“Azərişıq” ASC yeni ildən etibarən regionlarda yeni layihəyə start verib. Bu il ərzində ümumilikdə, müxtəlif regionları əhatə edən 100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq.
Bu layihə çərçivəsində Sabirabadın 3 kəndinin elektrik şəbəkəsi yenidən qurulur. Rayonunun Əliləmbəyli, Ağasən və Çöl Ağammədli kəndlərinin elektrik şəbəkələrində yenidənqurma işlərinə başlanılıb.
Bu kəndlərdə 1970-ci illərdən istismarda olan köhnəlmiş transformator məntəqələri, elektrik naqilləri, ağac dayaqlar və sayğaclar yeniləri ilə əvəz olunur.
İşlərə başlanıldıqdan qısa müddət sonra Əliləmbəyli kəndində 210 evi qidalandıran, müxtəlif gücdə 5 ədəd kompleks transformator məntəqəsi quraşdırılıb. 22 km-ə yaxın 0,4 kV-luq elektrik xətti yenilənib.
Ağasən və Çöl Ağammədli kəndlərində isə 7 ədəd müasir tipli kompleks transformator məntəqəsinin quraşdırılması planlaşdırılıb. Onlardan 3-ü artıq hazır vəziyyətə gətitilib.
Görülən işlər çərçivəsində hər 3 kəndin ərazisində 1600 ədəd dayaq basdırılıb, 39 km-ə yaxın 0,4 kV-luq elektrik xətti çəkilib. Həmçinin, abonentlərin sayğacları yenilənir.
Layihənin icrası tam başa çatdıqdan sonra Əliləmbəyli, Ağasən və Çöl Ağammədli kəndlərində 369 abonentin elektrik enerjisi təchizatı yaxşılaşdıracaq.