AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 534
Bakı şəhəri, 30 dekabr 2016-cı il
İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında
İri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində fiskal dayanıqlılığın təmin olunması, gəlirlərin və xərclərin proqnozlaşdırılmasına və icrasına nəzarətin daha da gücləndirilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi və şəffaflığın artırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin Siyahısı" təsdiq edilsin (1 nömrəli əlavə).
2. "İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydası" təsdiq edilsin (2 nömrəli əlavə).
3. "İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinq aparılması Qaydası" təsdiq edilsin (3 nömrəli əlavə).
4. Bu qərarın 1-ci hissəsi ilə təsdiq edilən Siyahıda sadalanan iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarına baxılma və həmin smetaların təsdiq edilməsi üzrə aşağıdakı tərkibdə Komissiya yaradılsın:
Komissiyanın sədri
Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiyanın üzvləri:
Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri
Fazil Məmmədov - Azərbaycan Respublikasının vergilər naziri
Elman Rüstəmov - Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
Rüfət Aslanlı - Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri.
5.Komissiyanın cari fəaliyyətinin təşkili məqsədi ilə Komissiyanın Katibliyi yaradılsın və Katibliyin funksiyalarının həyata keçirilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilsin.
6. Müəyyən edilsin ki:
6.1.iri dövlət şirkətləri növbəti ilin gəlirlər və xərclər smetalarının ilkin layihələrini hər il iyulun 1-dək Komissiyanın Katibliyinə təqdim edir;
6.2.Komissiya təqdim olunmuş layihələrin müzakirəsini və qiymətləndirilməsini həyata keçirir və müvafiq düzəlişlərin aparılması zərurəti yarandıqda, həmin layihələri hər il sentyabr ayının 15-dək iri dövlət şirkətlərinə qaytarır;
6.3. iri dövlət şirkətləri, Komissiyanın rəyi nəzərə alınmaqla, gəlir və xərclər smetaları layihəsində düzəlişlər edərək, layihəni sentyabr ayının 25-dək Komissiyanın Katibliyinə təqdim edir;
6.4.Komissiya hər il noyabr ayının 1-dək iri dövlət şirkətlərinin gəlir və xərclər smetalarını təsdiq edir;
6.5.iri dövlət şirkətləri təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatı hər rübdən sonra 30 gün ərzində, illik icrası barədə hesabatı isə hər il aprel ayının 1-dək Komissiyaya təqdim edir;
6.6.Komissiya altı ay müddətində bu qərarın 6.5-ci bəndinə əsasən təqdim olunmuş gəlir və xərclər smetalarının illik icrası barədə hesabatların təhlilini, qiymətləndirilməsini və monitorinqini aparır, bu barədə arayış hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
6.7.gəlirlər və xərclər smetaları təsdiq edildikdən sonra iri dövlət şirkətlərinin gəlirlər və xərclərində Komissiya ilə razılaşdırılmaqla dəyişikliklər edilə bilər.
7. "İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 iyun tarixli 102 nömrəli qərarı ləğv edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 ömrəli qərarı ilə təsdiq edilmişdir.1 nömrəli əlavə
Gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin
SİYAHISI
1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti.
2. "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti.
3. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti.
4. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti.
5. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti.
6. "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti.
7. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti.
8. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti.
9. "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti.
10. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti.
11. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlar ("Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti, "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli qərarı ilə təsdiq edilmişdir.
2 nömrəli əlavə
İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının tərtibi
QAYDASI
1. Ümumi müddəa
1.1. İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları bu Qaydaya əlavə olunmuş formaya uyğun tərtib olunmaqla, "Gəlirlər və daxilol-malar" və "Xərclər" bölmələrindən ibarətdir.
2. "Gəlirlər və daxilolmalar" bölməsi
2.0. Gəlirlər və daxilolmalar (1) bölməsində iri dövlət şirkətləri tərəfindən təqdim edilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin həcmi və onun fəaliyyətindən əldə edilən və kənardan cəlb olunan pul vəsaitləri əlavə dəyər vergisi və aksiz daxil olmaqla öz əksini tapmalıdır.
2.0.1.Təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin həcmi (1.1.) bəndində hesabat dövründə təqdim edilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin, mənfəətin hesablanması üçün seçilmiş metoddan (kassa və ya hesablama) asılı olmayaraq, həcmi göstərilməlidir.
2.0.2. Malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan pul vəsaitləri (1.2.) bəndində malların təqdim edilməsindən, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməsindən əldə edilən və bütün hesablara (xəzinəyə) daxil olan pul vəsaitləri göstərilməlidir. Təsərrüfat xüsusiyyətlərindən asılı olaraq vəsaitlərin daxilolma mənbələri ayrı-ayrılıqda göstərilməlidir (məsələn, nəqliyyat sektoru üzrə yük daşınmasından, sərnişin daşınmasından, xarici iqtisadi fəaliyyətlə məşğul olanlar bu fəaliyyətdən və s.).
2.0.3. Sair daxilolmalar (1.3.) bəndində malların təqdim edilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi ilə bağlı olmayan və bütün hesablara (xəzinəyə) daxil olan sair pul vəsaitləri göstərilməlidir. Belə daxilolmalara ssuda və kreditlər üzrə daxilolmalar, xarici valyuta üzrə məzənnə fərqləri və sair bu qəbildən olan daxilolmalar şamil edilməlidir.
2.0.4. Dövlət büdcəsindən ayrılan vəsaitlər (1.4.) bəndində dövlət büdcəsindən ayrılan subsidiyalar, dövlət əsaslı vəsait qoyuluşu və digər ayırmalar öz əksini tapmalıdır.
2.0.5. Kreditlər (1.5.) bəndində kreditlər, o cümlədən dövlət zəmanəti ilə alınmış kreditlər üzrə məbləğlər əks olunmalıdır.
3. "Xərclər" bölməsi
3.0. Bu bölmədə hesabat dövründə bütün hesablara (xəzinəyə) daxil olan pul vəsaitlərinin və dövlət büdcəsindən ayrılan subsidiyaların xərc istiqamətləri əlavə dəyər vergisi və aksiz daxil olmaqla göstərilməlidir.
3.0.1.Büdcə ödənişləri (2.1.) bəndində vergi qanunvericiliyinə əsasən büdcə qarşısında yerinə yetirilmiş öhdəliklər üzrə xərclər öz əksini tapmalıdır. Yarımbəndlər üzrə vergi ödənişləri ayrı-ayrılıqda göstərilməlidir.
3.0.2. Əməkhaqqı və ona bərabər tutulan ödənişlər (2.2.) bəndində əməkhaqqı və ona bərabər tutulan ödənişlərin bütün növləri üzrə xərclər göstərilməlidir. Ödənilmiş gəlir vergisi və məcburi dövlət sosial sığorta haqları (işçilərin əməkhaqqından) müvafiq olaraq 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərdə öz əksini tapmalıdır.
3.0.3. Əməkhaqqı fondundan məcburi dövlət sosial sığorta ayırmaları (2.3.) bəndində əməkhaqqı fondundan işəgötürənlərin məcburi dövlət sosial sığorta ayırmaları öz əksini tapmalıdır.
3.0.4. Xammal və materiallar (2.4.) bəndində xammal və materiallar üzrə xərclər əks olunmalı, yanacaq xərcləri isə 2.4.1-ci yarımbəndində ayrıca göstərilməlidir. Dövlət büdcəsindən ayrılmış subsidiya hesabına alınmış yanacaq xərcləri 2.4.1.1-ci yarımbəndində, dolayı subsidiyalar isə "Enerji və qaz sektoru üzrə alınan yanacaq üçün ödənilməyən məbləğə görə dövlət büdcəsi hesabına bu sektorlara ediləcək dolayı subsidiyanın verilməsi mexanizmi"nə uyğun rəsmiləşdirildikdən sonra smetada öz əksini tapmalıdır.
3.0.5. Rabitə xərcləri (2.5.) bəndində rabitə xərcləri öz əksini tapmalıdır.
3.0.6. Nəqliyyat xərcləri (2.6.) bəndində həm daxili, həm də cəlb olunmuş nəqliyyatlara görə xərclər öz əksini tapmalıdır.
3.0.7. Kommunal xərclər (2.7.) bəndində yalnız kommunal məqsədlər üçün sərf edilmiş xərclər göstərilməlidir.Texnoloji məqsədlər üçün alınan və xammal kimi istifadə olunan su, qaz, elektrik enerjisi, buxar və s. isə 2.4-cü bəndində öz əksini tapmalıdır.
3.0.8. Ezamiyyə xərcləri (2.8.) bəndində limitdən asılı olmayaraq, bütün ezamiyyə xərcləri öz əksini tapmalıdır.
3.0.9. Reklam xərcləri (2.9.) bəndində reklama görə xərclər öz əksini tapmalıdır.
3.0.10. Mühafizə xərcləri (2.10.) bəndində həm daxili, həm də bağlanmış müqavilələrə görə xərclər öz əksini tapmalıdır.
3.0.11. Bank xidməti üzrə xərclər (2.11.) bəndində bank hesablarına xidmətlə bağlı sərf olunan xərclər göstərilməlidir.
3.0.12. Borca və kreditə görə ödənilmiş əsas məbləğlər (2.12.) bəndində borca və kreditə görə ödənilmiş əsas məbləğlər öz əksini tapmalıdır. Dövlət zəmanəti ilə alınmış kreditlər üzrə əsas məbləğlərin qaytarılması xərcləri 2.12.1-ci yarımbəndində göstərilməlidir.
3.0.13. Borca və kreditə görə ödənilmiş faizlər (2.13.) bəndində borca və kreditə görə ödənilmiş faizlər öz əksini tapmalıdır. Dövlət zəmanəti ilə alınmış kreditlər üzrə faizlərin qaytarılması xərcləri 2.13.1-ci yarımbəndində göstərilməlidir. Bu xərclər vaxtı keçmiş borca və kreditə görə hesablanmış faizlərin qaytarılmasına şamil edilmir.
3.0.14. Vaxtı keçmiş borca və kreditə görə ödənilmiş faizlər (2.14.) bəndində vaxtı keçmiş borclara və kreditlərə görə ödənilmiş faizlər öz əksini tapmalıdır. Dövlət zəmanəti ilə alınmış vaxtı keçmiş kreditlər üzrə faizlərin qaytarılması xərcləri 2.14.1-ci yarımbəndində göstərilməlidir.
3.0.15. Nümayəndəlik xərcləri (2.15.) bəndində nümayəndəlik xərcləri öz əksini tapmalıdır.
3.0.16. Kadr hazırlığı xərcləri (2.16.) bəndində kadrların hazırlanması ilə bağlı xərclər göstərilməlidir.
3.0.17. Elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər (2.17.) bəndində elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər göstərilməlidir. Normativ sənədlərin hazırlanması ilə bağlı xərclər 2.17.1-ci yarımbəndində göstərilməlidir.
3.0.18. Təmir xərcləri (2.18.) bəndində cari təmir xərcləri öz əksini tapmalıdır. Bu xərclərə cari təmirlə bağlı bütün xərclər,o cümlədən material xərci, əməkhaqqı və ona bərabər tutulan ödənişlər üzrə xərc və s. daxil edilməlidir.
3.0.19. Sığorta xərcləri (2.19.) bəndində sığorta üzrə müvafiq xərclər öz əksini tapmalıdır.
3.0.20. Dividendlərin ödənilməsi (2.20.) bəndində bütün növ dividendlərin ödənişi üzrə xərclər göstərilməlidir. Dövlət büdcəsinə ödənilən dividendlər 2.20.1-ci yarımbəndində öz əksini tapmalıdır.
3.0.21. Kapital və maliyyə qoyuluşları (2.21.) bəndində tikinti-quraşdırma işləri, avadanlıqların alınması, qeyri-maddi aktivlərin alınması, torpaq sahələrinin alınması, qiymətli kağızların alınması üzrə xərclər və faizli istiqrazlara maliyyə qoyuluşları və sair bu kimi kapital və maliyyə qoyuluşları göstərilməlidir. Xərclər yarımbəndlər üzrə ayrı-ayrılıqda göstərilməlidir.
3.0.22. Sosial xərclər (2.22.) bəndində qeyri-istehsal təyinatlı yaşayış evlərinin, təhsil və səhiyyə obyektlərinin, qeyri-istehsal təyinatlı obyektlərin avadanlıqlarının yeniləşməsinə və əsaslı təmirinə çəkilən xərclər və xeyriyyəçilik məqsədləri ilə aparılmış ödənişlər göstərilməlidir.
3.0.23. Digər xərclər (2.23.) bəndində yuxarıda sadalanmayan bütün xərclər göstərilməlidir.
4. "Gəlirlər və daxilolmalar" və "Xərclər" bölməsinin tərtibinə dair açıqlamalar və arayışın tərtibi
4.0. Smetaların tərtibi zamanı hesabat formasının bəndlərinə aid göstəricilərin açıqlanması smetaya əlavə olunmaqla, aşağıdakı məlumatların təhlilini özündə əks etdirən arayış təqdim olunmalıdır:
4.0.1. təqdim edilmiş malların (iş və xidmətlərin) həcminin əsas fəaliyyət növlərinə uyğun bölgüsü;
4.0.2. cəlb olunmuş vəsaitlərin (o cümlədən banklardan alınmış kreditlərin) və onların təyinatının, cəlb olunmuş vəsaitlər üzrə faiz öhdəliklərinin bölgüsü;
4.0.3. xammal və material xərclərinin əsas növləri üzrə bölgüsü;
4.0.4. dövlət büdcəsindən ayrılmış subsidiya hesabına alınan xammal və materialların bölgüsü;
4.0.5. təmir xərclərinin təmir aparılan obyektlər üzrə bölgüsü;
4.0.6. sığorta xərclərinin sığorta növləri üzrə bölgüsü;
4.0.7. kapital qoyuluşlarının, o cümlədən tikinti-quraşdırma işlərinin (bu işlərin yerinə yetirilmə obyektləri üzrə), əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, torpaq sahələrinin alınması xərclərinin təyinatı üzrə bölgüsü;
4.0.8. sosial xərclərin təyinatı üzrə bölgüsü;
4.0.9. xeyriyyəçilik məqsədli ödənişlərin təyinatı üzrə bölgüsü;
4.0.10. kapital qoyuluşlarının, o cümlədən tikinti-quraşdırma işlərinin (bu işlərin yerinə yetirilmə obyektləri üzrə), əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, torpaq sahələrinin alınması xərclərinin təyinatı üzrə bölgüsü;
4.0.11. sosial xərclərin təyinatı üzrə bölgüsü;
4.0.12. xeyriyyəçilik məqsədli ödənişlərin təyinatı üzrə bölgüsü;
4.0.13. digər xərclərin bölgüsü;
4.0.14. hesabat dövrünün əvvəlinə və sonuna debitor və kreditor borclar, o cümlədən dövlət zəmanətli kreditlər haqqında məlumatlar;
4.0.15. hesabat dövrünün əvvəlinə və sonuna vəsait qalığı barədə məlumatlar;
4.0.16. əsas vəsaitlərin qalıq dəyərləri və amortizasiya hesablamaları.
"İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydası"na əlavə
_____________________________________20___-ci il üzrə (iri dövlət şirkətinin adı)
gəlirlər və xərclər smetasının tərtibi və icrasına dair hesabat forması
İri dövlət şirkətlərinin rəhbərinin imzası:_____________
______________
© Nazirlər Kabineti |