"Təsdiq edilmişdir"
Azərbaycan Respublikasının Prezidenti Yanında
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
237 #-li Əmr
29 dekabr 2004-cü il
Sədr
H. Babayev
Səhmlərin geri satın alınması və ödənilməsi yolu ilə səhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılması Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1999-cu il tarixli 161 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında" Əsasnaməyə uyğun olaraq hazırlanmışdır.
1.2. Səhmdar cəmiyyətinin (bundan sonraemitent) nizamnamə kapitalının səhmlərin geri satın alınması və ödənilməsi yolu ilə azaldılması bu Qaydalarla tənzimlənir.
2. Səhmlərin geri satın alınması və ödənilməsi yolu ilə nizamnamə kapitalının azaldılması haqqında qərar
2.1. Səhmlərin geri satın alınması və ödənilməsi yolu ilə nizamnamə kapitalının azaldılmasına, belə imkan emitentin nizamnaməsində nəzərdə tutulduğu halda yol verilir.
2.2. Nizamnamə kapitalının azaldılması haqqında qərar emitentin səhmdarlarının ümumi yığıncağı tərəfindən, səhmdarların azı üçdə iki səs çoxluğu ilə qəbul edilir.
2.3. Nizamnamə kapitalının azaldılması haqqında qərarda aşağıdakılar əks olunmalıdır:
2.3.1 geri satın alınan səhmlərin növü, dövlət qeydiyyat nömrəsi, nominal dəyəri və miqdarı;
2.3.2 səhmlərin geri satın alınma qiyməti (səhmlərin geri satın alınması fond birjası vasitəsilə həyata keçirildiyi hal istisna olmaqla);
2.3.3 səhmlərin geri satın alınmasının başlanma və başaçatma tarixləri;
2.3.4 səhmlərin geri satın alınması fond birjası vasitəsilə həyata keçirildiyi halda, həmin fond birjasının adı;
2.3.5 səhmlərin dəyərinin ödənilməsi qaydası və müddəti.
2.4. Aşağıdakı hallarda nizamnamə kapitalının azaldılması haqqında qərar qəbul edilə bilməz:
2.4.1 emitentin nizamnamə kapitalı tam formalaşmadıqda;
2.4.2 emitentin ləğvi barədə qərar qəbul edildikdə;
2.4.3 səhmdarların tələbi əsasında onların səhmlərinin geri alınması başa çatmadıqda.
3. Nizamnamə kapitalının azaldılması haqqında məlumatın açıqlanması
3.1. Nizamnamə kapitalının azaldılması haqqında qərar qəbul edildiyi tarixdən etibarən on beş təqvim günü müddətində emitent öz kreditorlarına, səhmdarların reyestrində qeydə alınmış şəxslərə (səhmdarlara, səhmlərin nominal saxlayıcılarına, qiymətli kağızların idarə olunması üzrə fəaliyyəti həyata keçirən peşəkar iştirakçılara (bundan sonraidarəçi)) və reyestrsaxlayıcıya (reyestr emitent tərəfindən aparılmadıqda) bu barədə sifarişli məktubla yazılı bildirişlər göndərməli, kütləvi informasiya vasitələrində elan dərc etməli və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (bundan sonra QKDK) nizamnamə kapitalının azaldılması haqqında qərarın qəbul edildiyi səhmdarların ümumi yığıncağının protokolunu təqdim etməlidir.
3.2. Səhmdarların reyestrində qeydə alınmış şəxslərə (səhmdarlara, səhmlərin nominal saxlayıcılarına, idarəçilərə) göndərilən bildirişlərdə və kütləvi informasiya vasitəsi ilə dərc olunan elanda aşağıdakılar göstərilməlidir:
3.2.1 emitentin firma adı və olduğu yer;
3.2.2 nizamnamə kapitalının azaldılması haqqında qərarı qəbul etmiş səhmdarların ümumi yığıncağının keçirildiyi tarix və protokolun nömrəsi;
3.2.3 geri satın alınan səhmlərin növü, dövlət qeydiyyat nömrəsi, nominal dəyəri və miqdarı;
3.2.4 səhmlərin geri satın alınma qiyməti (səhmlərin geri satın alınması fond birjası vasitəsilə həyata keçirildiyi hal istisna olmaqla);
3.2.5 səhmlərin geri satın alınmasının başlanma və başaçatma tarixləri;
3.2.6 səhmlərin geri satın alınması üçün ərizələrin qəbul olunduğu ünvan və əlaqə telefonları (səhmlərin geri satın alınması fond birjası vasitəsilə həyata keçirildiyi hal istisna olmaqla)
3.2.7 səhmlərin geri satın alınmasının keçirildiyi fond birjasının adı, olduğu yer və əlaqə telefonları;
3.2.8 səhmlərin dəyərinin ödənilməsi qaydası və müddəti.
3.3. Kreditorlara göndərilən bildirişlərdə emitentin firma adı, olduğu yer, nizamnamə kapitalının azaldılması haqqında qərarı qəbul etmiş səhmdarların ümumi yığıncağının keçirildiyi tarix və protokolun nömrəsi, geri satın alınan səhmlərin növü, nominal dəyəri və miqdarı göstərilməlidir.
3.4. Nizamnamə kapitalının azaldılması haqqında qərarın qəbul edilməsi barədə bildiriş səhmlərin nominal saxlayıcısına göndərildiyi halda, nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir.
3.5. Emitentin kreditorları nizamnamə kapitalının azaldılması haqqında bildirişləri aldıqdan sonra otuz təqvim günü müddətində emitentin onlar qarşısında olan öhdəliklərinin vaxtından əvvəl icrasını və ya bu öhdəliklərə xitam verilməsini və çəkdikləri zərərin ödənilməsini tələb edə bilərlər.
4. Səhmlərin geri satın alınması proseduru
4.1. Nizamnamə kapitalının azaldılması haqqında bildirişlər emitentin kreditorlarına və səhmdarların reyestrində qeydə alınmış şəxslərə (səhmdarlara, səhmlərin nominal saxlayıcılarına, idarəçilərə) göndərildiyi tarixdən etibarən otuz təqvim günü keçənədək səhmlərin geri satın alınması üçün ərizələrin qəbulunun başlanmasına (səhmlərin fond birjası vasitəsilə geri alınmasının başlanmasına) yol verilmir.
4.2. Səhmlərin fond birjası vasitəsilə geri satın alınması fond birjasının qaydalarına uyğun olaraq həyata keçirilir.
4.3. Nizamnamə kapitalının azaldılması haqqında qərara əsasən geri satın alınmış səhmlər investisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması və ləğv edilməsi qaydalarına müvafiq olaraq ləğv olunurlar.
5. Məsuliyyət
Bu Qaydaların tələblərinə riayət etməyən emitentlər və onların vəzifəli şəxsləri mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.
6. Qüvvəyə minməsi
Bu Qaydalar təsdiq edildiyi gündən qüvvəyə minir.
"Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni"ndə dərc edilmişdir (2005-ci il, # 1, s. 10) (VES Consultancy LLC).
________________________________________