“Azərişıq” ASC ölkənin bütün regionlarında istehlakçıların dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi, həmçinin istismar müddətini başa vurmuş elektrik şəbəkələrində texniki itkilərin aradan qaldırılması məqsədilə genişmiqyaslı təmir-tikinti və yenidənqurma işləri həyata keçirir.

 

Son günlər əsən güclü küləklər bəzi rayonlarda, o cümlədən Masallı, Gədəbəy, Tovuz, Daşkəsən, Ağdam və Bərdədə elektrik şəbəkəsinə ziyan vurub, binaların damlarının konstruksiyalarının uçması və ağacların aşması nəticəsində elektrik xətlərində qırılma halları baş verib.

 

 

 

"Lakin “Azərişıq” ASC-nin əməkdaşları qısa müddət ərzində bu qəzaları aradan qaldırıblar və abonentlərə elektrik enerjisinin verilməsini operativ olaraq bərpa ediblər. Ölkənin elektrik təsərrüfatında son illər həyata keçirilən əsaslı yenidənqurma, ən ucqar dağlıq bölgələrdə belə elektrik şəbəkələrinin yenidən qurulması, yeni yarımstansiyaların tikintisi, müasir KTM-lərin quraşdırılması və digər işlər sayəsində ən mürəkkəb hava şəraitində belə abonentlərin fasiləsiz elektrik enerjisi ilə təminatına imkan yaradıb", - deyə məlumatda vurğulanıb.

 

 

 

2018-ci il ərzində ölkə üzrə 8 ədəd 110 kilovoltluq yarımstansiyanın tikintisi, 6 belə yarımstansiyanın əsaslı təmiri nəzərdə tutulur. Habelə 35 kilovoltluq 48 yarımstansiyada əsaslı təmir işləri görüləcək: "Daha 65 ədəd belə yarımstansiyada isə cari təmir işləri aparılacaq. 250 km uzunluğunda 35 kilovoltluq hava xətlərinin, 950 km 10 kilovoltluq hava xətlərini təmiri planlaşdırılıb. 0,4 kV-luq şəbəkələrin bərpası məqsədilə 140 kənddə elektrik verilişi xətləri özünüdaşıyan izolyasiyalı – SİP - kabellərlə yenilənəcək".