Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2012-2013-cü illər üçün Baş Kollektiv Sazişin bağlanması haqqında Qərar № 58 Bakı şəhəri, 6 mart 2012-ci il Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası qərara alırlar: 1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2012-2013-cü illər üçün Baş Kollektiv Saziş bağlanılsın (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir ( 31 mart 12 oktyabr 2012-ci il tarixli, 227 nömrəli Qərara əsasən dəyişikliklərlə («VneshExpertService» LLC). Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2012-2013-cü illər üçün Baş Kollektiv Saziş Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (bundan sonra — Tərəflər) mövcud beynəlxalq və ölkə qanunvericiliyinə əsaslanaraq, sosial-iqtisadi siyasət və sosial-əmək münasibətləri üzrə 2012-2013-cü illər üçün razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş bağlayırlar. Tərəflər hesab edirlər ki, saziş bağlanılan müddətdə ölkə iqtisadiyyatının möhkəmləndirilməsinə, onun rəqabət qabiliyyətinin artırılmasına, əmək məhsuldarlığının yüksəldilməsinə, stabil məşğulluğa və əmək bazarının səmərəli infrastrukturunun inkişafına, iş yerlərinin təhlükəsizliyinə kömək edəcək şəraitin yaradılmasına, işçilərin və onların ailələrinin yaşayışının keyfiyyətinin artırılmasına, yoxsulluq səviyyəsinin azaldılmasına, sosial sabitliyin qorunub saxlanılmasına və əhalinin sosial müdafiəsinin təmin edilməsinə istiqamətlənən sosial-iqtisadi siyasətin həyata keçirilməsi Sazişin prioritet məqsədini təşkil edir. Saziş sosial tərəfdaşlıq sisteminin tərkib hissəsidir və sahə sazişlərinin işlənilməsi və bağlanılması üçün əsas götürülür. Tərəflər qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinə, sosial-əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlər vasitəsilə tənzimlənməsinə çalışacaqlarını və Baş Kollektiv Sazişlə müəyyən edilən öhdəlik və sövdələşmələrə riayət edəcəklərini bəyan edirlər. 1. İqtisadi siyasət sahəsində Tərəflər hesab edirlər ki, yaxın gələcəkdə dövlətin sosial-iqtisadi siyasəti iqtisadi inkişafın dayanıqlığının istehsalatın modernləşdirilməsi və rəqabət qabiliyyətinin artırılması, innovasiya fəallığının və insan kapitalına investisiyaların stimullaşdırılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, yeni iş yerlərinin yaradılması, yoxsulluğun azaldılması, əhalinin rifahının artırılması əsasında təmin edilməsinə yönəldilməlidir. Bu məqsədlə Tərəflər aşağıdakı öhdəlikləri götürürlər: 1.1. iqtisadiyyatın, o cümlədən xidmət sahələrinin modernləşdirilməsinə kömək etmək; 1.2. iqtisadiyyatın innovativ inkişaf modelinə keçidini sürətləndirmək; 1.3. iqtisadiyyatın yüksək texnoloji və infrastruktur sahələrinin inkişaf etdirilməsinə diqqəti artırmaq; 1.4. iqtisadiyyatın prioritet sahələrinin dəstəklənməsi üzrə kompleks tədbirləri həyata keçirmək; 1.5. ölkənin Ümumdünya Ticarət Təşkilatına daxil olması üçün səyləri davam etdirmək, bu məsələdə Tərəflərin mövqelərini nəzərə almaq; 1.6. bazar iqtisadiyyatının mühüm ünsürlərinin, maliyyə institutları daxil olmaqla, təkmilləşdirilməsi üçün şərait yaratmaq; 1.7. sosial-iqtisadi inkişafın uzunmüddətli proqnozlaşdırma sistemini təkmilləşdirmək, onun keyfiyyətini artırmaq; 1.8. əməyin məhsuldarlığının artırılmasına yönəldilən tədbirləri stimullaşdırmaq; 1.9. bazar iqtisadiyyatı şəraitində istehsal həcminin artırılmasında və yeni iş yerlərinin yaradılmasında əsas amil olan kiçik və orta sahibkarlıq subyektləri üçün dövlət yardımının ayrılmasına diqqəti artırmaq; 1.10. yerli məhsulun istehsal həcmini, əməyin səmərəliliyini, malların keyfiyyətini və rəqabət qabiliyyətini yüksəltmək məqsədi ilə yerli istehsalçılara hərtərəfli yardımı artırmaq, qanunvericilik və beynəlxalq hüquq normaları əsasında daxili və xarici bazarlarda ölkənin yerli istehsalçılarının mənafelərini müdafiə etmək, istehsal olunmuş hazır məhsulun dünya bazarlarına ixracını stimullaşdıran tədbirlər sistemini gücləndirmək; 1.11. regionların inkişafı, yeni layiqli iş yerlərinin yaradılması məqsədi ilə hər bir şəhər (rayon) üzrə əmək və təbii resursları, iqtisadi potensialı və infrastrukturu əks etdirən məlumat banklarının yaradılmasını başa çatdırmaq və bu informasiya mənbələri haqqında məlumatın yayılması üçün tədbirlər görmək; 1.12. iqtisadiyyatın bütün sahələrində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə dəstək vermək; 1.13. qeyri-formal iqtisadiyyatın həcminin azaldılması və real sektora yönəldilməsi istiqamətində tədbirləri davam etdirmək; 1.14. dövlət məmurları arasında gəlirlər haqqında bəyannamənin doldurulmasını tətbiq etməklə və digər təsirli tədbirləri həyata keçirməklə, korrupsiya əleyhinə fəaliyyəti gücləndirmək; 1.15. dövlət büdcəsinin gəlir və xərclərinin Ümumi Daxili Məhsulda xüsusi çəkisinin optimallaşdırılması istiqamətində işləri davam etdirmək; 1.16. ölkənin ərzaq təhlükəsizliyi baxımından kənd təsərrüfatı istehsalının inkişafı, onun səmərəliliyinin artırılması və bu sahədə qeyri-formal əmək münasibətlərinin aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirmək; 1.17. bilavasitə istehsalçıların, infrastruktur yaradan elmi tədqiqat və təcrübə-konstruktor işlərini həyata keçirən sahibkarların investisiya fəaliyyətinin yüksəldilməsini nəzərə alan vergi qanunvericiliyinin təkmilləşdirilməsini davam etdirmək; 1.18. ölkə gənclərinin və qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün səyləri artırmaq; 1.19. təbii inhisarçıların xidmətlərinə və məhsullarına qoyulan qiymətlərə (tariflərə) yenidən baxılması prosesində üçtərəfli məsləhətləşmələrdən istifadə etmək; 1.20. istehlak bazarında qiymətlərin əsassız artmasına təsir göstərən inhisarçılığın, rəqabətin məhdudlaşdırılması, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının qarşısının alınması üçün birgə monitorinqlər aparmaq və onların nəticələrini geniş ictimaiyyətə çatdırmaq; 1.21. ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsinə, kredit məbləğinin əmlak bazarında mövcud olan qiymətlərə uyğunlaşdırılmasına nail olmaq və onun üzərində birgə nəzarəti təşkil etmək; 1.22. transmilli şirkətlərdə, xarici sərmayə ilə işləyən və müştərək müəssisələrdə çalışan işçilərin hüquqlarının qorunması ilə bağlı birgə iş aparmaq; 1.23. ölkəyə gətirilən ərzaq və qeyri-ərzaq mallarının keyfiyyəti üzərində nəzarət mexanizmini gücləndirmək; 1.24. institusional, idarəetmə və struktur islahatlarını davam etdirmək; 1.25. inflyasiyanın məqbul səviyyədə saxlanılması məqsədi ilə müvafiq tənzimləmə üsullarından fəal istifadə etmək; 1.26. ölkənin qeyri-neft sektoruna xarici investisiyaların miqyasını daha da genişləndirmək məqsədi ilə xarici investorlar üçün stimullaşdırıcı mexanizmlər üzrə təkliflər hazırlamaq; 1.27. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin qəbul olunmasının sürətləndirilməsi üçün təsirli tədbirlər görmək; 1.28. idxalı əvəz edəcək və ixracyönlü məhsulların istehsalını və ixracını stimullaşdıran tədbirləri həyata keçirmək; 1.29. torpaqların münbitliyinin qorunması və artırılmasına dair tədbirlər planının hazırlanması və həyata keçirilməsinə nəzarəti gücləndirmək, şoranlaşmış və eroziyaya uğramış torpaqlarda sağlamlaşdırma tədbirlərini yerinə yetirmək; 1.30. dövlət idarəetməsi sahəsində təkmilləşdirmə işlərini davam etdirmək, məmurların hərəkətləri və ya hərəkətsizliyi nəticəsində sahibkarlara (biznesə) dəyən zərərə görə məsuliyyət haqqında normativ aktın qəbul edilməsi imkanını nəzərdən keçirmək. Tərəflər iqtisadiyyatın bütün sahələrində Ümumi Daxili Məhsulun aşağıda qeyd olunan real artım göstəricilərini təmin etməyi zəruri hesab edirlər:
2. Əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi Tərəflər qeyd olunan müddətdə işçinin layiqli əmək hüququnu təmin edən kompleks tədbirlərin işlənilməsini və həyata keçirilməsini, real əməkhaqqının artırılmasını, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasını və gəlirlər siyasətinin təkmilləşdirilməsini zəruri hesab edirlər. Bu məqsədlə Tərəflər əməyin təşkilinin təkmilləşdirilməsi, işçilərin ixtisas dərəcələrinin artırılması, əməyin məhsuldarlığının yüksəldilməsi məqsədi ilə aşağıdakı öhdəlikləri götürürlər: 2.1. Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Layiqli Əmək üzrə Ölkə Proqramını imzalamaq və onun icrasını təmin etmək; 2.2. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq minimum əməkhaqqı məbləğinin, pensiyaların baza hissəsinin, ehtiyac meyarının həddinin ölkə üzrə yaşayış minimumu səviyyəsinə çatdırılması üzrə işləri davam etdirmək; 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsindəki «minimum əməkhaqqı» anlayışının Beynəlxalq Əmək Təşkilatının 131 nömrəli Konvensiyasında verilən tərifə uyğunlaşdırılması, bu göstəricinin inflyasiya nəzərə alınmaqla indeksləşdirilməsi barədə mülahizənin qanuna daxil edilməsi ilə bağlı məsləhətləşmələr aparmaq; 2.4. əməyin ödənişinə sərf olunan vəsaitin Ümumi Daxili Məhsulda xüsusi çəkisinin əhəmiyyətli dərəcədə artırılmasına dair işləri davam etdirmək ; 2.5. əməkhaqlarının, pensiyaların, müavinətlərin vaxtında ödənilməsini təmin etmək; 2.6. əməkhaqqı səviyyələri arasında qeyri-mütənasibliyin aradan qaldırılması məqsədi ilə Vahid Tarif Cədvəlinin təkmilləşdirilməsi prosesini davam etdirmək; 2.7. kişi və qadın işçilər tərəfindən həyata keçirilən eyni işlər üçün bərabər həcmdə əməyin ödənilməsini təmin etmək; 2.8. beynəlxalq təcrübəyə əsaslanaraq, peşə ixtisasları üzrə standartların hazırlanmasını davam etdirmək; 2.9. iqtisadiyyatın bütün sahələri üçün ümumi olan və ayrı-ayrı sahələr üzrə Vahid Tarif İxtisas Sorğu kitabçalarının tərtib edilməsini başa çatdırmaq və onların yayılmasını təmin etmək; 2.10. ölkə üzrə orta əməkhaqqı miqdarından az maaş alanların sayını əhəmiyyətli dərəcədə aşağı salmaq məqsədi ilə təsirli tədbirlər həyata keçirmək; 2.11. qeyri-formal əmək münasibətlərinin qarşısını almaq məqsədi ilə işçiləri əmək müqaviləsi bağlanmadan işə cəlb edən və onlara qeyri-rəsmi ödənişlər verən işəgötürənlər üzərində sosial tərəfdaşların birgə nəzarətini gücləndirmək; 2.12. minimum istehlak səbətinin tərkibinə yenidən baxmaq; 2.13. işçilərə istifadə olunmamış əmək məzuniyyəti üçün kompensasiya ödənilməsinə nəzarəti gücləndirmək; 2.14. müəssisə və təşkilatlarda əməyin normallaşdırılması istiqamətində aparılan işlərə diqqəti artırmaq; 2.15. istehsal olunan məhsulun maya dəyərində əməyin ödənilməsinin payını əks etdirən məlumatlar ətrafında məsləhətləşmələr apararaq, bu sahədə vahid siyasəti müəyyən etmək. 3. Əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təminatları Tərəflər hesab edirlər ki, iqtisadiyyatın modernləşdirilməsi və innovasiyalı inkişafı ixtisaslı işçilərə tələbatı formalaşdırmalı, yüksək məhsuldarlıqla, təhlükəsiz əmək şəraiti və layiqli əməkhaqqı ilə səciyyələnən səmərəli iş yerlərinin yaradılması ilə müşayiət olunmalıdır. Bu proseslər əhalinin məşğulluğu və insan resurslarının inkişafı sahəsində məqsədyönlü dövlət siyasəti ilə və sosial tərəfdaşların qarşılıqlı əməkdaşlığı şəraitində aşağıdakı istiqamətlərdə tədbirlər həyata keçirilməklə dəstəklənməlidir:
Bununla əlaqədar Tərəflər aşağıdakı öhdəlikləri götürürlər: 3.1. «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məşğulluq sahəsində razılaşdırılmış siyasəti həyata keçirmək məqsədi ilə sosial tərəfdaşların və müvafiq qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət müvafiq respublika əlaqələndirmə komitəsinin yaradılmasını təmin etmək; 3.2. əmək, məşğulluq və əmək miqrasiyası sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsini davam etdirmək; 3.3. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 noyabr tarixli, 1836 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı»nda nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək; 3.4. gənclərin məşğulluğunun təmin edilməsinə, onların kənd yerlərində çalışmasını həvəsləndirən imtiyazlar sisteminin təkmilləşdirilməsinə, əmək şəraitinin yaxşılaşdırılmasına, həyat səviyyəsinin yüksəldilməsinə, tələbə və şagirdlərin, gənc işçilərin və mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsinə istiqamətləndirilən tədbirləri dəstəkləmək; 3.5. ordudan tərxis olunmuş gənclərin əvvəlki iş yerlərinə və vəzifələrinə bərpa olunmasına nəzarəti gücləndirmək, onların peşələrinə uyğun müvafiq işlə təmin olunmasına nail olmaq; 3.6. əmək qanunvericiliyinin tələblərinə riayət olunması üzərində sosial tərəfdaşların nəzarətini gücləndirmək; 3.7. işsizliyə görə müavinətin, həmçinin peşə hazırlığı, əlavə təhsil vaxtında müəyyən edilmiş təqaüdün minimum məbləğinin yaşayış minimumu səviyyəsində müəyyən edilməsi ilə bağlı təkliflər hazırlamaq; 3.8. qeyri-formal əmək münasibətlərinin leqallaşdırılması istiqamətində təsirli tədbirlər həyata keçirmək; 3.9. inkişaf edən iqtisadiyyatın tələblərinə uyğun olaraq texniki-peşə və orta ixtisas təhsili sistemində islahatların həyata keçirilməsi üzrə dövlətin və sahibkarların (biznesin) birgə təkliflərini hazırlamaq; 3.10. əmək bazarının tələblərinə uyğun olaraq, kadr hazırlığının proqnozlaşdırılması sisteminin yaradılmasına dair zəruri tədbirlər görmək; 3.11. işçilərin əmək hüquqlarını davamlı surətdə təmin etmək məqsədi ilə qeyri-qanuni müddətli müqavilələrin bağlanmasına yol verməmək; 3.12. əhalinin həssas qruplarının məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində işləri davam etdirmək; 3.13. valideyn himayəsindən məhrum olub, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə qalan uşaqların həmin müəssisələrdən qayıtdıqdan sonra işə düzəlmələrinin qayğısına qalmaq; 3.14. ölkə və regionlar üzrə məşğulluq proqramlarının tam həcmdə maliyyələşdirilməsini təmin etmək və bu məqsədlər üçün ayrılmış vəsaitin səmərəli istifadə olunmasına nəzarəti gücləndirmək; 3.15. respublika və regionlar üzrə əmək resursları balansının tərtib edilməsi üçün tədbirlər görmək; 3.16. mövcud iş yerlərinin saxlanılmasını və layiqli yeni iş yerlərinin yaradılmasını təmin edən işəgötürənlər üçün həvəsləndirici tədbirləri genişləndirmək; 3.17. əhalinin, xüsusilə iş axtaran və işsiz vətəndaşların məlumatlandırılması istiqamətində reklam-informasiya işini genişləndirmək, yeni yaradılmış iş yerləri haqqında təfsilatlı informasiya bazasını yaratmaq və geniş ictimaiyyətə çatdırmaq; 3.18. əmək bazarının məşğulluq və işsizlik səviyyəsinin real vəziyyətinin düzgün qiymətləndirilməsi məqsədi ilə iqtisadi zonalar üzrə işləri davam etdirmək; 3.19. ali, orta ixtisas, ilk peşə-ixtisas və ümumi təhsil müəssisələrinin tələbə və şagirdlərinə əmək qanunvericiliyinin əsasları üzrə maarifləndirmə işlərini həyata keçirmək; 3.20. məşğulluq məsələləri üzrə regionlarda yaradılmış əlaqələndirmə komitələrinə hərtərəfli kömək etmək; 3.21. əmək resurslarının daxili ərazi mobilliyini həvəsləndirən stimullar sisteminin gücləndirilməsi sahəsində məsləhətləşmələr aparmaq; 3.22. Beynəlxalq Əmək Təşkilatının 1988-ci ildə qəbul olunmuş «Məşğulluğa köməklik və işsizlikdən müdafiə haqqında» 168 nömrəli Konvensiyasının ratifikasiya imkanlarını araşdırmaq; 3.23. yeni yaradılan iş yerlərinin layiqli əmək normalarının tələblərinə uyğun gəlməsinə dair monitorinqlər həyata keçirmək; 3.24. əməkçi miqrantların hüquqlarının müdafiəsi üzrə dövlətlərarası əməkdaşlığı həyata keçirmək, ölkələrarası sazişlərin bağlanılması təcrübəsindən istifadə etmək; 3.25. qeyri-formal məşğulluğun və əmək miqrasiyasının real vəziyyətinin öyrənilməsinə və onu yaradan səbəblərin aradan qaldırılmasına, eyni zamanda, yaratdığı risklərlə bağlı ictimaiyyətin məlumatlandırılmasına dair işləri davam etdirmək; 3.26. sosial infrastruktur yönümlü işlərin inkişaf etdirilməsi, xalq tətbiqi sənətinin dirçəldilməsi və inkişafı, turizm-istirahət zonalarının yaradılması və bu sahələrə investisiyaların artırılması hesabına qadınların məşğulluq səviyyəsinin artırılması; 3.27. gənclərə, qadınlara, xüsusilə də 20-30 yaşlı qadınlara yeni peşələrin öyrədilməsinə və ixtisaslarının artırılmasına dair işlərin gücləndirilməsi. 4. Sosial müdafiənin gücləndirilməsi istiqamətləri Tərəflər Azərbaycan Respublikası vətəndaşlarının sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi üçün aşağıda göstərilən tədbirlərin həyata keçirilməsini zəruri hesab edirlər: 4.1. əhalinin sağlamlığının mühafizəsi üzərində ictimai nəzarətin gücləndirilməsi; 4.2. İİV/QİÇS-ə, şəkərli diabet xəstəliyinə və digər xroniki xəstəliklərə tutulanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi; 4.3. məktəbəqədər təhsil müəssisələrində uşaq qidasının keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi; 4.4. məktəb tətilləri zamanı uşaqların istirahətlərinin təşkili işinin davam etdirilməsi, sağlamlıq uşaq düşərgələrinin sayının artırılması istiqamətində lazımi tədbirlərin həyata keçirilməsi; 4.5. müəssisə və təşkilatların mənzilə ehtiyacı olan işçilərinin mənzillə təmin edilməsinin təşkili və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 28-ci maddəsinə uyğun olaraq, qəza vəziyyətində olan yaşayış sahələrinin (mənzillərin, binaların) mülkiyyətçi orqanları (nazirlik, komitə, birlik və digər) tərəfindən tədricən yararlı vəziyyətə gətirilməsi və burada yaşayanların təhlükəsizliyinin təmin edilməsi; 4.6. sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun büdcəsində nəzərdə tutulan vəsait daxilində maliyyələşdirilməsinin təmin edilməsi və ayrılan vəsaitin səmərəli istifadəsinə nail olunması; 4.7. səhiyyənin dövlət sektorunun prioritet rolunun saxlanılması və özəl tibb sektoruna dövlət müəssisələrindən təcrübəli həkim personalının axınının qarşısının alınması məqsədi ilə səhiyyə işçilərinin maddi təminatının yaxşılaşdırılması, vətəndaşlara tibbi xidmətin dövlət təminatları əsasında ödənişsiz göstərilməsinin davam etdirilməsi; 4.8. iş yerlərində qadınların təbii və reproduktiv xüsusiyyətləri nəzərə alınmaqla, müasir tələblərə cavab verə biləcək sanitariya-gigiyena normalarının işlənib hazırlanması; 4.9. idarə, müəssisə və təşkilatlar tərəfindən sığortaolunanlar barədə fərdi uçot haqqında qanunvericiliklə müəyyən olunmuş məlumatların vaxtında verilməsinin təmin edilməsi; 4.10. müəssisə, təşkilat və idarələrdə işçilərin məzuniyyət hüququndan istifadə etmələrinə nəzarətin gücləndirilməsi; 4.11. təhlükə mənbəyinə malik olan müəssisələrin işəgötürənləri tərəfindən işlərin görülməsi ilə əlaqədar olaraq, sığorta risklərinin sığortalanmasının müəyyən olunmuş qaydada aparılmasına nəzarətin gücləndirilməsi; 4.12. əhaliyə şəxsi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılması prosesinin və mənzil tikintisi üçün kreditlərin verilməsi sisteminin təkmilləşdirilməsinə, tikinti materiallarının qiymət və keyfiyyətinə nəzarətin gücləndirilməsi ; 4.13. müəssisə və təşkilatların vəsaiti hesabına tikilmiş mənzil sahəsinin işçilər arasında bölüşdürülməsi (paylanması) haqqında nümunəvi qaydaların hazırlanıb qəbul olunması; 4.14. uşaq əməyinin, məcburi əməyin və insan alverinin aradan qaldırılmasını təmin edən, əmək miqrasiyasını tənzimləyən dövlət sosial proqramlarının dəstəklənməsi, birgə monitorinqlərin təşkil edilməsi; 4.15. ölkənin şəhər və rayonlarında məktəbyaşlı uşaqların təhsildən yayınması hallarının üzə çıxarılması, onun səbəblərinin araşdırılması və uşaqların məktəblərə qaytarılması üzrə yerli icra hakimiyyəti, həmkarlar ittifaqı və təhsil orqanlarının nümayəndələrindən ibarət komissiyaların yaradılması; 4.16. ali, orta ixtisas, ilk peşə-ixtisas və ümumi təhsil müəssisələrinin proqramlarına «Gender siyasətinin əsasları»nın tədrisinin daxil edilməsinə nail olunması; 4.17. ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan tələbə və şagirdlərin yataqxana ilə təmin olunması məqsədi ilə təkliflərin hazırlanması; 4.18. işçilərə verilən ödənişli əsas məzuniyyətin aşağı həddini 28 təqvim günü müəyyən edən Avropa Sosial Xartiyasının 2-ci maddəsinə qoşulmaq üçün səy göstərilməsi; 4.19. uşağa bilavasitə qulluq edən şəxsin qismən ödənişli sosial məzuniyyətdən istifadə etdiyi müddətin əmək stajına görə əlavə məzuniyyət hüququ verən dövrə daxil edilməsi üçün birgə müzakirələrin aparılması; 4.20. əmək məzuniyyəti dövründə işçi əmək qabiliyyətini müvəqqəti itirərsə, əmək qabiliyyətinin itirildiyi bütün günlər üçün müavinətin verilməsi ilə bərabər işəgötürən tərəfindən əmək məzuniyyətinin xəstəlik vərəqəsində göstərilən günlərin sayı qədər uzadılmasına nail olunması; 4.21. müstəqillik gününün (18 oktyabr) də iş günü hesab edilməyən bayram günü kimi qeyd edilməsinə və bununla əlaqədar Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsində dəyişiklik edilməsinə nail olunması; 4.22. səsvermə gününün və ümumxalq hüzn gününün əmək məzuniyyəti dövrünə təsadüf edərkən məzuniyyətin təqvim günlərinə daxil edilməyən və ödənilməyən günlər siyahısına əlavə edilməsi üçün Əmək Məcəlləsinin 114-cü maddəsinin 6-cı hissəsində dəyişiklik edilməsinə nail olunması; 4.23. sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunması məqsədi ilə islahatların davam etdirilməsi; 4.24. işəgötürənlər tərəfindən sosial sığorta haqlarının vaxtında və tam həcmdə köçürülməsi üzərində birgə nəzarəti gücləndirmək; 4.25. sovet dövründən dondurulmuş əmanətlərin əhaliyə qaytarılması zamanı ilk növbədə ahıl və yaşlı insanların əmanətlərinin qaytarılmasının təmin edilməsi; 4.26. Beynəlxalq Əmək Təşkilatının «Sosial təminat (minimum normalar) haqqında» 102 nömrəli və «Əlillik, yaşlılıq və ailə başçısının ölümü ilə əlaqədar müavinət haqqında» 128 nömrəli konvensiyalarının ratifikasiya edilməsi prosesinə başlanılması. 5. Əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik Əmək hüquqlarının müdafiəsini, əməyin mühafizəsini, texniki və ekoloji təhlükəsizliyi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirərək, Tərəflər aşağıdakı öhdəlikləri götürürlər: 5.1. aşağıdakı qanun layihələrini hazırlamaq: 5.1.1. kimyəvi maddələrin istifadəsi zamanı təhlükəsizlik barədə; 5.1.2. içməli su və onun təchizatının keyfiyyəti barədə; 5.2. aşağıdakı məsələlər barədə proqramlar hazırlayıb qəbul etmək: 5.2.1. əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması; 5.2.2. torpaqların və su hövzələrinin neft məhsullarından təmizlənməsi və çirklənməyə qarşı xəbərdarlıq; 5.3. aşağıdakı normativ sənədləri işləyib hazırlamaq və təsdiq etmək: 5.3.1. tikintidə əməyin mühafizəsi üzrə norma və qaydaları; 5.3.2. peşə xəstəliklərinin təhqiqi və uçota alınması qaydalarını; 5.3.3. yeni və yenidən qurulmuş müəssisənin, obyektin, istehsal vasitələrinin əməyin mühafizəsi üzrə sertifikat-pasportunun verilməsi qaydalarını; 5.4. əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması, ixtisaslarının artırılması, təcrübə mübadiləsinin aparılması üçün şərait yaratmaq; 5.5. əməyin mühafizəsi tələblərinin gücləndirilməsi məqsədi ilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq; 5.6. qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməsini təmin etmək və bu istiqamətdə nəzarəti gücləndirmək; 5.7. əmək şəraitindən asılı olaraq işçilərin müalicəvi-profilaktik yeməklərlə təmin olunmasına nəzarəti gücləndirmək; 5.8. əmək şəraiti zərərli və təhlükəli olan istehsalatlarda işləyənlər üçün kollektiv və fərdi mühafizə vasitələrinin istehsalını təşkil etmək; 5.9. iş yerlərində, o cümlədən sənaye müəssisələrində insanların sağlamlığının qorunması məqsədi ilə ekoloji təhlükəsizliyi təmin etmək; 5.10. Beynəlxalq Əmək Təşkilatının «Əməyin təhlükəsizliyi və gigiyenası haqqında» 1981-ci il tarixli 155 nömrəli, «Kənd təsərrüfatında əməyin təhlükəsizliyi və gigiyenası haqqında» 2001-ci il tarixli 184 nömrəli, «Əmək təhlükəsizliyinin və gigiyenasının təmin edilməsi əsasları haqqında» 2001-ci il tarixli 187 nömrəli konvensiyalarına Azərbaycan Respublikasının qoşulması üçün tədbirlər görmək; 5.11. alternativ enerji (su, külək və günəş enerjisi) mənbəyindən geniş istifadə etmək məqsədi ilə «Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması barədə Dövlət Proqramı»nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini davam etdirmək; 5.12. əməyin təhlükəsizliyi normaları və standartları üzrə milli informasiya sistemini yaratmaq; 5.13. işçilərə təhlükəsiz iş şəraitini təmin etmək məqsədi ilə nazirlik, komitə və digər icra strukturlarında əməyin mühafizəsi xidmətinin yaradılmasını təmin etmək; 5.14. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, işəgötürən tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmək; 5.15. «Bədən tərbiyəsi və idman haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən: 5.15.1. işçilərə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə məşğul ola bilmələri üçün lazımi şərait yaratmaq; 5.15.2. işçilərə və onların ailə üzvlərinə bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün balanslarında olan idman obyektləri və bazalarını təmənnasız təqdim etmək, bu idman obyektlərinin və bazaların saxlanılmasını, əsaslı və cari təmirini həyata keçirmək; 5.15.3. işçilərin idman klublarında birləşməsinə, bədən tərbiyəsi və idmanın inkişafı üçün digər struktur bölmələrinin yaradılmasına dəstək olmaq; 5.16. işçilərə əmək qabiliyyətlərinin yüksəldilməsi və sağlamlıqlarının möhkəmləndirilməsi məqsədi ilə istirahət evləri, turist bazaları və sanatoriya-kurort müəssisələrinə müvafiq göndərişlər (yollayışlar) vermək; 5.17. işçilərin məzuniyyət dövrünün səmərəli keçirilməsi üçün istirahət evləri (pansionatlar) yaratmaq və əməkdaşların istifadəsinə vermək; 5.18. asudə vaxtlarının səmərəli təşkili üçün idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin mədəni-kütləvi, sosial, turist-ekskursiya və idman tədbirlərində davamlı olaraq iştiraklarını təmin etmək; 5.19. işçilərin əmək qanunvericiliyi və əməyin mühafizəsi norma və qaydaları barədə mütəmadi məlumatlandırılması, xüsusilə gənc nəslin bu sahədə maarifləndirilməsi məqsədi ilə respublikanın müxtəlif bölgələrində regional xarakterli seminarlar keçirmək; 5.20. bayramlarla (yeni il, novruz bayramı və s.) əlaqədar nazirlik, komitə, idarə, müəssisə və digər qurumların əməkdaşlarının azyaşlı övladları üçün şənliklər təşkil etmək; 5.21. nazirlik, komitə, idarə, müəssisə və digər qurumlar tərəfindən əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik qaydalarına əməl olunması məqsədi ilə Baş Kollektiv Sazişin qüvvədə olduğu müddətdə həmkarlar ittifaqı təşkilatının nümayəndəsinin də daxil olduğu komissiyalar yaradılmaqla bu sahədə tənzimləməni həyata keçirmək. 6. Sosial partnyorluq və Tərəflərin fəaliyyətinin əlaqələndirilməsi 6.1. Tərəflər hesab edirlər ki, sosial tərəfdaşlığın inkişaf etdirilməsi, əsas sosial və iqtisadi məsələlər, əmək münasibətlərinin tənzimlənməsi üzrə qərarlar qəbul edilərkən, sosial partnyorluğun imkanlarından daha səmərəli istifadə olunması zəruridir. 6.2. Bu məqsədlə Tərəflər aşağıdakı öhdəlikləri götürürlər: 6.2.1. sosial-iqtisadi siyasətin əsas istiqamətləri üzrə müntəzəm məsləhətləşmələr aparmaq; 6.2.2. sosial-əmək münasibətləri, əhalinin məşğulluğu, miqrasiya və sosial təminat sahəsində milli proqram, qanun və digər normativ hüquqi aktların layihələrini müzakirə etmək; 6.2.3. sosial tərəfdaşlıq sisteminin müvafiq qanunverici bazasının təkmilləşdirilməsi üzrə təkliflər verməklə inkişafına nail olmaq, sosial tərəfdaşlardan ibarət daimi fəaliyyət göstərən iqtisadi və sosial məsələlər üzrə üçtərəfli komissiyanın yaradılmasını təmin etmək; 6.2.4. «Həmkarlar İttifaqları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işçilərin əmək, sosial və iqtisadi hüquqlarına dair qanun layihələri və normativ aktlar hazırlanarkən həmkarlar ittifaqlarının mövqeyini nəzərə almaq; 6.2.5. Beynəlxalq Əmək Təşkilatının dəstəyini almış «İşəgötürənlər birlikləri haqqında» Azərbaycan Respublikası Qanununun qəbul edilməsinə səy göstərmək; 6.2.6. işəgötürənlər təşkilatlarının korporativ sosial məsuliyyət sahəsində təşəbbüslərini hərtərəfli dəstəkləmək, «İlin ən yaxşı sosial layihəsi», «Ən yaxşı kollektiv müqavilə», «Ən yaxşı sosial-məsuliyyətli müəssisə» müsabiqələrinin təşkil olunmasını nəzərdən keçirmək; 6.2.7. dövlət əmlakının özəlləşdirilməsi zamanı əmək kollektivlərinin maraqlarını tam nəzərə almaq məqsədi ilə müəssisələrdə yaradılan komissiyaların tərkibinə həmkarlar ittifaqları nümayəndələrinin daxil edilməsini təmin etmək; 6.2.8. MDB ölkələrinin Parlamentlərarası Assambleyası tərəfindən qəbul olunmuş model qanunlardan və digər normalardan milli qanunvericiliyin təkmilləşdirilməsində istifadə etmək, bu qurum tərəfindən təsdiq edilən «Səhmdar cəmiyyətləri haqqında» model Qanunun mülahizələrinə əsasən ölkənin səhmdar cəmiyyətlərinin rəhbər orqanlarında işçilərin nümayəndələrinin təmsil olunmasını tövsiyə etmək. 6.3. Tərəflər həmkarlar ittifaqlarının və işəgötürənlərin fəaliyyətinə müdaxilə olunmaması ilə bağlı tanınmış beynəlxalq qərar və normalara riayət edilməsinə təminat verirlər, həmkarlar ittifaqları və işəgötürənlər təşkilatlarının yaradılmasına mane olmurlar, həmkarlar ittifaqlarının nümayəndələrinin qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmək məqsədi ilə respublikanın ərazisində fəaliyyət göstərən bütün müəssisə və təşkilatlara daxil olmasına yardım edəcəklər. 6.4. Tərəflər həmkarlar ittifaqına üzvlük haqlarının idarə, təşkilat və müəssisələrin mühasibatlığı vasitəsilə köçürmə yolu ilə ödənilməsinə razılıq verirlər. Üzvlük haqları 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülür. 6.5. Tərəflər aşağıdakı məsələlərin həllinə kömək göstərməyi öhdəlik kimi qəbul edirlər: 6.5.1. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın ərazisində yerləşən müəssisələrdə sosial-əmək münasibətlərinin sosial partnyorluq prinsipləri əsasında tənzimlənməsi; 6.5.2. iqtisadi imkanlar nəzərə alınmaqla, əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial-iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən sahə (tarif) və ərazi (rayon) kollektiv sazişlərin və kollektiv müqavilələrin bağlanılması və həyata keçirilməsi; 6.5.3. sahə kollektiv sazişlərinin və kollektiv müqavilələrin bağlanması üzərində birgə nəzarətin gücləndirilməsi; 6.5.4. dövlət qulluqçusu vəzifəsindən həmkarlar ittifaqı orqanlarına seçilən və ya təyin edilən işçilər üçün həmin statusun saxlanılmasına dair təkliflərin hazırlanması. 6.6. Tərəflər sahə (tarif), ərazi (rayon) kollektiv sazişlərində və kollektiv müqavilələrdə müəyyən olunmuş məqsədlər üçün müəssisə və təşkilatlarda işləyənlərin əməkhaqqı fondunun ən azı 0,15 faizinin həmkarlar ittifaqına ayırmasını tövsiyə edirlər. 6.7. Tərəflər nəzərə alırlar ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sosial tərəfdaşlar tərəfindən razılaşdırılmış göstəricilər üzrə əhalinin həyat səviyyəsinin statistik müşahidəsini daimi həyata keçirir və Baş Kollektiv Sazişə Əlavədə əks olunan göstəricilər barədə yarım ildə bir dəfə (iyul və fevral aylarında) Tərəflərə məlumat verir. 6.8. Tərəflər sosial-əmək və iqtisadi münasibətlər sahəsində yaranan kollektiv əmək mübahisələrinin (münaqişələrinin) tənzimlənməsi üçün onlardan asılı olan bütün zəruri tədbirləri həyata keçirir, bu sahədə infrastrukturun təkmilləşdirilməsini və birgə əməkdaşlığı təşkil edirlər. 6.9. Hər bir Tərəf qəbul olunmuş öhdəliklərin icrasını təmin edən tədbirlər hazırlayır. 6.10. Tərəflər götürdükləri öhdəlikləri yerinə yetirmədikdə, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 6.11. Baş Kollektiv Sazişin icrasına nəzarəti Tərəflərin müvafiq komissiyaları həyata keçirir və nəticələr hər ilin yekunlarına görə müzakirə edilir. 6.12. Baş Kollektiv Sazişdə dəyişikliklər Tərəflərin qarşılıqlı razılığı əsasında edilir. 6.13. Baş Kollektiv Saziş 2012-2013-cü illər üçün bağlanılır və imzalandığı gündən qüvvəyə minir. Yeni danışıqlar qüvvədə olan Baş Kollektiv Sazişin müddəti başa çatanadək qurtarmadığı təqdirdə, bu Baş Kollektiv Sazişin qüvvədə olma müddəti Tərəflərin razılığı ilə üç ayadək uzadıla bilər. 6.14. Baş Kollektiv Sazişin icrası və sosial-əmək münasibətlərinin tənzimlənməsi üzrə Tərəflərin fəaliyyətini işıqlandırmaq məqsədi ilə Tərəflər sosial tərəfdaşlığın inkişafına həsr edilmiş materialları respublikanın kütləvi informasiya vasitələri ilə yayırlar. 6.15. Baş Kollektiv Sazişə daxil edilmiş müddəalar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, mülkiyyət formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilatlara şamil edilir. Kollektiv Sazişə Əlavə Əsas sosial-iqtisadi göstəricilər Ümumi Daxili Məhsul (mln. manatla) Əsas kapitala investisiyaların Ümumi Daxili Məhsulda payı (faizlə) Sosial-mədəni tədbirlərə ölkə büdcəsindən ayrılan xərclər (mln.manatla) Ümumi Daxili Məhsulda faizlə (hər il may ayının ikinci ongünlüyü) Daimi əhalinin sayı (hər il may ayının ikinci ongünlüyü) Orta ömür uzunluğu (hər il may ayının ikinci ongünlüyü) Doğum əmsalı Ölüm əmsalı Əhalinin təbii artımı (min nəfər 10000 nəfər əhaliyə) Orta hesabla adambaşına düşən pul gəlirləri (manatla) Sərəncamda qalan real pul gəlirləri (manatla) Hesablanmış orta aylıq əməkhaqqı (manatla) nominal (manatla, faizlə artım) real (faizlə artım) iqtisadiyyatın sahələri üzrə (manatla) Ümumi Daxili Məhsulda əməkhaqqının xüsusi çəkisi Təyin olunmuş pensiyalar (kompensasiyalar nəzərə alınmaqla): orta aylıq məbləğ (manatla) nominal (manatla, faizlə artım) real (faizlə artım) İstehlak mallarının qiymət indeksi Ailə büdcəsindən qida üçün sərf olunan orta məbləğ (manatla) İqtisadiyyatda məşğul olanların sayı (min nəfərlə) İqtisadi fəal əhalinin sayı (min nəfərlə) Məşğul olan işçilərin bölünməsi (min nəfərlə): status üzrə (hər il may ayının ikinci ongünlüyü) sahələr üzrə Qeydə alınmış işsizlərin sayı (min nəfərlə) İşsizlik statusu olanların sayı (min nəfərlə) Bir iş yeri vakansiyasına düşən işsizlərin sayı İstehsalat xəsarətləri (zədələri) o cümlədən: ölümlə nəticələnən; ağır və təhlükəli əmək şəraitində İşləyənlərin xüsusi çəkisi (faizlə) (hər il may ayının ikinci ongünlüyü) o cümlədən qadınların Əsas növlər üzrə peşə xəstəlikləri (hər il may ayının ikinci ongünlüyü). © «VneshExpertService» LLC |