"Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə təsdiq edilsin.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 29 noyabr 1996-cı il
No 208-IQ
Azərbaycan qəzetində dərc edilmişdir (20 dekabr 1996-cı il, No 244) .
"Azərbaycan Respublikasının Qanunvericilik Toplusu"nda dərc edilmişdir (31 oktyabr 1997-ci il, No 4, maddə 272) .
29 dekabr 2000-ci il tarixli, 52-IIQD nömrəli; 30 aprel 2004-cü il tarixli, 643-IIQD nömrəli Qanuna əsasən dəyişikliklərlə .
Azərbaycan Respublikasının
1996-cı il 29 noyabr tarixli,
208-1 Q nömrəli Qanunu ilə
təsdiq edilmişdir.
Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə
I. Ümümi müddəalar
1. Bu Əsasnamə dövlət əmlakının özəlləşdirilməsi zamanı dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsinin qaydalarını müəyyən edir.
2. Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi və onların özəlləşdirilməsi zamanı həmin müəssisələrdə çalışan işçilərin hüquqları, habelə əhalinin sosial müdafiəsi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq təmin edilir.
3. Özəlləşdirməyə münasibətdə dövlət mülkiyyəti obyektlərinin təsnifatına uyğun olaraq müəssisənin səhmdar cəmiyyətinə çevrilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir..
4. Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı səhmdar cəmiyyətlərinə çevrilməsi həmin müəssisələrdə yaradılmış özəlləşdirmə komissiyaları tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanıtərəfindən təsdiq olunmuş özəlləşdirmə planları əsasında həyata keçirilir.
5. Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı səhmdar cəmiyyətlərinə çevrilən dövlət müəssisələrinin dövlətin adından təsisçisi kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir.
6. Dövlət müəssisəsinin özəlləşdirilməsi zamanı səhmdar cəmiyyətinə çevrilməsi əsasında yaradılmış səhmdar cəmiyyətinin fəaliyyəti bu Əsasnamədə müəyyən edilən xüsusiyyətlər nəzərə alınmaqla qüvvədə olan qanunvericilik əsasında həyata keçirilir.
II. Dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində səhmdar cəmiyyətlərinə çevrilməsi qaydaları
7. Dövlət müəssisələrinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətlərinə çevrilməsi aşağıdakı qaydada həyata keçirilir:
7.1. Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi mövcud texnoloji və idarəçilik əlaqələrini nəzərə almaqla həyata keçirilir. Sərbəst təsərrüfat subyektlərinin səhmdar cəmiyyətlərinə çevrilməsi zamanı heç bir əlavə şərt və məhdudiyyətlər qoyulmur.
7.2. Müvafiq icra hakimiyyəti orqanı müəssisənin özəlləşdirmə planına uyğun olaraq səhmdar cəmiyyətini təsis edir və təsis sənədləri qüvvədə olan qanunvericiliyə əsasən dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Dövlət müəssisəsinin çevrilməsi nəticəsində təsis edilən səhmdar cəmiyyətinin dövlət qeydiyyatı qanunvericilikdə müəyyən edilmiş müddətdə həyata keçirilir.
Səhmdar cəmiyyətinin dövlət qeydiyyatına görə müvafiq icra hakimiyyəti orqanı dövlət rüsumu ödəməkdən azad olunur.
7.3. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan nazirliklərin, dövlət komitələrinin, konsernlərin, şirkətlərin, birliklərin və digər sahə idarəetmə və yerli icra hakimiyyəti orqanlarının tabeliyindən çıxır (səhmlərin nəzarət zərfi dövlətin mülkiyyətində saxlanılan hallar istisna edilməklə).
Dövlət müəssisələrinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətlərə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan müəssisə çevrilmiş, onun əmlakı isə səhmdar cəmiyyətinin balansına verilmiş hesab olunur.
Səhmdar cəmiyyətinin balansına onun nizamnamə kapitalını təşkil edən dövlət müəssisəsinin əmlakı verilir.
7.4. Səhmdar cəmiyyətiin nizamnamə kapitalının həcmi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş uyğun normativ-hüquqi aktına əsasən müəyyən edilir.
7.5. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti çevrilən müəssisənin hüquqi varisi sayılır.
7.6. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin sahə xüsusiyyətləri nəzərə alınaraq özəlləşdirilməyə məhdudiyyətlər yalnız adi (səs hüququ olan) səhmlərin nəzarət zərflərinin (51 %) və məhdudlaşdırıcı hissəsinin (25,5 %-dən az olmayan) dövlətin mülkiyyətində qalması yolu ilə qoyula bilər.
7.7. Müvafiq icra hakimiyyəti orqanları dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətlərində, habelə həmin səhmdar cəmiyyətinin səhmlərinin nəzarət zərfləri və yaxud səhmlərin digər bir hissəsi dövlət mülkiyyətində qaldıqda dövlətin adından mülkiyyətçi kimi çıxış edir və öz nümayəndələri vasitəsi ilə səhmdarların ümumi yığıncağında və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq formalaşdırılan səhmdar cəmiyyətinin digər orqanlarında idarəçiliyi həyata keçirir.
Müvafiq icra hakimiyyəti orqanı həmin səhmdar cəmiyyətlərinin nizamnamə kapitalındakı dövlətin payı həcmində cəmiyyətin fəaliyyətinə görə cavabdehdir.
7.8. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin səhmdarlarının birinci ümumi yığıncağı keçirilənədək səhmdar cəmiyyətinin idarə heyətinin sədri müəssisənin səhmdar cəmiyyətinə çevrilməsi haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur.
Səhmdar cəmiyyətinin idarə heyətinin üzvləri dövlət adından idarəçiliyi həyata keçirən müvafiq icra hakimiyyəti orqanıtərəfindən təyin olunur.
Bu dövrdə səhmdar cəmiyyətinin müşahidə şurasının səlahiyyətlərini onun nizamnaməsinə müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanı yerinə yetirir.
7.9. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin səhmdarlarının birinci ümumi yığıncağı səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı gündən 12 (on iki) ay müddətindən gec olmayaraq keçirilir.
7.10. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin daimi idarəetmə orqanları bu Əsasnamənin 7.11-ci bəndində göstərilən hal istisna olmaqla səhmdarların birinci ümumi yığıncağında formalaşdırılır.
7.11. Səhmdar cəmiyyətinin səhmlərinin bir hissəsi dövlətdə qaldıqda cəmiyyətin ümumi yığıncağında iştirak etmək üçün dövlətin mülkiyyətində qalan səhmlərin sayına uyğun olaraq dövlət orqanlarının nümayəndələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir.
III. Dövlət müəssisələrinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətlərinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətlərinin səhmlərinin satışı qaydası
8. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin səhmlərinin (nizamnamə kapitalının hissələrinin) satışının başladığı anı, satışı qaydaları və üsulları, özəlləşdirmədə verilən güzəştlər və s. qanunvericiliklə müəyyən edilir.
9. Səhmlərin satıcısı kimi dövlətin adından mülkiyyətçi səlahiyyətlərini həyata keçirən müvafiq icra hakimiyyəti orqanıçıxış edir.
10. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin səhmlərinin satışı Milli Depozit Sistemi tərəfindən aparılan səhmdarların reyestrində müvafiq dəyişikliklər etmək yolu ilə qeydiyyatdan keçirilir.
Səhmdarların tələbi ilə onlara mənsub olan səhmlərə dair şəhadətnamə (sertifikat) verilir.