Bakı şəhəri elektrik şəbəkəsinin fəaliyyətinin sağlamlaşdırılması və şəhərin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədi ilə qərara alıram:

1. "Bakıelektrikşəbəkə" İstehsalat Birliyi, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının enerji nəzarəti və satışı müəssisəsi ləğv edilsin və onların, habelə bu sərəncama əlavədə göstərilən digər müəssisə və obyektlərin bazasında səhmləri ilkin mərhələdə dövlətə məxsus olan "Bakıelektrikşəbəkə" Açıq Tipli Səhmdar Cəmiyyəti yaradılsın.

2. Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyinə tapşırılsın: Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı zəruri tədbirləri həyata keçirsin; "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətinin idarə heyətinin sədrini və üzvlərini təyin etsin, habelə Bakı şəhərinin elektrik enerjisi ilə etibarlı təchizatını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyinin, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin və "Azərenerji" Səhmdar Cəmiyyətinin nümayəndələrindən ibarət Müşahidə Şurasının tərkibini təsdiq etsin; "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətinin qanunvericiliyə uyğun olaraq, əlverişli şərtlərlə uzunmüddətli idarəetməyə verilməsi üçün açıq müsabiqənin keçirilməsini təmin etsin və müsabiqənin qalibi ilə müvafiq müqavilə bağlasın.

3. "Azərenerji" Açıq Tipli Səhmdar Cəmiyyətinə tapşırılsın ki, "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyəti ilə birlikdə Bakı şəhəri üzrə elektrik enerjisinin nəqli və paylanmasının təhlükəsizliyinə və etibarlılığına nail olmaq məqsədi ilə elektrik enerjisi sisteminin operativ idarəetmə sxemini və mexanizmini 3 ay müddətində yenidən işləyib müəyyən edilmiş qaydada təsdiq etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

5. "Bakıelektrikşəbəkə" İstehsalat Birliyinin özəlləşdirməyə hazırlanması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 noyabr tarixli, 253 nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilsin.

6. Bu sərəncam dərc olunduğu gündən qüvvəyə minir.

Heydər ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun 2000-ci il

# 441 "Azərbaycan" qəzetində dərc edilmişdir (15 iyun 2000-ci il, # 135). "Azərbaycan Respublikasının Qanunvericilik Toplusu"nda dərc edilmişdir (30 iyun 2000-ci il, # 6, maddə 447). 31 mart 2001-ci il tarixli 677 nömrəli Sərəncama əsasən dəyişikliklərlə

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 14 iyun tarixli, 441 nömrəli sərəncamına əlavə "Bakıelektrikşəbəkə" açıq tipli səhmdar cəmiyyətinin tərkibinə daxil edilən müəssisə və obyektlərin Siyahısı

1. "Bakıelektrikşəbəkə" İstehsalat Birliyi.

2. Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının enerji nəzarəti və satışı müəssisəsi.

3. Bakı Şəhər İcra Hakimiyyətinin Mühəndis Kommunikasiyaları Departamentinin Avtonəqliyyat və Mexanizasiya Baş İstehsalat İdarəsinin Bakı şəhərinin elektrik şəbəkəsinə xidmət edən strukturu.

4. Bakı Şəhər İcra Hakimiyyətinin Mühəndis Kommunikasiyaları Departamentinin İstehsalat Təmir-Tikinti Quraşdırma və Sazlama müəssisəsinin Bakı şəhərinin elektrik şəbəkəsinə xidmət edən strukturu.

5. Bakı şəhərinin enerji təchizatını təmin edən və onun inzibati ərazisində yerləşən "Azərenerji" Açıq Tipli Səhmdar Cəmiyyətinə məxsus olan 110 kV-luq və aşağı gərginlikli elektrik verilişi xətləri, yarımstansiyaları və onların dispetçer idarəetmə vasitələri.

6. Binadaxili Elektrik Təchizatı İdarəsi.

Digər xəbərlər