Səhmdar Cəmiyyətdə elektrik enerjisi şəbəkəsinə qoşulmanın asanlaşdırılması məqsədilə sahibkarlara göstərilən xidmətlərin elektronlaşdırılması daim diqqət mərkəzində saxlanılmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən Səhmdar Cəmiyyət tərəfindən görülən işlər çərçivəsində elektrik enerjisi şəbəkəsinə qoşulmanın daha rahat və əlçatan olması məqsədilə vahid platforma tətbiq olunur. Bu platformanın əsas məqsədi müraciətlərin idarə olunması, operativliyin və səmərəliliyin artırılması və səffaflığın təmin edilməsidir. Davamlı olaraq platformanın daha da təkmilləşdirilməsi və funksional imkanlarının genişləndirilməsi, onlayn qaydada E-GOV elektron hökümət portalına keçid etməklə vətəndaşların enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı müraciət etmə imkanlarının yaradılması nəticəsində onlayn müraciət edənlərin sayında əhəmiyyətli artım müşahidə olunmuşdur.
Ölkədə həyata keçirilən davamlı iqtisadi islahatlar iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyi yolu ilə iqtisadiyyatda dayanıqlı və sürətli inkişafa nail olunmasına istiqamətlənmişdir. Bu istiqamətdə Dünya Bankı Qrupunun “Business Ready” layihəsinə uyğun olaraq elektrik enerjisi şəbəkəsinə qoşulma sahəsində qanunvericiliyin daha da təkmilləşdirilməsi və xidmətlərin rəqəmsallaşdırılması sahəsində tədbirlərin həyata keçirilməsinə dair Yol Xəritəsi uğurla icra olunmaqdadır.
Qanunvericilikdə aparılmış dəyişikliklər və həyata keçirilən islahatlar ölkədə biznes mühiti üçün daha münbit şərait yaratmışdır. Belə ki, 03 iyun 2024-cü il tarixindən qüvvəyə minən Nazirlər Kabinetinin 399 saylı “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nın tətbiqi qoşulma prosedurunun şəffaflığını və səmərəliliyini artırmaq məqsədi daşıyır. Qərarın tədbiqi ilə aşağı gərginlikli şəbəkələrdən qoşulma zamanı tikinti obyektlərinin təlabat gücü 150 kVt-dan artırılaraq 200 kVt-a çatdırılmışdır. Bu qərar sahibkarlıq subyektlərinə 0.4 kV-luq şəbəkədən daha yüksək güc alma imkanı yaratmaqla, biznes xərclərini daha dəqiq və şəffaf şəkildə təyin etmə imkanlarını genişləndirmişdir. Yeni qaydaların tətbiqi ilə məişət və sahibkarlara məxsus tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasında eyni tariflər tətbiq edilmiş, sahibkarların tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması zamanı obyektin təyinatına görə tətbiq edilən fərqli ödəniş məbləğləri də aradan qaldırılmışdır.
Səhmdar Cəmiyyətin elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulma üzrə Kommunikasiya Strategiyası maraqlı tərəflərlə əlaqələrin qurulması, internet resurslarının və sosial media hesablarının idarə edilməsi, müsbət imicin formalaşdırılması, həyata keçirilən yeniliklər ilə bağlı vətəndaşların maarifləndirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, təbliğat işinin effektiv şəkildə aparılması və kommunikasiya fəaliyyətinin strateji planlaşdırılmasını nəzərdə tutur.
Bütün bu tədbirlərin mütəmadi icrası nəticəsində “qeyri əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidməti üzrə onlayn müraciətlərin sayı 50%-i ötmüşdür.
Digər xəbərlər
- Abonentin borcun araşdırılması və borcun olmaması (və ya olması) barədə müraciət qaydaları. 06 İyun 2024
- Sahibkarlara elektrik təchizatı şəbəkəsinə qoşulma ilə bağlı məlumatlar verilir 13 Fevral 2024
- Müasir texnologiyaların tətbiqi elektrik enerjisi itkilərini azaltmağa kömək edir. 19 Fevral 2024
- Sahibkarların elektrik təchizatı şəbəkəsinə elektron şəkildə daha rahat qoşulması üçün tədbirlər həyata keçirilir. 12 Fevral 2024
- “Azərişıq” ASC öz fəaliyyətində prioritetlərdən sayılan elektron xidmətlərin sayını artırır. 30 Yanvar 2024