“Azərişıq” ASC qeyri-əhali abonentləri arasında elektrik enerjisinin talanması hallarını aşkarlayıb.
“Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılması istiqamətində yenilənmə işlərini davam etdirir. Lakin təəssüf ki, görülən işlərə baxmayaraq, abonentlər arasında elektrik enerjisindən qanunsuz istifadə edənlərə rast gəlinir.
Paytaxtın Xəzər rayonunda “Ev Qur” adlı mağazaya baxış keçirilən zaman məlum olub ki, elektrik sayğacı kənar müdaxilə səbəbindən axan cərəyanı yarıbayarı az qeyd edir.
Xırdalan şəhərində sement zavodunda da kənar müdaxilənin olduğu aşkar edilib. Baxış zamanı elektrik sayğacının "A", "B", və "C" faza cərəyan sıxaclarına müdaxilə edildiyi məlum olub.
Paytaxt və ətraf ərazilərlə yanaşı, Salyan rayonunda bəzi qeyri-əhali abonentlərinin elektrik enerjisini taladığı aşkarlanıb. Rayon ərazisində mağazalardan birinə baxış keçirilən zaman məlum olub ki, obyektə sayğac sxemindən kənar xətt daxil olur.
Analoji vəziyyətə avtoyuma və kafe fəaliyyəti göstərən digər bir obyektdə rast gəlinib. Burada da sayğaca kənar müdaxilə etməklə elektrik enerjisindən qanunsuz istifadə olunduğu müəyyən edilib.
Elektrik enerjisinin talandığı növbəti fakt balıqçılıq təsərrüfatında ortaya çıxdı. Abonent uzaq məsafəyə kənar xətt çəkməklə yanaşı, uzaqdan idarə olunan xüsusi qurğu da quraşdırıb.
Qeyd edilən faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb, hüquq mühafizə orqanlarına müraciət edilib və bu ardıcıl olaraq davam etdiriləcək. Həmçinin, bu cür qanunsuzuluğa yol verən obyekt və müəssisələrin, şəxslərin adları kütləvi informasiya vasitələrində ictimaiyyətə təqdim olunacaq.
Abonentlər bilməlidirlər ki, atılan bu neqativ addımlar təkcə elektrik enerjisinin talanması ilə nəticələnmir. Digər abonentlərin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsinə maneələr yaradır, insanların həyat və sağlamlıqlarını ciddi təhlükə altına salır.
Digər xəbərlər
- Güclü qara baxmayaraq “Azərişıq” ASC Cəlilabadda elektrik enerjisinin bərpasını sürətlə davam etdirir 20 Yanvar 2026
- “Azərişıq” ASC-nin nümayəndələri Xankəndində sahibkarlarla görüş keçirib 06 Fevral 2026
- Elektrik enerjisi istehlakı üzrə debitor borcların ödənişinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər “Azərişıq” ASC -nin əsas hədəflərindən biridir 21 Yanvar 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 31 Yanvar 2026
- “Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılmasını daim diqqət mərkəzində saxlayır 09 Yanvar 2026