“Azərişıq” ASC ölkənin regionlarında apardığı tikinti, yenidənqurma, bərpa işlərini Qərb regionunda da davam etdirir, istismar müddətini başa vurmuş elektrik şəbəkələri yenidən qurulur.
ASC-dən bildirilib ki, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, kənd təsərrüfatı, sənaye, turizm və digər iaşə obyektlərinin, o cümlədən əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün bu ilin səkkiz ayında Qərb regionunda bir sıra yenidənqurma işləri həyata keçirilib və hazırda davam etdirilir.
Belə ki, Gəncə şəhərində yeni salınmış 35/10 kilovoltluq “Məhsəti” yarımstansiyasını elektrik enerjisi ilə təchiz etmək məqsədilə 110/10 kilovoltluq “Yeni-Gəncə” yarımstansiyasından iki dövrəli 3,1 kilometr uzunluğunda 35 kilovoltluq yeraltı kabel xətti çəkilib. Sözügedən qəsəbədə yeni 10 kilovoltluq hava xətti çəkilib və 5 ədəd komplekt transformator məntəqəsi şəbəkəyə qoşulub. Gəncə şəhərindəki 110/10 kilovoltluq “Mərkəz” və 35/6 kilovoltluq “Vağzalyanı-1” yarımstansiyaları yenidən qurularaq istifadəyə verildikdən sonra istehlakçılar 24 saat dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar. Eyni zamanda, şəhərdəki yeni yaşayış massivlərinin, sənaye obyektlərinin elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni komplekt transformator məntəqələri quraşdırılır, hava xətləri çəkilir. Bütün bunlarla yanaşı şəhər ərazisində yeni salınmış yaşayış massivlərində “Azərişıq” ASC tərəfindən verilmiş texniki şərtlərin icrası ilə bağlı (yenisayğacların quraşdırılması üçün) 0,4 kilovoltluq şəbəkələr qurulur. Belə ki, həmin ərazilərdə 396 ədəd 0,4 kilovoltluq yeni metal boru dayaqlar quraşdırılıb. On kilometrdən çox məsafədə yeni ÖİN (SİP kabel) çəkilib.
Şəmkir Elektrik Şəbəkəsi üzrə 110 və 35 kilovoltluq yarımstansiyalarda və elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri aparılıb, 35 kilovoltluq “I Şəmkir” h/x-də 46 ədəd çürük dayaq yeni metal dayaqla əvəz olunub. 35 kilovoltluq C.Cabbarlı h/x-də 25 ədəd aralıq və 4 ədəd anker dayaq dəyişdirilib. Şəbəkənin xidməti ərazisində 558 ədəd yeni sayğac quraşdırılıb, 1769 ədəd sayğac yenisi ilə əvəzlənib, 660 ədəd sayğac isə çölə çıxarılıb.
Ağstafa Elektrik Şəbəkəsi üzrə 110 və 35 kilovoltluq yarımstansiyalarda və elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri görülüb. 110/35/10 kilovoltluq 2x20 mVA gücündə olan “Ağstafa” yarımstansiyası tamamilə yenidən qurularaq, yerində müasir standartlara cavab verən 110/35/10 kilovoltluq 2x25 MVA gücündə yarımstansiya tikilib. 10/35/10 kilovoltluq “Ağstafa” yarımstansiyasının yenidən qurulması ilə əlaqədar ərazidəki 110 kilovoltluq 5,6,7-ci “Ağstafa” h/x-də 450 ədəd qüsurlu PS-70 izolyator və 1500 kiloqram AS-185 markalı naqillər dəyişdirilib. 5 ədəd 110 kilovoltluq dayaq rənglənib. 110/35/10 kilovoltluq “Ağstafa” yarımstansiyasından çıxarılmış 1 x 20 mVA gücündə olan transformator quraşdırılması üçün 110/10 kilovoltluq “Poylu- Dartı” yarımstansiyasına daşınıb.
Samux, Qazax, Gədəbəy, Tovuz, Daşkəsən və Göygöl elektrik şəbəkələri üzrə də yeni yarımstansiyalar inşa olunur, hava xətləri yenilənir. Bütün rayonlarda 0,4 kilovoltluq elektrik şəbəkələrinin ÖİN kabellərlə əvəzlənməsi işləri davam etdirilir, yeni avadanlıqlar (dayaqlar, SİP kabellər, KTM-lər və sair) qurlaşdırılır, sayğaclar dəyişdirilir.
Digər xəbərlər
- “Azərişıq” ASC Tovuzun bir sıra kəndlərində elektrik təsərrüfatını yeniləyir 16 İyul 2025
- Binəqədi və Nərimanov rayonlarının bəzi hissələrində gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 21 İyul 2025
- Bülbülə qəsəbəsində təmir işləri ilə əlaqədar elektrik enerjisi verilişində fasilə yaranacaq 08 İyul 2025
- "Azərişıq" ASC-nin Medianın İnkişafı Agentliyi ilə birgə keçirdiyi müsabiqənin nəticələri açıqlanıb 11 İyul 2025
- Daha bir komanda “Azərişıq” ASC-nin təşkil etdiyi ümumrespublika Peşə Ustalığı Yarışlarının regional turunun qalibi olub 27 Avqust 2025