Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də 110 kilovoltluq “Ağ Şəhər-2” və “Bakıxanov” yarımstansiyalarının açılışında iştirak edib.
“Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov dövlətimizin başçısına məlumat verdi ki, “Ağ Şəhər” layihəsinin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz olunması istiqamətində kompleks tədbirlər həyata keçirilir. “Ağ Şəhər” layihəsinin elektrik təchizatı üzrə qoyuluş gücü 250 meqavat təşkil edir və layihə çərçivəsində 110 kilovoltluq 4, həmçinin 35 kilovoltluq 46 yarımstansiyanın tikintisi nəzərdə tutulur. Artıq 110/35/10 kilovoltluq 100 meqavoltamper gücündə “Ağ Şəhər-2” yarımstansiyasının inşası yekunlaşıb.
Qeyd edək ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin bütün yeni inşa olunan qapalı tipli yarımstansiyaları kimi, “Ağ Şəhər-2” yarımstansiyasının da memarlıq görünüşü, texniki və texnoloji sahələri xüsusi layihə əsasında yaradılıb. Yarımstansiyada ehtiyat nəzərə alınmaqla 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular, hər biri 50 meqavoltamper gücündə iki transformator var. Azərbaycanda ilk dəfə məhz “Ağ Şəhər-2” yarımstansiyasında yanğından mühafizə məqsədilə yağın transformatorlardan təcrid edilməsi və yanğının anındaca qarşısının alınması üçün avtomatik rejimdə işləyən qurğular quraşdırılıb. Mərtəbələrarası xüsusi kabel keçidləri, həmçinin ehtiyat giriş-çıxışları olan kabel zirzəmisi inşa olunub. Xüsusi dispetçer idarəetmə mərkəzi yaradılıb. Yarımstansiya elektron tipli rele mühafizəsi və avtomatika sistemi ilə təchiz edilib, optik kabel çəkilib və məsafədən idarəolunan SCADA dispetçer idarəetmə sisteminə qoşulub. “Ağ Şəhər-2” yarımstansiyasının qidalandırılması üçün “Ağ Şəhər-1” yarımstansiyasından 110 kilovoltluq ikidövrəli kabel xətti çəkilib. Bu energetika qurğusunu digər 110 kilovoltluq yarımstansiyalardan fərqləndirən əsas texnoloji fərqi odur ki, 110 kilovoltluq bölmə ABB şirkətinin istehsalı olan eleqaz izolyasiyalı qapalı tipli yuvalardan və ayırıcılardan ibarətdir. Bu tip qapalı paylayıcı qurğuların istismar müddəti açıq tipli qurğulardan üç dəfə çox olmaqla, istismarı təhlükəsizdir və mükəmməl şəbəkəyə inteqrasiya oluna bilir.
“Ağ Şəhər-2” yarımstansiyası vasitəsilə 75 min əhali abonentinin elektrik təchizatı həyata keçiriləcək. Həmçinin ərazidə yeni inşa olunan sosial obyektlər, otellər, əyləncə kompleksləri, Ağ Şəhər bulvarı, yeni layihələndirilən tikinti obyektləri, yaşayış kompleksləri “Ağ Şəhər-2” yarımstansiyası vasitəsilə enerji ilə təchiz olunacaq. “Ağ Şəhər-2” yarımstansiyası ilə yanaşı, layihə çərçivəsində “Bakı Ağ Şəhər”də 35/0,4 kilovoltluq yeddi yarımstansiya da inşa edilib.
Sonra Prezident İlham Əliyev məsafədən idarə olunan SCADA dispetçer sistemi vasitəsilə “Ağ Şəhər-2” yarımstansiyasını və 110/35/10 kilovoltluq “Bakıxanov” yarımstansiyasını işə saldı.
Dövlətimizin başçısına məlumat verildi ki, ötən əsrin 70-ci illərinin ortalarında o dövrün elektrik enerjisi tələbatına uyğun tikilərək istifadəyə verilən 110/35/10 kilovoltluq “Bakıxanov” yarımstansiyasının köhnə avadanlıqları müasir tələblərə cavab vermədiyindən və istismar müddətini bitirdiyindən tamamilə yenidən qurulub.
Qeyd edək ki, Bakıxanov qəsəbəsinin istehlakçıları və onların tələbatı 30 il müddətində 10 dəfələrlə artıb. Bakıxanov qəsəbəsi ilə yanaşı, Bülbülə və Qaraçuxur qəsəbələrinin bir hissəsinin bu yarımstansiyadan qidalanması onun yenidən qurulmasını günün tələbinə çevirmişdi. Odur ki, yarımstansiya yenidən qurulmaqla yanaşı, onun mövcud 35 kilovoltluq elektrik şəbəkələri ilə əlaqələnmə sxemi daha dayanıqlı və etibarlı vəziyyətə gətirilib. Beləliklə, yeni “Bakıxanov” yarımstansiyası hazırda elektrik enerjisi ilə təchiz edilən bütün növ mövcud istehlakçılarla yanaşı, perspektivdə yaranacaq əhali və qeyri-əhali abonentlərin elektrik enerjisi təminatını daha keyfiyyətli və dayanıqlı formada həyata keçirmək üçün də bütün imkanlara malikdir.
Digər xəbərlər
- Yeni nəsil sayğacların quraşdırılması enerji səmərəliliyini artıracaq, debitor borcların azaldılmasına şərait yaradacaqdır. 09 İyun 2024
- Ali təhsil müdavimlərinin paylayıcı şəbəkənin fəaliyyətinə cəlb olunması məqsədilə “Beyin Mərkəzi 2025” təcrübə proqramının layihəsinə start verilmişdir. 12 Sentyabr 2024
- “Azərişiq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir. 26 Yanvar 2024
- Enerji təchizatı şəbəkələrinə qoşulma ilə bağlı yeni qaydalar 11 İyun 2024
- “Azərişiq” ASC paytaxtda və regionlarda enerji doldurma məntəqələri quraşdırır. 06 İyun 2024