"Azərişıq" ASC-nin təşkilatçılığı ilə "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının növbəti regional turu Zəngilanda keçirilib. Yarışda Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə 7 komanda iştirak edib.
Zəngilan Elektrik Şəbəkəsinin (EŞ) Rəqəmsal İdarəetmə Mərkəzində baş tutan açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Seymur Mirzəyev çıxış edərək maarifləndirmə proqramının keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Ümumrespublika Yarışının təşkili peşəkar kadrların hazırlığı, yeni nəsil energetiklərin formalaşdırılmasında mühüm rol oynayır. Mərkəzin direktoru iştirakçı komandalara uğurlar arzulayıb.
Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual yarışda "Cəbrayıl EŞ", "Xankəndi EŞ", "Xocavənd EŞ", "Kəlbəcər EŞ", "Qubadlı EŞ-Zəngilan EŞ", "Laçın EŞ" və "Şuşa EŞ" komandaları nəzəri biliklərini sınayıblar. Onlar bu mərhələdə 20 açıq tipli sualı cavablandırıblar.
İkinci mərhələdə energetiklər onlara verilən 3 praktiki tapşırığı yerinə yetirərək peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.
Hər iki mərhələnin nəticələrinə əsasən "Xankəndi EŞ" regional turun qalibi olub. Beləliklə, komanda Ümumrespublika Yarışının Hadrutda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, "Azərişıq" ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.
Digər xəbərlər
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 31 Yanvar 2026
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb 19 İyun 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 13 May 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 18 Fevral 2026
- Cəlilabadın bu ərazilərində fasilə yaranacaq 03 Aprel 2026