Azərbaycan Respublikasının yaşayış məntəqələrində əhalinin su ilə təminatını yaxşılaşdırmaq və onunla bağlı digər xidmətlərin işini təkmilləşdirmək, bu sahəni bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirmək və onun səmərəliliyini artırmaq məqsədi ilə qərara alıram:

1. Abşeron Regional Səhmdar Su Cəmiyyəti “Azərsu” Səhmdar Cəmiyyəti adlandırılsın.

2. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin “Azərsukanaltəmir” və “Azərkəndsutəchizat” istehsalat birlikləri ləğv edilsin, onların funksiyaları və tabeliyində olan müəssisə və təşkilatlar balanslarındakı əmlakla birlikdə “Azərsu” Səhmdar Cəmiyyətinə verilsin.

3. Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Kanalizasiya İstehsalat Birliyi ləğv edilsin, onun funksiyaları və balansında olan əmlak “Azərsu” Səhmdar Cəmiyyətinə verilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

4.1. “Azərsu” Səhmdar Cəmiyyətinin, o cümlədən onun tabeliyinə verilən müəssisə və təşkilatların borclarının tənzimlənməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə birgə “Azərsu” Səhmdar Cəmiyyətinin Nizamnaməsinin yeni redaksiyasını və bu sərəncamın icrası ilə bağlı həmin Cəmiyyətin idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.3. Bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4.4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 İyun 2004-cü il.

“Respublika” qəzetində dərc edilmişdir (12 iyun 2004-cü il, #135 (2073))

Digər xəbərlər