Texniki təhlükəsizlik haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu qanun təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının hüquqi, iqtisadi və sosial əsaslarını müəyyənləşdirir, həmin obyektləri istismar edən hüquqi və fiziki şəxslərin bu obyektlərdə baş verə biləcək qəzaların qarşısını almağa və baş vermiş qəzaların nəticələrini aradan qaldırmağa yönələn fəaliyyətini tənzimləyir.

Bu qanunun müddəaları təşkilati-hüquqi və mülkiyyət formalarından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərə şamil edilir.

Maddə 1. Əsas anlayışlar

Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

  • obyektlərin texniki təhlükəsizliyi (bundan sonra  texniki təhlükəsizlik) vətəndaşların və cəmiyyətin vacib həyati maraqlarının təhlükə potensiallı obyektlərdə baş verə biləcək qəzalardan müdafiəsinin vəziyyəti;
  • texniki nəzarət  istehsal obyektlərində işlərin aparılması qaydasını müəyyənləşdirən texniki-normativ sənədlərin və təhlükə potensiallı obyektlərdə fəaliyyət üçün verilmiş xüsusi razılığın tələblərinə əməl olunmasına nəzarət;
  • qəza  təhlükə potensiallı obyektlərdə istifadə olunan tikililərin və ya texniki qurğuların uçulması, nəzarət edilə bilməyən partlayış və ya təhlükəli maddələrin ətraf mühitə yayılması;
  • hadisə  təhlükə potensiallı obyektlərdə tətbiq olunan texniki qurğuların dayanması, yaxud nasazlığı, texnoloji rejim prosesindən kənara çıxma, eləcə də istehsal obyektində işlərin aparılması qaydalarını müəyyənləşdirən normativ texniki sənədlərin tələblərinin pozulması;
  • təhlükəsizlik texnikası  avtomatik nəzarət və tənzimləyici cihazlar, qoruyucu qurğular, müşahidə, xəbərvermə, rabitə vasitələri və təhlükəsizliyi təmin edən digər texniki tədbirlər kompleksi;
  • uyğunluq sertifikatı  avadanlığın, maşın və mexanizmlərin, dövlət standartına və yaxud digər texniki normativ sənədlərin təhlükəsizlik tələblərinə uyğun gəlməsini müəyyən edən rəsmi şəhadətnamə.

Maddə 2. Təhlükə potensiallı obyektlər

1. Əhali və ətraf mühit üçün təhlükə yaradan (Əlavə 1-də göstərilən) partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir.

2. Təhlükə potensiallı obyektlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

3. Təhlükə potensiallı obyektlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada dövlət reyestrində qeydiyyatdan keçirilir.

4. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə təhlükə potensiallı obyektlərin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada tam və ya qismən dayandırıla bilər.

Maddə 3. Texniki təhlükəsizlik tələbləri

1. Texniki təhlükəsizlik tələbləri bu qanunla, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktları ilə, habelə texniki-normativ sənədlərlə müəyyənləşdirilən, mövcud qaydada qəbul olunan və texniki təhlükəsizliyi təmin edən şərtlərdən, qadağalardan, məhdudiyyətlərdən və yerinə yetirilməsi məcburi olan digər tələblərdən ibarətdir.

2. Texniki təhlükəsizlik tələbləri dövlət standartlarına, əməyin mühafizəsi qaydalarına, habelə ekoloji və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, sənaye və tikinti, sanitar-epidemioloji, əhalinin və ərazinin fövqəladə hallardan müdafiəsi normalarına uyğun olmalıdır.

Maddə 4. Texniki təhlükəsizlik haqqında qanunvericilik

1. Texniki təhlükəsizlik haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.

2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə texniki təhlükəsizlik münasibətlərinin tənzimlənməsi barədə müəyyən olunmuş qaydalar bu qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

Maddə 5. Texniki təhlükəsizlik sahəsində dövlət tənzimlənməsi

Texniki təhlükəsizlik sahəsində dövlət tənzimlənməsini qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Maddə 6. Texniki təhlükəsizlik sahəsində fəaliyyət növlərinə xüsusi razılığın verilməsi

Texniki təhlükəsizlik sahəsində fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.

Maddə 7. Təhlükə potensiallı obyektdə istifadə olunan texniki qurğular və avadanlıqlar

1. Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğular, maşın və mexanizmlər texniki təhlükəsizlik tələblərinə uyğunluğu baxımından Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada sertifikatlaşdırılır. Təhlükə potensiallı obyektlərdə istifadə olunan və sertifikatlaşdırılmış texniki qurğuların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

2. Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğuların sertifikatlaşdırılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

3. Sertifikatın verilmə qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

4. Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istifadənin ümumi qaydaları və şərtlərimüvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

5. Təhlükə potensiallı obyektlərdə istifadə olunan avadanlıq və texniki qurğular istismar prosesində müəyyən edilmiş qaydada texniki təhlükəsizlik ekspertizasından keçirilir.

Maddə 8. Təhlükə potensiallı obyektlərin layihələşdirilməsinə, tikintisinə və istismara qəbul edilməsinə texniki təhlükəsizlik tələbləri

1. Təhlükə potensiallı obyektin tikintisinə, genişləndirilməsinə, yenidən qurulmasına, texniki cəhətdən yeniləşdirilməsinə, konservasiyasına və ləğv edilməsinə başlanması barədə qərarın qəbul edilməsinin məcburi şərtlərindən biri layihə sənədləri barədə texniki təhlükəsizlik üzrə müsbət ekspertiza rəyinin olmasıdır.

2. Təhlükə potensiallı obyektin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşdirilməsi, konservasiyası və ləğv edilməsi prosesində layihə sənədlərindən kənara çıxma hallarına yol verilmir. Layihə sənədlərinə edilən dəyişikliklər müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır.

3. Təhlükə potensiallı obyektin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşdirilməsi, konservasiyası və ləğv edilməsi prosesində layihə sənədlərini işləyib hazırlayan təşkilatlar qanunvericiliklə müəyyən edilmiş qaydada müəlliflik nəzarətini həyata keçirirlər.

4. Təhlükə potensiallı obyektlərin istismara qəbulu Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada aparılır.

Təhlükə potensiallı obyektlərin istismara qəbulu zamanı obyektin layihə sənədlərinə uyğunluğu, hüquqi və fiziki şəxslərin təhlükə potensiallı obyektlərin istismarına, habelə qəzaların lokallaşdırılmasına və nəticələrinin ləğv edilməsinə hazırlıqlarının vəziyyəti yoxlanılır.

Maddə 9. Təhlükə potensiallı obyektin istismarına dair texniki təhlükəsizlik tələbləri

Təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər;

  • bu qanunun, digər qanunların və normativ hüquqi aktların, eləcə də texniki normativ sənədlərin tələblərinə əməl etməlidir;
  • təhlükə potensiallı obyektlərdə işçi heyətlərini komplektləşdirərkən onların texniki təhlükəsizlik və ixtisaslaşma tələblərinə, habelə qanunla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunu və tibbi cəhətdən yararlığını təmin etməlidir;
  • təhlükə potensiallı obyektdə normativ hüquqi aktlara və işlərin aparılması qaydalarını müəyyənləşdirən normativ texniki sənədlərə malik olmalıdır;
  • binaların texniki təhlükəsizlik ekspertizasından keçirilməsini təmin etmək, eləcə də təhlükə potensiallı obyektdə istifadə olunan tikili, avadanlıq və texniki qurğuların diaqnostikasını, sınağını və ümumi yoxlanmasını keçirməlidir;
  • təhlükə potensiallı obyektlərin mühafizəsini təşkil etməli və təhlükəli maddələrin saxlanmasına dair texniki təhlükəsizlik tələblərinə riayət etməlidir;
  • texniki təhlükəsizlik bəyannaməsi hazırlamaq, təhlükə potensiallı obyektlərin istismarı zamanı dəymiş zərərə görə məsuliyyətin məcburi sığortalanması barədə müqavilə bağlamalıdır;
  • təhlükə potensiallı obyektin istismarına dair xüsusi razılığa malik olmalıdır;
  • partlayıcı və radioaktiv maddələrin, partladıcı materialların və ionlaşdırıcı şüa mənbələrinin uçotunun aparılmasını, onların texniki normativ sənədlərin tələblərinə uyğun qaydada saxlanmasını, işlədilməsini və təhlükəsiz istifadə olunmasını təmin etməlidir;
  • müvafiq icra hakimiyyəti orqanlarının təlimat, sərəncam və göstərişlərinə əməl etməlidir.

Maddə 10. Təhlükə potensiallı obyektdə işləyənlərin vəzifələri

Təhlükə potensiallı obyektdə işləyənlərin vəzifələri aşağıdakılardır:

  • təhlükə potensiallı obyektlərdə işlərin aparılması, habelə qəza və hadisə şəraitində fəaliyyət qaydalarını müəyyənləşdirən texniki-normativ sənədlərin tələblərinə əməl etmək;
  • ildə bir dəfədən az olmamaq şərti ilə tibbi müayinədən və attestasiyadan keçmək;
  • təhlükə potensiallı obyektdə baş verən qəza və hadisə zamanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada işi dayandırmaq, qəza və ya hadisə barədə dərhal rəhbərliyə, yaxud digər vəzifəli şəxsə məlumat vermək.

Maddə 11. Hüquqi və fiziki şəxslərin qəzaların lokallaşdırılması və nəticələrinin ləğv edilməsinə yönəlmiş fəaliyyətinə tələblər

Təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslər obyektlərdə baş verə biləcək qəzaların qarşısını almaq və baş vermiş qəzaların nəticələrini aradan qaldırmaq məqsədilə:

  • sistemli tədbirlər hazırlayır və həyata keçirir;
  • işçi həyətinin qəza və hadisələrə hazırlığını vaxtaşırı təkmilləşdirir, onları attestasiyadan keçirir;
  • baş verə biləcək qəzaları qabaqcadan müəyyənləşdirmək və qarşısını almaq məqsədi ilə sistemli nəzarət təşkil edir;
  • qəza və hadisə baş verdikdə istismarı dərhal dayandırır;
  • peşəkar qəza-xilasetmə xidmətləri, yaxud peşəkar qəza-xilasetmə hissələri ilə müqavilələr bağlayır;
  • qəzaların lokallaşdırılması və nəticələrinin ləğv edilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq maliyyə vəsaitinin və maddi-texniki vasitələrin ehtiyatını yaradır;
  • bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından, habelə qəza şəraitində fəaliyyət qaydalarını müəyyənləşdirən texniki-normativ sənədlərdən irəli gələn digər vəzifələri yerinə yetirir.

Maddə 12. Texniki təhlükəsizlik tələblərinə riayət olunmasına daxili nəzarət

1. Təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğun təşkil etməli və həyata keçirməlidir.

2. Texniki təhlükəsizlik tələblərinə riayət olunmasına istehsal nəzarətinin təşkili və onun həyata keçirilməsi səlahiyyəti verilmiş işçilər barəsində məlumat müvafiq icra hakimiyyəti orqanına təqdim edilməlidir.

Maddə 13. Qəza səbəblərinin texniki təhqiqatı

1. Təhlükə potensiallı obyektdə baş vermiş hər bir qəza faktı üzrə müvafiq icra hakimiyyəti orqanınıntəşkil etdiyi xüsusi komissiya tərəfindən texniki təhqiqat aparılır.

2. Xüsusi komissiya təhlükə potensiallı obyektin yerləşdiyi yerli özünüidarəetmə orqanlarının, obyektin istismarını həyata keçirən hüquqi və fiziki şəxslərin, habelə layihə, elmi-tədqiqat institutlarının, tikinti-quraşdırma, ekspertiza, texniki təhlükəsizlik, sığorta və sair təşkilatların nümayəndələrini təhqiqat işinə cəlb edə bilər.

3. Təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər qəza səbəblərinin texniki təhqiqatı üzrə komissiyaya öz səlahiyyətlərini həyata keçirmək üçün müvafiq məlumat və sənədləri təqdim etməlidir.

4. Qəza səbəblərinin texniki təhqiqatının nəticələri barədə akt tərtib edilir. Həmin aktda qazanın səbəbləri və şəraiti, dəyən ziyanın həcmi, texniki təhlükəsizlik tələblərinin pozulması halları, həmçinin qəza nəticələrinin lokallaşdırılması və ləğv edilməsi üzrə görülmüş tədbirlər göstərilir.

5. Qəzanın səbəbləri üzrə texniki təhqiqat xərcləri qəza baş vermiş obyekti istismar edən hüquqi və ya fiziki şəxs tərəfindən maliyyələşdirilir.

Maddə 14. Texniki təhlükəsizlik ekspertizası

1. Texniki təhlükəsizlik ekspertizası aşağıdakılara şamil olunur:

  • təhlükə potensiallı obyektin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşməsi, konservasiyası və ləğvinə dair layihə sənədlərinə;
  • təhlükə potensiallı obyektdə istifadə olunan avadanlıq və texniki qurğulara;
  • təhlükə potensiallı obyektdəki bina və tikililərə;
  • texniki təhlükəsizlik bəyannaməsi və təhlükə potensiallı obyektin istismarı ilə bağlı olan digər sənədlərə.

2. Texniki təhlükəsizlik ekspertizası obyekti istismar edən hüquqi və ya fiziki şəxsin hesabına bu ekspertizanı aparmağa xüsusi razılığı olan təşkilat tərəfindən həyata keçirilir.

3. Texniki təhlükəsizlik ekspertizasını həyata keçirən təşkilat ekspertizanın nəticəsi barədə rəy verir.

4. Müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş rəy həmin orqan tərəfindən müəyyən edilmiş qaydada nəzərdən keçirilir və təsdiq edilir.

5. Texniki təhlükəsizlik ekspertizası, digər ekspertizaların həyata keçirilməsi ilə eyni vaxtda həyata keçirilə bilər.

6. Texniki təhlükəsizlik ekspertizasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 15. Texniki təhlükəsizlik bəyannaməsi

1. Texniki təhlükəsizlik bəyannaməsində:

  • qəza və onunla bağlı təhlükənin hərtərəfli qiymətləndirilməsi;
  • qəzanın baş verməməsi üçün görülən tədbirlərin kifayətləndirici olub-olmaması barədə təhlil;
  • hüquqi şəxslərin təhlükə potensiallı obyektlərin istismarına, habelə qəzanın lokallaşdırılması və nəticələrinin ləğv edilməsinə hazırlığının təmin edilməsi;
  • qəzanın nəticələrini və dəymiş ziyanın miqyasını azaltmağa yönəldilmiş tədbirlərin işlənib hazırlanması öz əksini tapır.

Texniki təhlükəsizlik bəyannaməsində göstərilən məlumatların siyahısı və onların tərtib olunma qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır.

2. Təhlükə potensiallı obyektlərə bu Qanuna Əlavə 2-də göstərilən miqdarda maddələr və ionlaşdırıcı şüa mənbələrinin alınması, istifadə olunması, emalı, saxlanması, nəqli, ləğvi üzrə hər biri ayrıca olmaqla texniki təhlükəsizlik bəyannaməsinin işlənib hazırlanması məcburidir.

3. Təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanınatexniki təhlükəsizliyin vəziyyəti barədə bəyannamə təqdim etməlidirlər.

4. Texniki təhlükəsizlik bəyannaməsi təhlükə potensiallı obyektlərin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşdirilməsi, konservasiyası və ləğvinə dair layihə sənədləri əsasında hazırlanır və obyekti istismar edən hüquqi və ya fiziki şəxs tərəfindən təsdiq olunur.

Təhlükə potensiallı obyekti istismar edən hüquqi və ya fiziki şəxs bəyannamədə göstərilən məlumatların tam və dəqiq olmasına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

5. Hüquqi və ya fiziki şəxs təhlükə potensiallı obyektin istismarı ilə bağlı xüsusi razılıq almaq üçün müraciət etdikdə, yaxud bəyannamədə göstərilən məlumatlar və ya texniki təhlükəsizliyə dair tələblər dəyişdikdə texniki təhlükəsizlik bəyannaməsi dəqiqləşdirilir və ya yenidən işlənib hazırlanır.

6. Texniki təhlükəsizlik bəyannaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada müvafiq dövlət və yerli özünüidarəetmə orqanlarına təqdim edilir.

7. Texniki təhlükəsizlik bəyannaməsi qanunvericiliyə uyğun olaraq texniki təhlükəsizlik ekspertizasından keçməlidir.

Maddə 16. Təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslərin məsuliyyətinin icbari sığortası

Təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslərin həmin obyektlərdə baş verə biləcək qəza nəticəsində digər şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına və ətraf mühitə dəyən zərərə görə məsuliyyəti icbari qaydada sığortalanır. Sığortanın qaydası və şərtləri qanunla müəyyən edilir.

Maddə 17. Təhlükə potensiallı obyektlərə dövlət nəzarəti

1. Təhlükə potensiallı obyektlərə dövlət nəzarəti həmin obyektlərin istismarının texniki təhlükəsizlik tələblərinə uyğunluğunu yoxlamaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil olunur və həyata keçirilir.

2. Dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri aşağıdakı səlahiyyətlərə malikdirlər:

  • təhlükə potensiallı obyektlərə sərbəst daxil olmaq;
  • təhlükə potensiallı obyektlərin istismarı ilə bağlı sənədlərlə tanış olmaq;
  • təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslərə müvafiq fəaliyyət növünün həyata keçirilməsi üçün verilmiş xüsusi razılıq şərtlərinin yerinə yetirilməsini yoxlamaq;
  • təhlükə potensiallı obyektlərdə baş verən qəzaların texniki təhqiqatının aparılmasının düzgünlüyünü, habelə bu təhqiqatlar nəticəsində görülmüş tədbirlərin kifayətləndirici olub-olmamasını araşdırmaq;
  • yoxlama nəticəsində aşkar olunmuş pozuntuları aradan qaldırmaq üçün hüquqi və fiziki şəxslərə yazılı sərəncam vermək;
  • texniki təhlükəsizlik sahəsində, o cümlədən obyektdə bina və tikintilərin, təhlükə potensiallı obyektdə tətbiq olunan texniki qurğuların texniki təhlükəsizlik ekspertizasının həyata keçirilməsinin zərurəti barədə öz səlahiyyətləri çərçivəsində göstərişlər vermək;
  • texniki təhlükəsizlik tələblərinin pozulmasında təqsirkar olan şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada inzibati məsuliyyətə cəlb etmək, həmin şəxslərin cinayət məsuliyyətə cəlb edilmələri üçün toplanmış materialları hüquq-mühafizə orqanlarına göndərmək;
  • təhlükə potensiallı obyektlərin mütəxəssislərinin və vəzifəli şəxslərinin ixtisaslarının təkmilləşdirilməsini tələb etmək;
  • hüquqi və fiziki şəxsə verilmiş xüsusi razılıq fəaliyyətinin məhdudlaşdırılması, yaxud dayandırılması, habelə texniki təhlükəsizlik tələbləri kobud şəkildə pozulduqda xüsusi razılığın fəaliyyətinə xitam verilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
  • başqa şəxslərin həyatına, sağlamlığına, əmlakına dəyən zərərin .ödənilməsi barədə məhkəmədə iddia ilə çıxış etmək;
  • bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından irəli gələn səlahiyyətləri yerinə yetirmək.

Maddə 18. Texniki təhlükəsizlik sahəsində mübahisələrin həlli qaydası

Texniki təhlükəsizlik sahəsində mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll olunur.

Maddə 19. Texniki təhlükəsizlik sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 2 noyabr 1999-cu il.

 733-IQ.

Azərbaycan qəzetində dərc edilmişdir (08 fevral 2000-ci il,  29) .

4 mart 2005-ci il tarixli, 856-IIQD nömrəli qanuna əsasən dəyişikliklərlə .


Əlavə 1

Təhlükə potensiallı istehsal obyektləri

Təhlükə potensiallı istehsal obyektləri kateqoriyasına aiddir:

1. Alınan, istifadə edilən, emal olunan, düzəldilən, saxlanılan, nəql olunan, məhv edilən aşağıda göstərilən təhlükəli maddələr:

1.1. Tez alovlanan maddələr  normal təzyiqdə və hava ilə qarışdıqda tez alovlanma qabiliyyəti alan və normal təzyiqdə qaynama temperaturu 200C və ya aşağı olan qazlar;

1.2. Oksidləşən maddələr  yanmaya kömək edən, tez alovlanma yaradan və (və ya) oksidləşmə-bərpaedici ekzotermik reaksiya nəticəsində, digər maddələrin tez alovlanmasına səbəb olan maddələr;

1.3. Tez alışan maddələr  öz-özünə, eləcə də alışdırma mənbəyindən alışan və sonra müstəqil yanan mayelər, qazlar, tozlar;

1.4. Partlayıcı maddələr  xarici təsir nəticəsində istilik ayrılması və qazların əmələ gəlməsi ilə sürətlə öz-özünə genişlənən kimyəvi çevrilməyə malik olan maddələr;

1.5. Zəhərləyici maddələr  canlı orqanizmlərə təsiri nəticəsində onların məhvinə gətirib çıxaran və aşağıdakı xarakteristikaya malik olan maddələr:

  • orqanizmə (mədəyə) düşərkən hər kiloqrama 15 milliqramdan, hər kiloqrama 200 milliqramadək (daxil olmaqla) orta ölüm dozası olan;
  • dəriyə düşərkən hər kiloqrama 50 milliqramdan hər kiloqrama 400 milliqramda qədər (daxil olmaqla) orta ölüm dozası olan;
  • havada hər litrə 0,5 milliqramdan hər litrə 2 milliqramadək orta ölüm konsentrasiyası olan;

1.6. Yüksək zəhərləyici maddələr  canlı orqanizmlərə təsir edərkən onların məhvinə gətirən və aşağıdakı xüsusiyyətləri olan maddələr:

  • orqanizm (mədə) daxilində qəbul olunarkən hər kiloqrama orta ölüm dozası 15 milliqramdan çox olmayan;
  • dəriyə təsir edərkən hər kiloqrama orta ölüm dozası 50 milliqramdan çox olmayan;
  • havada hər litrə orta ölüm konsentrasiyası 0,5 milliqramdan çox olmayan;

1.7. Ətraf mühit üçün təhlükəli maddələr  su mühitində aşağıdakı kəskin zəhərləyici göstəriciləri ilə xarakterizə olunan maddələr:

  • 96 saat ərzində balığa inqalyasiya təsiri edərkən hər litrdə orta ölüm dozası 10 milliqramdan çox olmayan;
  • 48 saat ərzində şirin su mikroorqanizmlərə təsiri zamanı hər litrə orta ölüm dozası 10 milliqramdan çox olmayan;
  • 72 saat ərzində yosunlara təsir edərkən hər litrə orta ingibirasiya konsentrasiyası 10 milliqramdan çox olmayan;

2. Təzyiq altında 0,07 meqapaskaldan artıq və ya suyun qaynama temperaturu 1150C rejimdə işləyən avadanlıqlar;

3. Stasionar şəkildə quraşdırılmış və səyyar yükqaldıran mexanizmlər eskalator, kanat yolları, funikulyorlar və liftlər;

4. Qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması;

5. Dağ-mədən işləri, faydalı qazıntıların zənginləşdirilməsi və yeraltı şəraitdə işlərin aparılması;

6. Neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) və geoloji kəşfiyyat işləri;

7. Təhlükəli yüklərin hava, dəniz, dəmir yolları və avtonəqliyyat vasitələri ilə daşınması;

8. Elevatorlu-unüyütmə, qarışıq yem və mineral gübrə sənayesi;

9. Neft-kimya, neft emalı və qaz təchizatı sahələri.


Əlavə 2

Təhlükə potensiallı istehsal obyektində texniki təhlükəsizlik bəyannaməsinin məcburi işlənib hazırlanmasına əsas verən təhlükəli maddələrin son həddi

Cədvəl 1

Təhlükəli maddənin adı

Təhlükəli maddənin son hədd miqdarı (t)

Ammonyak

500

Ammonium nitrat (tərkibində ammonium nitratdan azot kütləsinin 28 faizdən çox olduğu ammonium-nitrat və ammonium qarışığı, ammonium-nitrat konsentratı kütləsinin 90 faizdən çox olduğu ammonium-nitratın su məhsulu)

2500

Gübrə formasında ammonium-nitrat [(ammonium-nitrat (ammonium-nitrat əsasında sadə gübrələr, eləcə də tərkibində ammonium-nitratdan azot kütləsinin 28 faizdən çox olduğu mürəkkəb gübrələr (mürəkkəb gübrələrin tərkibində fosfat və (və ya) kalium ilə birlikdə ammonium-nitrat var)]

10000

Akrilonitril

200

Xlor

25

Etilen-oksid

50

Tərkibində sian olan hidrogen

20

Tərkibində flor olan hidrogen

50

Tərkibində sulfat olan hidrogen

50

Kükürd dioksid

250

Kükürd trioksid

75

Alkillər

50

Fosgen

0,75

Metilizosianat

0,15


Cədvəl 2

Təhlükəli maddələrin növləri

Təhlükəli maddənin son hədd miqdarı (t)

Tez alovlanan qazlar

200

Əmtəə-xammal anbarlarında və bazarlarında olan alışan mayelər

50000

Texnoloji prosesdə istifadə edilən və ya magistral boru kəmərləri ilə nəql olunan alışan maddələr

200

Zəhərləyici maddələr

200

Yüksək zəhərləyici maddələr

20

Oksidləşən maddələr

200

Partlayıcı maddələr

50

Radioaktiv maddələr və vasitələr

50

Ətraf təbii mühit üçün təhlükə törədən maddələr

200


Qeyd 1. Cədvəl 1-də göstərilməyən təhlükəli maddələr üçün cədvəl 2 tətbiq edilir.

Qeyd 2. Əgər təhlükə potensiallı obyektlər arasında məsafə 500 metrdən azdırsa, təhlükəli maddənin cəmi miqdarı nəzərə alınır.

Qeyd 3. Əgər eyni kateqoriyadan olan təhlükəli maddələrin bir neçə növü istifadə olunursa, onda onların hüdud miqdarı cəmi aşağıdakı kimi təyin olunur:

 

burada,

m(i)  tətbiq olunan maddənin miqdarı;

M(i)  1-dən n-ə qədər bütün i üçün olan maddənin hədd miqdarıdır.

Digər xəbərlər