Dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsini rəhbər tutaraq qərara alıram: 

1. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi yaradılsın. 
2. Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi ləğv edilsin və onun funksiyaları Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinə verilsin. 
3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin sənaye siyasəti sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinə verilsin. 
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində: 
4.1. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin Əsasnaməsinin layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
4.2. Nazirliyin strukturu və aparatının işçilərinin say həddi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
4.3. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 5. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 dekabr 2004-cü il

Digər xəbərlər