"Azərişıq” ASC fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, yaranan çətinliklərin aradan qaldırılması məqsədilə mütəmadi görüşlər təşkil edir. Onların fikirləri, təklifləri və tövsiyələri dinlənilir. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən keçirilən belə tədbirlərdən biri Xızıda baş tutub.
Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktor müavini İnam Yusifov, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev, Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Həbib Əzizov, Xızı rayon İcra Hakimiyyətinin nümayəndəsi Vüqar Əliyev iştirak edib.
Görüş zamanı fermer, sahibkar və vətəndaşlara Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma və əsaslı təmir işləri barədə geniş məlumat verilib. Bildirilib ki, görülən işlər nəticəsində ölkənin hər bir tərəfində müxtəlif gücdə yarımstansiyalar tikilir, yeni transformatorlar quraşdırılır.
Həmçinin tədbir iştirakçıları elektron xidmətlər barədə məlumatlandırılıb. Xidmət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlər haqqında maarifləndirici söhbət aparılıb.
Tədbirdə yeni elektrik təchizatı şəbəkəsinə qoşulma prosesi, texniki şərtlərin verilməsi və ödəniş qaydaları izah edilib. Bununla yanaşı vətəndaşların daha çox müraciət etdikləri digər xidmətlə-abonentin balansındakı avadanlıqlara texniki xidmət göstərilməsi, çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyatı, sayğac zədələnməsi hallarında görüləcək tədbirlər, qeyri-əhali abonentlərinin ad dəyişikliyi prosedurları, smart kartın və qüsurlu ödənişlərin bərpası xidmətləri barədə ətraflı məlumatlar verilib, onların sualları cavablandırılıb. Eyni zamanda, həm ASAN Xidmət mərkəzlərində, həm də elektron platformalar üzərindən təqdim edilən bütün xidmətlər barədə geniş məlumat verilib. Vətəndaşların və sahibkarların müraciətlərinin daha asan və sürətli həlli üçün yaradılan imkanlar vurğulanıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciət etmə imkanları ətraflı izah olunub. İştirakçıların müxtəlif məsələlərlə bağlı sualları dinlənilib, qaldırılan bəzi problemlər yerindəcə həll edilib.
Görüş zamanı “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin təşkil etdiyi “Sabaha yaşıl işıq” kursları barədə də ətraflı məlumat verilib. Bildirilib ki, Elm və Təhsil Nazirliyi tərəfindən verilən lisenziya əsasında fəaliyyət göstərən tədris kurslarında dərin biliyə, bacarığa və yüksək peşə hazırlığına malik mütəxəssislər yetişdirilir. Bir ay müddətində kursları uğurla başa vuran müdavimlərə dünyanın bir çox aparıcı energetika şirkətləri tərəfindən tanınan sertifikatlar təqdim olunur.
Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, görüşlər təşkil edir. Fermer və sahibkarların mövcud problemlərinin həlli istiqamətində işlər aparılır.
Digər xəbərlər
- Paytaxt və ətraf ərazilərin bir hissəsində fasilə yaranacaq 20 Aprel 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 26 Fevral 2026
- Elektrik enerjisinin istehlakı ilə bağlı yaranan debitor borcların aradan qaldırılması ilə bağlı şəbəkə ilə abonent arasında hüquqi tənzimləmələr 11 Mart 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Mart 2026
- "Azərişıq" ASC ilk dəfə “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramını Qəbələdə təşkil edib 16 May 2026