"Azərişıq" ASC-nin təşkilatçılığı ilə keçirilən "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışı davam edir. Qəbələdə Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə yarışın regional turu təşkil olunub.
110/35/10 kV-luq “Hacıalılı” elektrik yarımstansiyası və Regional Təlim Mərkəzinin ərazisində baş tutan açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Seymur Mirzəyev çıxışında peşəkar kadrların hazırlığı, yeni nəsil energetiklərin formalaşdırılmasında maarifləndirmə proqramının keçirilməsinin əhəmiyyətindən bəhs edib, komandalara uğurlar arzulayıb.
Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual yarışda Şimal-Qərb RETSİ üzrə 8 komanda – "Balakən EŞ", "İsmayıllı EŞ", "Qax EŞ", "Qəbələ EŞ", "Oğuz EŞ", "Şamaxı EŞ", "Şəki EŞ", "Zaqatala EŞ" nəzəri biliklərini sınayıblar. Onlar bu mərhələdə 20 açıq tipli sualı cavablandırmağa çalışıblar.
İkinci mərhələdə energetiklər onlara verilən 3 praktiki tapşırığı yerinə yetirərək peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.
Hər iki mərhələdə əldə edilən xalların ümumi nəticələrinə əsasən "Qax EŞ" regional turun qalibi olub. Beləliklə, komanda Ümumrespublika Yarışının Hadrutda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, "Azərişıq" ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.
Digər xəbərlər
- Cəlilabadın bu ərazilərində fasilə yaranacaq 03 İyun 2026
- Nizami rayonunun bu ərazilərində fasilə yaranacaq 20 May 2026
- İstehlakçıya elektrik enerjisinin verilməsi hansı hallarda və kim tərəfindən dayandırıla bilər? 19 Fevral 2026
- Suraxanının bu ərazilərində fasilə yaranacaq 06 Fevral 2026
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb 19 İyun 2026