziyyətində) yer səthinə proyeksiyasının hər tərəfindən 2 m aralı keçən paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi, o cümlədən hava elektrik ötürücü xətləri altında olan torpaq sahəsi;

- yeraltı elektrik ötürücü kabel xətləri boyunca,  kənar kabellərin hər tərəfindən 1 m  aralı, kabel xətləri şəhərlərdə səkilərin altından keçdikdə isə bina və qurğulara doğru 0,6 m aralı və küçənin işlək hissəsinə doğru 1 m aralı paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi;

- sualtı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər tərəfindən 100 m aralı olan şaquli müstəvilər arasında su səthindən suyun  dibinədək  su  boşluğu sahəsi;

b) Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri ilə ən yaxın binalar və qurğular, habelə ağajlar və  başqa çoxillik bitkilər arasında  Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş «Elektrik qurğularını qurma Qaydaları» ilə müəyyən edilmiş  minimum yol verilən məsafələr.

4. Gərginliyi 1000 voltadək olan hava elektrik ötürücü xətləri meşə massivlərindən keçirsə, məftillərin bilavasitə yaxınlığında bitən ağacları elektrik ötürücü xətlərini  istismar edən müəssisə budayır. Hava elektrik ötürücü xətləri parklardan, bağlardan və başqa çoxillik bitkilər arasından keçdikdə, ağaclar elektrik ötürücü xətlərini istismar edən müəssisə tərəfindən, tərəflər qarşılıqlı razılığa gəldikdə isə ixtiyarında həmin bitkilər olan müəssisə və ya bağların və başqa çoxillik bitkilərin fərdi sahibləri tərəfindən elektrik ötürücü xətlərinin istismarçısının müəyyən etdiyi qaydada budanır.

5. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır:

a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və  qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq;

b) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında gəmilərin, barjların və üzən kranların dayanması üçün körpülər düzəltmək, yükvurma-boşaltma, dibdərinləşdirmə və yerqazma işləri aparmaq, lövbər atmaq, suya atılmış lövbərlə və tralla keçmək, balıq ovu sahələrini ayırmaq,  sualtı ov alətləri vasitəsilə balıq, habelə su heyvanları və bitkilərini əldə etmək, suvatlar düzəltmək;

c) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yüklə birlikdə və yüksüz, yol səthindən ümumi hündürlüyü 4,5 m-dən çox olan maşın və  mexanizmlər üçün keçidlər, habelə avtomobil və at-araba nəqliyyatı, maşın və mexanizm dayanacaqları düzəltmək;

ç) quruda elektrik ötürücü kabel xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq dərinlikdə buldozerlər, ekskavatorlar və başqa torpaqqazan maşınlar vasitəsilə torpaq işləri görmək və planlaşdırmaq.

Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri kənd təsərrüfatı obyektlərinin ərazisindən keçdikdə, mülkiyyətçilər həmin xətlərin bu Qaydalara uyğun olaraq qorunmasını təmin etməklə və təhlükəsizlik tədbirlərinə riayət etməklə, elektrik ötürücü xətlərini istismar edən müəssisənin razılığı olmadan elektrik ötürücü xətlərinin mühafizə zonasından istifadə edə bilərlər.

6. Elektrik şəbəkələrinin normal işini poza biləcək və yaxud onların zədələnməsinə gətirə biləcək hər cür hərəkətlər, o cümlədən aşağıdakılar qadağan edilir:

a) kənar əşyaları məftillərin üzərinə atmaq, dirəklərə və məftillərə söykəmək və bağlamaq, dirəklərə çıxmaq, onlara doğru gedən yolu tutmaq və binaların damından məftillərin üzərinə qar atmaq;

b) elektrik ötürücü kabel xətlərinin yoluna ağır yükləri (5 tondan çox) boşaltmaq, turşu, qələvi, duz məhlulları və hər cür zibil tökmək;

c) elektrik şəbəkələri qurğularının binalarını açmaq, elektrik şəbəkələrində açıb-qoşma əməliyyatları aparmaq, girim  və paylaşdırma qurğularının, hava və kabel elektrik ötürücü xətlərinin  mühafizə zonalarında ocaq və ya tonqal qalamaq;

ç) hava və kabel elektrik ötürücü xətlərinin keçdiyi, yaxud girim və paylaşdırma qurğularının qoyulduğu yerlərdə elektrik şəbəkələrini istismar edən təşkilatların razılığı ilə əvvəlcə həmin xətləri və qurğuları götürmədən binaları, körpüləri, tunelləri, dəmir yollarını və şose yollarını, başqa qurğuları sökmək və ya yenidən qurmaq.

7.Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər.

8. Əgər gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin ümumi dirəklərində müxtəlif müəssisələrə məxsus başqa təyinatlı naqillər asılmışdırsa, hər bir müəssisə bu xətləri təmir edən zaman başqa müəssisəyə zərər vurula bilən hallarda maraqlı tərəfin nümayəndəsinin iştirakı tələb olunursa, bu cür təmir haqqında əlaqədar aidiyyəti  müəssisə qabaqcadan xəbərdar edilməlidir.

9. Hüquqi və fiziki şəxslər gərginliyi 1000 voltadək  olan elektrik şəbəkələrinin mühafizə zonasında zədələnməyə gətirə bilən hər hansı işləri (partlayış, tikinti və s.) apararkən, işlərə başlamazdan 3 gün əvvəl elektrik şəbəkələrinin mülkiyyətçisi və yaxud istismarçısı ilə  razılaşdırmalı və bu işləri yerinə yetirən zaman həmin şəbəkələrin qorunmasını təmin edən tədbirlər görməlidirlər.

Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonaları daxilində həmin xətlərin mühafizəsini təmin etməklə işlərin aparılması  Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq qaydalarla (tikinti işləri isə «Tikinti Normaları və Qaydaları» ilə) müəyyən edilir.

10. Hava elektrik ötürücü xətləri yaxınlığında müxtəlif mexanizmlərdən istifadə etməklə görülən işlərə yalnız o şərtlə icazə verilir ki,  mexanizmin və  onun qalxan, yaxud çıxan hissəsi ilə, həm də qaldırılan yükün hər bir  vəziyyətində (o cümlədən, ən hündürə qaldırılmış və yanlara çıxmış vəziyyətində) gərginlik altında olan ən yaxın naqillə havada yaxınlaşma məsafəsi 1,5 m-dən az olmasın.

Kabel elektrik ötürücü xəttinin mühafizə zonasında torpaq işləri aparılan zaman kabel xəttindən torpaq işləri aparılan yerə qədər olan məsafə hər bir ayrıca halda kabel xəttinin istismarçısı tərəfindən müəyyən edilir.

İşlərin təhlükəsizliyini təmin edən şərtlərə əməl edilməsi mümkün olmadıqda, elektrik şəbəkəsi istismarçısı tərəfindən həmin kabel xəttindən gərginlik götürülməlidir.

11. Torpaq işlərini görən hüquqi və fiziki şəxslər həmin işlərin aparılmasına dair texniki  sənədlərdə göstərilməyən kabel xətti aşkar etdikdə, dərhal işləri dayandırıb kabelin qorunmasını təmin edən tədbirlər görməli və bu barədə elektrik şəbəkələrinin istismarçısına məlumat verməlidirlər.

12. Gərginliyi 1000 voltadək  olan elektrik şəbəkələrini istismar edən müəssisənin texniki işçilərinin təmir-istismar xidməti göstərmək üçün digər müəssisələrin ərazisindəki onlara məxsus olan elektrik şəbəkələrinə maneəsiz daxil olmaq hüquqları vardır. Elektrik şəbəkələri xüsusi rejimli obyektlərin ərazisində yerləşərsə, müvafiq müəssisələr həmin şəbəkələrə xidmət edən  işçilərə günün hər bir vaxtında yoxlamalar keçirmək və təmir işləri görmək üçün buraxılış verməlidirlər.

13. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərini istismar edən müəssisələrə bu xətlərin təmiri üçün mühafizə zonalarında lazımi torpaq işləri görməyə  icazə verilir.

Torpaq işləri avtomobil və dəmir yolları üçün ayrılmış zolaqlarda  görüldükdə, həmin yolların istismarçısı və ya mülkiyyətçisi olan müəssisələrlə razılaşdırılmalıdır.

Gərginliyi 1000 voltadək olan elektrik ötürücü  xətlərində qəzaları aradan qaldırmaq üçün həmin xətlərin yoluna qovuşan meşə massivlərində ayrı-ayrı ağacların qırılmasına icazə verilir, sonra isə müəyyən olunmuş  qaydada meşəqırma biletləri (orderləri) rəsmiləşdirilməli və qırılmış yerlər ağac qalıqlarından təmizlənməlidir.

14. Əkin sahələrindən keçən, gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin plana uyğun təmiri və yenidən tikintisi torpaq istifadəçisi və ya mülkiyyətçisi ilə razılaşdırılmaqla, bu yerlərdə kənd təsərrüfatı bitkilərinin əkilmədiyi, həmçinin əkilmiş bitkilərin qorunmasını təmin edilməsi mümkün olduğu vaxtda görülür.

Elektrik ötürücü xətlərində qəzaların aradan qaldırılması və istismar xidməti ilə əlaqədar işlər istənilən vaxtda görülə bilər.

Göstərilən işləri yerinə yetirdikdən sonra elektrik ötürücü xətlərini  istismar edən müəssisələr həmin yerləri məqsədəuyğun istifadə edilməsi üçün yararlı hala gətirməlidirlər. Həmin işləri görərkən torpaq istifadəçisinə və mülkiyyətçisinə dəyən ziyan mövcud qanunvericiliyə uyğun tərəflərin razılaşdırılması ilə müəyyən edilir.

15.Yol örtüklərinin korlanmasına səbəb ola biləcək elektrik ötürücü kabel xətlərinin plana uyğun təmiri və yenidənqurma işləri yalnız yol  mülkiyyətçisi olan hüquqi və fiziki şəxslərlə razılaşdırmaqla yerinə yetirilə bilər. İşlərin görülməsi şərtləri 3 gün müddətində razılaşdırılmalıdır.

Təxirəsalınmaz hallarda elektrik ötürücü kabel xətlərinin təmir işləri yol örtüklərinin korlanmasına səbəb olduqda, bu işin yol mülkiyyətində olan müəssisə ilə razılaşdırmadan xəbərdarlıq edilməklə görülməsinə icazə verilir.

Təmir və yenidənqurma işlərini yerinə yetirən müəssisələr nəqliyyat və piyadalar üçün xəbərdarlıq nişanları qoymaqla işlər aparılan yerlərdə dolayı yollar yaratmalı və  işlər qurtarandan sonra torpağı planlaşdırmalı və yol örtüyünü bərpa etməlidirlər.

16. Sənaye müəssisələrinin ərazilərində, dəmir yolu və avtomobil yolu ilə kəsişmə yerlərində, dəmir yolu zolaqlarında və təyyarə meydanlarına giriş yollarında gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin istismarı qaydasını elektrik ötürücü xətlərini istismar edən təşkilatlar müvafiq müəssisə və təşkilatlarla razılaşdırmalıdırlar.

Yüklə birlikdə və ya yüksüz, ümumi hündürlüyü yol səthindən 4,5 metrdən çox olan maşın və mexanizmlərin hərəkət etdiyi avtomobil yollarının  hava elektrik ötürücü  xətləri ilə kəsişdiyi yerlərdə bu xətlərin hər iki tərəfində hərəkət edən nəqliyyatın yol verilən  hündürlüyünü göstərən xəbərdarlıq nişanları qoyulmalıdır. Xəbərdarlıq nişanları yolun mülkiyyətçisi tərəfindən elektrik ötürücü xəttini istismar edən  təşkilatın razılığı ilə yoyulur.

17. Layihələşdirilən bina və qurğuların tikinti meydançaları ərazisində və ya yaxınlığında gərginliyi 1000 voltadək olan elektrik şəbəkələri yerləşdiyi hallarda həmin obyektlərin tikintisinə dair layihələrdə və smetalarda elektrik şəbəkələrini istismar edən müəssisələrin razılığı ilə göstərilən şəbəkələrin qorunmasını təmin edən tədbirlər nəzərdə tutulmalıdır.

18. Elektrik şəbəkələrini yenidən qurmaq və ya onları mexaniki zədələnmədən qorumaq üçün lazımi işləri yerinə yetirən müəssisələr həmin işləri elektrik şəbəkələrini  istismar edən müəssisənin razıllığı ilə, öz materialları və vəsaitləri  hesabına görməlidirlər.

19 Lövbər salmaq və yaxud başqa hərəkətlər nəticəsində kabel xəttinin qaldırıldığı və ya zədələndiyi halda gəmi kapitanı işçilərin və kənar şəxslərin gərginlik altına düşməsinin qarşısını almaq üçün tədbirlər görməli və bu barədə yaxınlıqdakı limana kabelin qaldırıldığı yerin koordinatlarını və vaxtını göstərməklə məlumat verməlidir. Həmin məlumatı qəbul edən liman yaxınlıqdakı enerji təchizatı müəssisəsinə baş vermiş hadisə barədə məlumat verməlidir.

20. Tabeliyində azmış cərəyanlar mənbəyi sayılan mövcud və tikilən qurğuları olan müəssisələr elektrik cərəyanının torpağa axmasını məhdudlaşdırmaq sahəsində tədbirlər görməlidirlər. Tabeliyində tikilən və işləyən elektrik ötürücü kabel xətləri olan müəssisələr göstərilən xətləri azmış cərəyanlardan qorumaq üçün tədbirlər həyata keçirməlidirlər.

21. Elektrik şəbəkələrini istismar edən təşkilatların tabeliyində olan işçilərin elektrik şəbəkələrinin mühafizə zonasında başqa təşkilatlar tərəfindən bu Qaydaların tələblərinin pozulması ilə görülən işləri dayandırmaq hüquqları vardır və onlar bu barədə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin «Dövlət Enerjinəzarət» İdarəsinə məlumat  verməlidirlər.

22. Bu Qaydaların tələblərini yerinə yetirməməkdə, habelə gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin normal işini pozmaqda müqəssir sayılan vəzifəli şəxslər və vətəndaşlar qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.

 

 

_________

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

         Azərbaycan Respublikası Nazirlər

                                                                        Kabinetinin 2004-cü il  10 iyun

                                                                        tarixli 103 nömrəli qərarı ilə

                                                                        təsdiq edilmişdir

 

Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi

 

QAYDALARI

 

1. Bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

elektrik şəbəkəsi - birgə fəaliyyət göstərən müxtəlif gərginlikli transformator yarımstansiyalarında paylayıcı qurğulardan, kabel və hava elektrik ötürücü xətlərindən ibarət olan  elektrik qurğuları;

elektrik qurğuları - elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması üçün lazım olan avadanlıq və onlara aid tikililər;

paylayıcı qurğu - elektrik şəbəkəsinin bir hissəsi olaraq, istehlakçılara elektrik enerjisini çatdıran elektrik qurğuları;

hava elektrik ötürücü xətti - elektrik enerjisini ötürən, açıq havada yerləşən, dayağa və mühəndis qurğularına izolyator və armaturlar vasitəsilə bərkidilmiş naqillərdən ibarət olan elektrik qurğuları;

kabel elektrik ötürücü xətti - bir-birindən və yerdən xüsusi dielektrik materialla izolə olunan alüminium və qurğuşunla kip örtülmüş bir və ya bir neçə  cərəyan keçirici naqillərdən ibarət olan elektrik qurğusu;

xəttin trası - kənar məftillərdən müəyyən olunmuş məsafələrdə yerləşmiş, paralel xəyali xətlə məhdudlaşan elektrik ötürücü xəttin quraşdırıldığı sahə;

mühafizə zonası - elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu,  torpaq və su səthindən hava fəzası  şəkilində minimal məsafələr.

2. Bu Qaydaların məqsədi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin (bundan sonra – elektrik şəbəkələri) qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, həmçinin elektrik şəbəkələrinin layihələşdirilməsini, tikintisini, istismarını, şəbəkənin mühafizə zonasında işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tətbiqi məcburidir.

Elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları tərəfindən həyata keçirilir.

3. Elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərində cığırlar salınır.

4. Elektrik şəbəkələrinin layihələşdirilməsi, tikintisi və istismarına torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılır.

5. Elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir:

a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində, aşağıdakı cədvəldə göstərilən məsafələrdə:

 

            Un, kV - xətlərin gərginliyi;

            L,m     -  məsafələrdir;      

Un, kV

>1≤ 20

35

110

150

220

330-500

L, m

10

15

20

25

25

30

 

 

b) yeraltı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin  hər iki tərəfindən 1 m aralıda yerləşən, şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi;

c) sualtı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər iki tərəfindən 100 m aralıda yerləşən, şaquli müstəvilərlə məhdudlaşan, suyun səthindən dibinə qədər olan su boşluğu;

ç) hava elektrik ötürücü xətlərinin su hövzələrindən (çaylar, kanallar, göllər və s.) keçidi boyunca, gəmiçilik üçün yararlı hövzələrdə kənar naqillərin yellənməyən vəziyyətində hər iki tərəfdən 100 m aralıda yerləşən şaquli müstəvilərlə məhdudlaşan su hövzəsinin səthindəki hava məkanı, gəmiçilik üçün yararlı olmayan hövzələrdə isə hava elektrik ötürücü xətlərinin mühafizə zonalarının müəyyən edilməsi üçün nəzərdə tutulmuş məsafə.

6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə  riayət edilməklə,  kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər.

7. Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır.

8. Hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yerləşən torpaqlarda həmin torpaqları müvəqqəti su basması ilə əlaqədar olan işlər torpaq mülkiyyətçisi və yaxud  istifadəçisi ilə həmin xətlərin istismarçısı arasında razılaşma əsasında görülür.

9. Elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr (qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə «Tikinti Normaları və Qaydaları»na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların, kolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara  riayət edilməlidir.

10. Meşə massivlərində və yaşıllıqlarda yerləşən hava elektrik ötürücü xətlərinin, yarımstansiyaların və paylayıcı qurğuların perimetri boyunca cığırların salınması onların mülkiyyətçisi ilə razılaşdırılmaqla həyata keçirilir.

11. Hava elektrik ötürücü xətləri meşə massivlərindən, parklardan, bağlardan və başqa çoxillik əkmələrdən keçdikdə, ağacların qırılması və budanması elektrik ötürücü xətlərinin mülkiyyətçiləri və yaxud istismarçıları tərəfindən onların mülkiyyətçiləri ilə razılaşdırmaqla yerinə yetirilir. İkitərəfli razılaşma olduqda isə həmin işlər elektrik ötürücü xətlərinin istismarçısı  tərəfindən müəyyən edilmiş qaydalara müvafiq həmin əkmələrin, fərdi bağ və başqa çoxillik əkmələrin mülkiyyətçiləri  tərəfindən yerinə yetirilir.

12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır:

a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi;

b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma, (dənizdə, çayda, göldə və s.) dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və koll əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması;

c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması;

ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi;

d) yeraltı kabel elektrik ötürücü xətlərinin  mühafizə zonalarında 0,3 m-dən artıq,  şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması.

Göstərilən işlərin elektrik şəbəkələrinin mühafizə zonalarında aparılmasına rəsmi razılıq almış müəssisələr, təşkilatlar və idarələr (bundan sonra-müəssisə) həmin  işlərin yerinə yetirilməsi zamanı şəbəkələrin qorunmasını təmin edən şərtlərə əməl etməlidirlər.

Elektrik şəbəkələrinin mühafizə zonalarında partladılma işlərinin görülməsinə rəsmi razılıq həmin işləri görən müəssisələrə, təşkilatlara və idarələrə «Dövlətdağtexnəzarət» Komitəsi tərəfindən  təsdiq edilmiş «Partladılma işləri zamanı vahid təhlükəsizlik Qaydaları»nda  nəzərdə tutulmuş müvafiq sənədləri təqdim etdikdən sonra verilir.

Elektrik şəbəkələrinin mülkiyyətçiləri və yaxud istismarçıları tərəfindən bu Qaydalarda nəzərdə tutulmuş elektrik şəbəkələrinin mühafizə zonalarında işlərin görülməsi üçün ərizəçiyə razılıq verilmədikdə, ərizəçi qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət verə bilər.

13. Elektrik ötürücü xətlərinin mühafizə zonası hüdudlarında  müəssisələr tərəfindən işlərin yerinə yetirilməsi qaydaları müvafiq nazirliklər və təşkilatlarla (tikinti işləri Dövlət Tikinti və Arxitektura Komitəsi ilə) razılaşdırılaraq, Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi tərəfindən müəyyən edilir.

 Gərginliyi 330 kV və yuxarı olan hava elektrik ötürücü xətlərinin yaxınlığında yerləşən müəssisələrin işçilərinin, əhalinin əməyinin və sağlamlığının mühafizəsini təmin edən şərtlər Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi tərəfindən müəyyən edilərək, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə razılaşdırılır.

14. Elektrik şəbəkələrinin normal işini pozan, onların  zədələnməsinə və  yaxud bədbəxt hadisələrə səbəb ola biləcək hər bir  fəaliyyət növü qadağan edilir, o cümlədən:

a) elektrik şəbəkələrinin mühafizə zonalarında yanacaqdoldurma stansiyalarının və digər yanacaq-sürtkü materialları anbarlarının yerləşdirilməsi;

b) kənar şəxslərin elektrik şəbəkələrinin ərazisinə və tikililərinə daxil olması, elektrik şəbəkələrinin qurğularının qapılarını və örtüklərini  açması, elektrik şəbəkələrində açıb-qoşma əməliyyatlarını  aparması;

c) elektrik şəbəkələrinin obyektlərinə gedən yollarda hərəkətin məhdudlaşdırılması;

ç) kənar şəxslərin dirəklərə çıxması, kənar əşyaların məftillərin, dirəklərin üstünə  atılması və yaxud onlara yaxınlaşdırılması;

d) elektrik şəbəkələrinin mühafizə zonalarında və onların yaxınlığında zibilxanaların yaradılması;

e) hava elektrik ötürücü xətlərinin  mühafizə zonalarında yem, peyin, saman, torf, odun və başqa materialların yığılması, ocaq və ya  tonqal  qalanması;

ə) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında idman və oyun meydançaları, stadionlar, bazarlar, ictimai nəqliyyat üçün  dayanacaq məntəqələrinin və  bütün növ maşın və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi, müəyyən olunmuş qaydada icazə verilmiş işlərin  yerinə yetirilməsinə aidiyyəti olmayan insanların böyük toplantısı ilə keçirilən tədbirlərin təşkil olunması;

f) hava elektrik ötürücü xətlərinin  mühafizə zonalarında havaya çərpələng, uçan aparat, idman modellərinin, o cümlədən idarə olunmayan uçan modellərin buraxılması;

g) gərginliyi 330 kV və yuxarı olan hava elektrik ötürücü xətlərinin  mühafizə zonalarında dəmir yolu nəqliyyatı istisna edilməklə, bütün növ  nəqliyyatın dayanması;

ğ) hava elektrik ötürücü xətlərinin  mühafizə zonalarında və onların yaxınlığında zərb mexanizmləri ilə işlərin görülməsi, oraya kütləsi 5 tondan artıq olan ağırlıqların, korroziyaedici, yeyici maddələrin və yanacaq-sürtkü materiallarının tullanması və  axıdılması;

h) sualtı kabel elektrik ötürücü xətlərinin  mühafizə zonalarında lövbər salınması, buraxılmış lövbərlərlə, zəncirlərlə, qayıqlarla, balıq toru və trallarla keçilməsi.

15. Elektrik şəbəkələrinin üstündəki və ətrafındakı hava məkanında hava gəmilərinin uçuşları, həmin məkandan başqa cür istifadə edilməsi,  elektrik şəbəkələrinin layihələşdirilməsi, tikintisi və istismarı Azərbaycan Respublikasının hava məkanının istifadəsini tənzimləyən qanunvericiliyinə uyğun olaraq həyata keçirilməlidir.

16. Elektrik şəbəkələrinin mühafizə zonaları yaxınlığında şəbəkələrin zədələnməsinə səbəb ola bilən partladılma, inşaat və digər işləri icra edən müəssisə işlərə başlamazdan 12 gün əvvəl elektrik  şəbəkəsinin  mülkiyyətçisi və yaxud istismarçısı ilə  şəbəkənin qorunması şərtlərini, işlərin yerinə yetirilməsi qaydasını  razılaşdırmalı və müvafiq tədbirlər görməlidir.

17. Elektrik şəbəkələrinin yerini dəyişməklə və yaxud zədələnmədən mühafizə etmək zərurəti ilə işi yerinə yetirən müəssisələr bu işləri elektrik şəbəkələrinin mülkiyyətçisi və yaxud istismarçısı ilə razılaşdıraraq öz vəsaiti hesabına görməlidirlər.

Suvarma və kollektor-drenaj kanalları tikildikdə, üzümlük və bağlar üçün dayaqlar quraşdırıldıqda və digər işlər görüldükdə, elektrik şəbəkələrinə gedən  maşın və piyada yolları məhdudlaşdırılmamalıdır.

18. Elektrik şəbəkələrinin yaxınlığında  bina və tikililərin inşası, əsaslı təmiri, yenidən tikilməsi üçün layihə-smeta sənədlərində, elektrik şəbəkələrinin saxlanmasını təmin edən tədbirlər nəzərdə tutulmalıdır. Bu tədbirlər elektrik şəbəkələrinin istismarçısı və yaxud mülkiyyətçisi ilə  razılaşdırılmalıdır.

19. Elektrik şəbəkələri avadanlıqlarının çirklənməsi və korroziyası mənbəyi ola biləcək obyektlərin tikintisinin, əsaslı təmirinin, yenidən qurulmasının layihə-smeta sənədlərində korroziyaya uğramaya qarşı və yaxud həmin şəbəkələrin çirklənmə (korroziya) zonasından çıxarılması tədbirləri nəzərdə  tutulmalıdır.

İstehsalat fəaliyyəti nəticəsində elektrik şəbəkələrini çirkləndirən və korroziyaya uğradan  müəssisələr  həmin şəbəkələrin tabeliyindən asılı olmayaraq, elektrik şəbəkələrinin çirklənməsini və korroziyasını məhdudlaşdıran tədbirlər görməlidirlər.

20. Elektrik ötürücü xətlərinin faktiki vəziyyətinə aid tərtib edilmiş materiallar müəyyən olunmuş qaydada torpaq istifadəsi  xəritələrində göstərilmək üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə verilməlidir.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi elektrik ötürücü xətlərinin keçdiyi yer barədə məlumatları əlaqədar orqan və təşkilatlara verir.

21. Tikilən və yaxud  istismarda olan kabel elektrik ötürücü xətlərinin istismarçıları həmin xətləri azmış cərəyanlardan mühafizə etmək üçün  tədbirlər həyata keçirməlidirlər.

22. Elektrik ötürücü xətlərinin mühafizə zonaları ilə dəmir yolu və avtomobil yollarının ayırma zolaqları, boru kəmərləri, rabitə xətləri,  digər kommunikasiya qurğuları  və başqa elektrik ötürücü xətləri eyni ərazidən keçdikdə həmin ərazidə obyektlərin istismarı ilə bağlı aparılan işlər əlaqədar müəssisələr tərəfindən qarşılıqlı razılaşma əsasında yerinə yetirilir.

23. Müəssisənin ərazisindəki yarımstansiyaların elektrik şəbəkəsinə aid tranzit hissəsində operativ əməliyyatlar, şəbəkədə tikinti və təmir işləri aparmaq üçün elektrik şəbəkəsinin elektrotexniki heyətinin bu qurğulara buraxılmasını həmin müəssisə təmin etməyə borcludur. İşlər başa çatdıqda elektrik şəbəkəsinin mülkiyyətçisi və yaxud istismarçısı öz vəsaiti hesabına işlər aparılmış əraziləri və tikililəri lazımi vəziyyətə  gətirməlidir.

24. Gərginliyi 330 kV və yuxarı olan hava elektrik ötürücü xətləri ilə avtomobil yollarının kəsişdiyi yerlərdə və bu xətlərin mühafizə zonalarında nəqliyyatın dayanmasını qadağan edən yol nişanları qoyulmalıdır.

25. Elektrik ötürücü xətlərinin gəmiçiliyə yararlı çaylarla, göllərlə, də

Digər xəbərlər